Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-498/2023 26.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Masallı rayonu Tatyanoba kəndində yerləşən Cavabdeh faktiki istifadəsində olan evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə 23 noyabr 2021-ci il tarixdə rəsmi nikah bağlamışdır. Həmin vaxtdan da cavabdehə məxsus Masallı rayonu, Tatyanoba kəndində yerləşən 1 mərtəbəli, eyvan və mətbəxdən ibarət olan 3 otaqlı evə gəlin köçmüşdür. Cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. 2022-ci sentyabr ayının 15-də cavabdeh bir neçə gün Bakı şəhərində qalacağını bildirib, həmin müddət ərzində atası evində qalmalı olduğunu demiş və onu atasının evinə gətirmişdir. Sonradan isə telefonla zəng edərək onu evdən çıxarmaq üçün atasının evində qoymasını demişdir. Anasıyla birlikdə həmin evə qayıtmaq istəsələr də, onları cavabdeh və qızı Aysel Abıyeva evə buraxmamışlar. İddiaçı bununla bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bununla bağlı polis şöbəsində araşdırma aparılsa da, evə köçürülməsi mümkün olmamışdır. Halbuki o, həmin evə gəlin köçmüşdür. Evin sahibi olan cavabdehin ailə üzvüdür, cehiz əşyalar hazırda da həmin evdədir. Evə dair təsərrüfatda onun da adı vardır. Odur ki, iddiaçı Masallı rayonu Tatyanoba kəndində yerləşən Cavabdeh faktiki istifadəsində olan evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, 15 sentyabr 2022-ci ildən həmin evdə yaşamır. Cavabdehlə birgə nikahlarından uşaqları olmamışdır. Hal-hazırda o, atası evində qalır və orada yaşamaq üçün tam şərait yoxdur. Ona görə də cavabdehin evinə faktiki olaraq köçüb yaşamaq istəyir. Əgər cavabdeh buna razı deyilsə, 5000 manat kompensasiya ödəməlidir. Hesab edir ki, cavabdehlərə məxsus evdə onun mənzil hüququ vardır. Təqribən 4000 manat dəyərində cehiz əmlakı evdədir, 4 dəfə götürmək istəsə də, razılıq verməmişlər. Onlar 10 ay birlikdə yaşamışlar. Sonra cavabdeh atası evinə aparmış, anası ilə gedərkən cavabdeh evə qoymadığı üçün polisə müraciət etmişdir və onların vasitəsi ilə evə getmiş, lakin 1 ay həmin evdə cavabdehlə ayrı yaşamışlar, bundan sonra atası evinə qayıtmışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Birinci evli olduğu qadın 2017-ci ildə vəfat etmişdir. Səadətlə xx.xx.2021-ci ildə evlənmişdir və onunla 10 aya qədər yaşamış, uşaqları olmamışdır. xx.xx.2022-ci ildə Səadəti atası evinə apardıqdan sonra, ona zəng edərək qayıtmaq istədiyini və qızı Aysel Abıyeva ilə yaşamaq istəmədiyini demişdir. O, da buna razılıq verməmişdir. İki subay oğlu vardır, həmçinin qızı Aysel boşanmış və 2 uşağı ilə birlikdə onunla yaşayır. Səadət övladları ilə yola getmir, həmçinin özünün də xasiyyəti uyğun gəlmir. Atrıq nikahları da pozulmuşdur. Evi 2006-cı ildə mərhum həyat yoldaşı ilə birlikdə tikmişlər, lakin hüquqmüəyyənedici sənədi yoxdur. Hesab edir ki, iddiaçının mənzil hüququ yaranmır, ona görə də iddianın rədd olunmasını xahiş edir. Cavabdeh vəkili Vəkil Cavabdeh ilə eyni məzmunda çıxış verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Ailə tərkibi barədə arayışdan görünür ki, İddiaçı Cavabdehnın ailə tərkibindədir. Nikah haqqında arayışın surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı nikahlarını 23 noyabr 2021-ci il tarixdə Masallı rayon «ASAN xidmət» Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Masallı RİHB-nin Güllütəpə kənd inzibati ərazi dairəsinin xx.xx.2023-cü il tarixli, 5-66- 8/3-3-26/23 saylı arayışından görünür ki, İddiaçı Masallı rayon Yeni Zuvand kəndində daimi yaşayır. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. JN-146 Kod 80508028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci il tarixli, 169 saylı qərarı əsasında Cavabdeh ailə üzvləri ilə birlikdə 0.44 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında həmçinin X1, X2, X3 adları qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İddiaçı dəlilləri ondan ibarətdir ki, nikahları 23 noyabr 2021-ci il bağlanmış və cavabdehə məxsus Masallı rayonu, Tatyanoba kəndində evə gəlin köçmüşdür. 10 ay birlikdə yaşamışlar, 2022-ci ilin sebtyabr ayından cavabdehdən ayrı atası evində yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanunun 13.1.-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2.-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq Qərarına əsasən 2009-cu il oktyabrın 1-dək yaranınış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Önəryıldız Türkiyəyə Qarşı 18 iyun 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə toplaya bildiyi az miqdarda sübutlar göstərir ki, ərizəçinin qurduğu ev şəhərsalma qaydalarını pozub (bax: b. 50, 51, 131). Üstəlik, ərizəçi də buna etiraz etmir. Lakin etiraf etmək lazımdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan hamin evdə yaşayırdı bu o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı. Məhkəmə qeyd edir ki, mübahisəli yaşayış sahəsindən istifadə ilə bağlı tərəflər arasında hüquq münasibəti yaranarkən və hal-hazırda ev xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmamışdır, bununla belə Cavabdeh evə gözlənilən mülkiyyət hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə qeyd olunmuş maddi hüquq normalarını hazırkı mübahisənin halları ilə qarşılqılı əsasən qeyd edir ki, qanunun analogiyası üzrə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4.-cü maddəsinə əsasən İddiaçı faktiki olaraq cavabdehə məxsus evə olan mənzil hüququnu itirmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı köçmək istədiyi evlə bağlı heç bir hüquqi bağlılığı yoxdur. Onun 10 ay müddətində rəsmi nikahla cavabdehlə birlikdə yaşaması mənzil hüququnun yaranması kimi qiymətləndirilməməlidir. Faktiki olaraq ailə münasibətləri pozulmuş, iddiaçının ailənin idarə olunmasında, təsərrüfatında heç bir rolu olmamış, yalnız ailə üzvü olaraq orada yaşamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mənzil hüququ üzrə köçmək istədiyi evlə davamlı və yetərli əlaqəsinin olması sübuta yetmir, məhkəmə tərəfindən müəyyən edilmiş hallarla iddianın əsasları təkzib olunur. Ona görə də iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78., 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, İddiaçı evə köçürülməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Masallı rayonu Tatyanoba kəndində yerləşən Cavabdeh faktiki istifadəsində olan evə köçürülməsi barədə iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-498/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-498/2023
26.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver