Məhkəmə qərarları › İş №2(051)-104/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-104/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-104/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Yunusov Kamil Məhərrəm oğlunun iştirakı ilə ilk İddiaçı cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlaka bütöv payın müəyyən edilməsi tələbinə dair ilk iddia, Cavabdeh3 İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan dörddə bir hissədə miras payın müəyyən edilməsinə dair qarşılıqlı iddia üzrə mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı anası Məhərrəmova Adilə Rza qızımdan miras qalmış Mingəçevir şəhəri 20 Yanvar küçəsi 41 №-li evin 15 №-li mənzilə onun bütöv payının müəyyən edilməsi tələbinə dair ilk iddia ilə, Cavabdeh3 da İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan dörddə bir hissədə onun payının müəyyən edilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirdi ki, Şahin, Sevinc və Cavabdeh1lar doğma bacı-qardaşdırlar. Digər cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 onların qardaşı Aqşinin oğludur. Tərəflərin atası X16 19 may 1991-ci ildə, anası X14 10 mart 2014-cü ildə, qardaşı Aqşin Məhərrəmov isə 15 sentyabr 2018-ci ildə vəfat etmişlər. Tərəflərin anaları X3 şəhəri 20 Yanvar küçəsi 41 №-li evin 13 №-li mənzili miras qalmışdır. Anasının yas mərasimindən sonra vərəsələr razılığa gəlmişlər ki, mirası könüllü olaraq öz aralarında bölsünlər. Cavabdeh1 da mirası könüllü olaraq aralarında bölünməsi razılığına gəlmişdir, lakin sonra Elçin Rusiya Federasiyasına getmiş, miras əmlakı razılıq əsasında bölə bilməmişlər. Mənzildə bir müddət Cavabdeh2 yaşasa da vərəsələrin hər biri həmin mənzilə gəlib-gedir, mənzilin idarəçiliyində iştirak edirdilər. Mənzilə miras payın müəyyən edilməsi ilə əlaqədar İddiaçı notariat kontoruna ərizə ilə də müraciət etmişdir. İddiaçı bu vaxta qədər digər vərəsə Cavabdeh1 mirasın bölünməsinin müzakirə ediləcəyi vədinə əsasən gözləmiş, ancaq cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Tərəflər mirasın bölgüsü ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər və miras pay müəyyən edilməmişdir. Mirasın İddiaçı tərəfindən qəbul edilməsini nəzərə alaraq iddianın təmin olunmasımı, miras əmlaka bütövlükdə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş edir. Cavabdeh-iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili X10 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iddiaçı Cavabdeh3 atası X5 doğma bacı-qardaşlardır. Cavabdehlərin, eləcə də Aqşin Məhərrəmovun ataları Yusif Məhərrəmov 19 may 1991-ci ildə, anaları Adilə Məhərrəmova 10 mart 2014-cü ildə vəfat etmişlər. X3 şəhəri 20 Yanvar küçəsi 41 №-li evin 15 №-li mənzili miras qalmışdır. Vərəsələr eləcə də Aqşin Məhərrəmov mirası faktiki olaraq qəbul etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 atası Aqşin Məhərrəmov anasından qalmış mirası qəbul etdikdən sonra, 15 sentyabr 2018-ci ildə vəfat etmişdir. Vərəsələr mirasın öz aralarında könüllü olaraq bölünərək miras payların müəyyən ediləcəyi ilə bağlı razılığa gəlməkləri qənaitinə gəlmiş olsalar da bu vaxta kimi miras payların müəyyən edilməsi razılığına gələ bilməmişlər. Hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh3 atası Aqşin Məhərrəmov miras qoyan Adilə Məhərrəmovanın qanun üzrə birinci növbəli vərəsələrindən olduğundan və Aqşin Məhərrəmov mirası qəbul etdikdən sonra vəfat etdiyindən onun miras payı vərəsəsi Cavabdeh3 keçməlidir. Ona görə də ilk iddianın təmin olunmaması, qarşılılı iddianın isə təmin olunması, Adilə Məhərrəmovadan miras qalmış Mingəçevir şəhəri 20 Yanvar küçəsi 41 №-li evin 15 №-li mənzilə X5 dörddə bir hissədə payının müəyyən edilməsi, Aqşin Məhərrəmovun həmin payına isə onun qanuni üzrə vərəsəsi olan, cavabdehiddiaçı Cavabdeh3 payı olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişlər. Cavabdeh X7 iş üzrə əvvəlki məhkəmə iclasında həm ilk iddianı, həm də qarşılılı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı qardaşı, digər iddiaçı Cavabdeh3 isə mərhum qardaşı Aqşinin oğludur. Həqiqətən də, anaları Adilə Məhərrəmovadan mənzil miras qalmışdır. Anası uzun müddət xəstə olmuşdur. Anasına maddi tərəfdən dəstək qardaşı Cavabdeh1, mənəvi tərəfdən isə o, olmuşdur. Belə ki, anasının maddi ehtiyaclarını, eləcə də müalicə xərclərini Elçin ödəyirdi, o da anasına qulluq göstərirdi. Anası mülkiyyətində olan mənzili qardaşı Elçinə vəsiyyət etmişdir. Anasının yas mərasimindən sonra vərəsələr razılığa gəlmişlər ki, mirası könüllü olaraq öz aralarında bölsünlər. Lakin qardaşı Elçinin işi ilə əlaqədar tez-tez Rusiya Federasiyasına gedib-gəlməsi, eləcə də digər qardaşı Şahinin onlarala danışmaqdan imtina etməsi səbəbindən bu vaxta kimi miras paylarını müəyyən edə bilməmişlər. X12 miras qalmış Mingəçevir şəhəri 20 Yanvar küçəsi 41 №-li evin 15 №-li mənzildən onun da miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı və digər Cavabdeh2 ilə bacı-qardaşdırlar. Cavabdeh-iddiaçı Cavabdeh3 isə onun mərhum qardaşı Aqşinin oğludur. Anası X3 şəhər 20 Yanvar küçəsi 41 №-li evin 15 №-li mənzili miras qalmışdır. Anası həmin mənzilə ona vəsiyyətnamə vermişdir. Anasının yas mərasimindən sonra o, digər vərəsələrə onların miras payları ilə bağlı razılığa gələcəklərini bildirmişdir. Hazırda da hesab edir ki, əgər İddiaçı onlarla danışmaqdan imtina etməzsə bu məsələ ilə bağlı öz aralarında razılığa gəlmələri mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, həm ilk iddia, həm də qarşılıqlı iddia qismən təmin olunmalıdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatından Çıxarışdan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 41 №-li evin 15 №-li mənzili tam mülkiyyət hüququ ilə Məhərrəmova Adilə Rza qızının mülkiyyətindədir. İşə əlavə olunmuş 19 yanvar 2010-cu ildə X14 tərəfindən verilmiş və Mingəçevir şəhər 2 saylı dövlət notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, Adilə Məhərrəmova ona məxsus olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 41 №-li evin 15 №-li mənzilini Cavabdeh1 vəsiyyət etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məhərrəmova Adilə Rza qızı 10 mart 2014-cü ildə ölmüşdür. İşə əlavə olunmuş İddiaçı etibarnamə üzrə nümayəndəsi X17 tərəfindən Mingəçevir şəhər 1 saylı notariat kontoruna verdiyi 06 avqust 2014-cü il tarixli ərizədə göstərilir ki, İddiaçı anasının ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq miras əmlakı qəbul edir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsinin 05 mart 2020-ci il tarixli arayışından görünür ki, X8 vərəsələri əri X16, uşaqları İddiaçı, Cavabdeh1, X11 və Cavabdeh2dır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1961-ci ildə anadan olmuş İddiaçı atası Məhərrəmov Yusif Əlif oğlu, anası X20 qızıdır. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli arayışdan görünür ki, 22 iyun 1965-ci ildə anadan olmuş X5 atası X15, anası X9r. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19 may 1991-ci ildə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 15 sentyabr 2018-ci ildə ölmüşdür. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1995-ci ildə anadan olmuş Cavabdeh3 atası X11, anası X1r. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 41 №li evin 13 №-li mənzili X8 mülkiyyətində olmuşdur. Adilə Məhərrəmovanın ölümündən sonra həmin mənzil miras əmlak kimi qalmışdır. İş üzrə tərəflər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 miras qoyan Adilə Məhərrəmovanın uşaqlarıdır. Cavabdeh-iddiaçı Cavabdeh3 isə miras qoyan X2 Məhərrəmovun övladıdır. Aqşin Məhərrəmov anasının ölümündən, mirası qəbul etdikdən sonra ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəlləsinin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəlləsinin 1159.1 və 1159.1.3-cü maddələrinə görə qanun üzrə vərəsəlik zamanı bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göstərilən qanunvericilik normalarından göründüyü kimi vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Ya mirasın açılması, ya da şəxsin vərəsəlik hüququ əldə etməsi mirası əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız mirası əldə etmək imkanı verir. Hər hansı bir şəxs tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və ya hərəkətləri ilə nümayiş etdirsin. Mirası qəbul etmək qanunvericiliklə nəzərdə tutulduğu qaydada, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. İş materialları ilə müəyyən edildi ki, miras qoyan Adilə Məhərrəmova mülkiyyətində olmuş Mingəçevir şəhəri 20 Yanvar küçəsi 41 №-li evin 15 №-li mənzili sağlığında qanun üzrə vərəsə Cavabdeh1 vəsiyyət etmişdir. Qanunun mənasından görünür ki, miras qoyanın əmlakı başqa şəxsə, vərəsələrə qanun üzrə və ya vərəsəlik üzrə və ya hər iki əsasla keçir. İş materiallarından görünür ki, miras əmlak vəsiyyət edilmiş Cavabdeh1 həm də qanun üzrə vərəsədir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Qanunun tələbindən göründüyü kimi miras əmlak Cavabdeh1 vəsiyyət edilmiş olsa da digər qanun üzrə vərəsələr İddiaçı, Cavabdeh2 və Cavabdeh3 həmin miras əmlak üzrə məcburi payları vardır. Ancaq bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həm ilk iddia, həm də qarşılıqlı iddia qismən təmin edilməli, onların miras əmlak üzrə payları qanun üzrə vərəsəlik zamanı çatası payın yarısı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X6 miras qalmış Mingəçevir şəhəri 20 Yanvar küçəsi 41 №-li evin 15 №-li mənzil üzrə Cavabdeh1 miras payı 5/8, digər vərəsələr İddiaçı miras payı 1/8, Cavabdeh2 miras payı 1/8, Cavabdeh3 miras payı 1/8 hissə müəyyən edilməlidir. Göstərilərlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia və qarşılıqlı iddia qismən təmin olunsun. X6 miras qalmış Mingəçevir şəhəri 20 Yanvar küçəsi 41 №-li evin 15 №-li mənzil üzərində vərəsələr Cavabdeh1 miras payı 5/8, İddiaçı miras payı 1/8, Cavabdeh2 miras payı 1/8, Cavabdeh3 miras payı 1/8 hissə müəyyən edilsin. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar