Məhkəmə qərarları › İş №2(050)-499/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-499/2023

06.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-499/2023 06.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclasının katibi X3, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni, İddiaçı Masallı rayonun, Çaxırlı kəndində yerləşən, bir mərtəbəli, üç otaqlı və Cavabdeh1 yaşadığı evə köçürülməyi və cavabdehlər tərəfindən həmin evdən istifadəsində yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə el adəti qaydasında toy etdirməklə Yardımlı RİHB-nin Yolacaq kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikaha daxil olub, 2022-ci ilin avqust ayının 1-nə kimi ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində 3 nəfər uşaqları olmuşdur. 02 iyun 1993-cü ildə X6, 05 sentyabr 1995-ci ildə X14, 16 noyabr 1998-ci ildə X15 adlı uşaqları anadan olmuşdur. Onun uşaqlarının hər birinin 18 yaşları tamam olmuşdur. Qızları özlərinə ailə həyatı qurmuşlar. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdə saat 17:00-da yaşadığı otağa keçmək istəyərkən arvadı onu ünvanına nalayiq söyüşlər demişdir. O, həyat yoldaşının nəlayiq kişiyə yaraşmayan söyüşlərini eşidib əsəbləşmişdir. Dəhlizdə olan stulu götürüb pola vurmuş və stul sınmışdır. Sonra evdən çıxmışdır və su balonunu götürüb Məçidin həyətindən su götürərəkən görmüşdür ki, baldızı həyətə getmişdir. Su götürüb evinə qayıtdığı və öz otağına keçmişdir. Otaqda olduğu zaman eşitmişdir ki, arvadı və baldızı onun ünvanına qadına və kişiyə yaraşmayan nalayiq söyüşlər demişlər. Bu ərəfədə otağın qapısını içəridən bağlayıb çay qaynatmışdır. Lakin arvadı və baldızı söyüşləri davam etdirmişlər və dayanmamışlar. Onun səbri tükənmiş, arvadı və baldızına daha söyüş söyməməklərini bildirmişdir. Arvadı və baldızı otağının qapısını arxadan çırparaq, nalayiq söyüşlər demişlər. Arvadı və baldızı ona qapını aç çıx rədd ol, çıx evdən çıx get demişlər. O, söyüşlərə dözməyib otağından çıxmışdır. Otaqdan çıxarkən baldızı Cavabdeh2 üstünə hücum çəkərək yaxasından yapışmışdır. Nəticədə onu otağından məcburi döyərək çıxarmışlar. Cavabdehlər onu evinə, otağına buraxmırlar. Cavabdehlər onun evdə olan pullarını götürüblər və paltarlarını həyətə atmışlar. Onun başqa heç bir yerdə yaşamağa yeri yoxdur. Evi və torpaq sahəsi yoxdur. Hələlik tanıdığı insanların evində müvəqqəti olaraq yaşayır. Bəzən tanışlarının evinə getməyə üzü gəlmədiyi zaman meşədə yaşayır. Çaxırlı kəndində tikilmiş evi əvvəldən axıra kimi fəhlə yoldaşı ilə birlikdə tilmişdir. Həmin ev bir mərtəbəli üç otaqlıdır. Cavabdehlər onun evinə buraxmadıqlarına görə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə 1992-ci ildə el adəti qaydasında toy edərək rıəsmi nikaha girmişlər. Onun iddiaçı ilə evliliklərindən 3 nəfər uşaqları olmuş və hazırda qeyd edilən uşaqlar yetkinlik yaşına çatmışlar. İddiaçı 15 il hazırda onunla qeyd edilən evdə birlikdə yaşamışlar. İddiaçı onu bıçaqladıqdan sora onunla arasında olan nikah pozulmuşdur. Hazırda iddiaçının evə köçürülməsinə etirazı yoxdur qanuna uyğun qərar qəbul edilməsini xahş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının evə köçürülməsinə etirazı yoxdur, lakin qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 24 avqust 1992-ci il tarixdə Yardımlı rayon Yolocaq kənd ərazi nümayəndəliyində 09 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X7 02 iyun 1993-cü ildə Masallı rayonu Çaxırlı kəndində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh1dır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X16 05 sentyabr 1995ci ildə Masallı rayonu Çaxırlı kəndində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh1dır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X17 16 noyabr 1998-ci ildə Masallı rayonu Çaxırlı kəndində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh1dır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 104 nömrəli arayışdan görünür ki, Masallı rayon Çaxırlı kənd sakini Cavabdeh1 və Rzayeva X1 qeydiyyatdadırlar və halhazırda ərazidə yaşayırlar. Masallı rayon Çaxırlı kənd sakini Cavabdeh1 yaşadığı ev öz adındadır və ev bir mərtəbəli, üç otaqlıdır. Masallı rayon Çaxırlı kənd sakini Cavabdeh2 anasına məxsus fərdi yaşayış evində yaşayır. Ev iki mərtəbəli, altı otaqlıdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 2740/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış 24 avqust 1992-ci il tarixli, 09 saylı nikah akt qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan JN-393A, Kod 80525018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 034 nömrəli qərarı ilə Cavabdeh1, X5, X8, İddiaçı və X9 0.02 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1, X5, X8, X10 və İddiaçı Masallı rayonu, Çaxırlı kəndində xüsusi mülkiyyətlərində olan 0.02 ha torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Hüquq sahibləri Cavabdeh1, X12, X19, X18 və İddiaçı ibarət olmaqla ümumi birgə mülkiyyətdədir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı 1992-ci ildə isə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin nikahlarından üç nəfər uşaqları anadan olmuşdur. Tərəflər birgə nikah dövründə Masallı rayonu Çaxırlı kəndində bir mərtəbədən, üç otaqdan ibarət fərdi yaşayış evi inşa etdirmiş və nikahları pozulanadək birilkdə orada yaşamışlar, iddiaçının köçürülməsini tələb etdiyi yaşayış evi ümumi birgə mülkiyyətdə olmaqla iddiaçının mübahisəli evdə yaşayış və istifadə hüququ vardır. Hazırda iddiaçının mülkiyyət hüququ üzrə payı olan özünə məxsus həmin evə yaşamaq istəyir, cavabdehlər isə buna imkan yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci hal mübahisəsizdir. Yəni iddiaçı köçmək istədiyi evdə uzun illər yaşamışdır. 2-ci hala münasibətdə qeyd edilməlidir ki, şəxs hazırda yaşamış olduğu evə daxil ola bilmir. Buna səbəb cavabdehin yaratmış olduğu maneələrdir. Bu isə mahiyyət etibarı ilə yaşadığı yerdən məhrum edilməyə bərabərdir. 3-cü halın mövcudluğuna dair isə qeyd edilməlidir ki, cavabdeh və iddiaçı mübahisəli fərdi yaşayış evinə münasibətdə eyni hüquqa malik şəxslərdir. Belə ki, həmin ev iddiaçı və cavabdehin məxsus olmaqla onlara aid olmuşdur. Hazırki vəziyyətdə cavabdeh mübahisəli evdə yaşamaq hüququnun olduğunu hesab edirsə, o zaman bərabərlik prinsipi baxımından iddiaçının da həmin evdə yaşamasına mane olmamalıdır. Odur ki, məhrum etmə qanuni deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evi rəsmi reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə və 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə görə iddiaçının mübahisəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququ vardır. Beləliklə məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı Masallı rayonu, Çaxırlı kəndində yerləşən və hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Masallı rayonu, Çaxırlı kəndində yerləşən və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan 1 mərtəbədən, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər tərəfindən həmin evdən istifadəyə yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar