Məhkəmə qərarları › İş №2(051)-1018/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1018/2022

01.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1018/2022 01.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Mingəçevir şəhəri, Y.Muradov küçəsi, 39 saylı evin, 14-cü mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X10 uzun illər X12 Stansiyasında işləmiş və ona 05 noyabr 1976-cı il tarixdə Mingəçevir şəhər X4 Mənzil Təsərrüfatı İdarəsi tərəfindən Mingəçevir şəhəri, Y.Muradov küçəsi, 39 saylı evin 3 otaqdan ibarət 14 saylı mənzili 6 nəfər ailə üzvü ilə birlikdə 1584 №-li orderə əsasən istifadəsinə verilmişdir. Mənzil verildikdən sonra həmin evdə daim o, yaşamışdır. Belə ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra, yəni 1982-ci ildə bacısı Cavabdeh biri ilə ailə qurmaq məqsədilə evdən getmiş və sonradan Rusiya Federasiyasına getmiş, Rusiya Federasiyasının vətəndaşı olmuş və heç vaxtı onlarla əlaqə saxlamamış və harada yaşayıb, yaşamaması barədə hər hansı bir məlumat yoxdur. Digər bacı-qardaşları olan Mehman, Elman və Məlahət ailə quraraq həmin mənzildən qeydiyyatdan çıxmışlar. Hazırda atası X10, anası X11 və qardaşı X8 dünyasını dəyişmişlər. X1 bu günədək bir dəfə də olsun onlarla əlaqə saxlamamış, onun harada olması barədə heç bir məlumatı yoxdur. Bacısı Cavabdeh 1982ci ildən Respublikadan hansı rayonuna və yaxud dünyanın hansı ölkəsinə getməsi barədə Sərhəd Xidmətinə verilmiş sorğuları isə cavablandırılmamışdır. Belə ki, Cavabdeh doğum tarixi barədə heç bir məlumat yoxdur. Qeydiyyat Şöbəsinə sorğu vermələrinə baxmayaraq, məhkəmənin sorğusu əsasında məlumat əldə edə biləcəyi bildirilmişdir. Mübahisəli mənzil dövlət fonduna aiddir, həmin mənzili uzun müddətdir ki. özəlləşdirmək istəyir, hətta valideynlərinin sağlığında bu mənzilin onun adına özəlləşdirilməsinə razılıq ərizəsi vermişlər. Lakin bacısı Cavabdeh bu mənzildə 1982-ci ildən yaşamamasına baxmayaraq, adının orderdə olması buna maneçilik törətmişdir. Bacısı Cavabdeh valideynlərinin razılığı olmadan qoşulub getdiyi üçün narazılıq yaranmış və bir daha onunla ailə üzvləri əlaqə saxlamamış, bu müddət ərzində onun Azərbaycana gəlməsini təsdiq edən kimsə yoxdur. Cavabdeh orderdə adının qeyd edilməsinə baxmayaraq, ünvan 1 ünvanında qeydiyyatda olmamış və orada yaşamamışdır. Bu da onu göstərir ki, artıq bacısı Cavabdeh həmin mənzilə dair hər hansı bir istifadə hüququ yoxdur. Cavabdehin mübahisəli mənzildə yaşamadığını qonşular və MİS-nin əməkdaşları təsdiq edə bilərlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə dair göndərilmiş bildirişlər şəxsin həmin ünvanda yaşamadığına görə geri qaytarılmışdır. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 9 saylı MİS-in əməkdaşları və Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı evin digər mənzillərində yaşayan vətəndaşlar tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli aktdan görünür ki, Səfərova X3 şəhəri, Y.Muradov küçəsi 39 saylı evin 14 saylı mənzilində yaşamır və həmin ünvanda qeydiyyatda deyil. İşdə olan 9 saylı MİS-in xx.xx.2021-ci il tarixli, 367 nömrəli arayışdan (2 nömrəli forma) görünür ki, İddiaçı arvadı Sevda Səfərova, qızı Təhminə Səfərova və oğlu Mehman Səfərovla birlikdə ünvan 1 ünvanında yaşayır. Arayışda, həmçinin orderdə adları qeyd olunanlardan- Məlahət Səfərovanın xx.xx.2010-cu ildən, Elman Səfərovun isə xx.xx.2006cı il tarixdə həmin ünvandan qeydiyyatdan çıxdığı göstərilmişdir. İşdə olan 9 saylı MİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Səfərov X6 şəhəri, Y.Muradov küçəsi, ev 39, mənzil 14 ünvanında qeydiyyatdadır. Onun bacısı Cavabdeh həmin ünvanda qeydiyyatda deyil və orderdə adının olmasına baxmayaraq, həmin ünvanda yaşamamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışlarından görünür ki, Cavabdeh barədə heç bir məlumat yoxdur. İşdə olan Mingəçevir Şəhər XDS İK xx.xx.1976-cı il tarixli, 352 saylı qərarına əsasən verilmiş 1584 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, Cəmil Səfərov və onun ailə üzvləri Diliş Səfərova, Cavabdeh, İddiaçı, Mehman Səfərov, Məlahət Səfərova, Elman Səfərovun mənzil ilə təmin olunması üçün Mingəçevir şəhəri, Sağ sahil küçəsində 3 nömrəli evin, 14 saylı mənzil onların istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, AZ-İİ 120894 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, AZ-İİ 066588 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsinin İ-İQ 287475 nömrəli arayışından görünür ki, X8 xx.xx.1979-cu il tarixdə ölmüşdür. İşdə olan doğum akt qeydindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.1964-cü il tarixdə Tərtər rayonunun Cəmilli kəndində X10 ilə X5 birgə nikahından doğulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən daxil olmuş məktublardan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1964-cü il tarixdə tarixdə doğulmuş Babaverdiyeva (Səfərova) Sədaqət Cəmil qızı barəsində Azərbaycan RespublikasıDİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsində məlum yoxdur. İşdə olan Qeydiyyat şöbələrinin arayışlarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat sistemində, qeydiyyat şöbələrinin arxivində Cavabdeh ölümü barəsində akt qeydi aşkar edilməmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçının atası Cəmil Səfərovun adına Mingəçevir Şəhər XDS İK xx.xx.1976-cı il tarixli, 352 saylı qərarına əsasən 05 noyabr 1976-cı il tarixdə verilmiş, 1584 saylı order əsasında dörd otaqdan ibarət mənzil Cəmil Səfərov və ailə üzvüləinin, o cümlədən iddiaçı və cavabdehin istifadəsinə verilmişdir. İddiaçı hazırda ailə üzvüləri ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Orderdə adları qeyd olunmuş Cəmil Səfərov, Diliş Səfərova və Mehman Səfərova ölmüş, Məlahət Səfərova və Elman Səfərov isə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüşlərdür. Orderdə adının olmasına baxmayaraq, Cavabdeh həmin mənzildə uzun müddət yaşamamış və həmin ünvanda qeydiyyatda olmamışdır. Hazırda onun harada olması barədə məlumat aşkar edilməmişdir. Aidiyyəti dövlət orqanlarına bir sıra sorğular göndərilsə də, onun 1984-cü ildən sonra harada yaşaması, ümumiyyətlə yaşayıb-yaşamaması barədə məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçının qeyd edilən mənzilə yaşayış orderi əsasında sahiblik və ondan istifadə etmiş, bu əsasla onun mənzil üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur. Məhkəmə hesab edir ki, mənzil 05 noyabr 1976-cı il tarixdə 1584 saylı order əsasında əldə edildiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi baağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvülərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvülərinin ümumi (paylı,birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X2 1984-cü ildə Mingəçevir şəhəri Y.Muradov küçəsi ev 39, mənzil 14-ü tərk edərək, hələ də geri qayıtmaması onun həmin mənzili daimi tərk etdiyini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün Cavabdeh yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, o, Mingəçevir şəhəri Y.Muradov küçəsi ev 39, mənzil 14-ə olan istifadə hüququnu itirmiş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı qanuni istifadəçi- mülkiyyətçi kimi Cavabdeh münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı qanuni istifadəsində olan Mingəçevir şəhəri, Y.Muradov küçəsi, 39 saylı evin, 14-cü mənzilinə istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar