Məhkəmə qərarları › İş №2(050)-532/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-532/2025

10.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-532/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. Ərizəçi Əliyev X4 Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "doğum faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək 26 sentyabr 2024-cü ildə ev şəraitində anadan olmuş X2 anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan Ərizəçi nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1 26 sentyabr 2024-cü ildə ev şəraitində oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

3. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X7 26 sentyabr 2024-cü ildə ev şəraitində anadan olmuşdur. Masallı rayon Qeydiyyat şöbəsinə bu barədə müraciət etməsinə baxmayaraq ona doğum haqqında şəhadətnamə verilməmiş və bu barədə imtina məktubu ona təqdim edilmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək X1 26 sentyabr 2024-cü ildə ev şəraitində oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirdi ki, Ərizəçi onun oğlu, Aytac Əlirzalı isə gəlinidir. 26 sentyabr 2024-cü ildə evdə olarkən gəlinin sancıları tutmuş və onu xəstəxanaya apara bilməmişlər. Həmin vaxt o, evdə tək olmuşdur. Ona görə də, o, oğlan uşağının dünyaya gəlməsinə kömək etmişdir.

7. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, 26 sentyabr 2024-cü ildə ev şəraitində oğlan uşağı dünyaya gətirmişdir. Həmin xat evdə yalnız qaynanası Təranə olmuşdur. Bundan başqa Ayşən və Əli adında iki uşağı vardır. Onlar xəstəxanada dünyaya gəlmişlər.

İş materialları:

8. AZ-İİ seriyalı 190736 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında 05 oktyabr 2016-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə Masallı RİHB-nin Xıl inzibati ərazi nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əlirzalı” soyadı verilmişdir.

9. Masallı Regional «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin arayışından görünür ki, 26 sentyabr 2024-cü il təvəllüdlü Masallı rayonu, Xıl kəndində anadan olmuş X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaçlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 11 dekabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.

10. “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 11 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Masallı rayonu, Xıl kənd sakini X1 26 sentyabr 2024-cü il tarixdən hal-hazıradək “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin Doğum və Ginekologiya şöbəsində uşaq dünyaya gətirməsi barədə hər-hansı məlumat aşkar edilmədi.

11. Masallı RİHB-nin Xıl kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilən 11 dekabr 2024-cü il tarixli, 413 saylı arayışdan görünür ki, Masallı rayonu, Xıl kənd sakini X6 26 sentyabr 2024-cü ildə ev şəraitində bir oğlan övladı dünyaya gətirmişdir və ərazi nümayəndəliyinə məlumat vermişdir.

12. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1988-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, Masallı rayonu, Xıl kənd sakini X6 evində təbii doğuş nəticəsində 26 sentyabr 2024-cü il təvəllüdlü X3 doğmuşdur. Ev şəraitində doğulmuş X2 doğulması barədə müvafiq orqanların sistemlərində qeydlər aparılmamış, bu səbəbdən də, Ərizəçi doğulmuş övladı X7 üçün doğum şəhadətnaməsini ala bilməmişdir. Ərizəçinin müraciəti əsasında Masallı Regional «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və doğum haqqında akt qeydi aşkar edilmədiyindən doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

307.2.3-cü maddəsinə əsasən,məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır.

16. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının:

2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.3-cü bəndinə əsasən Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

20. Göründüyü kimi X2 26 sentyabr 2024-cü il tarixdə Masallı rayonu, Xıl kəndində doğulması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 doğum haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.

Məhkəmə xərcləri:

21. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1 26 sentyabr 2024-cü ildə Masallı rayonu, Xıl kəndində ev şəraitində oğlan uşağı doğması barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə doğum akt qeydinin aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.

23. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizə təmin olunsun. X1 26 sentyabr 2024-cü ildə Masallı rayonu, Xıl kəndində ev şəraitində oğlan uşağı doğması barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə doğum akt qeydinin aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar