Məhkəmə qərarları › İş №2(050)-42/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-42/2024

16.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-42/2024 16.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilmiş Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən RX **********52 saylı çıxarışla verilmiş 0.938 ha payıbəlli torpaq sahəsindən cavabdehlərin çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, ona və ailə üzvlərinə kənd təsərrüfatlı məhsullarının istehsalı üçün mülkiyyətlərinə 0.938 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı rəsmi sənədləri də vardır. Belə ki, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın reyestrində RX seriyalı **********52 çıxarış həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edir. Həmin torpaq sahəsində mülkiyyətinə dair bütün hüquqlarını həyata keçirirlər. Cavabdehlər Masallı rayonu, Ərkivan qəsəbə sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadələrində olan torpaq sahəsinin müəyyən hissəsini heç bir əsas olmadan zəbt etmiş, tikanlı məftillərlə çəpərə almış, orada ağac və taxıl əkmişlər. Beləliklə cavabdehlər sözü gedən torpağa mülkiyyətə dair sahiblik, istifadə və sərəncam hüquqlarını pozmuşlar. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Masallı rayonu, Ərkivan qəsəbəsində 0.938 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, 129 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2023-cü il tarixli, 3-16316/2-10/8299 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 5028/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki istifadəsində olan torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-5028/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinə mülkiyyətində olan 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1482 hektar hissəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu i tarixli, **********52 saylı çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Masallı rayonu, Ərkivan qəsəbəsində 0.938 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsini həmkəndliləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz olaraq istifadə edirlər. İddiaçı torpaq sahəsini boşaltmasını tələb etsə də, cavabdehlər buna məhəl qoymamış, ona həmin torpaq sahəsindən istifadə etməsinə və orada əkin işləri aparmağına imkan verməmişlər. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqların bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə müvafiq ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/8299 saylı ekspert rəyinə əsasən həmin torpaq sahəsinin 0.1482 hektar hissəsinin hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılqlarının pozulması faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Göründüyü kimi mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə maraqlarına uyğun hərəkət etmək sahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat tarixi xx.xx.2019-cu il, reyestr nömrəsi **********52 olan) çıxarışa əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1482 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat cavabdehlərə aid edilməli, habelə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ekspertiza tədqiqatının dəyəri olan 50 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat tarixi xx.xx.2019-cu il, reyestr nömrəsi **********52 olan) çıxarışa əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1482 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsınlar. Əlavə olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş dövlət rüsumuna görə 100 manat və mütəxəssis rəyinin verilməsinə görə 95 manat, cəmi 195 (bir yüz doxsan beş) manat tutulub İddiaçı verilsin. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar