Məhkəmə qərarları › İş №2(050)-3825/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3825/2023

29.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3825/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı İddiaçı tərəfindən xx.xx.1994-cü il tarixdə vəfat edən X1 qalmış əmlaka dair miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və qeyd olunan mülkə dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddətinin keçirilməsinə görə və miras əmlakın sənədləri olmaması səbəbindən vərəsəlik işinin rəsmiləşdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Masallı Rayon İHB-nın xx.xx.2023-cü il tarixli cavab məktubundan göründüyü kimi Masallı Rayon Ərkivan kəndində qeydiyyatda olmuş və yaşamış X4 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Masallı Rayonu Dövlət Arxivinin təqdim etdiyi və iddia ərizəsinə əlavə olunan cavab məktubundan göründüyü kimi 1991-1995-ci illərə aid 31 saylı təsərrüfat başı kitabının 78-79-cu səhifələrindən X3 aid xx.xx.2023-cü il tarixli Ç-3-48-33RA/2-156/2023saylı arxiv çıxarışından göründüyü kimi, onun adına 0.22 ha torpaq sahəsi mövcuddur və üzərində fərdi yaşayış evi tikilmiş, qızı qeydiyyatdadır və mənzilin kommunalları qızı tərəfindən ödənilir. Qeydiyyatı həmin mənzilə olmasa da, qızı ilə bərabər həmin mənzildə yaşayır. Miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsini təstiq edən qızı tərəfindən kommunal xərclərin ödənilməsidir. Bundan başqa torpaq sahəsinin çıxarışının alınması üçün notariat ofisi tərəfindən DƏDRX-ya məktub verilməli və miras əmlak qəbul olunduqdan sonra bölgü aparılmalı idi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə göndərərək mülki işə iştirakları olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuşdur. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X5 adını “Bircə”dən “Lalə”yə dəyişdirmişdir. Masallı Regional “ASAN Xidmət” mərkəzinin xx.xx.2023-cü il tarixli, 496 №-li məktubundan görünür ki, X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər vərəsəliyin qəbul müddətinin keçirilməsinə görə və miras əmlakın sənədləri olmaması səbəbindən vərəsəlik işinin rəsmiləşdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X8 və X6 nikahı xx.xx.1950-ci il tarixdə 08 №-li akt qeydi ilə qeydə alınmışdır. Masallı rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X4 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, mərhumlar X2 və Qənbərova (Rəhimova) Nənəcan Həşim qızının adlarına 8 saylı Cəlilabad İnzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında heç bir məlumat yoxdur. Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Masallı RİHB-nın Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin ev təsərrüfatlarının uçotu kitabları 2010-cu ilə kimi Masallı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Ona görə də mərhum X4 haqqında ərazi nümayəndəliyində heç bir məlumat və sənəd yoxdur. 1991-1995-ci illərə aid 31 saylı təsərrüfat başı kitabının 78-79-cu səhifələrindən X3 aid 2644-cü təsərrüfatında xx.xx.2023-cü il tarixli Ç-3-48-33RA/2-156/2023saylı arxiv çıxarışından görünür ki, X4 oğlunun adına 0.22 ha torpaq sahəsi mövcuddur və üzərində fərdi yaşayış evi tikilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X1 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mərhum X8 1994-cü ildə vəfat etdiyi üçün, həmin vaxt qüvvədə olan Azərbaycan SSRnin 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin (bundan sonra MM) vərəsləik normalarına əsasən iddiaya hüquqi qiymət verilməlidir. Azərbaycan SSR-nin MM-nin 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. Azərbaycan SSR-nin MM-nin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Azərbaycan SSR-nin MM-nin 528 və 529-cu maddələrinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu mə`lum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Azərbaycan SSR-nin MM-nin 530-cu maddəsində göstərilmişdir ki, aşağıdakılar vərəsə ola bilərlər: -qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; -vəsiyyət üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532.-ci maddəsinə əsasən birinci növbə vərəsələr qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Azərbaycan SSR-nin MM-nin 552-ci maddəsində nəzərdə tutulmuşdur ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göstərilən Məcəllənin 554-cü maddəsinə görə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, Azərbaycan SSR-nin MM-nin 552-ci maddəsinin tələblərinə əsasən mirasın faktiki qəbulu üçün iddiaçı vərəsəlik açılan gündən altı ay müddətində miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bundan başqa miras mövcud olmalıdır ki, vərəsəlik hüququ əmələ gəlmiş olsun. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü üçün, iddiaç İddiaçı mərhum X2 vəfat etdiyi xx.xx.1994-cü il tarixə mülkiyyətində olmuş hər hansı miras əmlakın, o cümlədən torpaq sahəsinin və evin olmasını və daha sonra onu altı ay ərzində faktiki qəbul etməsini sübut etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi sübut Masallı rayon Dövlət Arxivinin təsərrüfatbaşına kitabın çıxarışdır. Məhkəmə həmin çıxarışa hüquqi qiymət verərək qeyd edir ki, təsərrüfatbaşına kitabda olan qeyd torpaq sahəsinə və evə mülkiyyət hüququnu təsdiq etmir. Həmin çıxarışla müəyyən etmək mümkün deyil ki, mərhum X4 torpaq sahəsinə hər hansi istifadə hüququ və ya xüsusi mülkiyyət hüququ üzrə sahiblik etmişdir. Ona görə də mirasın açıldığı xx.xx.1994-cü il tarixə xüsusi mülkiyyətində torpaq sahəsinin və evinin olması sübuta yetmədiyindən, Lalə Qınbərovanın mirası faktiki qəbul etməsini də prosessual qənaət prinsipi baxımından əsaslandırmağa zərurət yoxdur. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin və Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışları ilə mərhumlar X2 və Qənbərova (Rəhimova) Nənəcan Həşim qızının adlarına keçmiş DTİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında heç bir məlumat olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, verilən izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia sübut olunmadığından təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar