Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1148/2024 04.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə xx.xx.1976-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Biri rəhmətə getmiş, digər uşağı isə yetkinlik yaşına çatmışdır. Aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahda olduqları dövrdə Mingəçevir şəhəri, C.Əliyev küçəsi, 14 saylı evin, 49 saylı mənzilini əldə etmişlər və ər-arvadın birgə mülkiyyəti hesab edilir. Buna baxmayaraq həmin mənzildə yaşaya bilmir. Belə ki, cavabdeh içki düşkünü olduğundan dəfələrlə onu döymüş, təhqir etmiş və hətta xəsarət belə yetirmişdir. Bu səbəbdən də evdən çıxaraq qohumlarının evində yaşamağa məcbur olmuşdur. Mənzilin açarını dəyişdiyindən mənzilə girib-çıxa bilmir. Bütün əşyaları mənzildə qalıb. Bundan əlavə qız nəvələri üçün aldığı cehiz əşyaları da həmin mənzildədir və onların cavabdeh tərəfindən satılıb və ya dağıdılmasından narahatdır. Artıq uzun müddətdir ki, mənzildə yaşaya bilmir. Evdə olan əşyaların necə olduğu onu narahat edir. Həmin mənzili və onun içində olan əşyaları zəhmətlə, pensiyası ilə alıb-yığmışdır. Cavabdehin isə o mənzildə heç bir əziyyəti yoxdur. Daimi olaraq Rusiyada yaşayıb və xəstə övladına belə tək-tənha olaraq özü baxmışdır. Cavabdehin hazırda yaşamağa ayrı yeri var və hazırda Mingəçevir şəhəri, Gəncə şossesində oğlu tərəfindən tikilmiş evdə yaşayır. O isə qapılarda qalmışdır və yaşamağa yeri belə yoxdur. ünvan 1 cavabdehin mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Odur ki, məhkəmədən iddianın təmin olunması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, iddiaçı mübahisəli mənzildən özü çıxıb Gəncəyə getmişdir. Onun tərəfindən iddiaçıya heç bir təzyiq edilməmişdir. İddiaçı özbaşına bu hərkəti etmişdir. Ona görə də o, hazırda iddiaçının mənzilə köçürülməsini istəmir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 60.14 kvadrat metr olan ünvan 2 ünvanında yerləşən mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 23 may 1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60.14 kvadrat metr olan üç otaqlı mənzil 1№-li Notariat kontorunun 22 may 1995-ci il tarixli müqaviləsi əsasında Cavabdeh verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-123/2024 saylı qətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.1976-cı il tarixdə Kəlbəcər rayon Abdullauşağı kənd icra nümayəndəliyində bağlanmış və 04 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması qət edilmişdir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh və X1 şəhəri, C.Əliyev küçəsi, ev 14, mənzil 49 ünvanında qeydiyyatdadırlar. İşdə olan 11 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciəti və Mingəçevir ŞPŞ-yə yazdığı ərizə əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh xx.xx.1976-cı il tarixdə Kəlbəcər rayon Abdullauşağı kənd icra nümayəndəliyində nikah bağlamaqla evlənmişlər. Tərəflər arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər nikahda olduqları müddətdə, yəni 22 may 1995-ci il tarixdə mübahisəli mənzil 1№li Notariat kontorunun müqaviləsi əsasında Cavabdeh verilmişdir. Həmin mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin mənzilin tərkib hissəsindən istifadə etmək imkanınindan məhrum olmuşdur. Belə ki, tərəflər arasında dəfələrlə ailədaxili mübahisələr yaranmış, bu səbəbdən də iddiaçı evdən çıxmışdır. Artıq uzun müddətdir iddiaçı mənzildə yaşaya bilmir. Hazırda iddiaçının yaşamağa başqa yaşayış yoxdur. İddiaçı mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli mənzilə münasibətdə mülki hüquq münasibəti 1995–ci ildən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisnin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfa aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən iddiaçının mübahisəli mənzildən istifadə hüququ əmələ gəlmişdir. Belə ki, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisidir, həmin mənzil tərəflər nikahda olduqlarımüddət ərzində, yəni 22 may 1995-ci il tarixdə əldə edilmişdir. Tərəflər arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı 1995–2023–cü illər ərzində fasiləsiz olaraq həmin mənzildə yaşamış və cavabdehlə birlikdə birgə təsərrüfatı idarə etmişdir. 11 iyul 2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan əsasən tərəflər arasında mübahisə 2023-cü il ərzində yaranmışdır. Ondan sonra iddiaçı yaranmış mübahisə səbəbindən öz iradəsinə zidd olaraq yaşadığı mənzildən çıxarılmışdır. Onun mübahisəli mənzildən istifadə etmək hüququ əmələ gəlmişdir. Ona görə də, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddiaçının iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş hallar üzrə kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə, mübahisəli mənzilin tərəflərin birgə nikahda olduqları zaman əldə edilməsini, iddiaçının həmin mənzildə fasiləsiz və etirazsız olaraq uzun müddət yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin mənzili özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında, mənzildən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı mübahisəli mənzilə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1148/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1148/2024
04.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver