Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-745/2023 10.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Masallı rayon Mərkəzi Xəstəxanasına qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun X7 sanitarı vəzifəsinə bərpa edilməyi, məcburi iş buraxmaya görə əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında ödəncin hesablanaraq cavabdeh Masallı rayon Mərkəzi Xəstəxanasından alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 13 sentyabr 2000-ci il tarixda Masallı rayonu X8 xadimə vəzifasində işə qəbul edilmişdir. 2018-ci ildə səhhətində yaranmış problemlə əlaqədar Rusiya Federasiyasına müalicəyə getmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar olaraq məntəqənin müdiri Təyyar Adıgözəlova məlumat verərək ona bülleten açmasını xahiş etmişdir. Təyyar Adıgözəlov ona bülleten açmağa və müalicəyə getməyinə razılıq vermişdir. Beləliklə, o, 03 avqust 2018-ci ildə Rusiya Federasiyasına getmişdir. Boğazında zəhərli zob olduğundan müalicəsi nəzərdə tutduğu müddətdən uzun çəkmişdir. Bir müddətdan sonra isə koronavirus pandemiyası ilə bağlı yollar bağlanmışdır, yalnız 2022-ci ilin oktyabr ayında Azarbaycana gəlmişdir. Bu zaman ona məlum olmuşdur ki, 11 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməyi barədə Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov tərəfindən 11 mart 2019-cu il tarixli 2A2-K saylı əmr imzalanmışdır. Müraciət etdikdən sonra əmək kitabçası ona qaytarılmışdır. Bundan sonra aidiyyəti Mediasiya təşkilatına müraciət edərək “İlkin mediasiya sessiasından sonra prosesin davam etdirilə bilməməsi barədə" arayış əldə etmişdir. Odur ki, X7 sanitarı vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qənmamə çıxarılması zəruridir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, güclü baş ağrıları olmuşdur. Müalicəyə getmişdir və müalicə arasında bir həftəlik işə getmişdir. Həkim ondan pul almış və ona bildirmişdir ki, bülliten açacaqdır. Lakin bülleten açılmamışdır. Həmçinin, maaş kartı da həkim Təyyarda qalmışdır. Təyyar həkim onu arxayın etmişdir ki bülliten açmışdır. Lakin sonradan məlum olmuşdur ki, bülliten açılmamış və işdən çıxarılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı onun bacısıdır. Belə ki, Təyyarın əmisi qızını bacısının yerinə işə götürmüşlər, məsələ ilə bağlı Təyyarın yanına getmişdir və Təyyar onunla kobud danışmışdır. 2021-ci ilin noyabr ayında Təyyarın qəbulunda olmuşdur. Təyyar ona bildirmişdir ki, İddiaçı işdən çıxarmışlar və Təyyarın əmisi qızı olan Laləni işə götürmüşlər. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin qəbul etməyərək rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həkimin qeyd edilən məsələlərdən xəbəri olmamışdır, bundan başqa iddiaçı iddia müddətini ötürdüyü üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia verildiyndə iddia təmin olunmamalıdır. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov tərəfindən verilmiş 11 mart 2019-cu il tarixli, 242-K saylı əmrdən görünür ki, 11 mart 2019-cu il tarixdən Masallı rayon X5 tibb Sanitar qadın (sanitar) İddiaçı ilə bağlanmış 2004-16 nömrəli Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 15 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesab aparılması əmr edilmişdir. İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilmişdir. İddiaçı ərizəsi, Baş həkimin dərkənarı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə vəzifədən azad edilmiş və X11 verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X11 verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, İddiaçı işinə əmək məcəlləsinin 69-cu maddənin 3-cü bəndinə əsasən (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) Masallı rayon Mərkəzi Xəstəxanası tərəfindən 11 mart 2019-cu il tarixli, 242-K saylı əmrlə xitam verilmişdir. İş materiallarında olan AT-Vİİİ ******* nömrəli əmək kitabçasından görünür ki, 13 sentyabr 2000-ci il tarixli, 73-K nömrəli əmrlə İddiaçı ərizəsinə əsasən Əhmədli FMM-də 1 vahid xadimə vəzifəsinə qəbul edilmiş, 11 mart 2019-cu il tarixli, 242-K nömrəli əmrlə İddiaçı Əhmədli TM-nin sanıtarı Əmək məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına olan Lənkəran 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00128 saylı arayışdan görünür ki, birinci tərəf İddiaçı, ikinci tərəf Masallı rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X6r. İkinci tərəf Masallı rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X10 tərəfindən müdiasiya prosesinin davam etdirməyə razılıq verməyən tərəf olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1989-cu il tarixli işdən çıxan işçilərə əmək kitabçasının verilməsinə məxsus kitabından görünür ki, İddiaçı (xx.xx.2000-ci il tarixli 73 nömrəli əmrlə, xx.xx.2019-cu il tarixli 242-K nömrəli) xx.xx.2022-ci il tarixdə əmək kitabçası təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Elektron baza məlumatlarından çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasından xx.xx.2021-ci il tarixdə saat 12:13-də X2 DSBM vasitəsi ilə çıxmış, xx.xx.2022-ci il tarixdə saat 16:06-da X9 Aeroportunda DSBM vasitəsi ilə Azərbaycan Respublikasına giriş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Əhmədli FMM-də 1 vahid xadimə vəzifəsinə işə qəbul edilmiş, 11 mart 2019-cu il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. Buna əsas İddiaçı öz xahişi ilə işdən çıxarılması göstərilmişdir. İşdən görünür ki, cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X14 direktoru İlqar Ramiz oğlu iddia müddətinin keçməsilə bağlı iddianın rədd edilməsi barədə ərizə göndərərək iddiaçı iddia müddətini ötürdüyü üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən əmrlə işdən azad olunması barədə məlumatlı olmuş və əmri mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür, ona görə də, iddia tələbi iddia müddəti ötürüldüyü üçün rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 da izahatında bildirdi ki, 2021-ci ilin noyabr ayında Təyyarın qəbulunda olmuşdur, Təyyar ona bildirmişdir ki, İddiaçı işdən çıxarmışlar və Təyyarın əmisi qızı olan Laləni işə götürmüşlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 69-cu maddəsinin 3-cü bəndinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçinin öz ərizəsinin verilməsi ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 296-cı maddəsinin 1-ci hissəsinin tələbinə bu məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinin tələbinə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçı 1 aylıq müddətin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş üzürlü səbəblərdən buraxılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekbar 2001-ci il tarixli, qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi.Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır.Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsi əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri təsbit edir.Əmək qanunvericiliyi müəyyən etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.Əgər işçi ilə bağlanmış müddətli əmək müqaviləsinini müddəti qurtararsa, işəgötürən tərəfindən əmək müqaviləsinə ya Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə və yaxud Əmək Məcəlləsinin 73-cü maddəsi ilə xitam verilə bilər.Əmək Qanunvericiliyi eyni zamanda əmək müqaviləsinə iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilməsini qadağan edir. Əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas vardırsa, bu hələ işçi ilə əmək müqaviləsini ləğv etməyə hüquq vermir. Qanunvericilik müəyyən edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməli, habelə bu Məcəllənin 79-cu maddəsində nəzərdə tutulmuş hallara diqqət yetirilməlidir. Əks təqdirdə, işçi ilə əmək müqaviləsinin ləğv edilməsi əmək mübahisəsinə baxan məhkəmə tərəfindən qanunsuz hesab olunacaqdır. Tətbiq edilən maddi hüquq normalarının tələbləri və hüquqi müəyyənlik baxımından məhkəmə hesab edir ki, cavabdeh Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov tərəfindən verilmiş 11 mart 2019-cu il tarixli, 242-K saylı əmr qanuni və əsaslı olduğu üçün ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə iddianın “iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, 11 mart 2019-cu il tarixli mübahisələndirilən əmrin ləğv olunması hissəsi təmin olunmadığından, “iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” hissəsədə iddianın müzakirə olunması əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Masallı rayon Mərkəzi Xəstəxanasına qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-745/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-745/2023
10.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver