Məhkəmə qərarları › İş №2(050)-438/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-438/2025

21.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-438/2025 21.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin Cavabdeh qarşı meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilib təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin direktoru Nəsimi Nəsibov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz zəbt etdiyi 0,04 ha meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X3 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2024-cü il tarixli, 27/885/d saylı məktubuna əsasən Mərkəzin ərazisində heç bir müqaviləsi olmayan istirahət mərkəzləri ilə bağlı xx.xx.2024-cü il tarixdə araşdırma aparılmışdır. Araşdırma zamanı Masallı şəhəri, M.ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən X1 8 saylı meşə dolayının, 8-ci kvartalının, 2-ci bölməsində 0,04 ha torpaq sahəsində 12 m ölçüdə bir ədəd dəmir dirəklərlə söhbətgah, 6 m ölçüdə bir ədəd dəmir və daş dirəklərlə söhbətgah və 3 m ölçüdə bir ədəd dəmir dirəklərlə söhbətgah inşa edilərək zəbt olunması faktı aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; - 18 noyabr 2024-cü il tarixli, 004512 saylı aktından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı 18 iyul 2024-cü il tarixli, 27/885/d saylı müraciəti əsasında Masallı şəhəri, M.Füzuli küçəsi, ev 102 ünvanında yaşayan Cavabdeh tərəfindən qanunsuz tikinti işləri apardığı sözügedən ərazidə olaraq araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən X1 8 saylı meşə dolayının, 8-ci kvartalının, 2-ci bölməsində yerləşən 0,04 ha ərazi zəbt olunaraq arasında qanunsuz dəmir dayaqlar üzərində tikililər salınmışdır. Araşdırma zamanı məlum oldu ki, sözügedən ərazi Cavabdeh tərəfindən zəbt olunaraq aşağıdakı tikililər salınmışdır: 1) 12 m dəmir dayaqlar üzərində 1 ədəd söhbətgah, 2) 6 m dəmir və daş dayaqlar üzərində 1 ədəd söhbətgah, 3) 3 m dəmir dayaqlar üzərində 1 ədəd söhbətgah. Araşdırma zamanı Cavabdeh iştirak etməmişdir. - 11 saylı X3 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış 20 noyabr 2024-cü il tarixli, 3-14/2-193-D-3/2024 saylı xəbərdarlıq məktubundan görünür ki, 10 gün müddətində ərazidə olan tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək 11 saylı X4 Mərkəzinə təhvil verilməsi tapşırılmış və göstərilən müddət bitdikdən sonra ərazi mərkəzə təhvil verilmədiyi təqdirdə barəsində qanunamüvafiq təbirlərin həyata keçiriləcəyi izah edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi Dairəsinin 5 iyun 2025-ci il tarixli 3-21-3-44/2-3896/2025 saylı mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh faktiki istifadəsi kimi plana alınmış 0,0265 ha torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş, yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh faktiki istifadəsi kimi plana alınmış 0,0265 ha torpaq sahəsinin hüdudları daxilində mövcud olan söhbətgahların yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş, yerquruluşu planında göstərilmişdir. Cavabdeh faktiki istifadəsində olan 0,0265 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən X5 torpaqları kateqoriyasına aid torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh faktiki istifadəsində olan 0,0265 ha torpaq sahəsi X5 torpaqlar kateqoriyasına aid dövlət mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2025-ci il tarixli, 3-16-16/2-10/4290/2025 saylı ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-44/2-3896/2025 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh faktiki istifadəsi kimi plana alınmış 0,0265 ha torpaq sahəsinin və 0,0265 ha torpaq sahəsinin hüdudları daxilində mövcud olan söhbətgahların yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş, yerquruluşu planında göstərilmişdir). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-44/2-3896/2025 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh faktiki istifadəsində olan 0,0265 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında X5 torpaqları kateqoriyasına aid dövlət mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin; 4-cü maddəsinin birinci bəndinə əsasən meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. 15-ci maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququnun əsaslarımüqavilələr, məhkəmə qərarları, bu Məcəllə ilə yol verilən digər əsaslar. 16-cı maddəsinin birinci bəndinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 31-ci maddəsinin 6-cı bəndinə əsasən meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinin tələbinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 2.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək, meşə istifadəçilərinə meşə fondunun mühafizəsinə, qorunmasına və bərpasına dair rəsmi göstərişlər vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh tərəfindən X1 8 saylı meşə dolayının, 8-ci kvartalının, 2-ci bölməsində 0,0265 ha (mütəxəssis və ekspert rəylərinə əsasən) ərazidə dəmir dirəklərlə söhbətgah inşa etməsi və ətrafına dəmir lövhələr vurularaq zəbt etməsi aşkar edilmişdir. Bununla bağlı 18 noyabr 2024-cü ildə müvafiq akt tərtib olunaraq cavabdehə meşə fonduna aid zəbt etdiyi torpaq sahəsini boşaldaraq əvvəlki vəziyyətə qaytarılmasını, əks təqdirdə meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Lakin, hal-hazıradək cavabdeh torpaq sahəsindən çıxmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdeh Dəyyanov X2 Meşəbəyliyinin 8 saylı meşə dolayının, 8-ci kvartalının, 2-ci bölməsində yerləşən 0,0265 ha meşə fondu torpağından çıxarılmalı və həmin torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X3 Mərkəzinə təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat (doxsan beş) manat tutulub iddiaçı 11 saylı X3 Mərkəzinə və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Dəyyanov X2 Meşəbəyliyinin 8 saylı meşə dolayının, 8-ci kvartalının, 2-ci bölməsində yerləşən 0,0265 ha meşə fondu torpağından çıxarılsın və həmin torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X3 Mərkəzinə təhvil verilsin. Əlavə olaraq Cavabdeh mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat (doxsan beş) manat tutulub 11 saylı X3 Mərkəzinə və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar