Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-660/2023 12.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (üçüncü şəxs - Masallı Rayon Kolatan Bələdiyyəsi) yolun açılması, torpağın əvvəlki vəziyyətə gətirilməsi və yola qoyulmuş darvazanın cavabdehlərin hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən zəbt edilmiş yolun açılması, yola qoyulmuş dəmir qapının götürülməsi və yolun əvvəlki vəziyyətə gətirilməsinin cavabdehlərin hesabına aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlərlə qonşuluqda yaşamaqla qohumluq münasiətləri var. Həyətinə gedən maşın yolundan uzun illər istifadə edib, lakin 7 il olar ki, cavabdehlər həmin yola dəmir qapı, həmçinin yolun üstünə də üzüm tənəkləri əkərək yolu tam bağlayıblar. Evinə başqa alternativ yol yoxdur, həmin yoldan istifadə etməyi isə cavabdehlər məhdudlaşdırmışlar. Dəfələrlə cavadehlərlə danışıb yolu açmalarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Yolun açılmaması, yola qoyulmuş dəmir qapının götürülməməsi səbəbindən aralarında mübahisə var. İddiaçı məhkəmə iclasında bildirdi ki, Elşən və Bəhruz qardaşı oğulları, Nazilə xanım isə qardaşı arvadıdır. Nazilə xanım ata evində, Elşən isə onun yanındakı digər evdə, Bəhruz isə başqa yerdə yaşayır. Mübahisəli yol onun evinə gedən yoldur. Evinə başqa alternativ yol yoxdur. Cavabdehlər həmin yolun üzərinə dəmir darvaza qoyaraq, yolu bağlamışlar. Həmçinin, yolda üzüm tənəkləri əkmişlər və dəmirlər qoymuşdular. Hər dəfə o, həmin yol ilə evinə getmək və ya evinə hər hansı yük maşını ilə nə isə gətirən zaman cavabdehlərə məxsus üzüm tənəklərinə, dəmirlərə dəyməsi, darvazanın açılması üçün qarşı tərəfin narahat edilməsi, hər hansı səbəbdən darvazanın açıq saxlanılmasına və sair səbəblərə görə aralarında mübahisə yaranır. Onsuz da, tərəflərin bir-birilərinə qarşı münasibətləri normal deyil, dəfələrlə mübahisə ilə bağlı polisə müraciət edilmişdir. Halbuki, əvvəllər həmin yerdə dəmir darvaza, üzüm tənəkləri, tənəklər üçün dəmirlər olmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 096A, Kod 80506005 saylı şəhadətnamədə adları keçən şəxslərdən X4 anası, İddiaçı özü, X5, X7 və X3 bacılarıdır. Ekspert rəyi də bir daha sübut edir ki, mübahisəli darvaza onun mülkiyyətində olan torpaq sahəsinə gedən yolun üzərində yerləşir və evinə başqa alternativ yol yoxdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən məhkəmə mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, mübahiəli darvazanın yerləşdiyi yer yoldur. Həmin yol İddiaçı, ona və anası Nazilə xanıma aid evə gedən yoldur. Əvəllər həmin yolun üzərində darvaza olmamış, sonradan darvazanın yeri dəyişdirilərək, mübahisəli yolun üzərinə qoyulmuş, üzüm tənəkləri əkilmiş və dəmirlər qoyulmuşdur. Cavabdeh3 qardaşıdır, 21 il əvvəl ata evindən çıxmış və başqa yerdə yaşayır. Bəhruz mübahisəli yola darvaza qoymamış, üzüm tənəkləri əkməmiş və orada hər hansı bir maneçilik yaratmamışdır. Sonda Cavabdeh2 göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə dair” JN 096A, Kod 80506005 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X2, İddiaçı, X5, X7 və X1 Masallı rayonu, Kolatan kəndində 0.12 hektar torpaq sahəsi verilmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan məsələlərin aydınlaşdırılması üçün ekspertiza təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli, 10/6454 saylı ekspert rəyində göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 8 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-3890/2023 saylı saylı mütəxəssis rəyinə əsasən mübahisəli dəmir darvazanın yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsi olması müəyyən edilir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin yerləşmə vəziyyətinə görə mülkiyyətdə olan 96A nömrəli 0.12 həyətyanı torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə və İddiaçı yaşadığı evin həyətyanı torpaq sahəsinə gedən yolun (dalanın) giriş hissəsində dəmir darvazanın qoyulması müəyyən edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin yerləşmə vəziyyətinə görə mülkiyyətində olan 96A nömrəli 0.12 həyətyanı torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə və İddiaçı yaşadığı evin həyətyanı torpaq sahəsinə mübahisəli yoldan başqa alternativ yolun olmadığı müəyyən edilmişdir. Fotoşəkillərdən görünür ki, mübahisəli yolun üzərində darvaza qoyulmuş, üzüm tənəkləri və müəyyən dəmirlər var. İşin araşdırılması ilə müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 096A, Kod 80506005 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X2, İddiaçı, X5, X7 və X1 Masallı rayonu, Kolatan kəndində 0.12 hektar torpaq sahəsi verilmişdir. Tərəflər qohumdular. Onlar arasında mübahisəli yoldan istifadə ilə bağlı mübahisə var. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 yaşadıqları evə gedən yol mübahisəli yoldur. İddiaçının yaşadığı evin həyətyanı torpaq sahəsinə mübahisəli yoldan başqa alternativ yol yoxdur. Mübahisəli yol bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsidir, mübahisəli dəmir darvaza bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsində yerləşir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin yerləşmə vəziyyətinə görə mülkiyyətdə olan 96A nömrəli 0.12 həyətyanı torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə və İddiaçı yaşadığı evin həyətyanı torpaq sahəsinə gedən yolun (dalanın) giriş hissəsində dəmir darvaza qoyulmuşdur. Fotoşəkillərdən görünür ki, mübahisəli yolun üzərində darvaza qoyulmuş, üzüm tənəkləri və müəyyən dəmirlər var. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, əvəllər həmin yolun üzərində darvaza olmamış, sonradan darvazanın yeri dəyişdirilərək, mübahisəli yolun üzərinə qoyulmuş, üzüm tənəkləri əkilmiş və dəmirlər qoyulmuşdur. Cavabdeh3 başqa yerdə yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iş üzrə sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq etməklə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən Masallı rayonu, Kolatan kəndində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə gedən gediş-gəliş yolu açılmalı, mübahisəli yolun üzərində qoyulmuş dəmir darvaza götürlərək yol Cavabdeh2 və Cavabdeh1 hesabına əvvəlki vəziyyətə gətirilməlidir. Məhkəmə iddianın təmin edilməyən - Cavabdeh3 ilə bağlı hissəsinə münasibətdə bildirir ki, Cavabdeh3 başqa yerdə yaşayır. Onun tərəfindən mübahisəli yolun üzərində darvazanın və sairin qoyulması, iddiaçıya hər hansı bir maneçilk yaradılması iddiaçı tərəfindən sübuta yetirlməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul da onlardan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı rayonu, Kolatan kəndində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə gedən gediş-gəliş yolu açılsın, mübahisəli yolun üzərində qoyulmuş dəmir darvaza götürlərək yol Cavabdeh2 və Cavabdeh1 hesabına əvvəlki vəziyyətə gətirilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-660/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-660/2023
12.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver