Məhkəmə qərarları › İş №2(050)-9/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-9/2024

26.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-9/2024 26.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı2, iddiaçıların vəkili Vəkil1, iddiaçıların nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (üçüncü şəxs: Masallı rayon Göyəçöl bələdiyyəsi) həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-663A saylı şəhadətnamə ilə mülkiyyətlərində olan Masallı rayonu Göyəçöl kəndində yerləşən həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına hasar qoyulmaqla bağlanılmış gediş-gəliş yolunun onun hesabına açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli qərarı ilə hazırkı yaşadıqları evin yerləşdiyi həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə onlara JN 663A saylı şəhadətnamə verilmişdir. Uzun müddətdir ki, istifadə etdikləri və rəsmi sənədlərdə də yol kimi nəzərdə tutulmuş ərazidə cavabdeh darvaza qoymaqla həmin yeri özünün torpaq sahəsinin daxilinə salır ki, nəticədə də həyətlərinə gediş-gəliş yolu bağlanmış olur. Bununla bağlı cavabdehə dəfələrlə iradlarını bildirsələr də, nəticəsi olmamışdır. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ekspert rəyləri düzgün verilməmişdir. Faktiki olaraq onlar həmin yoldan istifadə etmişlər. Cavabdeh isə bələdiyyə mülkiyyətini zəbt edərək onların yolunu kəsmişdir. Onlar öz torpaq sahəsinə mülkiyyət hüqununu qeydiyyata aldırmış və bununla bağlı ona çıxarış verilmişdir. Çıxarış yol olmayan əraziyə verilə bilməzdi. Sonda İddiaçı2 iddianın təmin edilməsini xahiş etdi. İddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, ekspertizanın rəyi düzgün deyil. Onların hazırda yolu bağlandığından əziyyət çəkirlər. Hesab edir ki, hər bir halda yol olmalıdır. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. İddiaçıların vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, ekspert rəyində gediş-gəliş yolunun nəzərdə tutulmadığı, həmçinin rəyin digər bəndində qeyd edilmişdir ki, həmin əraziyə digər tərəfdən yolun olması göstərilmişdir. Ekspertin qeyd etdiyi digər yol piyada yoludur, həmin yoldan maşın keçmir. İddiaçının tələb etdiyi yol isə bələdiyyə mülkiyyətində olan həmin ərazidə olan kanalın yanında olan torpaq sahəsidir. Cavabdeh isə həmin bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etmiş və əvvəllər iddiaçılar tərəfində yol kimi istifadə edilən ərazinin giriş hissəsini bağlamışdır. Hazırda da iddiaçılar həmin yoldan istifadə edə bilmirlər. Bundan əvvəl iddiaçılar həmin yoldan istifadə etdiklərindən həmin yola qum və çınqıl tökmüşlər. Həmin qum və çınqıl tökülərkən cavabdeh torpaq sahəsinə tökülən çınqılın təmizlənməsi üçün onların barəsində əvvəllər məhkəməyə müraciət etmiş və məhkəmə iddianı qismən təmin edərək, yalnız cavabdehin torpaq sahəsinə tökülən 36 kv metr hissədən çınqılın çıxarılması qərara alınmış, lakin müdafiə etdiyi şəxsin yol kimi istifadə etdiyi əraziyə tökdüyü çınqılın təmizlənməsi hissəsində iddia tələbi təmin edilməmişdir. Yolun bağlanmasına səbəb tərəflər arasında olan münaqişə ilə bağlıdır. Öz aralarında olan söz-söhbətdən sonra bu məsələlər meydana çıxmışdır. Cavabdeh yalnız öz ərazisinə tökülmüş qum və çınqıl daşlarının təmizlənməsi, iddiaçının gediş-gəliş yolu kimi istifadə etdiyi kanalın mühafizə zonasına tökülmüş çınqılla bağlı iddia təmin edilmədiyini gördükdən sonra gediş-gəlişə mane olmaq üçün qəsdən həmin yolun girişinə, yəni özünə aid olmayan bələdiyyəyə məxsus torpaq sahəsinə darvaza qoymaqla gediş-gəliş yolunu bağlamışdır. Əraziyə mütəxəssislər tərəfindən baxılıb rəy verilərkən düzgün verilmir. Mütəxəssislər darvaza qoyulan torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğunu qeyd etsələr də, oradan yol olmasını qeyd etmirlər. Həmin torpaq sahəsi yol kimi nəzərdə tutulmasa da, bələdiyyə mülkiyyəti olduğundan ümumi istifadədə olmalıdır. Lakin, cavabdeh həmin torpaq sahəsini zəbt etməklə iddiaçının faktiki yol kimi istifadə etdiyi torpaq sahəsinin giriş hissəsini bağlamışdır. Sonda Vəkil1 iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, iş üzrə dəfələrlə ekspertiza keçirilmiş, mütəxəssislər mübahisəli əraziyə baxıb rəy vermişlər, ekspert də həmin mütəxəssis rəylərinə uyğun ekspert rəyləri vermişdir. Bütün verilən rəylərdə yolun olmadığı qeyd edilmişdir. Cavabdehin darvazanı qoyaraq zəbt etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Bələdiyyənin cavabdehlə həmin torpaq sahəsi ilə bağlı heç bir mübahisəsi yoxdur. İddiaçının başqa tərəfdən yolu vardır. Əvvəllər həmin yoldan iddiaçı istifadə etmişdir. Lakin, həmin yola qum və çınqıl tökülən vaxt cavabdehin torpaq sahəsinin də bir hissəsinə töküldüyündən iddiaçını məhkəməyə vermiş və məhkəmə qətnaməsi ilə həmin qum və çınqıl daşları müdafiə etdiyin şəxsin torpaq sahəsinə düşən 36 kv metr hissədən təmişlənmişdir. Ümumiyyətlə həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olsa da, orada yol nəzərdə tutulmamışdır. Cavabdeh də yol olmadığından əraziyə darvaza qoyaraq iddiaçının yol kimi istifadə etdiyi ərazini zəbt etmişdir. Buna müdafiə etdiyi şəxsin hüququ vardır. Çünki həmin ərazinin iddiaçıya aidiyyatı yoxdur. Bundan başqa iddianın predmeti düzgün qoyulmamışdır. İddiaçı bələdiyyəni məhkəməyə verməlidir ki, ona hardansa yol versinlər. Bu barədə bələdiyyə nəsə tələb edə bilər.Odur ki, hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsində mühəndis-invertarlaşdırıcı vəzifəsində işləyir. O, bildirmişdir ki, vətəndaşlara həyətyanı torpaq sahəsinə dair çıxarış verilməmişdən əvvəl həmin torpaq sahəsinə yolun olubolmadığı müəyyən edilir və daha sonra yol olduğu müəyyən edilərsə, çıxarış verilir, əks təqdirdə çıxarış verilmir. Baza məlumatlarında yolun olması müəyyən olunduqdan sonra çıxarış verilir. Bundan başqa, o, bələdiyyə mülkiyyətində olan mübahisəli torpaq sahəsi naturada yol kimi görünsə də, həmin torpaq sahəsinin bazada yol kimi nəzərdə tutulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsində mühəndis-invertarlaşdırıcı vəzifəsində işləyir. Vətəndaşlara həyətyanı torpaq sahəsinə dair çıxarış verilərkən torpaq sahəsinin yolu yoxdursa, çıxarış verilmir. Baza məlumatlarında yolun olması müəyyən olunduqdan sonra çıxarış verilir. Bundan başqa sözü gedən mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir, həmin ərazi naturada yol kimi görünsə də, həmin torpaq sahəsi yol kimi bazada müəyyən edilməmişdir. İddiaçı1 çıxarış verilərkən həmin əraziyə özü getmişdir. İddiaçının həyətyanı torpaq sahəsinə qonşuların həyətindən keçməklə kanalın üzərində olan piyada keçidindən keçmişdir. Həmin yol piyada yoludur, oradan nəqliyyat vasitəsinin keçməsi mümkün deyildir. Digər yerquruluşu planlarda iddiaçının torpaq sahəsinə gediş-gəliş üçün istifadə edilmiş naturada yol kimi görünən maşın yolu Resyestr Xidmətinin baza məlumatlarında bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi kimi göstərilmiş, həmin ərazinin baza məlumatlarına əsasən yol kimi müəyyən edilməmişdir. Mübahisəli əraziyə baxış keçirərkən faktiki olaraq iddiaçının həyətinə naturada mövcud olan maşın yolunun olmasını görmüş, lakin cavabdeh tərəfindən həmin yolun giriş hissəsinə darvaza qoyulması səbəbindən həmin yol bağlanmışdır. Həmin mübahisəli gediş-gəliş yolundan yol kimi istifadə olunması istisna edilmir, yəni oradan gediş-gəliş üçün istifadə etmək olar. Bundan başqa torpaq sahəsində olarkən akt tərtib etmiş və təqdim etmişdir. Çıxarışı isə onların tabe olduğu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Göyəçöl bələdiyyəsinin sədri vəzifəsində işləyir. Sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla su kanalının mühafizə zonasına daxil olan ərazidir. Cavabdeh həmin əraziyə darvaza qoymaqla kanalın mühafizə zolağına daxil olan torpaq sahəsini öz torpaq sahəsinə birləşdirərək zəbt etmək istəyir. Lakin, cavabdeh həmin torpaq sahəsini zəbt etməsi ilə bağlı rəsmiləşdirmə aparmamışdır. Çünki Bələdiyyə torpağını öz torpağına birləşdirərək istifadə etməsi (zəbt etməsi) rəsmi olmalı, yəni həmin torpaq sahəsinə çıxarış alınması üçün zəbt etdiyi torpaq sahəsini bələdiyyədən ona satılması üçün müraciət edilməlidir. Hazırkı vəziyyətdə iş üzrə cavabdeh çıxarış almamışdır və onun həmin torpağın nə qədər hissəsini zəbt etməsi də onlara məlum deyil. Bundan başqa həmin ərazidə kanal vardır. Qanunvericiliyin tələbinə əsasən kanalın 4 metr sahəsi mühafizə zolağı sayılır və həmin ərazinin zəbt edilərək özgəninkiləşdirilməsi mümkün deyildir. Əgər iddiaçı kanalın mühafizə zolağı kimi istifadə edilən ərazidən gediş-gəliş yolu kimi istifadə edərsə, bələdiyyə tərəfindən ona qarşı hər hansı tələb irəli sürülməyəcəkdir. Kanalın mühafizə zonası ümumi istifdadədə olan torpaq sahəsi olduğundan gediş-gəliş üçün istifadəyə yaralı olur. Əldə etdiyi məlumata görə mübahisəli gediş-gəliş yolu bazada yol kimi görünməsə də, naturada yol kimi mövcuddur. Məhkəmə iclasında şahid qismində əlavə dindirilmiş X19 ifadəsində göstərdi ki, xəritədə görünən torpaq sahəsinin giriş hissəsində darvaza qoyulmuşdur. Darvazanın sağ hissəsində olan ərazi, yəni kanalın yan hissəsi bələdiyyə mülkiyyətidir. Həmin hissədən yol kimi istifadə edilib-edilməməsinə fikir bildirmək onun səlahiyyətində deyil, bələdiyyənin səlahiyyətindədir. Xəritədən aydın olur ki, cavabdeh bələdiyyə mülkiyyətini zəbt etmişdir. Lakin, bu barədə çıxarış almamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, iddiaçıların vəkilinin, iddiaçıların nümayəndəsinin cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-663A, Kod 80500028 saylı şəhadətnamədən göürünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarına əsasən X9, İddiaçı2 və X5 mülkiyyətinə Masallı rayonu, Göyəçöl kəndində 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-662A, Kod 80500028 saylı şəhadətnamədən göürünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarına əsasən Cavabdeh, X10, X6, X1 və X2 mülkiyyətinə Masallı rayonu, Gəyəçöl kəndində 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan məsələnin aydınlaşdırılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3013/2022 saylı qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert qarşısında gediş-gəliş yolunun girişinə qoyulmuş darvazanın Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsi, darvazanın yerləşdiyi torpaq sahəsi rəsmi sənədlərdə yol kimi nəzərdə tutulubtutulmaması, darvazanın torpağın mülkiyyətə verilməsinə dair JN-663A KOD 80500028 saylı şəhadətnaməyə əsasən İddiaçı1, İddiaçı2 və X5 mülkiyyətində olan Masallı rayonu, Göyəçöl kəndində yerləşən 0,06 ha torpaq sahəsinə gedən yolun üzərində qoyulubqoyulmamasının və davazanın mübahisəli yerdə mövcudluğunun iddiaçılara hər hansı bir maneçiliyinin olub-olmamasının aydınlaşdırılması kimi məsələlər qoyulmuş; aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq tərtib edilmiş 06 iyun 2023-cü il tarixli, 10/3473 saylı ekspert rəyində göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 8 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1080/2023 nömrəli mütəxəssis rəyinə əsasən mübahisəli darvazanın torpaqların elektron kadastr uçotu informasiya sistemində Cavabdeh mülkiyyətinə aid olan torpaq sahəsinin cizgiləri daxilində olmadığı, mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsinin TEKUİS xəritəsində yol kimi nəzərdə tutulmadığı, mübahisəli darvazanın İddiaçı1, İddiaçı2 və X5 fərdi yaşayış evi kimi istifadə etdiyi torpaq sahəsinə gedən yolun üzərində qurulmadığı müəyyən edilmişdir. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli, 10/3288 saylı ekspert rəyində göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3495/2023 №-li mütəxəssis rəyinə əsasən, Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı JN-663A KOD 80500028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və JN-662A KOD 80500028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Cavabdeh mülkiyyətlərində olan həyətyanı torpaq sahələrinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Gediş-gəliş yolu kimi istifadə olunan və iddia olunan ərazidə kompleks yerquruluşu layihəsində yol olması müəyyən edilməmişdir. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin cənub sərhədində kanalın (su arxının) olması müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Masallı rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Masallı rayonu, Göyəçöl kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-663 KOD 80500028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçılar İddiaçı1, İddiaçı2 mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan ərazidən deyil, digər yerdən (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) olması müəyyən edilmişdir. JN-662A KOD 80500028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Cavabdeh mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun isə mübahisə predmeti olan ərazidə, kəndin ümumi istifadədə olan yola bitişik yerdən (kanalın üstünə keçid atılmaqla) olması müəyyən olunmuşdur. Mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsinin mövcud baza məlumatlarında yol kimi nəzərdə tutulmaması müəyyən edilmişdir. Mübahisəli darvazanın qoyulduğu torpaq sahəsinin araşdırma zamanı kanal kənarı torpaq sahəsi olması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh və ailə üzvlərinin JN- 662A, KOD 80500028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətlərində 0,06 ha torpaq sahəsinin olması, faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün isə 0,13 ha olması müəyyən edilmişdir. İddiaçı1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsini xx.xx.2007-ci il tarixdə DTXK Masallı rayon şöbəsinin, Torpağa mülkiyyət hüququna dair JN-663 saylı dövlət aktı əsasında almışdır. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Masallı rayonu, Gəyəçöl kəndində yerləşən yaşayış məntəqələrinin təyinatlı 0.06 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi İddiaçı1, X5 və İddiaçı2 ümumi birgə paylı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC-nin ünvan mühəndisi X11, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad ərazi İdarəsinin Masallı rayon şöbəsinin mühəndis-invertarlaşdırıcısı X17, Masallı rayon Gəyəçöl Bələdiyyəsinin sədri Şahid, Masallı rayon Gəyəçöl kənd sakini İddiaçı2 və Masallı rayon Gəyəçöl kənd sakini Nümayəndə tərəfindən tərtib edilmiş 22 fevral 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin idarə heyətinin sədrinin Cəlilabad rayonunda keçirilən vətəndaş qəbulunda vətəndaş İddiaçı2 şikayətçi qismində olmuşdur. Həmin şikayətə əsasən vətəndaşın istifadə etdiyi yer və ona və ailə üzvlərinə məxsus torpaq sahəsi müasir GPRS aləti vasitəsi ilə plana alınmışdır. Akt həmin şəxslər tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad ərazi İdarəsinin 06 avqust 2024-cü il tarixli müayinə aktından görünür ki, İddiaçı1 Masallı rayonu Göyəçöl kəndində yerləşən torpaq sahəsində baxış zamanı, torpaq sahəsindən kommunikasiya xətlərinin keçməməsi, torpaq sahəsinin sərhədlərinin şərti olması, həyətyanı torpaq sahəsi olması, torpaq sahəsinin yola çıxışının olmaması, gediş-gəliş qonşunun həyətindən mümkün olması, torpaq sahəsi üstündə mübahisənin olmaması, yaşayış məntəqələri torpaqlarına aid olması göstərilmişdir. Masallı rayon Gəyəçöl bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli, 63 saylı məktubundan görünür ki, Gəyəçöl bələdiyyəsinin müvafiq bazaya girişi və bələdiyyə xəritələri olmadığı üçün qarşıya qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.050.2022-ci il tarixli 2(102)-3198/2022 saylı qərarından görünür ki, iddiaçı X7 cavabdeh Nümayəndə qarşı “torpaq sahəsinin təmizlənməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi və qanunsuz müdaxilənin qarşısının alınması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollyegiyasının 2(106)-462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Nümayəndə kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-343/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X10 və ailə üzvlərinin mülkiyyətində olan 0.006 ha həyətyanı torpaq sahəsinin cənub hissəsində 36.6 kv.m sahəyə tökülmüş çınqıl daşlarının cavabdeh Nümayəndə tərəfindən təmizlənməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, mülkiyyət hüququna qanunsuz müdaxilənin qadağan edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Masallı rayonu, Göyəçöl kəndində iddiaçılara məxsus 0.06 hektar həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıların adına dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. İddiaçı təxminən 2017-ci il tarixdən etibarən özünə məxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi bələdiyyənin mülkiyyətində olan kanalın mühafizə zonasından istifadə etmiş, həmin gediş-gəliş yolunun girişinə cavabdeh tərəfindən darvaza qoyulduqdan sonra gediş-gəliş yolu bağlanmışdır. Cavabdehin darvazanı qoyduğu torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan, yəni cavabdehə məxsus torpaq sahəsininin hüdudlarından kənarda yerləşir. Gediş-gəliş yolu kimi mübahisə edilən torpaq sahəsi soldan cavabdehlə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə bitişik olmaqla, sağ tərəfdən bələdiyyənin mülkiyyətində olan su kanalı ilə həmsərhəddir. Cavabdeh kanalın mühafizə zonasını əhatə edən iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi yolun girişinə darvaza qoymaqla, həmin ərazinin baza məlumatlarına əsasən yol kimi nəzərdə tutulmadığını bildirməklə, həmin ərazini öz torpağına qatmaqla zəbt etdiyini bildirir. İddiaçı isə mülkiyyətində olan torpaq sahəsinə yeganə gediş-gəliş yolunun həmin ərazidən keçdiyini, həmin ərazinin kanalın mühafizə zonası olmaqla bələdiyənin mülkiyyətində olduğunu, bu səbəbdən də həmin ərazidən yol kimi istifadə edilməsinin mümkün olduğunu qeyd edir. Məhkəmə qeyd edilən mübahisə ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Məhkəmə iş üzrə toplanmış sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq etməklə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi Masallı Rayon Göyəçöl Bələdiyyəsinə aid ümumi istifadədə olan ərazidə yerləşir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qoyulmuş darvaza baza məlumatları üzrə verilmiş mütəxəssis və ekpsert rəylərinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində yerləşmədiyi, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun başqa ərazidən keçdiyi göstərilsə də, işin faktiki halları ilə tam müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi alternativ hər hansı imkanı olmamış, o, yalnız qeyd edilən mübahisəli ərazidən istifadə etməklə həmin hüququnu təmin edə bilər. Cavabdehin hər hansı hüquqi əsas olmadan bələdiyyə məxsus torpaq sahəsinə darvazanı qoymaqla gediş-gəlişə mane olması iddiaçının öz mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qeyd edilən özbaşınalığına son qoyulmalı, gediş-gəliş yolunun girişinə qoyulmuş maneə aradan qaldırılmalıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, qanun mülkiyyətçinin özünə məxsus əmlakdan sərbəst istifadəsini iki şərt daxilində məhdudlaşdırır: bunlardan biri əmlakdan istifadənin qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozması, digəri isə hüquqdan sui - istifadə etməsidir. Cavabdehin başqa şəxsin istifadəsinə maneə yaratdığı torpaq sahəsi ümumiyyətlə onun mülkiyyətində deyildir. Hazırkı işin halları ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus torpaq sahəsi birbaşa iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşməsə də, əmlak sahibi kimi iddiaçının yol kimi istifadə etdiyi ərazinin onun həyəti ilə həmsərhəd olmasından istifadə edərək yolun girişinə darvaza qoymaqla yaranmış vəziyyətdən sui istifadə edərək iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Yəni, iddiaçının özünə məxsus əmlakdan istifadə etmək hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneçilik törədilir. Cavabdeh özü də bunu qəbul etməklə buna haqqı çatdığını iddia edir. Ona görə də mülkiyyətçinin (iddiaçının) mülkiyyət hüquqlarının həyata keçirməsinə cavabdeh tərəfindən maneə törədildiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının yol kimi istifadə etmək istədiyi ərazi xüsusi mülkiyyətdə deyildir, ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Həmin ərazidən yol kimi istifadə ilə bağlı qaydaların, eləcə də məhdudiyyətlərin müəyyən edilməsi yalnız müvafiq orqanların səlahiyyətinə aiddir. Cavabdehin ümumi istifadədə olan torpaq sahəsindən istifadəyə mane olması üçün heç bir qanuni əsası yoxdur. Cavabdehin yol verdiyi bu qanunsuz hərəkətlər iddiaçının öz mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnu pozur. Məhkəmə iş üzrə alınmış izahatlara və sübutlara qiymət verərək göstərir ki, qeyd edilən məhkəmə mübahisəsi başlamamışdan əvvəl hazırki iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh ilə birlikdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-662A, Kod 80500028 saylı şəhadətnamə əsasında birgə mülkiyyətçi olan X4 gedən mübahisəli ərazi ilə bağlı “gediş-gəliş yolunun əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsinin çınqıl daşlarından təmizlənməsi” tələbi ilə 2021-ci ildə cavabdeh Nümayəndə qarşı (hazırki iş üzrə iddiaçının atası) məhkəməyə müraciət etmişdir. Hazırda qeyd edilən iddia tələbi ilə bağlı məhkəmə qətnamələri öyrənilərkən müəyyən edilmişdir ki, Nümayəndə təxminən 2017-ci il tarixdən etibarən mübahisəli ərazidən gediş-gəliş yolu kimi istifadə etməyə başlamış, daha sonra isə istifadə etdiyi əraziyə çınqıl daşlarını tökməklə torpaq bərkitmə işlərini görmüşdür. Şöhrət Şükürova həmin iş üzrə məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Nümayəndə bələdiyyə mülkiyyətini zəbt edərək orada ev tikmiş, zəbt etdiyi bələdiyyə torpağına getmək üçün onalara məxsus torpaq sahəsindən özünə maşın yolu düzəldərək həyətlərinə çınqıl daşı tökmüşdür. O, həmçinin göstərmişdir ki, Qardaşbalanın tikdiyi evə atalarının evindən yol vardır, cavabdeh oradan istifadə etməyərək özünə məxsus torpaq sahəsindən qanunsuz yolla yol düzəltmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Nümayəndə gediş-gəliş yolu kimi istfafə etdiyi mübahisəli ərazi Şöhrət Şükürovaya məxsus JN-662A, Kod 80500028 saylı şəhadətnamə əsasında olan torpaq sahəsinin hüdudları daxilində deyil, bələdiyyə məxsus su kanalının mühafizə zolağının tərkib hissəsində olmuşdur. Buna görə də iddia qismən təmin edilərək Qardaşbalanın bütün çınqıl daşlarını deyil, yol kimi istifadə edilən ərazi ilə həmsərhəd olan iddiaçıya məxsus torpaq sahəsinin 36,6 kv metr hissəsinə tökülmüş çınqıl daşlarının təmizlənməsi qərara alınmış və birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi Ali Məhkəmə tərəfindən dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bütün bunlardan aydın olmuşdur ki, iddiaçı Şöhrət Şükürovanın cavabdehin gediş-gəliş yolu kimi istifadə etdiyi əraziyə dair subyektiv hüququnun olmadığı, həmin ərazinin ona şəhatənamə ilə verilən torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi, həmin ərazinin bələdiyyənin balansında olan kanalın mühafizə zolağında yerləşməsi öz təsdiqini tapmışdır. Eyni zamanda o, həmin vaxt izahatında etiraf etmişdir ki, Nümayəndə əvvəllər atalarına məxsus həyətdən öz torpağına getmişdir. Buradan da görünür ki, iddiaçı X14 Şükürovun torpaq sahəsinə getmək üçün alternativ yolunun olmadığını etiraf etmiş, onun atasının həyətindən keçməklə torpaq sahəsinə getdiyini bildirmişdir. İddiaçı tərəf çınqıl daşlarının tam şəkildə təmizlənməsinə nail ola bilmədiklərindən 2022-ci ilin ortalarında həmin gediş-gəliş yolunun girişinə darvaza qoymaqla cavabdehin həmin ərazindən keçidinə mane olmuşdur. Həmin məhkəmə mübahisəsindən sonra hazırki məhkəmə mübahisəsinə qədər vəziyyət bir az da hazırki iş üzrə İddiaçı2 (Qardaşbalanın oğlu) xeyrinə dəymiş, yəni o, cavabdehin birinci məhkəmə mübahisəsi zamanı onun bələdiyyə torpaq sahəsini zəbt edərək orada qanunsuz ev tikdiyini bildirsə də, İddiaçı2 həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışını da əldə edib məhkəməyə təqdim etmişdir. 04 iyul 2024-cü il tarixli, 10/3288 saylı ekspert rəyində göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3495/2023 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli darvazanın qoyulduğu torpaq sahəsinin araşdırma zamanı kanal kənarı torpaq sahəsidir. Eyni zamanda, Cavabdeh və ailə üzvlərinin JN- 662A, KOD 80500028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətlərində 0,06 ha torpaq sahəsinin olması, faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün isə 0,13 ha olması müəyyən edilmişdir. Buradan da görünür ki, cavabdeh dövlət aktı ilə mülkiyyətində olan torpaq sahəsindən əlavə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini də öz sahəsinə qatmaqla ərazisini genişləndirmişdir. Cavabdeh tərəfin əsaslandıqları yeganə əsas mütəxəsssis və ekspert rəylərinə əsasən mübahisəli gediş-gəliş yolunun baza məlumatlarına əsasən yol kimi nəzərdə tutulmaması olmuşdur. Məhkəmə iş üzrə alınmış mütəxəssis və ekspert rəylərində həmin mübahisəli ərazinin baza məlumatları əsasında yol kimi nəzədə tutulmaması ilə bağlı gəlinmiş nəticə ilə razılaşır. Lakin, bununla bağlı qeyd edir ki, baxmayaraq ki, mütəxəssis və ekspert rəylərində baza məlumatlarına əsasən həmin mübahisəli ərazi yol kimi nəzərdə tutulmamışdır, həmin ərazinin yol kimi istifadə edilməsinə maneçilik törədən hər hansı maneə mövcud deyildir. İddiaçılara verilmiş reyestr çıxarışının arxa tərəfində torpaq sahəsinin planı təsvir edilmiş, həmin təsvirin alt hissəsində xəritədə bax sözləri yazılmış, alt hissəsində isə ştrixt kod həkk edilmişdir. Həmin ştrixt koda məhkəmə iclası zamanı telefon vasitəsi ilə scan edilib baxıldığı zaman “Google Map” xəritəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin gedişgəliş yolunun hazırda iddiaçının mübahisələndirdiyi yolla eyni olduğu müəyyən edilmişdir. Göründüyü kimi, daşınmaz əmlakın 8 saylı Reyestr xidmətinin mütəxəssisləri mübahisəli ərazinin baza məlumatlarına əsasən yol kimi nəzərdə tutulmadığını göstərsələr də, torpaq sahəsinin yerləşmə vəziyyəti və torpaq sahəsinin yolu ilə bağlı məlumatların əks edildiyi çıxarışın üzərindəki ştrixt kodda əsk etdirilmiş məlumatlarla vətəndaşa məxsus torpaq sahəsinin yolunun məhz mübahisəli gediş-gəliş yolu ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göyəçöl Bələdiyyəsinin kompleks yerquruluşu layihəsindən edilmiş çıxarışdan da görünür ki, cavabdeh və bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə həmsərhəd olmaqla, kanalkənarı ilə iddiaçıya məxsus olan torpaq sahəsinə qədər yol formasında (naturada mövcud olan) ərazinin olduğu görünür. Məhkəmə eyni zamanda qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı hazırda torpaq sahəsinə gediş-gəliş üçün qardaşlarının evlərinin həyətlərindən keçməklə kanalın üzərində olan dar keçiddən istifadə edir. Həmin keçidlə bağlı aparılmış araşdırma zamanı iddaçının nəqliyyat vasitəsi ilə həmin keçiddən istifadə etməsinin qeyri-mümkün olduğu, yalnız piyada hərəkət etmək mümkün olduğu müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya məxsus torpaq sahəsinin plan-ölçüsünü aparmış mütəxəssis Nihat Səfərlinin izahatı alınmış, o da həmin keçiddən piyada hərəkət etmək mümkün olduğunu, maşın yolu kimi istifadə edilməsinin mümkün olmadığını təsdiq etmişdir. Eyni zamanda, bələdiyyə sədrinin izahatı alınarkən o da mübahisəli gediş-gəliş yolunun və darvazanın qoyulduğu ərazinin bələdiyyənin mülkiyyətində olduğunu, həmin ərazinin kanalın mühafizə zonasına aid olmaqla, vətəndaşların ordan istifadə etmələrinə hər hansı məhdudiyyətin olmadığını bildirmişdir. Bütün qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, bələdiyyənin mülkiyyətində olan və hamının istifadə etməsi mümkün olan torpaq sahəsi vətəndaşlardan biri tərəfindən yaradılmış maneə nəticəsində digər şəxsin hüquqlarını pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinə qoyulmuş darvazanın götürülməsi üçün subyektiv hüququ yaranmışdır. Cavabdeh qeyd edilən gediş-gəliş yolunun özünə məxsus torpaq sahəsinin həmsərhədində yerləməsindən (bitişik olmasından), əvvəlcə onun torpaq sahəsinin, ondan sonra isə iddiaçıya məxsus torpaq sahəsinin yerləşməsindən sui-istifadə edərək (torpaq sahələrinin yerləşmə vəziyyətindən istifadə edərək) heç bir səbəb göstərmədən yolun giriş hissəsinə bələdiyyə məxsus əraziyə darvaza qoymaqla qəsdən iddiaçıya torpaq sahəsindən istifadə etməyə maneə yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, iddiaçı tərəfindən mütəxəssis rəylərinin verilməsinə görə ödənilmiş 265 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspert rəylərinin verilməsi üçün ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Masallı rayonu, Göyəçöl kəndində yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin kanalkənarı gediş-gəliş yolunun üzərində quraşdırılmış darvaza cavabdeh X3 hesabına götürülməklə yaradılmış maneələr aradan qaldırılsın. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat və mütəxəssis rəylərinin verilməsinə görə ödənilmiş 265 (iki yüz altmış beş) manat pul Cavabdeh tutularaq iddiaçılara ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar