Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-102/2022 26.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçının nümayəndəsi: (vəkil) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanda yerləşən 0.0327 ha. həyətyanı torpaq sahəsinin Cavabdeh ilə onun ümumi birgə mülkiyyəti kimi tanınması, mübahisəli əmlakda onun 1/2 (ikidə bir) və Cavabdeh 1/2 (ikidə bir) hissədə payının ayrılması, həmin torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda isə onun yarı dəyərinin və ünvan 2 ünvanda 0.0327 ha. həyətyanı torpaq sahəsinin üzərində yerləşən müasir məişət tələblərinə cavab verən 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin yarısının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin iddia ərizəsində ünvan 2 ünvanda yerləşən 0.0327 ha. həyətyanı torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünü, bu mümkün olmadıqda onun yarı pulunun cavabdehdən alınaraq ona verilməsi məqsədi ilə onun ümumi dəyərinin və həmin torpaq sahəsi üzərində müasir məişət tələblərinə cavab verən 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi faktının müəyyən edilməsi, həmçinin barəsində sözü gedən evin tikintisinə çəkilmiş xərcin miqdarının təyin edilməsi məqsədi ilə mülki iş üzrə Tikintitəmir ekspertizası təyin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin nəticə hissəsinin 2-ci bəndinin İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanda 0.0327 ha. həyətyanı torpaq sahəsi üzərində, həmin dövrdə inşa edilmiş müasir məişət tələblərinə cavab verən 2 mərtəbəli fərdi yaşayış evi iddiaçı və cavabdehin birgə əmlakı kimi tanınaraq torpaq sahəsinin və yaşayış evinin naturada bölünməsinin mümkünlüyü, bu mümkün olmadıqda isə onların ümumi dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə Tikinti-təmir ekspertizası təyin edilməsi kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində iş üzrə ekspertiza keçirilməsini işin həlli üçün vəsatət kimi deyil, müstəqil tələb kimi göstərmişdir. Bundan başqa həm iddia ərizəsinin tələblərin göstərildiyi 2-ci hissəsi, həm də sonradan təqdim edilmiş iddia tələbinin həcminin artırılması barədə ərizəsi ekspertiza keçirilməsi xahişi ilə yanaşı, iddia tələbi kimi özündə iş üzrə bir sıra halların müəyyən edilməsini ehtiva edir. Həmçinin iddia ərizəsinin tələblərin göstərildiyi 2-ci hissəsində 1-ci hissədə qeyd edilənləri də əhatə edən daha geniş tələblər göstərilmişdir. Ona görə də Məhkəmə 2-ci hissədə qeyd edilənləri də iddia tələbinin bir hissəsi kimi qəbul edir. Bunun davamı olaraq Məhkəmə işin düzgün və ədalətli həlli məqsədilə, iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən konkret ifadə edilməmiş tələbləri, ifadə tərzində yol verilmiş yanlışlıq kimi qəbul edir və iddiaçının tələblərini ümumiləşdirərək aşağıdakı kimi təsnifləşdirir və nəzərə alır. - ünvan 3 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş müasir məişət tələblərinə cavab verən 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin iddiaçı X3 ilə Cavabdeh birgə nikah dövründə qazanılmış vəsaiti hesabına əldə etdikləri əmlak hesab edilməsi; - ünvan 3 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payının ½ (ikidə bir) hissədə müəyyən edilməsi; - Torpaq sahəsi və yaşayış evinin naturada bölünməsinin mümkünlüyü, bu mümkün olmadıqda isə onların dəyərinin yarı pulunun cavabdehdən alınaraq ona verilməsi məqsədi ilə onların ümumi dəyərinin müəyyən edilməsi. - Ona görə də məhkəmə işə hazırkı tələblər üzrə baxılmasını qanuni və əsaslı hesab edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə torpaq sahəsi və yaşayış evinin naturada bölünməsinin mümkünlüyü, bu mümkün olmadıqda isə onların dəyərinin yarı pulunun cavabdehdən alınaraq ona verilməsi məqsədi ilə onların ümumi dəyərinin müəyyən edilməsi hissəsində iddia tələbi baxılmamış saxlanmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 noyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə qurmuşdur. Nikah Mingəçevir şəhəri Nikah Evində qeydə alınmışdır. Ailə qurduqdan sonra onlar 2020-ci ilin may ayınadək Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 1F ünvanda yerləşən evdə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Qeyd edilən vaxt xasiyyətləri tutmaması səbəbindən cavabdehlə bir yerdə yaşamaqları mümkün olmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Ağdaş Rayon Məhkəməsinin 06 iyul 2021 - cı il tarixli 2(014)-811/2021 nömrəli qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv edilmişdir. Nikahları olan dövrdə cavabdehlə o, xx.xx.2016-cı il tarixli, 4Ə-670 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsini əldə etmişlər və bu torpaq sahəsi cavabdehin adına qeydiyyata alınmışdır. Bu fakt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXİ - nin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş, 07 may 2021-ci il tarixli, **********31 nömrəli vəkil sorğusuna cavabla təsdiqlənir. Qeyd edilən torpaq sahəsini aldıqdan sonra onlar öz həyətyanı sahələrində 3 otaqdan ibarət 2 mərtəbəli fərdi yaşayış evi inşa etdirmişlər. Cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulduqdan sonra birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iş üzrə iddia tələbinin baxılan hissəsi təmin edilməklə, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan X8 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********31 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsi ünvan 4n xx.xx.2016-cı il tarixli, 4Ə-670 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmişdir. Cavabdeh ünvan 2 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə X4 məxsus ünvan 2 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsi Cavabdeh 3000 manata satılmışdır. İşdə olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-811/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2015-ci il tarixdə X5 bağlanmış, akt qeydləri kitabında 333 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşdə olan ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********43 nömrəli və xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktublarından görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılmasında mütəxəssisin iştirakının təmin edilməsi və rəyin təqdim edilməsi barədə məhkəmə məktublarının icrası ilə bağlı tədqiqat obyektinə baxış zamanı cavabdeh tərəf iştirak etmədiyindən, çöl-ölçmə işlərinin aparılması və mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İşdə olan məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Məlumatlardan və tədqiqat obyektinə baxış keçirilməsi barədə Aktlardan görünür ki, cavabdeh tərəfin istifadəsində olan fərdi yaşayış evinin qapısı bağlı olduğundan qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. xx.xx.2016-cı il tarixdə nikahda olarkən alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsini əldə etmişlər. Həmin torpaq sahəsi alınarkən üzərində heç bir tikili olmamışdır. Bundan sonra onlar həmin torpaq sahəsi üzərində müasir məişət tələblərinə cavab verən 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi tikmişlər. Həmin yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. xx.xx.2021-ci il tarixdə isə onların nikahı pozulmuşdur. Tərəflər mübahisəli torpaq sahəsinin və yaşayış evinin bölünməsində razılığa gələ bilməmiş, ona görə də iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müxtəlif tarixlərdə təyin edilmiş tikinti-texniki ekspertizaların keçirilməsi zamanı cavabdeh qapını bağlamaqla, tədqiqat obyektinə baxış keçirilməsinə mane olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nikah və ailə münasibətlərindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisədir. Mübahisənin düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidr. Məhkəmə ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün birgə nikah dövründə əldə edilməsi iddia edilən daşınmaz əmlakın ümumi birgə mülkiyyətə aid edilməsi üçün əmlakın əldə olunması tarixinin, ona dair əsas və mənbənin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddia tələbinin əsasını təşkil edən torpaq sahəsi iddiaçı ilə cavabdehin birgə nikah dövründə alınmışdır. Həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi də iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdiklər gəlirlə hesabına inşa edilmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmış mübahisəli torpaq sahəsi tərəflərin birgə mülkiyyəti sayılmalı, həmin torpaq sahəsi ilə yanaşı, üzərində tikilmiş fərdi yaşayış evi də tərəflərin birgə nikah dövründə qazanılmış vəsaitləri hesabına əldə etdikləri əmlak hesab edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh mübahisəli torpaq sahəsini əvəzli əqd əsasında əldə edən zaman iddiaçı ilə birgə nikahda olmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, baxılan hissədə iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsini əldə etmişlər. Mübahisəli torpaq sahəsi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi birgə mülkiyyət olmuşdur. İddiaçı da cavabdehlə bərabər birgə mülkiyyətçi olmasına baxmayaraq, mübahisəli torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyata alınmışdır. Tərəflərin nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda qeyd edilən torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi cavabdehin istifadəsindədir. Ona görə də iddiaçı iddianın baxılan hissəsi üzrə tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2–ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ona görə də məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş birgə vəsait hesabına alınmış torpaq sahəsindən iddiaçının payı ½ hissədə müəyyən edilməlidir. Odur ki, Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ünvan 3 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş müasir məişət tələblərinə cavab verən 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin iddiaçı ilə cavabdehin birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə etdikləri əmlak hesab edilməli və həmin torpaq sahəsindən iddiaçının payı ½ (ikidə bir) hissədə müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş müasir məişət tələblərinə cavab verən 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi iddiaçı X3 ilə Cavabdeh birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə etdikləri əmlak hesab edilsin. ünvan 3 ünvanda yerləşən 0.0327 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payı ½ (ikidə bir) hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-102/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-102/2022
26.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver