Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1124/2022 10.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, və Cavabdeh5 qarşı kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh5 qarşı kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 №-li qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsinin verilməsi Qaydası” ilə müəyyən edilmişdir. Məcburi köçkünlərə müvəqqəti yaşayış sahəsi həmin qərara uyğun olaraq Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş, yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə nəzarət edir. Son dövrdə aparılmış araşdırılmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahəsindən təyinatı üzrə istifadə etmirlər. Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli yaşayış kompleksində yerləşən 8 №-li evin 3 otaqlı 17 №-li mənzili məcburi köçkün olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 istifadəsinə verilmişdir. Bununla bağlı Cavabdeh1 ilə 15 avqust 2013-cü il tarixli 359 №-li kirayə müqaviləsi bağlanmışdır. Lakin sonra araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehlər onların istifadəsinə verilmiş həmin mənzildə yaşamırlar, mənzil istifadəsiz qalmışdır. Kirayə müqaviləsinin şərtləri cavabdehlər tərəfindən pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını, Mingəçevir şəhəri 504 mənzilli yaşayış kompleksində yerləşən 8 №-li evin 3 otaqlı 17 №-li mənzilin cavabdehlərin istifadəsinə verilməsi ilə əlaqədar bağlanmış 15 avqust 2013cü il tarixli 359 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları barədə qərar çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, “Dövlətqaçqınkom” Mənzil İstismar Departamenti ilə bağladığı 15 avqust 2013-cü il tarixli 359 №-li kirayə müqaviləsinə əsasən Mingəçevir şəhəri 504 №-li mənzilli yaşayış kompleksində yerləşən 8 №-li evin 17 №-li mənzili onun və ailə üzvlərinin-arvadı Cavabdeh2, uşaqları Cavabdeh3, Cavabdeh4 və anası Cavabdeh5 istifadəsinə verilmişdir. Onlar həmin mənzildə yaşamışlar və hazırda da yaşayırlar. Uşaqlarının toy məclisini həmin mənzildə, eləcə də evin həyətində məclis üçün quraşdırılmış mağarda həyata keçirmişdir. 2018-ci ildə vəfat etmiş anasının yas mərasimi də xeyir-şər məclisi üçün quraşdırılmış həmin mağarda və mənzildə təşkil edilmişdir. Son illərdə həyat yoldaşı, hazırkı iş üzrə Cavabdeh2 xəstəliyə tutulması, ürək əməliyyatı aparılması ilə əlaqədar teztez Rusiyaya gedib-gəlmişlər. O, Rusiyaya getməyəndə, tək qaldığına görə Mingəçevir şəhərində qızına məxsus evə gedir, ancaq öz mənzilinə də gedib-gəlirdi. Həyat yoldaşı müalicə və müayinədən qayıtdıqdan sonra istifadələrinə verilmiş mənzildə yaşayırdılar. Bir müddət mənzildə üzrlü səbəbdən yaşamamışlar. Onların yaşamaq üçün başqa yaşayış sahələri, mənzilləri yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhərində məcburi koçkünlər üçün inşa edilniş 504 mənzilli yaşayış kompleksində yerləşən 8 №-li evin 17 № li mənzili məcburi köçkün kimi 2013-cü ildə onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Onlar həmin mənzildə yaşamışlar və hazırda da yaşayırlar. Onun toy məclisi də həmin mənzildə, yaşayış kompleksində xeyir-şər məclisi üçün inşa olunmuş mağarda keçirilmişdir. Ali təhsillidir. Lakin işlə təmin olunmadığına görə işləyib ailəsini saxlamaq üçün tez-tez Rusiya Federasiyasına gedib-gəlir. Hazırda evlidir, iki uşağı var. Onların yaşamaq üçün başqa yaşayış sahələri yoxdur. Anası xəstədir.Ailə vəziyyətlərini nəzərə alaraq iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh2 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. İş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabadeh Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə istifadələrinə verilmiş mənzildə yaşamışdır. Ancaq xəstəliyi ilə bağlı bir neçə dəfə Rusiyaya gedib-gəlibdi. Sonra Rusiyada ürəyindən əməliyyat olunmuş, əməliyyatdan sonra da müayinə və müalicə üçün Rusiyaya gedibgəlirdi. Eləcə də əməliyyatdan qayıtdıqdan sonra qulluğa ehtiyacı olduğuna görə, bir müddət qızıgildə qalmağa məcbur olmuşdur. Hazırda istifadəsinə verilmiş mənzildə yaşayır. Başqa yaşayış sahələri olmadığına, həmin mənzilə ehtiyacları olduğuna görə iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh3 iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru ilə Cavabdeh1 arasında bağlanmış 359 №-li 15 avqust 2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Mingəçevir şəhəri 8 №li evin 17 №-li mənzili Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan Mingəçevir şəhər MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 04 noyabr 2021-ci il tarixli, 02 sentyabr 2021-ci il tarixli və 05 yanvar 2022-ci il tarixli aktlarda göstərilir ki, 504 mənzilli qəsəbədə bina 8 mənzil 17 ünvanına baxış keçirilərkən məlum oldu ki, həmin mənzildə yaşayış yoxdur. İşə "xxxx" ASC “Mərkəzi Aran” RETSİ Mingəçevir ES tərəfindən verilmiş Cavabdeh1 məxsus sayğacın sərfiyyat göstəricisi əlavə olunmuşdur. İşə Cavabdeh2 Sankt-Peterburq şəhərində müayinə və müalicə olunmasına dair tibbi sənədlər əlavə olunmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 25 sentyabr 2018-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində cavabdehlə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müaviləsinin ləğv edilməsini, cavabdehlərin mübahisələndirilən mənzildən çıxarılmalarını tələb etmiş, tələblərini cavabdehlərin istifadəsinə verilmiş mənzildə üzrlü səbəb olmadan yaşamadıqları ilə əsaslandımışdır. Cavabdehlər isə iddia tələbinə etirazlarını istifadələrinə verilmiş mənzildə yaşamaları, bəzi hallada üzrlü səbəbdən, Cavabdeh2 xəstəliyi ilə bağlı müayinə və müalicə üçün və işlə əlaqədar Rusiya Federasiyasına gedib-gəlmələri ilə əsaslandırmışlar. Mənzil Məcəlləsinin 8-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Məcburi köçkünlərə yaşayış sahəsi Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahələri kirayə müqaviləsi əsasında verilir. İş materialları ilə müəyyən edildi ki, cavabdehlər məcburi köçkündürlər. Mingəçevir şəhəri 504 mənzilli yaşayış kompleksindəki 8 №-li binada yerləşən 17 №-li mənzili kirayə müqaviləsinə əsasən cavabdehlərin istifadəsinə verilmişdir. İddiaçı cavabdehlərin istifadələrinə verilmiş mənzildə üzrsüz səbəbdən yaşamamalarını sübut kimi kommunal xidmətlərdən istifadə etməmələri, onların ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verməmələri, həmin mənzildə yaşamamaları barədə tərtib edilmiş aktlarla əsaslandırmışdır. İş materiallarına MKİS-nin işçiləri tərəfindən tərtib edilmiş aktlarda 504 mənzilli qəsəbədə 8 №-li binanın 17 №-li mənzilinə baxış keçirilərkən uzun müddət həmin mənzildə yaşayış olmadığı göstərilsə də, aktın harada tərtib edilməsi məlum deyil. Bundan əlavə isə cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarının surətləri əlavə olunsa da, həmin məktubların cavabdehə göndərilməsini, mənzildə yaşayış olmadığına görə geri qaytarılmasını təsdiq edən sənəd təqdim edilmədi. Ancaq iddia tələbi üzrə mülki işə baxılması ilə əlaqədar qeyd edilən ünvana göndərilmiş məhkəmə bildirişini cavabdehlər almış və məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, cavabdehlər üzrlü səbəbdən müəyyən müddət mübahisələndirilən mənzildə yaşamamışlar. Belə ki, Cavabdeh2 xəstəliyi ilə əlaqədar mütəmadi olaraq müayinə və müalicə üçün digər cavabdehlər Vüqar və Cavabdeh4lar işlə əlaqədar Rusiya Federasiyasına gedib-gəlirlər. Digər Cavabdeh5 isə 28 sentyabr 2018-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. Mübahisələndirilən mənzildən başqa cavabdehlərin istifadəsində, mülkiyyətində yaşayış sahəsi olması iş materialları ilə müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 8 №-li evin 17 №-li mənzilə dair 15 avqust 2013-cü il tarixli 359 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları tələbinə dair iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1124/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1124/2022
10.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver