Məhkəmə qərarları › İş №2(051)-1014/2024

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1014/2024

14.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1014/2024 14.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvana istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərərək Cavabdeh ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli, 53 nömrəli sərəncamı əsasında Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 44 saylı evin, 82 nömrəli mənzili 4 nəfər ailə üzvü əri X3 verilmişdir. Teymur Balayev xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O və övladları Rasim Balayev və Aygün Balayeva (Nağıyeva) Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 44 saylı evin 82 saylı mənzilində yaşasalar da Cavabdeh mənzildə 15 ildən artıq müddətdir ki, yaşamır. Ailə qurub ailəsi ilə birgə başqa ünvanda yaşayır. Həmin mənzildə cavabdehə məxsus heç bir əşya yoxdur. Sözügedən mənzildə o, oğlu və qızı Aygün və onların övladları yaşayır. M. Balayev mənzili könüllü olaraq tərk etmişdir. Odur ki, Cavabdeh ünvan 2 ünvana istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X4 iddia tələbinin təmin olunmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Mingəçevir şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş 006441 nömrəli, xx.xx.2003-cü il tarixli Orderdən görünür ki, X3 ünvan 4 ünvanında yerləşən 3 otaqdan ibarət, 48.1 kv.metr mənzil sahəsini tutmağa ixtiyarı vardır. Ailənin tərkibi: X8 (özü), İddiaçı (arvadı), X9 (oğlu), X7 (qızı), Cavabdeh (oğlu); Mingəçevir regional “Asan Xidmət” X2 tərəfindən verilmiş AZ-İİ seriyalı, 039924 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 541 nömrə ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli Akta əsasən 7 saylı MİS tərəfindən verilmiş akta əsasən ünvan 2 ünvanda yaşayan İddiaçı hal-hazırda ailə tərkibi 5 nəfərdən ibraət olduğunu, oğlu Cavabdeh 2010-cu ildən bu ünvanda yaşamadığını və həmin aktı doğruluğunu aşağıda öz imzası ilə təsdiq olduğunu göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 44 saylı ev, 82 nömrəli mənzil iddiaçının ərinə məxsus olmuşdur. Bu barədə Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2003-cü il tarixli, 006441 nömrəli order verilmişdir. İddiaçının əri X5 xx.xx.2019-cu ildə vəfat etmişdir. Cavabdeh iddiaçının oğludur və həmin mənzildə qeydiyyatdadır. Cavabdeh 2010cu ildə mənzildən köçüb getmişdir. İddiaçı cavabdehin qeyd olunan mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda cavabdeh yaşayış yeri üzrə iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, daimi olaraq başqa ünvanda yaşayır. İddiaçı isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə,onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. İddiaçının oğlu Cavabdeh ailə qurub başqa ünvanda yaşayır, lakin iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Cavabdehin sözügedən mənzildə heç bir əşyası yoxdur. Hazırki mübahisə üzrə cavabdehin istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Lakin cavabdehin həmin mənzilə istifadə hüququ yaransa da o, həmin ünvanda artıq 15 ilə yaxındır ki, yaşamır. Eyni zamanda cavabdeh 15 ilə yaxın müddət ərzində özünün istifadə hüququnun pozulması barədə nə məhkəməyə, nə də digər hüquq mühafizə orqanına müraciət etməmişdir. Bundan başqa cavabdeh mənzilin saxlanılması üçün 2010-cu ildən bəri heç bir vəzifəni icra etməmişdir. Mənzilə qayıtmaq üçün hər hansı cəhd göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin qeyd olunan mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvana istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilərlər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar