Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-391/2025 20.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, rəsmi nikahdan iki övladı dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da sonradan ailədaxili narazılıqlar səbəbindən faktiki olaraq ayrı yaşayırlar. İki uşağı onun himayəsində yaşayır. Məhkəməyə aliment tələbi barədə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən uşaqların saxlanılması üçün cavabdehdən 340 manat alimentin tutularaq, ona verilməsi qət edilmişdir. Cavabdeh isə məhkəmədə nikahın pozulması və birgə nikahda əldə etdiyi əmlakın bölünməsi tələbi barədə iddia qaldırmışdır. O, həmin iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə cavab vermişdir. Lakin zərurət yarandığından iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birgə nikah dövründə olarkən iki mənzil və bir fərdi yaşayış evi almışlar. Mənzillərin birini 2017-ci ildə, birini 2019-cu ildə və birini isə 2021-ci ildə almışlar. İlk baxışdan mənzillərin və evin birgə nikahda və birgə qazancla əldə olunması təəsuratı yaranır. Lakin işin faktiki halı isə tamam başqadır. Birgə yaşadıqları dövrdə cavabdeh və o özü heç bir yerdə işləməmişdir. Sonradan o, Amor butik deyilən mağazada satıcı kimi fəaliyyətə başlamışdır. Aylıq əmək haqqı 300-500 manat civarında olmuşdur. Həmin əmək haqqı ilə də həmin mənzilləri və evi almaq mümkün olmazdı. İki mənzili və fərdi yaşayış evini qardaşı Cavid Şiriyev almışdır. Həmin vaxtı onun adına bir çox əmlak olduğundan mənzilləri və fərdi yaşayış evini onun və cavabdehin adına almışdır. Daşınmaz əmlakların pullarını qardaşı Cavid Şiriyev ödəmişdir. Hesab edir ki, adlarına olan daşınmaz əmlaklar birgə nikah dövründə alınsa da, birgə qazancla alınmamışdır. Ümumiyyətlə mənzillərin və fərdi yaşayış evinin ona və cavabdehə heç bir aidiyyəti yoxdur. Məhkəməyə qədər bu barədə cavabdehə bir neçə dəfə iradlarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Cavabdeh ilə rəsmi nikah dövründə aldığı Masallı şəhəri, Qarabağ küçəsi ev 28, mənzil 18-də olan xx.xx.2017-ci il tarixli **********27-05101-093029 reyestr nömrəli çıxarışın, Masallı şəhəri, Qarabağ küçəsi ev 09, mənzil 03-də olan xx.xx.2019-cu il tarixli **********09-05101-093043 reyestr nömrəli çıxarışın və Masallı şəhəri, Ü.Hacıyev küçəsi ev 1A-da olan xx.xx.2021-ci il tarixli **********-10301 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilmiş əmlaklar qardaşı Cavid Şiriyev tərəfindən alınmış, lakin həmin əmlaklardan ikisi onun, biri isə həyat yoldaşı Cavabdeh adına rəsmiləşdirilmişdir. Hazırda cavabdehlə aralarındakı nikah münasibətlərində soyuqluq yaranmış və faktiki olaraq ayrı yaşayırlar. İddiaçı həmin əmlakların qardaşı Cavid Şiriyevə məxsus olmasını əsas gətirərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsini tələb edir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.1 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Masallı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, (keçmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 395.8 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan mənzil Cavabdeh mülkiyyətindədir. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00367 saylı mediasiya prosesində iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının tələbinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələbi irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki etibarsızlığını və ləğvini tələb etdiyi tələb etdiyi çıxarışlardan ikisi onun özünün, biri isə cavabdeh olan ərinin adınadır və iddia ərizəsinin məzmunundan aydın olur ki, qeyd edilən əmlaklar iddiaçının qardaşı Cavid Şiriyev tərəfindən alınmışdır. Bu halda qeyd edilən tələb üzrə hüquqları pozulan şəxs Cavid Şiriyev olduğundan, iddia qaldırmaq hüququ da ona aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi rədd edildiyindən, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-391/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-391/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver