Məhkəmə qərarları › İş №2(051)-1044/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1044/2021

05.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1044/2021 05.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsinin tərkib hissəsindən Cavabdeh istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehlə 29 sentyabr 1999-cu il tarixdə el adəti ilə toy edərək faktiki ailə qurmuş və onun valideynləri ilə birgə yaşadığı Ucar rayonu, Çiyni kəndinə gəlin köçmüşdür. Cavabdehin valideynlərinin evində 1 ay yaşadıqdan sonra noyabr ayının əvvəllərində Mingəçevir şəhərinə gələrək və 1 ay da atası ilə birgə ona məxsus Nizami küçəsi, 4b saylı evin, 14 saylı, 3 otaqlı mənzilində yaşamışlar. Aralarında olan faktiki nikah 26 noyabr 1999-cu il tarixdə Ucar rayonu Qaradağlı və Çiyni kəndləri üzrə İcra Nümayəndəliyində rəsmiləşdirmişlər. Bundan sonra, yəni 1999-cu ilin dekabr ayında atası onun adına ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzil almış və onlar həmin mənzilə köçmüşlər. O, cehiz əşyalarını da bu mənzilə yerləşdirmişdir. Onlarla birlikdə iki otaqlı ona məxsus mənzildə, həmin vaxt mənzil sahəsi olmayan baldızı Mehparə Qasımova da, onun əri Elşən Qasımov və Xavər adlı azyaşlı uşaqları da onlarla birlikdə yaşamışlar. Bu mənzildə yaşadıqları müddətdə onun cavabdehlə birgə nikahlarından 10 oktyabr 2000-ci il tarixdə Yavər adlı bir uşaqları doğulmuşdur. Uşaq doğulduqdan sonra iki ailə 2 otaqlı bir mənzildə yaşamaqda çətinlik çəkdikləri üçün ərinə və baldızına hörmət əlaməti olaraq, özünə məxsus həmin 2 otaqlı mənzili satıb ayrı-ayrı yaşayış sahələri alıb, ayrı yaşamaq qərarına gəlmişlər. Mənzili satdıqdan sonra, satışdan əldə olan pulla baldızı Mehparənin adına Mingəçevir şəhəri, Toxuculuq Kombinatının yataqxanasından 1 otaq mənzil almışlar. Baldızı Mehparə halhazıradək öz ailəsi ilə həmin ünvanda yaşayır. Qalan pul 1 otaqlı mənzil almaq üçün çatmadığına görə atası yenidən əlavə pul verməklə onun adına 2002-ci ilin aprel ayında hazırda yaşadığı, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsindəki 1 otaqlı, 23 saylı evin, 3 saylı mənzilini almışlar. Həmin mənzilə dair onun adına DƏDRX-i tərəfindən verilmiş tam mülkiyyət hüququnu təsdiq edən 19 aprel 2002-ci il tarixli 506/92e reyestr nömrəli Qeydiyyat Vəsiqəsi vardır. Həmin mənzildə o, Cavabdeh və oğlu Sahib qeydiyyatdadırlar. Cavabdeh Asif X1 ilə faktiki ər-arvad münasibətiində olduğuna görə ailə münasibətlərində kəskin ziddiyyətlər yaranmağa başladı və cavabdeh özünə məxsus əşyaları götürüb onun mənzilindən getdi, bir daha geri qayıtmadı və həmin vaxtdan onların ər-arvad münasibətləri pozuldu. Cavabdeh həmin Dürdanə adlı qadınla daimi yaşamağa başladı. Hazırda onlar neçə vaxtdır ki, Bakı şəhərində ona məlum olmayan ünvanda yaşayırlar. Cavabdeh Dürdanə Musayeva ilə 15 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, 3 saylı “ASAN xidmət” X2 nikahlarım rəsmiləşdirmişlər və X4 şəhəri, Naxçıvan küçəsi 31 saylı evin 3A saylı mənzilində qeydiyyatdadır. Cavabdeh hazırda “Bizon energy” içkisinin satışı ilə məşğul olan “Avrora Qrup” distributor şirkətində sürücü işləyir və ticarət obyektlərinə mal paylayır. Ər-arvad münasibətləri tamamilə pozulduqdan sonra o, nikahlarının pozulması barədə qəti qərara gələrək iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 01 mart 2017-ci il tarixli 2(051)-168/2017 saylı qətnaməsi ilə uşaqların onun yanında qalması və hər uşağın saxlanması üçün 2016-cı ilin 10 oktyabr tarixindən 100 (bir yüz) manat alimentin ona verilməsi qət edilmişdir. Beləliklə, cavabdeh 2016-cı ilin oktyabr ayından daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş, ikinci ailəsi ilə başqa ünvanda yaşayır və onun mənzilində qeydiyyatda qalmaqla mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır və mülkiyyətində olan mənzilindən istifadə, sərəncam hüquqlarına maneələr yaradır. Odur ki, məhkəmdən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul edərək göstərdi ki, o, iddiaçı ilə 29.09.1999-cu il tarixdə ailə qurmuş, nikahlarını 26.11.1999-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladları vardır. 1999-cu ilin dekabr ayında Mingəçevir şəhərində iki otaqlı ev almışlar. Həmin evin 1800 ABŞ dollarını o, 400 ABŞ dollarını isə iddiaçının atasıvermişdir. Daha sonra, həmin mənzili 2700 ABŞ dollara satmışlar və 1400 ABŞ dollara bir otaqlı mənzil almışlar, yerdə qalan pul isə iddiaçının atasında qalmışdır. O, iddia tələbi ilə razıdır, belə ki, o, həmin mənzili oğluna bağışlayır. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil daşınmaz əmlakın dövlət reyestrində 19 aprel 2002-ci il tarixdə İddiaçı adına qeydiyyata almışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı və Cavabdeh qeydiyyatdadırlar. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın ləğv olunması haqqında akt qeydləri 06.04.2017 -ci il tarixdə 91 nömrə ilə qeyd olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 10.10.2000-ci il tarixdə Yavər və 08.11.2003-cü il tarixdə Sahib adlı uşaqları doğulmuşdur. İşdə olan 3 saylı Bakı «Asan Xidmət» X6 tərəfindən verilmiş 11.06.2021-ci il tarixli, 1695/11 saylı arayışdan görünür ki, Cavabdeh ilə X3 arasında nikah haqqında 15.11.2018ci il tarixdə 3938 №li akt qeydi tərtib olunmuşdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Cavabdeh ilə 29 sentyabr 1999-cu il tarixdə el adəti ilə toy edərək faktiki ailə qurmuş və nikahlarını 26.11.1999-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 10 oktyabr 2000-ci il tarixdə Yavər, 08 noyabr 2003cü il tarixdə Sahib adlı uşaqları doğulmuşdur. İddiaçı cavabdehin valideynləri ilə birgə yaşadığı Ucar rayonu Çiyni kəndinə gəlin köçmüşdür. İddiaçı cavabdehin valideynlərinin evində 1 ay yaşadıqdan sonra noyabr ayının əvvəllərində Mingəçevir şəhərinə gələrək və 1 ay da atası evində yaşamışlar. 1999-cu ilin dekabr ayında atası iddiaçının adına Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 36, mənzil 3 ünvanında yerləşən 2 otaqlı mənzili almış və onlar həmin mənzilə köçmüşlər. O, cehiz əşyalarını həmin mənzilə yerləşdirmişdir. İddiaçıya məxsus həmin iki otaqlı mənzildə onlarla birlikdə baldızı Mehparə Qasımova da əri və uşağı ilə birlikdə yaşamışdır. Daha sonra ümumi razılıq əsasında iddiaçıya məxsus həmin 2 otaqlı mənzil satılmış, satışdan əldə olunan pul hesabına baldızı Mehparənin adına Mingəçevir şəhəri, Toxuculuq Kombinatının yataqxanasından 1 otaqlı mənzil alınmış, qalan pul 1 otaqlı mənzil almaq üçün yetərli olmadığına görə atası yenidən əlavə pul verməklə iddiaçının adına 2002-ci ilin aprel ayında hazırkı mübahisəli mənzili almışdır. İddiaçı ilə cavabdeh uzun müddət həmin məzildə yaşamışdır. Lakin sonradan, ailə daxili narazılıq yarandığına görə cavabdehlə iddiaçı arasında rəsmi nikah qeydi pozulmuş və onlar arasında mövcud olmuş etibarlı ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh isə 15 noyabr 2018-ci il tarixdən başqa bir qadınla faktiki olaraq evlənmiş, sonradan isə həmin qadınla rəsmi nikah bağlamışdır. Ona görə də cavabdeh iddiaçıya məxsus evdən öz əşyalarını da götürüb çıxmaqla başqa ünvana köçmüşdür. Hazırda da cavabdeh iddiaçıya məxsus mənzildə deyil, arvadı ilə Bakı şəhərində başqa evdə yaşayır. Mübahisəli mənzil iddiaçının istifadəsində və mülkiyyətindədir. Məhkəmə ilk növbədə nəzərə alır ki, kompensasiya verilmədən cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdeh yaşayış sahəsinə ehtiyacı olduğuna görə iddiaçıya məxsus mənzilə köçürülməklə şəxsi ehtiyacını təmin etmişdir. Lakin sonradan cavabdehlə iddiaçı arasında etibarlı ailə münasibətinə xitam verilmiş və cavabdeh kənar səxlə evlənib başqa yaşayış sahəsinə köçmüşdür. Bununla da cavabdehin iddiaçıya məxsus mənzilə olan ehtiyacı aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı əri ilə yola getməmiş və ayrılmışlar. Cavabdeh sonradan iddiaçının ailə üzvü olmayan kənar şəxslə faktiki ailə qurub evlənmişdır. Cavabdeh rəsmi nikah münasibətlərində olduğu şəxslə birlikdə başqa evə köçmüşdür. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmamış və könüllü surətdə mənzildən çıxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onun istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formaladırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin yaşayış sahəsindən istifadə etməsini mümkünsüz edən qanuna zidd hallar müəyyən edilməmişdir. Belə ki, cavabdeh öz istəyi ilə iddiaçının ailə üzvü olmayan kənar şəxslə evləndiyi üçün könüllü olaraq iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etmək hüququnu həyata keçirməmişdir. Həmin hüququn həyata keçirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə heç bir maneçilik törədilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onun yaşayış sahəsinə ehtiyacı olmadığından, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətçi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı məxsus olan, ünvan 5 ünvanında yerləşən, bir otaqlı mənzilin tərkib hissəsindən Cavabdeh istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar