Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1088/2023 01.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun və az yaşlı övladları X7 və X3 Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə atası Cavabdeh1 məxsusdur. O, və digər cavabdehlər həmin mənzildə qeydiyyatdadırlar. 2014-cü ildə X10 ilə ailə qurmuşlar və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X7 və xx.xx.2016-cı il tarixdə X8 adlı iki nəfər uşaqları olmuşdur. Uşaqları da onunla birlikdə yaşayırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər onun valideyinləri və qardaşlarıdır. Qeydiyyatda olduğu mənzildə yaşamaq istəyir. Lakin cvabdehlər onu mənzildə yaşamağa qoymurlar. Məcbur olub iki uşağı ilə birlikdə çox çətin vəziyyətdə kirayələrdə yaşayır. Kirayədə yaşamağa da maddi imkanı yoxdur. Ona görə də onun və az yaşlı evladları X7 və X3 Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı onun qızıdır. Qızı 2014-cü il tarixdə ailə quraraq onun mənzilindən çıxmışdır. Həmin mənzil şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. O, iddiaçının həmin mənzildə köçüb yaşamasına razı deyildir. İddiaçı iki ildir kirayədə yaşayır. Onun onlarla heç bir bağlılığı yoxdur. İddiaçının hətta qardaşlarıda onun orada köçüb yaşamasına razı deyildir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclası zamanı digər Cavabdeh2 da Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddianın dəlillərini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İşin materiallarında olan AZ-T seriyalı 204685 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 valideyinləri X11 və İddiaçıdır. İşin materiallarında olan AZ-T seriyalı 894751 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 valideyinləri X11 və İddiaçıdır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-254/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, X5 ilə X9 arasında olan 25 oktyabr 2014-cü ildə Əlirzalı İƏD Goranboy rayonu Əlirzalı kədində qeydə alınmış nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan X6 İnentarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 X6 İnentarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 16 may 1996-cı ildə şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçı tərəfindən iddia ərizəsində mübahisələndirilən mənzilə köçürülməsinə dair əsaslarının yəni istifadə hüququnun mövcud olmasının sübutetmə yükü iddiaçının, lakin həmin mənzilə köçürülməsinə dair əsaslarının mövcud olmamasının sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə iddiaçının övladları ilə birlikdə mübahisəli mənzilə köçürülmələri və maneələrin aradan qaldırılması hüququna qiymət verərkən, həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin iddiaçının mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil Cavabdeh1 adına X6 İnentarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 16 may 1996-cı ildə şəxsi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmin mənzildə cavabdeh və ailə üzvləri həmçinin hazırkı iş üzrə iddiaçı olan İddiaçı yaşamışdır. Sonradan hazırkı iş üzrə İddiaçı 2014-cü il tarixdə ailə quraraq həmin mənzildən getmişdir. İddiaçı özü də izahatında qeyd etmişdir ki, o, 2014-cü il tarixdə həmin mübahisəli evdən köçərək Mingəçevir şəhərində başqa mənzildə öz ailəsi ilə bərabər yaşamağa başlamışdır. İddiaçı 2014-cü il tarixidən iddia verilənədək yəni 2023-cü il tarixədək həmin mənzildə yaşamamışdır. Hazırda isə iddia tələbi irəli sürərək mənzilə köçürülməsini və həmin mənzilə istifadə hüququnun müəyyən edilməsini xahiş edir. Belə ki cavabdehlər iddiaçının həmin mənzilə köçürülməsinə mane olurlar. İlk növbədə Məhkəmə nəzərə alır ki, iddiaçının həmin mənzilə köçürülməsi üçün onun istifadə hüququnun olması və həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, iddiaçı 2014-ci il tarixə qədər həmin mübahisəli mənzildə yaşasa da sonradan iddiaçı ailə quraraq həmin mənzildən könüllü köçmüş və Mingəçevir şəhərində başqa bir mənzildə yaşamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının mübahisəli mənzilə olan ehtiyacı aradan qalxdığından və bununla da iddiaçının istifadə hüququ itirildiyindən mənzilə köçürülməsi də əsassızdır. Məhkəmə hesab edir ki, mənzil 16 may 1996-cı ildə qeydiyyat vəsiqəsi əsasında əldə edildiyindən, həmin tarixdən hər iki tərəfin həmin mənzildə yaşadıqlarından mübahisənin həllinə mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, İddiaçı 2014-cü ildə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı mənzilini tərk edərək, daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün İddiaçı yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, onun, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı mənzilə olan istifadə hüququnu itirmiş hesab edildiyindən həmin mənzilə köçürülə bilməz. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçının ailə üzvləri ilə bərabər mənzilə köçürülmə və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı və övladları X7 və X3 Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə mənzilə köçürülmələri tələbinə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1088/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1088/2023
01.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver