Məhkəmə qərarları › İş №2(050)-683/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-683/2023

10.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-683/2023 10.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs - Masallı Rayon Xanalion Bələdiyyəsi) yolun bağlanması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və Masallı Rayon Xanalion Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Masallı rayonu, Xanalion kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən inşa ediyi yaşayış evinin arxasından keçən yolun bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Masallı rayonu, Xanalion kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən inşa ediyi yaşayış evinin arxasından keçən yolun bağlanılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ona Masallı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində özünə məxsus yaşayış evi vardır. Cavabdeh onun yaşadığı evin arxa hissəsindən yol kimi istifadə edərək oradan ağır tonnajlı avtomaşınla yük aparıb gətirir. Ağır tonnajlı yükü yaşadığı evə çox yaxın torpaq sahəsindən apardıqda, yaşadığı ev titrəmə nəticəsində öz fiziki möhkəmliyini itirmək təhlükəsindədir. Yaşayış evinin arxasında nəqliyyat üçün gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Bu barədə cavabdehə evinin ağır tonnajlı avtomaşının hərəkətləri nəticəsinidə dağılmağa məruz qalacağı barəsində dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh bunlara əhəmiyyət verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edərək cavabdehin ona məxsus 0.14 ha torpaq sahəsində yerləşən yaşayış evinin arxasından ağır tonnajlı yükün daşınmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1958/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı 0.14 ha torpaq sahəsində yerləşən yaşayış evinin arxasından ağır tonnajlı yükün daşınması qadağan edilməsi qət edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh hazırkı vaxta kimi ona məxsus olan yaşayış evinin arxasından ağır tonnajlı yükün daşınmasını davam etdirir. Məhkəmə qətnaməsinə məhəl qoymur. Ona məxsus olan evin arxasından gediş-gəliş və avtomobil yolu nəzərdə tutulmamışdır. Odur ki, bütün bu sadalananları nəzərə alaraq həmin yolun bağlanması ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Çünki bu baş verməsə, ona məxsus əmlaka ziyan dəyəcək, o və ailə üzvləri həm fiziki, həm də maddi ziyan çəkmiş olacaqdır. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 158.1.2, 170.1-170.4, 171.1-171.3-cü maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 110, 111-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə istinad edilmişdir. İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, mübahisəli ərazidən yol olmamışdır. Ekspert rəyi ilə razi deyil. Ekspert əraziyə baxış keçirmədən mütəxəssis rəyinə əslanaraq rəy vermişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Vəkil bildirdi ki, mübahisəli ərazidən avtomobil yolu olmamışdır. Avtomobil yolu başqa tərəfdən olmuşdur. İddiaçı qarşı tərəfə piyada şəxslərin istifadəsi üçün yol vermişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1958/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı 0.14 ha torpaq sahəsində yerləşən yaşayış evinin arxasından ağır tonnajlı yükün daşınması qadağan edilmişdir. Cavabdehin başqa ərazidən yolu var. Ekspert əraziyə baxış keçirmədən mütəxəssis rəyinə əslanaraq rəy vermişdir. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, ata mülkində onun və qardaşı iddiaçının fərdi yaşayış evləri var. Mübahisəli ərazi fərdi yaşayış evinə gələn yoldur. Onun və ailə üzvlərinin yolu ordandır. Əvvəllər iddiaçının evi yola yaxın ərazidə olmamış, o, sonradan yolun yaxınlığında ev tikmişdir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Masallı Rayon Xanalion Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, onun vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-026A Kod 80519028 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 011 saylı qərarı ilə İddiaçı 0.14 ha torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-683/2023 saylı qərardadından görünür ki, iddiaçının vəsatəti əsasında iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşagıdakı suallar qoyulmuşdur:

1. Mübahisəli yol “Torpağın mülkiyyətə verilməsinə dair” JN-026A, Kod 80519028 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsinə düşürmü, düşürsə hansı hissədə və hansı ölçüdə düşür?

2. Tərəflər arasında mübahisə predmeti olan mübahisəli yol sənədlərdə yol kimi nəzərdə tutulmuşdurmu və həmin yol hansı hüquq sübyektinə aid torpaq sahəsidir?

3. Cavabdeh yaşadığı evə gediş-gəliş üçün (piyada, avtomobil) alternativ yol varmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 10/4647 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, qardadın 1-ci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-28-3-44/2-2723/2023 saylı mütəxəssis rəyinə əsasən mübahisəli yolun İddiaçı mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Qardadın 2-ci sualı üzrə: torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisə predmeti olan yolun gediş-gəliş yolu kimi nəzərdə tutulduğu, mübahisəli gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsi kimi saxlanıldığı müəyyən edilmişdir. Qardadın 3-cü sualı üzrə: torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında şərq istiqamətində Cavabdeh yaşadığı evin həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün (piyada, avtomobil) yolun mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddiaçının təkrar ekspertiza təyin edilməsi barədə vəsatətinə münasibətdə bildirir ki, mübahisəli əraizidə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müvafiq ölçü işlərinin aparılmasının vaxt barədə məhkəmə tərəfindən tərəflərə lazımi qaydada məlumat verilmiş, ölçü işləri aparılarkən tərəflərin iştirakları təmin edilmiş, ölçü işlərinin aparılması zamanı ölçü işləri ilə bağlı tərəflərin hər hansı bir etirazı olmamış, yalnız mütəxəssis və ekspert rəyləri məhkəməyə daxil olduqdan sonra iddiaçı tərəf ölçü işlərinin düzgün aparılmamasına və ekspertin əraziyə baxış keçirməməsinə əsaslanaraq, təkrar ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi ölçü işlərinin aparılması zamanı ölçü işləri ilə bağlı tərəflərin hər hansı bir etirazı olmamışdır. Əgər ölçü işlərinin aparılması ilə bağlı iddiaçının hər hansı bir etirazı olsaydı, o, həmin vaxt bunu bildirər (həmin vaxt iddiaçının hər hansı bir etirazının olmamasının ölçü işlərində iştirak edən şəxslər təsdiq edə bilərlər.) və ya qanunla müyyən edilmiş qaydada mütəxəssisə etiraz edərdi. Necə ki, o, mütəxəssis və ekspert rəyləri məhkəməyə daxil olduqdan sonra təkrar ekspertiza təyin edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət etmişdir. MPM-in 102.2-ci maddəsində təkrar ekspertizanın təyin edilməsinin əsasları konkret göstərilmişdir. Həmin əsaslardan hər hansı biri müəyyən edilmədiyindən iş üzrə təkrar ekspertiza təyin edilməmişdir. Məhkəmə iddiaya münasibətdə aşağıdakıları bildirir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən:

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 20-ci maddəsinə əsasən:

1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən:

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının bağlanmasını iddia etdiyi yol torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında gediş-gəliş yolu kimi nəzərdə tutulmuş, bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsidir, həmin yol “Torpağın mülkiyyətə verilməsinə dair” JN-026A nömrəli Kod 80519028 saylı şəhadətnaməyə əsasən İddiaçı məxsus 0.14 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis rəyinə görə ödənilmiş vəsait iddiaçıya aid edilməli, həmçinin məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs - Masallı Rayon Xanalion Bələdiyyəsi) ona məxsus Masallı rayonu, Xanalion kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən inşa ediyi yaşayış evinin arxasından keçən yolun bağlanılması barədə iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinə görə ödənilmiş vəsait İddiaçı aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar