Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1147/2021 06.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun vəkili X6, Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh «xxxx» MMC-nin direktoruna qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-nin direktoruna qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun barəsində cavabdeh “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 209/Ş saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 16.04.1982-ci il tarixdən 11.04.2016-cı il tarixədək “Azərbaycan DRES” də X12 və Avtomatika sexində elektrik, 3-cü dərəcəli elektrik çilingəri, 4-cü dərəcəli elektrik çilingəri, 5-ci dərəcə elektrik çilingəri və 6-cı dərəcə elektrik çilingəri vəzifələrində işləmişdir. 25.04.2003-cü il tarixdə “xxxx” ASC-nin Yeni İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC adlandırılmış və o, işini davam etdirmişdir. Daha sonra, 05.01.2006-cı il tarixdə “xxxx” ASC-nin Yeni İdarəetmə strukturun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Dövlət Rayon Elektirik Stansiyası MMC “xxxx” MMC adlandırılmış və o, da öz vəzifəsində fasiləsiz olaraq əmək funksiyasını yerinə yetirmişdir. İddiaçı göstərdiyi vaxtdan həmin müəsissədə fasiləsiz olaraq öz peşəsi üzrə çalışmışdır. 11.04.2016-cı il tarixdə “xxxx” MMC-nin X12 və Avtomatikası sexinin nəzdində istehsalat prosesləri avtomatika və ölçü cihazlarına təmir və xidmət edən 6-cı dərəcəli elektirik çilingəri vəzifəsinə keçirilmiş, işdən azad olunanadək həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə hər hansı intizam məsuliyyətinə cəlb edilməmiş və töhmət almamış, əksinə əlavə olaraq pul təminatı almışdır. “xxxx” MMC-nin X12 və Avtomatikası sexində 2008-2011-ci il tarixlərdə sonuncu texnologiya tətbiq olunmuş və o da tutduğu vəzifəyə uyğun şəkildə həmin texnologiyanı mükəmməl bilmiş, vəzifəsinin öhdəsindən layiqincə gəlmiş və işini davam etdirmişdir. Son zamanlar cavabdeh “xxxx” MMC-nin rəhbərliyi əsassız və qərəzli olaraq, xxxx” MMC-nin X12 və Avtomatikası sexində işləyən təcrübəli 18 nəfər əməkdaşını planlı şəkildə, qərəzli olaraq işdən çıxarmağı öz qarşısına məqsəd qoymuşdur. O, da daxil olmaqla onlara “xxxx” MMCnin rəhbərliyi qısa (bir aylıq) müddətə yenidən əmək müqaviləsi bağlamağı təklif etmişlər və bu yolla onları müəsissədən kənarlaşdırmaq istəmişlər. O da daxil olmaqla “xxxx” MMC-nin X12 və Avtomatikası sexinin digər işçiləri həmin müqaviləni imzalamaqdan imtina etmiş və “xxxx” MMC-nin rəhbərliyinə onların bu günədək bağladıqları müqavilənin müddətsiz olduğunu bildirmişlər. Bundan 1 gün sonra o da daxil olmaqla “xxxx” MMC-nin direktoru 03.05.2021-ci il tarixli 209\Ş saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71 -ci maddəsinin 1- ci hissəsinə əsaslanaraq, qanunsuz olaraq müqaviləyə xitam verərək, onu əsassız işdən azad etmişdir. Hesab edir ki, cavabdeh “xxxx” MMC-nin direktoru onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71 -ci maddəsinin 1 -ci hissəsinə əsaslanaraq, müqaviləyə xitam verməklə qanunsuzluq etmiş və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında təmsil etdiyi vəzifəli şəxsin adından göstərdi ki, İddiaçı şəxsi işində olan sənədlərə əsasən müəyyən olunur ki, iddia ərizəsində iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi hallar əsassız və qanunsuzdur. Belə ki, İddiaçı ərizəsində Əmək Müqaviləsinə “xxxx” MMC-nin direktorunun 03.05.2021-ci il tarixli, 209/Ş saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, həmin məcəllənin 71-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsini göstərmişdir. X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin məcəllənin 71-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsinin qanunsuz olmasını əsaslandırarkən onun Əmək müqaviləsinin xitam olunmasına aid olmayan Əmək Məcəlləsində Əmək müqaviləsinin xitam edilməsinin digər əsaslarına istinad edərək fikirlərini izah etmişdir. İddiaçı Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin məcəllənin 71-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsi ilə Əmək müqaviləsinin müddətləri və işçilərin atestasiyadan keçirilməsi və onun nəticələri arasında heç bir səbəbli əlaqə yoxdur. İddiaçının Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin məcəllənin 71 -ci maddəsinin 1 -ci hissəsinin tələbinə riayət etməklə xitam verilmişdir. “xxxx” MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və “xxxx” ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş “xxxx” MMC-nin X3 tətbiqi barədə 19.03.2020-ci il tarixdə DƏ/38 nömrəli əmr verilmişdir ki, həmin əmrə əsasən, MMC-də X9 formalaşdırılmışdır. Ona görə də “xxxx” MMC-də X5 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslanmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında 25.09.2020-ci il tarixli 211/Ş nömrəli əmr verilmişdir. “xxxx”MMC-də X5 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komisyanın 24.02.2021-ci il tarixli 05 nömrəli protokoluna əsasən müəyyən olunur ki, komissiya tərəfindən X12 və Avtomatika sexində istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmişdir. Həmin iclasda komissiyanın üzvləri tərəfindən struktur rəhbərinin təklifi ilə qeyd edilən sexdə ixtisara düşəcək istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən həmin sexdə Elektrik stansiyasının avtomatika və ölçmə cihazlarına təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri 01 ştat vahidi və həmin ştatda çalışan işçi 6-cı dərəcəli elektrik çilingəri İddiaçı müzakirə olunmuş və ixtisar olunmuşdur. Ona görə də, “xxxx”MMC-nin direktoru tərəfindən X12 və Avtomatika sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında 01 mart 2021-ci il tarixli 72/Ş nömrəli əmr verilmişdir ki, həmin əmrin 1.6. bəndinə əsasən X12 və Avtomatika sexində, Elektrik stansiyasının avtomatika və Ölçmə cihazlarını təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri ştatı və həmin ştatda çalışan İddiaçı ixtisar edilmişdir. Odur ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 -ci hissəsinə əsasən İddiaçı 10 ildən çox əmək stajı olduğu nəzərə alınaraq Əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəl 26.02.2021-ci il tarixli 100/01-07-29 qeydiyyat nömrəli xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda İddiaçı çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış Əmək müqaviləsinə 03.05.2020-ci il tarixdə xitam veriləcəyi göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 -ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində İddiaçı əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin, Mustafayevin ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Xəbərdarlıq sifarişlə 26.02.2021-ci il tarixdə İddiaçı yaşadığı F.Əzimov küçəsi 1-14 ünvanına göndərilmişdir. Xəbərnaməyə əsasən müəyyən olunur ki, məktub ünvanına çatmışdır. “xxxx” MMC-nin direktoru tərəfindən X12 və Avtomatika sexində ştatların və işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunması haqqında 04.03.2021-ci il tarixdə 100/01-07-67 nömrəli təqdimat sənədlərlə birlikdə “xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri cənab Seymur Həsənova göndərilmişdir. “xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 15.03.2021-ci il tarixli 11 nömrəli protokoluna əsasən müəyyən olunur ki, X12 və Avtomatika sexində Elektrik stansiyasının avtomatika və Ölçmə cihazlarını təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri 01 (bir) ştat vahidinin və həmin ştatda çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunmasına razılıq verilmişdir. Odur ki, İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə 209/ş nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71- ci maddənin 1 -ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. Bundan əlavə sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı ixtisar olunacağı barədə xəbərdarlıq aldıqdan sonra Azərbaycan Respublikasının İ vitse prezidentinə müraciət edərək, ailə üzvlərindən birinin azyaşlı olmasını, həmçinin “Ekspress” bankdan 6000 Azn kredit götürməsini göstərməklə ona göstərilməsini xahiş etmişdir. Azyaşlı ailə üzvünün olması faktı yoxlanarkən, azyaşlı uşağın onun nəvəsi olması müəyyən edilmiş və iddiaçı həmin faktı izahatı ilə də təsdiq etmişdir. Eyni zamanda sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisar zamanı üstünlüyü olan şəxslər siyahısına və 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına daxil deyildir.Həmçinin iddiaçı işdənçıxma müavinəti ilə də təmin olunmuşdur. Beləliklə, sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı Əmək müqaviləsinə 03.05.2021-ci il tarixli 209/Ş saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin məcəllənin 71 -ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsi qanuni və əsaslıdır. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, X12 və avtomatika sexinin rəisidir. İddiaçı 1980-ci ildən çilingər vəzifəsində işləyib. Həmin vaxt texnologiya mexaniki olduğuna görə iddiaçı onu bacarırdı. Hazırda isə sex yeni texnologiyalar əsasında yenidən qurulmuşdur. Həmin avadanlıqlar isə elektron qaydadadır. Ona görə də daha az işçiyə ehtiyac yaranmışdır. Sexdə təzyiq və səviyyə sahəsinə iki nəfər çilingər-Fizuli və iddiaçı baxır, lakin iddiaçı isə müasir texnologiya ilə işləməyi bacarmadığından, bütün işləri Fizuli yerinə yetirir. Ona görə də hazırkı vəziyyətdə iddiaçının xidmətinə ehtiyac yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə şahid ifadəsinə və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İT-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 16.04.1982-ci ildə “Azərbaycan DRES”-in X12 və Avtomatika sexinə elektrik stansiyasına avtomatika və ölçmə cihazlarına xidmət edən 3-cü qrup elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, 04.01.1984-cü il tarixli əmrlə həmin sexdə 4-cü qrup elektrik çilingəri vəzifəsinə keçirilmiş, 22.04.1985-ci il tarixli əmrlə həmin sexdə 5-ci qrup elektrik çilingəri vəzifəsinə keçirilmiş, 31.12.1986-cı il tarixli əmrlə həmin sexdə 6-cı qrup elektrik çilingəri vəzifəsinə keçirilmiş, 03 may 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71- ci maddənin 1 -ci hissəsinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan “xxxx” MMC-nin direktorunun DƏ/38 №-li 19 mart 2020-ci il tarixli “xxxx” MMC-nin X4 tətbiqi barədə əmrindən görünür ki, “xxxx” MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar istehsal- təsərrüfat fəaliyyətinin səmərəliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə mövcud Təşkilat Strukturu əsasında və 01.02.2020-ci il tarixdə “xxxx” ASC-nin Prezidenti tərəfindən tətbiq olunmuş 994 ştat vahidindən ibarət X11 formalaşdırılması barədə əmr verilmişdir. İşdə olan “xxxx” MMC-nin direktorunun 211/8 №-li 25 sentyabr 2020-ci il tarixli əmrindən görünür ki, istehsalın səmərəliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçilər barədə obyektiv və əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. İşdə olan xxxx” MMC-də X3 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın 05 №-li 24 fevral 2021-ci il tarixli iclas protokolundan görünür ki, X12 və Avtomatika sexində mövcud ştatları X7 uyğunlaşdırmaq üçün 12 ştat vahidinin ixtisar edilməsi qərara alınmışdır. İşdə olan “xxxx” MMC-nin direktorunun “xxxx” MMC-nin HİK- sədrinə ünvanlandığı 04 mart 2021-ci il tarixli məktubdan görünür ki, X12 və Avtomatika sexində ştat vahidlərinin, həmin ştatlarda çalışan işçilərin sayının ixtisar edilməsi zərurəti yaranmışdır. Odur ki, həmin sexdə siyahıda qeyd olunan ştat vahidlərinin və həmin ştatda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsini müzakirə edərək, müvafiq qərar qəbul etməyiniz xahiş olunur. İşdə olan 01 mart 2021-ci il tarixli 72/Ş saylı əmrin surətindən görünür ki, “xxxx”MMCnin direktoru tərəfindən X12 və Avtomatika sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında əmrin 1.6-cı bəndinə əsasən X12 və Avtomatika sexində, Elektrik stansiyasının avtomatika və Ölçmə cihazlarını təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri ştatı və həmin ştatda çalışan İddiaçı ixtisar edilmişdir. İşdə olan “xxxx” MMC-nin direktoru tərəfindən İddiaçı göndərilmiş 26 fevral 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, tutduğu ştat ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. On ildən çox əmək stajı olduğu üçün orta əmək aylıq əmək haqqının azı iki misli miqdarında işdənçıxma müavinəti ödəniləcəkdir. İxtisasına uyğun iş yeri olmadığına görə başqa işə keçirilməmişdir. İşdə olan “xxxx” MMC Həmkalar İttifaqı Komitəsi iclasının 11 №-li 15 mart 2021-ci il tarixli protokolundan görünür ki, X12 və Avtomatika sexi üzrə siyahıda adları qeyd olunan 12 ştatın və həmin ştatlarda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilməsinə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşdə olan “xxxx” MMC-nin direktorunun 209/Ş №-li 03 may 2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, İddiaçı ilə bağlanmış, 29.12.2014-cü il tarixdə xxxxxxx000106 nömrəli bildiriş əsasında elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 03.05.2021-ci il tarixdə saat 12:19:13-də elektron informasiya sistemində xxxxxxx0001X0 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan “xxxx” MMC-nin 11 iyun 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 209/Ş №-li 03 may 2021-ci il tarixli əmrə əsasən əmək haqqı, son haqq-hesab və işdənçıxma muavinəti həmin tarixdə 1156,05 manat hesablanmış və ödənilmişdir. İşdə olan Mingəçevir şəhər Mərkəzi xəstaxana tərəfindən göndərilmiş İddiaçı adına tərtib olunmuş ambulator xəstənin tibbi kartasının surətindən görünür ki, İddiaçı 18.08.2012-ci il tarixdən Mingəçevir şəhər Endokrinoloji dispaserdə “Şəkərli diabet İİ tip, orta ağır forma” diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı 16.04.1982-ci il tarixdən 11.04.2016-cı il tarixədək “Azərbaycan DRES” də İstilk ölçü cihazları və Avtomatika sexində elektrik, 3-cü dərəcəli elektrik çılingəri, 4-cü dərəcəli elektrik çilingəri, 5-ci dərəcəli elektrik çilingəri və 6cı dərəcəli elektrik çilingəri vəzifələrində işləmişdir. «xxxx» MMC-nin direktorunun əmri ilə istehsalın səmərəliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçilər barədə obyektiv və əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmış, həmin komissiyanın qərarı və müəssisə Həmkarlar ittifaqı komitəsinin razılığı əsasında, xəbərdarlıq müddəti gözlənilməklə, 03 may 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71- ci maddənin 1 -ci hissəsinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Həmin Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İşə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarındandır. Həmin Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 2-ci bəndinə əsasən İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, şəhid ailəsinin üzvü olan, müharibə iştirakçısı olan, əsgər və zabit arvadı (əri) olan, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan və xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxsin və qaçqın statusu olan, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir: Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin, həmçinin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə və həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatı ixtisar edilməsi əsası ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən qanunvericilik ilə müəyyən edilmiş qaydada iddiaçını rəsmi qaydada xəbərdar etmiş, həmkarlar istifaqı təşkilatının razılığını almış, ididaçıya əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanı yaradılması məqsədi ilə işəgötürən tərəfindən bir iş günü əmək funksiyasının icrasından azad etmiş, həmçinin iddiaçıya işdənçıxarma müavinəti verilmişdir. Eləcə də, işçilərin ixtisarı zamanı iddiaçının işdə saxlanmağa heç bir üstünlüyü olmamışdır. Bundan başqa iddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər katekoriyasına aid olmamış, həmçinin onun əmək müqaviləsinin ləğv edilməsi zamanı qanunla qadağan olunan hallara istinad edilməmişdir. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulmamışdır. Bununla yanaşı, məhkəmə iddiaçının şəkərli diabet xəstəsi olmasına istinad edərərk, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması ilə bağlı dəlillərini əsaslı hesab etmir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Əmək Məcəlləsinin 79-cu maddəsində işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv olunması qadağan edilmiş, lakin həmin maddədə əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərin dairəsinə şəkərli diabet xəstəsi olan işçilər aid edilməmişdir. Göründüyü kimi əmək müqaviləsi işçilərin sayı və ştatların ixtisarı ixtisarı əsası ilə ləğv edilərkən, şəkərli diabet xəstəsi olan işçilərə münasibətdə heç bir üstünlük və imtiyaz qanunda nəzərdə tutulmamışdır. İddiaçının əmək müqaviləsinə də məhz şəkərli diabetlə xəstəsi olması səbəbinə görə deyil, işçilərin sayı və ştatların ixtisarı əsası ilə xitam verilmişdir. Belə olan halda iddiaçının istinat dəlillər əsaslı sayıla bilməz. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh “xxxx” MMC-nin direktoru tərəfindən 3 may 2021-ci il tarixdə verilmiş 209/Ş əmri qanuni və əsaslı olduğundan, iddiaçının əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh “xxxx” MMC-nin arasında başlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən, iddiaçının subyektiv hüququ pozulmadığına, digər tələblər üzrə iddia qaldırarkən isə iddiaçı subyektiv hüquqa malik olmadığına görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh “xxxx” MMC-nin direktoruna qarşı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair xxxx” MMC-nin direktoru X1 03.05.2021-ci il 209/Ş nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1147/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1147/2021
06.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver