Məhkəmə qərarları › İş №2(050)-62/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-62/2024

17.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-62/2024 17.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı hasarın sökülərək gediş-gəliş yolunun açılması (üçüncü şəxs - Masallı Rayon Masallı Bələdiyyəsi) tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə gediş-gəliş yolunun açılması, həmin yolun üzərində cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hasarın sökülərək gedişgəliş yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətlərində 0.04 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində olan yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yol İddiaçı tərəfindən tutulmuş və yola daş hasar çəkilmişdir. Cavabdeh onun və ailə üzvlərinin evinə gediş-gəlişilərini tamamilə məhdudlaşdırmışdır. Zəbt edilmiş gediş-gəliş yolundakı maneənin (daş hasarın) sökülməsi barədə dəfələrlə qarşı tərəfə edilmiş xəbərdarlıqları nəticəsiz qalmışdır. Mülkiyyətində olan torpaq sahəsinə mübahisəli hasarın mövcud olduğu yerdən gediş-gəliş yolunun olması “Torpağın mülkiyyətə verilməsinə dair” JN-360A, Kod 80501004 saylı şəhadətnamədə və elektron bazada da öz əksini tapmışdır. Torpaq sahəsinə olan maşın və piyada gediş-gəliş yolunda cavabdeh tərəfindən qeyriqanuni olaraq maneə yaradılmışdır. Cavabdeh yolu açmaq istəmir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdeh qardaşıdır. Mübahisəli yol onun evinə gedən yoldur. Evinə başqa tərəfdən alternativ yol yoxdur. Cavabdeh həmin yolun üzərində daş hasar çəkmiş, yolu bağlamışdır. Əvvəllər həmin yerdə hasar olmamışdır. Həmin yoldan istifadə etmişlər. Ekspert rəyindən də görünür ki, cavabdeh onun evinə gedən gediş-gəliş yolunu bağlamışdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı qardaşıdır. İddiaçının evinə arxa tərəfdən gediş-gəliş yolu mövcuddur. Qardaşı ilə aralarında problem olmuşdur. Bu səbəbdən də başının dinc olması üçün mülkiyyətində olan torpaq sahəsində hasar çəkərək aranı bağlamışdır. Hasar sökülərsə, yola getməmələri səbəbindən yenidən problem yaranacaqdır. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-360A, Kod 80501004 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999cu il tarixli, 27 nömrəli qərarı ilə İddiaçı, X3, X7 və X5 Masallı şəhərində 0.04 hektar torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat, ********** qeydiyyat, **********25-10301 reyestr nömrəli çıxarışa əsasən Masallı şəhəri, Azərbaycan prospekti 127 ünvanında yerləşən 163.8 kv.m fərdi yaşayış evinin üzərində Cavabdeh tam mülkiyyət hüququ; 0.0303 ha torpaq sahəsi üzərində Cavabdeh və X1 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə baxılarkən xüsusi bilik tələb olunan məsələnin aydınlaşdırılması üçün ekspertiza təyin edilmiş, ekspert qarşısında mübahisəli hasarın “Torpağın mülkiyyətə verilməsinə dair” JN-360A, Kod 80501004 saylı şəhadətnamədə nəzərdə tutulmuş torpaq sahəsində yerləşib-yerləşməməsi, mübahisəli hasarın yerləşdiyi torpaq sahəsinin rəsmi sənədlərdə yol kimi nəzərdə tutulub-tutulmaması, mübahisəli hasarın “Torpağın mülkiyyətə verilməsinə dair” JN-360A, Kod 80501004 saylı şəhadətnaməyə İddiaçı, X2, X6 və X4 mülkiyyətində olan Masallı şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə gedən yolun üzərində qoyulubqoyulmaması və hasarın mübahisəli yerdə mövcudluğunun iddiaçıya hər hansı bir maneçiliyinin olub-olmamasının aydınlaşdırılması kimi məsələlər qoyulmuş; aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq tərtib edilmiş 19 fevral 2024-cü il tarixli, 3-16-16/2- 10/287 saylı ekspert rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 8 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 6677/2023 saylı mütəxəssis rəyinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemi baza mətumatı materialının koordinatlarına görə İddiaçı oğİunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 360A nömrəli 0.04 ha olan həyətyanı torpaq sahəsinə nəzərdə tutuİmuş gediş-gəİiş yolunun hüdudları daxilində mübahisələndirilən hasarın yerİəşdiyi müəyyənləşdirildi. Masallı rayonu, Masallı şəhəri Nizami adına təsərrüfatın kompleks yerquruİuşu layihəsində və Torpaqların elektron kadastr ucotu informasiya sistemi baza məlumatı materialında mübahisəli hasarın yerləşdiyi torpaq sahəsinin gediş-gəİiş yolu (dalan) kimi nəzərdə tutuİduğu müəyyən edilmişdir. Mübahisələndirilən hasarın “Torpağın mülkiyyətə verilməsinə dair” JN-360A nömrəli şəhadətnamə ilə İddiaçı, X2, X6 və X4 mülkiyyətində olan 0.04 ha həyətyanı torpaq sahəsinə gedən yolun hüdudları daxilində yerİəşdiyi müəyyən edilmişdir. Fotoşəkillərdən görünür ki, mübahisəli torpaq sahəsində mişar daşları ilə hasar inşa edilmişdir. Məhkəmə iclasında işin araşdırılması ilə müəyyən olunmuşdur ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli, 27 nömrəli qərarı ilə İddiaçı, X3, X7 və X5 Masallı şəhərində 0.04 hektar torpaq sahəsi verilmiş, bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-360A, Kod 80501004 saylı şəhadətnamə tərtib edilmişdir. Tərəflər qardaşdılar. Onlar arasında mübahisə olmuş, cavabdeh mişar daşları ilə mübahisəli hasarı inşa etmişdir. Mişar daşları ilə inşa edilmiş mübahisəli darvaza iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 360A nömrəli 0.04 ha olan həyətyanı torpaq sahəsinə nəzərdə tutuİmuş gediş-gəİiş yolunun hüdudları daxilində yerİəşir, mübahisəli hasarın yerləşdiyi torpaq sahəsi gediş-gəİiş yolu (dalan) kimi nəzərdə tutuİmuş, mübahisələndirilən hasar “Torpağın mülkiyyətə verilməsinə dair” JN-360A nömrəli şəhadətnamə ilə İddiaçı, X2, X6 və X4 mülkiyyətində olan 0.04 ha həyətyanı torpaq sahəsinə gedən yolun hüdudları daxilində yerİəşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iş üzrə sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq etməklə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-360A, Kod 80501004 saylı şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0.04 ha həyətyanı torpaq sahəsinə gedən yolun üzərində (gedişi-gəliş yolunda) mişar daşlarından inşa edilmiş hasar sökülərək, gediş-gəliş yolu açılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasın Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat pul, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 170 manat məbləğində xidmət haqqı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-360A, Kod 80501004 saylı şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0.04 ha həyətyanı torpaq sahəsinə gedən yolun üzərində (gedişi-gəliş yolunda) mişar daşlarından inşa edilmiş hasar sökülərək, gediş-gəliş yolu açılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 170 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar