Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1003/2024 01.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil, Cavabdeh: “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 18-1- 61/3-1-84/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa ediməsi, məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının hesablanıb ödənilməsi və ödənilmiş barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Mingəçevir şəhər mama-ginekologiya internatura keçmək üçün işləmişdir. xx.xx.1994-cü ildən xx.xx.2010-cu ilə qədər doğum evində qadın məsləhətxanasında mama-ginekoloq kimi çalışmışdır. xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə qədər "xxxx" MMC-də şua diaqnostika həkimi kimi işləmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək həmin klinikada ultrasəs diaqnostika həkimi işləmişdir. xx.xx.2019-cu ildən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ginekologiya şöbəsində mama ginekoloq kimi işləməyə başlamışdır. Onunla müqavilə xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Bundan sonra o, müddətsiz olaraq çalışmağa başlamışdır. Lakin xx.xx.2024-cü il tarixdə xəstəxananın müdiri ona əmək haqqı 1000-1200 manat olan doğum şöbəsindən mama ginekoloq vəzifəsindən 700 manat əmək haqqı olan qadın məsləhətxanasına keçməsini təklif etmişdir. O, təkbaşına iki evlad böyütdüyünü bildirərək bu təklifdən imtina etmişdir. Ona uzi aparatına keçməyi təklif etmiş, lakin o, imtina edəndə ona bildirmişdir ki, onu işdən çıxaracaq. Sonralar ona 18-1-61/3-1-84/2024 saylı xx.xx.2024-cü il tarixli əmrlə onunla 2019-cu ildə bağladığı 2074 saylı əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə ) xitam verilmişdir. Ona verilən müqaviləyə əsasən onunla bağlanmış müddətli müqavilə xx.xx.2010-cu ildə bitmişdir. Əmək müqaviləsinin 9..,9.2,9.3,9.4,9.5 maddələrinə əsasən əmək müqaviləsinə xitam verilməsi işə götürənin ən azı 1 təqvim ay əvvəlcədən xəbər verməklə baş verir. Lakin onun əmək müqaviləsi xx.xx.2021-ci ilin bitməsinə baxmayaraq o, öz işini davam etdirmişdir. Cavabdeh tərəfindən heç bir xəbərdarlıq olmamışdır. Ona əmək kitabçasını xx.xx.2024-cü il tarixdə vermişlər. Odur iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili Vəkil məhkəmə iclası zamanı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9 nümayəndəsi X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, işçi ilə müqavilə 2019-cu il tarixdə müddətli olaraq imzalanmışdır. Xəstəxana olaraq onların təklifi odur ki, ginekologiya şöbəsində həkimə böyük ehtiyac vardır ki, iddiaçını həmin şöbəyə yenidən işə bərpa etməklə mübahisə bitmiş olardı. Bu təklif hazırda cavabdeh olaraq xəstəxananın iddiaçıya etdiyi təklifdir. Razılıq əldə olunarsa iddiaçını həmin şöbəyə işə bərpa etməyə hazırdırlar. Digər tərəfdən əmək müqaviləsinin artıq müddətsiz olduğunu, yəni 5 ilin tamam olduğunu nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş 15.1.2019-cu il tarixli 2074 saylı əmək müqaviləsindən görünür ki, Mingəçevir şəhər X5 Hüquqi Şəxsin direktoru və işçi İddiaçı arasında əmək müqaviləsi bağlanmış və İsmayılova X2 şəhər X6 X4 doğum şöbəsinə həkim-mama ginekoloq vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanma müddəti xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək müddətli olaraq bağlanmış, Tərəflər əmək müqaviləsini imzalamış və direktor tərəfindən möhürlənmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə 16 yanvar 2024-cü il tarixli 18-1- 61/3-11/2024 saylı məlumatdan görünür ki, Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı işinə xitam verilmişdir. İşdə olan Mingəçevir şəhər X5 Hüquqi Şəxsin İddiaçı işdən azad edilməsi barədə 15 yanvar 2024-cü il tarixli 18-1-61/3-1-84/2024 saylı əmrdən görünür ki, Mingəçevir ŞMX-nin PHŞ-nin Ginekologiya doğum şöbəsinin həkim-mama-ginekoloqu ilə bağlanmış 2074 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşdə olan əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixində 57 saylı əmrlə Mingəçevir ŞMX-nin PHŞ-nin Ginekologiya doğum şöbəsinin həkim-mama-ginekoloqu vəzifəsinə təyin edilmiş və 15 yanvar 2024-cü il tarixində əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X10 Ginekologiya doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində çalışır, aylıq əmək haqqı 1297 manat təşkil edir. Əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2019-cu il, Əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2023-cü ildir. Əmək müqaviləsinin növü isə müddətlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müddətli əmək müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə Ginekologiya doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsinə təyin edilmişdir. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9 direktorunun xx.xx.2024-cü il tarixli 18-1-61/3- 1-84/2024 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b" bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr, əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. İşçi 5 il fasiləsiz işlədikdən sonra xx.xx.2024-cu il tarixində işçinin əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verilmişdir. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış ilk və sonuncu müqavilə müddətli olsa da, lakin qanunvericiliyin tələblərinə əsasən bu müqavilə münasibətləri fasiləsiz olaraq 5 ildən artıq davam etdiyindən müddətli əmək müqaviləsi hesab edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin b bəndin əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü bəndinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Belə ki, bağlanmış müqavilədən müəyyən olunur ki, müqavilə müddətli bağlanmış, müqavilədə onun bağlanma müddəti xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək göstərilmiş, lakin buna baxmayaraq əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməmiş, belə olduğu halda müddətli əmək müqaviləsi əmək qanunvericiliyinin tələbinə əsasən xx.xx.2021-ci il tarixindən əvvəlki müddətli əmək müqaviləsi ilə nəzərdə tutulmuş yəni, xx.xx.2023-cü il tarixinə kimi uzadılmış, lakin eyni hal təkrarlanaraq əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməmiş, belə olduğu halda müddətli əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən əvvəlki müddətli əmək müqaviləsi ilə nəzərdə tutulmuş müddətə uzadılmış sayılmalıdır. Belə olduğu təqdirdə əmək müqaviləsi münasibətləri 5 ildən artıq davam etdiyindən, həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Lakin “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9 direktorunun xx.xx.2024-cü il tarixli əmrinə əsasən artıq qanunvericiliyə əsasən müddətsiz sayılan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b" bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Eyni zamanda Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, direktorun xx.xx.2024-cü tarixli əmri qeyri-qanunidir və iddiaçı ilə əmək müqaviləsinə qeyr-qanuni xitam vermişdir. Bu hal ondan irəli gəlir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Cavabdeh tərəf bu hüququndan sui istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının işdən azad edilməsinə dair cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9 direktorunun xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-84/2024 saylı əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə işin müəyyən olunmum hallarına uyğun olaraq nəticəyə gəlir ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9 direktorunun xx.xx.2024-cü il tarixli 18-1-61/3- 1-84/2024 saylı əmri ləğv edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, Mingəçevir şəhər X5 X4 doğum şöbəsinə həkim-mama ginekoloq vəzifəsinə qəbul edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 233– ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9 direktorunun İddiaçı işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 18-1-61/3-1-84/2024 saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9 Ginekologiya doğum şöbəsinə həkim-mama-ginekoloq vəzifəsinə bərpa edilsin. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X10 tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu tarixə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1003/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1003/2024
01.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver