Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-876/2025 18.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı nənəsinin qanun üzrə vərəsəsi kimi tanınması və miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nənəsinin qanun üzrə vərəsəsi kimi tanınması və miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbi üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası X5 xx.xx.2021-ci iİ tarixində kəskin ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib və buna dair Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixində ölüm haqqında şəhadətnamə verilmişdir. X1 05 mart 2003-cü il tarixdə ölmüşdür. Onun adına torpağın mülkiyyətə verilməsinə dair JN- 599A nömrəli şəhadətnamə ilə Masallı rayonu Musaküçə kəndində yerləşən 0,06 ha torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı məhsullarının istehsalı məqsədi ilə 0,16 ha torpaq sahəsi miras qalmışdır. Nənəsi dünyasını dəyişdikdən sonra atası Alış Məmmədov həmin torpaq sahəsində yerləşən evdə yaşamış və əmlaka faktiki olaraq sahiblənərək idarə etmişdir. Lakin, atası miras əmlakın rəsmi qəbulu üçün müraciət etməmiş, yəni vərəsəlik şəhadətnaməsi almamışdır. Çünki o, ata-baba mülkünün tək vərsəsəsi oİduğu üçün həmin əmlakların onun olmasına arxayın olmuşdur. Atası öldükdən sonra o özü də nənəsindən qalmış torpaq sahəsində yerləşən evə gedərək orada yaşayaraq faktiki olaraq miras əmlakı qəbul etmişdir. O, eyni zamanda göstərmişdir ki, qardaşı və bacıları nənəsindən miras qalmış əmlakları qəbul etməyinə etiraz etmirlər. Miras əmlakın qəbulu ilə bağlı Notariat Kontoruna müraciət etsə də, faktiki qəbulla bağlı heç bir sənəd olmadığından və vərəsəliyin qəbulu ilə bağlı müddət ötdüyündən notariat kontoru tərəfindən imtina verilmişdir. Odur ki, miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, nənəsində miras qalmış əmlakları faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi və nənəsinin vərəsəsi kimi tanınmasını, buna iddia tələbində cavabdeh qismində qoyduğu şəxslərin də heç bir etirazının olmadığını bildirərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilsə də, onlar heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə proses iştrakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” əsası ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, X3 dünyasını dəyişdiyi zaman onun yeganə vərəsəsi iddiaçının atası X2 olmuş, onun birinci növbəli vərəsə kimi miras əmlakı qəbul etməyə hüququ yaranmışdır. Lakin, Alış Məmmədov anasından miras qalmış əmlakı rəsmi şəkildə qəbul etməmişdir. X8 da vəfat etmiş, onun övladı hazırda iddiaçı qismində iştirak edən Mətanət Məmmədova nənəsindən miras qalmış əmlakı qəbul etmək üçün məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 vəfat etdiyi zaman övladı Alış Məmmədov sağ olduğundan iddiaçının mərhumun nəvəsi kimi birbaşa miras əmlak üzrə birinci növbəli vərəsə kimi hüquqları yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi, X3 vəfat edərkən oğlu sağ olduğundan nəvəsinin vərəsə kimi birinci növbəli vərəsə kimi birbaşa miras əmlakdan pay almaq hüquqları yaranmamışdır. Belə olan halda iddiaçı yalnız atasının Gülbanı Məmmədovadan miras qalmış əmlakları faktiki olaraq qəbul etdiyini məhkəmə qaydasında müəyyən etdikdən sonra atasının vərəsəsi kimi həmin əmlaklara münasibətdə özünün qəbul etdiyini sübut etməlidir. Eyni zamanda, məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, vərəsələrin arasında miras qalmış əmlakla bağlı mübahisə yaranmamış, yəni iddia ərizəsində göstərilən cavabdehlərin miras qalmış əmlaklara pay hüquqlarının olması ilə bağlı tələbləri olmamışdır. Belə olan halda iddaçı qardaş-bacısını cavabdeh qoyaraq, onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə icraat qaydasını düzgün seçməmişdir. Həmçinin iddiaçının iddia ərizəsində göstərdiyi tələbi (miras əmlakın faktiki qəbul edilməsi tələbi) xüsusi icraat qaydasında müəyyən edilməli məsələ olmasına baxmayaraq, iddia icraatı çərçivəsində məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Həmin məcəllənin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi məsələsi məhz xüsusi icraat qaydasında baxılmalı işlərin siyahısında göstərilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Ali məhkəməsinin üç ulduz statuslu 22 noyabr 2023-cü il tarixli qərarında qeyd edilən məsələyə aydınlıq gətirilmişdir. Həmin qərarda göstərilmişdir ki, MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-nin 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPMin 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn müəyyən edilməsi (əldə olunması (məsələn ,miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, hazırda baxılan işin hallarına uyğun olaraq iddiaçının iddia icraatı çərçivəsində tələbi düzgün irəli sürmədiyi müəyyən edilmiş, eyni zamanda hüquq haqqında mübahisə olmadığı halda, xüsusi icraat çərçivəsində məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. Odur ki, ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçı X4 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı nənəsinin qanun üzrə vərəsəsi kimi tanınması və miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-876/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-876/2025
18.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver