Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-125/2024 29.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Üçüncü şəxs: Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaq və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı uşaq tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2011-ci il təvəllüdlü Əli adlı uşağının cavabdehdən alınıb ona verilməsi, xx.xx.2008-ci il təəllüdlü Fatimə və xx.xx.2011-ci il təvəllüdlü Əli adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təəllüdlü Fatimə və xx.xx.2011-ci il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. O, cavabdeh ilə bir müddət mehriban ailə şəraitində yaşamışlar. Lakin son dövrlər ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Ayrıldıqdan sonra qızı Fatimə onunla qalmış, oğlunu isə cavabdeh öz yanında saxlayır, ona vermir. Bu səbəbdən məhkəmədə hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Ona görə də iddianı əsaslı hesab edərək, xx.xx.2011-ci il təvəllüdlü Əli adlı uşağın cavabdehdən alınıb iddiaçıya verilməsi, həmçinin, xx.xx.2008-ci il təəllüdlü Fatimə və xx.xx.2011-ci il təvəllüdlü Əli adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin tutulması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Fatimə və xx.xx.2011-ci il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. İddiaçı ilə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətlərinin pozulması zəminində ayrılmışlar və ayrılarkən Əli adlı uşağı onun yanında qalmışdır. Hazırda Əli adlı uşağı onun yanında qalmasını istəyir. Hesab edir ki, o, iddiaçıdan fərqli olaraq uşağa daha yaxşı baxa bilər. Hazırda uşaq onun normal tərbiyəsi altında yaşayır. Valideyn kimi uşağının bütün zəruri ehtiyac və tələbatlarını qarşılayır, onun normal inkişafı, böyüməsi və təhsili üçün hər şəraiti yaradır. Bu baxımdan hesab edir ki, o, uşağın gələcəyini iddiaçıdan daha yaxşı təmin edə bilər. Ona görə də, iddianı uşaq tələbinə dair hissədə qəbul etmir və rədd edilməsini istəyir. İddiaçının aliment tələbini isə Fatimə adlı uşağına münasibətdə qismən qəbul edir. Həmçinin, nəzərə alınmalıdır ki, Əli adlı uşağına da o, baxır. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X2 izahatında göstərdi ki, məhkəmənin qəradadı qəyyumluq və himayəçilik orqanına daxil olduqdan sonra tərəflərin yaşayış yerini, həyat şəraitini müayinə edilmiş, belə qərara gəlmişlər ki, xx.xx.2011–ci il təvəllüdlü Əli adlı uşağın atası Cavabdeh himayəsində saxlanılması daha məqsədəuyğundur. Belə rəyə gələrkən uşağın yaşını, valideynlərdən hər birinə bağlılığını, gündəlik həyat tərzini, qidalanmasını nəzərə almışlar, əsasən uşağın mənafeylərini diqqətdə saxlamışlar. Həmçinin, Komissiya tərəfindən 10 yaşına çatmış uşağın sərbəst fikrini bildirmək üçün şərait yaradılmış və Əli adlı uşaq atasının himayəsində qalmaq istədiyini bildirmişdir. Hazırda da Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası rəydə göstərilənləri müdafiə edir. Hesab edir ki, rəy əsaslıdır, hər iki valideynin və xüsusən də uşağın mənafelərinə uyğundur. Odur ki, rəydə göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsinin tələbləri rəhbər tutulmaqla dindirilmiş xx.xx.2011–ci il təvəllüdlü Əli adlı uşaq izahatında atası Cavabdehla birlikdə yaşamaq istədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, xx.xx.2011–ci il təvəllüdlü Əli adlı uşağın izahatını, işdə olan sənədləri, qəyyumluq və himayəçilik orqanının rəyini və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Yevlax rayon Aşağı Bucaq kənd İ.Ə.D üzrə nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 36 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2008-ci il təəllüdlü Fatimə və xx.xx.2011-ci il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli rəydən və həmin rəyə əlavə olunmuş sənədlərdən görünür ki, komissiya tərəflərin həyat və yaşayış şəraitini müayinə etmiş və nəticədə belə qərara gəlmişdir ki, tələb olunan Əli adlı uşağın atası Cavabdeh yanında qalması daha məqsədə müvafiqdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2006–ci ilin noyabr ayında ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təəllüdlü Fatimə və xx.xx.2011-ci il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. Tərəflər ailə daxili narazılıqlar zəmnində ayrılmış, ayrılarkən Əli adlı uşaq cavabdehin, Fatimə adlı uşaq isə iddiaçının himayəsində qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia uşaq tələbinə dair hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4–cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşğın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Həmin Məcəllənin 60.1–ci maddəsində qeyd edilmişdir ki, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinin 5–ci hissəsində göstərilmişdir ki, uşaqlarla qəddar rəftar, onlara qarşı psixi zor tətbiq edilməsi, uşaqların hüquqlarının pozulması digər şəxslərlə bərabər, hətta uşağın valideyninə də qadağan edilmiş və bunun müxtəlif növ məsuliyyətə səbəb ola biləcəyi ifadə olunmuşdur. Milli və beynəlxalq qanunvericilik aktlarının əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, uşağın valideynlərdən hansının yanında yaşamasını həll edərkən məhkəmə ilk növbədə uşağın mənafelərini əsas götürməlidir. Uşağın mənafelərinin pozula biləcəyi yerdə valideynin hansı imkana malik olmasının və uşaq üçün hansı şərait yarada biləcəyinin heç bir əhəmiyyəti yoxdur. Məhkəmə, xx.xx.2011–ci il təvəllüdlü Əli adlı uşağın mənafelərini, yaşını, təhsilini, o cümlədən valideynlər barədə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, uşağın Cavabdeh yanında qalması uşağın qanuni manafelərinə daha yaxşı cavab verir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı əri ilə ayrılarkən Əli adlı uşaq öz istəyi ilə cavabdehin yanında qalmışdır. Ötən dövr ərzində uşaq ana qayğısından uzaqda atanın yanında böyümüş və o, ata yanında bir ailədə formalaşmışdır. Belə olan halda isə onun birdən–birə atasından alınıb iddiaçıya verilməsi uşağın mənafeyinə, mənəvi və psixoloji vəziyyətinə uyğun deyildir. Məhkəmə həmçinin, bu nəticəyə gələrkən Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli rəyini, habelə, rəydəki nəticəyə gələrkən komissiyanın tərəflərin hər birinin həyat və yaşayış şəraitini müayinə etməsini, xüsusən uşağın məhkəmə iclası zamanı sərbəst verdiyi izahatında göstərilənləri də nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, iddia Əli adlı uşağın cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində əsaslı olmadığından rədd edilməlidir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən təmin olunmalıdır. Belə ki, iddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda aliment alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə və iddiaçının himayəsində qalmış Fatimə adlı uşağa münasibətdə qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumu uşaqlar üçün 234 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə Fatimə adlı azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçının nümayəndəsi məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM–nin 106.1–ci madədsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən tutulub ona ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiyaya çəkilmiş xərc tam məbləğində cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü Fatimə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-125/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-125/2024
29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver