Məhkəmə qərarları › İş №2(050)-686/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-686/2023

06.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-686/2023 06.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçılar Niftiyeva (Seyfullayeva) İlahə Hüseynbala qızı və İddiaçı2 iştirakları ilə. İddiaçılar Niftiyeva (Seyfullayeva) İlahə Hüseynbala qızı və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar Niftiyeva (Seyfullayeva) İlahə Hüseynbala qızı və İddiaçı2 Cavabdeh qarşı Masallı rayonu Tatyanoba kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı pay torpağının cavabdeh tərəfindən boşaldılması, 2019-2023-cü illərdə istifadə üzrə üç il üçün 1500 manat istifadə haqqının ödənilməsi, torpaq sahəsində aparılmış özbaşına tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 1500 manat pul tələbi hissəsində iddia tələbinin həcmini azaltmış, torpaq sahəsinin boşaldılması və tikililərin cavabehin hesabına sökülməsi hissəsində iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci tarixli 169 saylı Qərarı ilə ailəsinə 0.33 ha kənd təsərrüfatı məhsulları təyinatlı pay torpağı verilmişdir. Həmin pay torpağının verilməsi Masallı rayon Torpaq Şöbəsində 1998-ci ildə qeydə alınmış JN -129 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında təsdiqini tapmışdır. Həmin dövlət aktında 2022-ci ildə dünyasını dəyişmiş mərhum atası X1 adı da göstərilmişdir. 2019-cu ildən mərhum qeyd edilən 0,33 ha torpaq sahəsini Cavabdeh əkib becərmişdir. Bu istifadənin əvəzi olaraq, ailəsinə hər il üçün dənli bitki göndərəcəyini vəd etsə də, atamın sağlığında o, bu işləri gördüyü üçün maraqlanmamışlar. Torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, həmin sahənin bir hissəsində cavabdeh özbaşına tikililər aparmış, nəticədə tikinti üçün nəzərdə tutulmayan bu sahədə qanunla hüquq pozuntusu hesab edilən hərəkətlərə yol vermişdir. Cavabdehə torpaq sahəsinin üç illik istifadə etdiyi müddət üçün icarə haqqlarının ödənilməsi və 01 yanvar 2023-cü il tarixdən torpaq sahəsini istifadədən geri qaytarılması və boşaldılması barədə 2022-ci ilin dekabrında şifahi xəbərdarlıq göndərmişlər. Cavabdeh bu xəbərdarlığı nəzərə almır və mülkiyyətçisi olduğu torpaq sahəsinin toxunulmazlığını pozmaqda davam edir. İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Niftiyeva (Seyfullayeva) İlahə Hüseynbala qızı anası İddiaçı2 izahatında göstərdiyi halları təsdiq edərək məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Cavabdeh məhkəməyə yazılı müraciət ünvanlayaraq, iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: JN -129 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X2 və onun ailə üzvləri X6 və X3 Masallı rayon Aqrar İslahat Komissiyasının 10 dekabr tarixli 169 saylı Qərarı ilə 0.33 ha kənd təsərrüfatı məhsulları təyinatlı pay torpağı verilmişdir. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 219196 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumatdan görünür ki, Masallı rayonu, Tətian kəndində yerləşən 0.329 ha kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsi, İddiaçı2, Niftiyeva (Seyfullayeva) İlahə Hüseynbala qızının və X1 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin 17 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 10/5950 saylı rəyindən məlum olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-3494/2023 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı Seyfullayeva (Niftullayeva) Xanım Hüseyn qızının və digər ailə üzvlərinin mülkiyyətində olan 0,33 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Seyfullayeva (Niftullayeva) Xanım Hüseyn qızının və digər üzvlərinin mülkiyyətində olan 0,33 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdehım Mirzəxan oğlunun faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi və həmin 0,33 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin mövcud olduğu müəyyənləşdirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, onların məcmusuna, ilk və qarşılıqlı iddialara birlikdə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1., 165.1. və 165.2.-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Həmin Məcəllənin 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və tədqiq olunmuş sübutlara əsasən məlum olur ki, Masallı rayonu Tatyanoba kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci tarixli 169 saylı Qərarı ilə X2 və onun ailə üzvləri Niftiyeva (Seyfullayeva) İlahə Hüseynbala qızı və İddiaçı2 verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmış, çıxarışda yuxarıda adı çəkilən şəxslərin həmin torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda iş üzrə iddiaçılar qeyd edilən torpaq sahəsində cavabdehin qanunsuz tikinti işləri apardığını və onlara məxsus torpaq sahəsini zəbt etdiyini iddia edirlər. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, tikinti-texniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, Seyfullayeva (Niftullayeva) Xanım Hüseyn qızının və digər üzvlərinin mülkiyyətində olan 0,33 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdehım Mirzəxan oğlunun faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin ekspert rəyi ilə Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin tikildiyi müəyyənləşdirilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən iddia ərizəsində göstərilmiş hallar sübuta yetirilmiş, bunun əksi olaraq cavabdehin həmin torpaq sahəsinin ona məxsus olması, iddiaçıların onun torpaq sahəsini zəbt etmiş olması kimi fikirləri öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçılara məxsus torpaq sahəsi daxilində yerləşdiyi göstərilmişdir. Cavabdeh iddiaçıları mülkiyyətlərində olan torpaq sahəsinə buraxmamaqla, həmçinin orada fərdi yaşayış evi inşa etməklə, mülkiyyətçi kimi iddiaçıların torpaq sahəsindən istifadə etmək və sahiblik hüquqlarının maneəsiz həyata keçirməsinə mane olur. Onun halhazırda da davam edən hərəkətləri mülkiyyətçinin iradəsi olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq iddiaçılar Niftiyeva (Seyfullayeva) İlahə Hüseynbala qızı və İddiaçı2, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticə tələbiyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayonu Tatyanoba kəndində yerləşən 0,33 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər onun öz hesabına sökülsün və torpaq sahəsi boşaldılsın. Cavabdeh torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq iddiaçılar Niftiyeva (Seyfullayeva) İlahə Hüseynbala qızı və İddiaçı2, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaraılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar