Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-975/2023 11.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları və şəxsi əşyaları ilə birlikdə Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən və ona məxsus torpaq sahəsindən və üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsindən və evdən maneəsiz istifadə etmək hüququnun təmin olunması, maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 onun qardaşı, Cavabdeh isə qardaşının keçmiş həyat yoldaşıdır. X1 ilə Cavabdeh 01 sentyabr 2014-cü il tarixdə faktiki nikaha daxil olub ailə qurmuşlar. 15 oktyabr 2014-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan kənd ərazi nümayəndəliyində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 yanvar 2017-ci il təvəllüdlü X8 və 05 mart 2020-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Əvvəllər mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və bunun nəticəsində ayrılmışlar. Sonradan cavabdeh nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 01.012.2022-ci il tarixli, 2(050)-3285/2022 saylı qətnaməsi ilə qardaşı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş və iki uşağın saxlanılması üçün ümumilikdə 250 manat aliment tutulması qət edilmişdir. Hazırda azyaşlı uşaqlar cavabdehin himayəsindədir. Cavabdeh qardaşı Elvinlə ailə həyatı qurduğu zaman onun valideyinlərinə məxsus evə gəlin köşmüş, gəlin köçərkən cehizlərini də həmin evə aparmışdır. Həmçinin onların birgə nikahları dövründə anadan olmuş iki azyaşlı uşaqları da valideyinlərinin evində yaşadıqları zaman doğulmuşdur. Lakin, sonradan ailə daxili narazılıqları olmuşdur. Belə ki, cavabdeh onun valideyinləri ilə yola getməmişdir. Masallı rayonu, Ərkivan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona 0.4 ha torpaq sahəsi verilmiş, o da həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmişdir. O, qardaşını və iki uşağı düşünərək ailələri dağılmasın deyə onların ona məxsus fərdi yaşayış evinə müvəqqəti yaşamaq üçün köçmələrinə razılıq vermişdir. Qardaşı və ailəsinə yeni ev inşa edilənədək qalmaları üçün həmin evi vermişdir. Lakin, bütün bunlara baxmayaraq cavabdeh qardaşı Elvinlə yola getməmiş və ayrılmışlar. Cavabdeh bir neçə il ona məxsus evdə azyaşlı uşaqları ilə birlikdə yaşamaqla əşayalarını da həmin evə yerləşdirmişlər. Cavabdeh qardaşından ayrıldığı üçün və aralarında olan nikahları pozulduğu üçün hazırda o, qardaşı və ailəsinin onun evində yaşamalarını istəmir. Cavabdehdən ona məxsus olan torpaq sahəsindən və üzərində inşa etdirdiyi fərdi yaşayış evindən azyaşlı uşaqları və şəxsi əşyaları ilə birlikdə çıxmalarını tələb etsə də, cavabdeh ona məxsus olan əmlakı tərk etmək, boşaldıb ona qaytarmaq niyyətində deyildir. Cavabdeh onun əmlakını boşatmaqla bağlı tələbini yerinə yetirməyərək həmin əmlakda yaşamağa və əmlakını qanunsuz olaraq istifadə etməyə davam edir. Bütün bunlardan görünür ki, cavabdeh onun mülki hüquqlarını kobud şəkildə pozmuşdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, Cavabdeh məhkəmə hazırlıq iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, X4 ilə el adəti qaydasında toy etməklə evlənmiş və 15 oktyabr 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 yanvar 2017-ci il təvəllüdlü X8 və 05 mart 2020-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. O, iddiaçının qardaşı ilə evləndikdən sonra qayınatasının evinə gəlin köçmüş və cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan ailə daxili narazılıqlar, yəni qayınanası ilə yola getmədiyindən qayınatası onlara ev tikdirdiyini, həmin evə köçüb orada yaşamaqlarını bildirmişdir. Daha sonra, yəni 2019-cu ildə sözü gedən evə köçərək əri və uşaqları ilə birlikdə orada yaşamağa başlamışdır. Sonradan əri Elvin Cəbrayılov narkotik vasitələrdən istifadə etdiyi üçün ailədə yaranmış söz-söhbətə görə ayrılmalı omuşlar. Hazırda həmin evdə uşaqları ilə birlikdə yaşayır. Uşaqlarına valideyinlərinin köməkliyi ilə baxır. Uşaqlarının azyaşlı olduğunu və başqa yaşayış yeri olmadığını nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: Ərkivan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarından görünür ki, İddiaçı Masallı rayonu Ərkivan qəsəbəsində 400 kvm fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Ərkivan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə Masallı rayonu Ərkivan qəsəbəsində 400 kvm fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(050)-3285/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh oğlu ilə X5 arasında Masallı RİHB-nın Ərkivan qəsəbə ərazi nümayəndəliyində bağlanmış 15 oktyabr 2014-cü il tarixli, 63 saylı nikahın pozulması və tərəflərin birgə nikahdan 23 yanvar 2017-ci ildə doğulmuş X9 və 05 mart 2020-ci ildə doğulmuş X6 adlı uşaqların anaları X2 yanında qalmaqla, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 13 oktyabr 2022-ci il tarixdən başlayaraq X3 hər ay, hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Masallı rayon icra hakimiyyəti başçısının X13 ərazi Dairəsi üzrə Nümayəndəsinin 28 mart 2023-cü il tarixli, 588 saylı arayışdan görünür ki, İddiaçı Masallı rayonu, Ərkivan qəsəbəsi, Ramazanlı küçəsinin yuxarı hissəsində 0.04 torpaq sahəsində 120 kvm sahəsi olan fərdi yaşayış evi vardır. Həmin ev İddiaçı məxsusdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.1, 152.5). Həmin Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçıya məxsus olmaqla, cavabdeh və ailə üzvlərini müvəqqəti yaşamaq üçün həmin evə köçürmüşdür. İddiaçı hazırda cavabdehin və ailə üzvlərinin ona məxsus evdə yaşamalarını gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndir və onların həmin evdən çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının iradəsinə zidd olaraq cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evində yaşamaqda davam etmələri iddiaçının mənzil üzərində mülkiyyət (istifadə və sahiblik) hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Ona görə də cavabdeh ailə üzvləri ilə birlikdə mübahisə predmeti olan iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Eyni zamanda iddianın “torpaq sahəsindən və evdən maneəsiz istifadə etmək hüququnun təmin olunması, maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatı ilə, onlara mübahisəli torpaq sahəsindən və onun üzərində yerləşən yaşayış evindən istifadəyə cavabdeh tərəfindən maneələrin yaradılmış olduğu müəyyən edilir. Bu səbəbdən iddia qeyd edilən hissədə əsaslı hesab edilməlidir. Belə ki, mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin iddiaçıya məxsus olması və həmin sahənin hazırda Cavabdeh qanunsuz sahibliyində olması öz təsdiqini tapdığından iddiaçının torpaq sahəsindən və evdən maneəsiz istifadə etmək hüququ təmin olunmaqla, onun istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh, azyaşlı uşaqları X8, X6 və şəxsi əşyaları ilə birlikdə İddiaçı məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.4 ha (400 kv.m) torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılsınlar. Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.4 ha (400 kv.m) torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən İddiaçı maneəsiz istifadə etmək hüququ təmin edilsin və onun istiadəsinə yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-975/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-975/2023
11.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver