Məhkəmə qərarları › İş №2(051)-1104/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1104/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1104/2021 17.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağkişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzilinə köçürülməsini xahiş etmiş, xahişini həmin mənzilin nənəsinin xüsusi mülkiyyətində olması, o, mənzildə nənəsi və dayısının ailəsi ilə birlikdə yaşaması, nənəsi vəfat etdikdən sonra həmin mənzildə demək olar ki, yaşamayan cavabdehlərin onun mənzildə yaşamağına mane olması ilə əsaslandırmışdır. Məhkəmə baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. İddiaçı doğulduqdan az sonra valideynləri onu saxlamaq və baxmaq üçün dayısı Elşən Quliyevin və onun həyat yoldaşı Nailə Quliyevaya verərək Rusiya Federasiyasına getmişlər. Həmin vaxtdan iddiaçı nənəsi X2 xüsusi mülkiyyətində olmuş Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzilində nənəsi Donora və dayısının ailəsi ilə birlikdə yaşamışdır. Valideynləri Cavabdeh1 və Cavabdeh2 bir neçə ünvanda mənzilləri olduğu üçün mübahisəli mənzildə demək olar ki, yaşamamışlar. İddiaçı uşaqlıqdan nənəsinin və dayısının himayəsində həmin mənzildə yaşamışdır. Nənəsi Donara 2005-ci ildə İddiaçı öz xüsusi mülkiyyətində olan mübahisəli mənzilə qeydiyyata da yazdırmışdır və bu gün də mənzildə Şəbnəm tək qeydiyyatdadır. Donara Quliyeva 2013-cü ildə mənzili mübahisəli mənzildə demək olar ki, yaşamayan cavabdeh- Cavabdeh1 bağışlayıb, lakin bundan sonra da İddiaçı dayısı E.Quliyevin ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa davam ediblər. 2017-ci ildə İddiaçı Bakı Dövlət Universitetin hüquq fakültəsinə daxil olub, təhsil almaq üçün dayısının ailəsi ilə birlikdə Bakiya köçüb kirayədə yaşamağa başlayıblar. Həmin vaxt əsl valideynləri uzun müddətdir köçüb Rusiyaya getmişlər və hazırda da orada yaşayırlar. Şəbnəm anası olan cavabdehlə əlaqə saxlayaraq doğulduğu, uzun müddət yaşadığı və hazırda da qeydiyyatda olduğu mənzilə köçüb yaşamaq istədiyini bildirdikdə anası ona imtina etmişdir. Bu səbəbdən də o, soyadını və ata adını dəyişdirərək uşaqlıqdan ona ata qayğısı göstərən dayısı Elşənin adını və soyadını qəbul etmişdir. Hazırda elə bir vəziyyət yaranmışdır ki, nə Bakıda kirayədə yaşaya bilir, nə də doğulub uzun müddət yaşadığı və hazırda qeydiyyatda olduğu mənzilə köçə bilir. Ona görə qeydiyyatda olduğu və uzun müddət yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzilinə köçürülməsini xahiş edir. İddiaçının özünəməxsus yaşayış sahəsi yoxdur. Məhkəmə cavabdehlərin xüsusi mülkiyyətində olan mübahisəli mənzilə və qeydiyyatda olduğu mənzilə məhkəmənin vaxtı və yeri barədə məlumat göndərsə də cavabdehlər həmin ünvanda yaşamadığına görə məhkəmə bildirişlərini təqdim etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iştirakı olmadan işə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş “Qeydiyyat Vəsiqəsinin” surətindən məlum olur ki, Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzili X2 mülkiyyətindədir. İşə əlavə edilmiş 03.08.2012-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzili X6 tərəfindən Cavabdeh1 Ələsgər qızına bağışlanmışdır. İşdə olan DƏDRX-nin 14.08.2013-cü il tarixli Çıxarışın surətindən görünür ki, N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə anadan olmuşdur, ata kimi Cavabdeh2, ana kimi Cavabdeh1 qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, İddiaçıxx.xx.2001-ci ildə anadan olmuş, 08.08.2005-ci ildən Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzilində qeydiyyatdadır və həmin mənzildə ondan başqa heç kim qeydiyyatda yoxdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı doğulduqdan sonra valideynləri onu baxılması, saxlanılması üçün dayısı Elşən Quliyev və onun həyat yoldaşı Nailə Quliyevaya vermişlər. O, dayısının ailəsi və nənəsi Danora Quliyeva ilə birlikdə nənəsinin mülkiyyətində olan Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzilində yaşamışdır. Nənəsi iddiaçını mülkiyyətində olan həmin mənzilə qeydiyyata da aldırmışdır. 2012-ci ilin avqust ayında nənəsi mülkiyyətində olan mənzili iddiaçının doğma anasına, hazırki iş üzrə cavabdeh İlhamə Abdullayevaya bağışlamışdır və bundan sonra da iddiaçı həmin mənzildə yaşamışdır. 2017-ci ildə iddiaçı orta məktəbi bitirdikdən sonra Ali məktəbə qəbul olur, ali təhsil almaq üçün dayısı və dayısının arvadı ilə Bakı şəhərinə köçüb, kirayə mənzildə yaşayırlar. Lakin sonra münasibətləri pozulduğuna görə cavabdeh iddiaçıya əvvəlki mülkiyyətçinin razılığı ilə köçdüyü, qeydiyyata alındığı, uşaq yaşlarından mülkiyyətçi ilə ailə üzvü kimi yaşadığı mənzilə köçüb yaşamağa imkan vermir. İddiaçının özünəməxsus başqa yaşayış sahəsi olması da müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29.03.2016-c il tarixli qərarında göstərilir ki, MM-nin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl sərt tələb olunur: 1. yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu, 2. Yaşayış sahəsinə olan ehtiyacın bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılaşmaq məcburiyyətində olması. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, İddiaçı nənəsinin xüsusi mülkiyyətində olmuş Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 mənzilində mülkiyyətçisinin razılığı ilə daimi və uzun müddət yaşaması, hazırda da orada qeydiyyatda olmasının müəyyən edilməsi iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, mübahisəli mənzildə yaşadığı vaxt mənzilin keçmiş mülkiyyətçisi olan nənəsi tərəfindən onun mənzilə qeydiyyatda yazdırılması iddiaçının həmin mənzilə istifadə hüququnun yaranmasına əsas verir. Mənzilin mülkiyyətçisinin dəyişməsi isə iddiaçının mənzilə istifadə hüququnu həyata keçirilməsinə mane olmağa və yaxud onun mənzilə köçürülməməsinə əsas vermir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə, Qət etdi : İddia təmin olunsun. Quliyeva X3 şəhər N.Nərimanov prospekti 3 №li evin 21 mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar