Məhkəmə qərarları › İş №2(051)-1262/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1262/2021

15.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1262/2021 15.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “1 stavka-18 saatdan az olmayan dərs yükü ilə təmin edilmə” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və X5 Liseydə ingilis dili müəllimi kimi 1 stavka- 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs 2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstutunu Gəncə fillialını ingilis dili müəllimi ixtisasıüzrə bitirmişdir. Ali məktəbi bitirdikdən sonra 16.09.2013-cü ildə Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və X5 Liseyə liseyin direktorunun 128№-li əmri ilə X14 rəhbəri (UBTR) vəzifəsinə təyin olunmuş və onunla liseyin direktoru arasında 16.09.2013-cü il tarixli UBTR və müəllim vəzifələrinə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşlədiyi müddətdə ingilis dili müəllimi kimi 11-ci (on birinci) ödəniş dərəcəsi ilə əmək haqqı almışdır. Liseyin direktorunun 29.09.2013-cü il tarixli 151 №li əmri ilə UBTR vəzifəsindən azad edilərək ingilis dili müəllimi kimi əmək funksiyasını davam etdirmişdir. Lakin liseyin direktorunun 14.06.2017-ci il tarixli 58 saylı əmri ilə heç bir qanuni əsas olmadan Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən (tərəflərin iradəsindən asıl olmayan hallar) 14.02.2017-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra o, işə bərpa tələbinə dair məhkəmədə iddia qaldırmış və Mingəçevir şəhər Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(051)-3819/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Liseyin direktorunun 14.06.2017-ci il tarixli 58 saylı əmrinin etibarsız hesab edilməklə ləğv edilməklə ləğv edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Liseyin direktorunun 18 sentyabr 2017-ci il tarixli 103 №-li əmri ilə öz vəzifəsinə - ingilis dili müəllimi vəzifəsinə bərpa edilmişdir. İşdən azad edilməmişdən əvvəl onun 2014- 2015-ci dərs ilində 20 saat, 2015-2016-cı dərs ilində 18 saat, 2016-2017-ci dərs ilində 12 saat dərs yükü olmuşdur. Məhkəmə qətnaməsi ilə bərpa edildikdən sonra 2017-2018-ci dərs ilində 12 saat dərs yükü ilə təmin edilmişdir. Lakin 2018-2019-cu dərs ilində və sonrakı dərs illərində, hal-hazıradək ona cəmi 6 saat dərs verildi. Halhazırda əmək haqqı 142,98 manatdır. Bu isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından çox azdır. O, tam dərs yükü ilə təmin edilməyini məktəb direktorundan xahiş etmiş və o bildirmiş ki, növbəti dərs ilində tam dərs yükü ilə təmin edilməyinə çalışacaq, lakin təmin etməmişdir. 6 saat dərs yükü ilə təmin olunmamağını isə rəhbərlik onunla əsaslandırır ki, MİQ-dən (müəllimlərin işə qəbulu) və diaqnostik qiymətləndirmədən keçməmiş, buna görə də tam dərs yükü ilə təmin edə bilmir. Liseydə ondan başqa 8 nəfər də ingilis dili müəllimi var və onların dərs yükü 1 stavka-18 dərs yükündən kifayət qədər çoxdur. Həmin müəllimlər 34 (üç nəfər), 32 (bir nəfər), 27 (iki nəfər), 15 (bir nəfər) saat dərs yükü ilə təmin olunublar. O, 29.11.2013-cü il tarixdən müddətsiz əmək müqaviləsi ilə ingilis dili müəllimi işləyir və belə olan halda qanunvericiliyə müvafiq olaraq MİQ-dən keçməli deyil, diaqnostik qiymətləndirmədə iştirakını təmin etmək isə cavabdehin üzərinə düşür. Ona görə də məhkəmədən İddiaçı Mingəçevir şəhər Təbiət-Riyaziyyat və X5 Liseydə ingilis dili müəllimi kimi 1 stavka-18 saatdan az olmayan dərs yükü ilə təmin edilməyinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və qanuna müvafiq qətnamənin çıxarılmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsaslıdır. İşə əlavə edilmiş B seriyalı, 170627 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 25 iyun 2010-cu ildə Azərbaycan Müəllimlər İnstutunu Gəncə fillialının “Filologiya xarici dil (ingilis dili)” fakültəsini bitirmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və X5 Lisey tərəfindən verilmiş 26 may 2021-ci il tarixli 119 №-li arayışdan görünür ki, İddiaçı 2013-cü ildən hal-hazıradək Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və X5 Liseydə ingilis dili müəllimi işləyir və hal-hazırda dərs yükü 6 saatdır. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı lisey üzrə 16.09.2013-cü il tarixli 107 №-li əmrlə Mingəçevir TR və HET Liseyində işə qəbul olunana kimi əmək stajı almamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq X19 vəzifəsinə qəbul edilmişdir. Lisey üzrə 19.11.2013-cü il tarixli 151 №-li əmrlə Azərbaycan Respublikası ƏM-in 69-cu maddəsinin 3-cü bəndinə uyğun başqa işə keçməsi ilə bağlı lisey üzrə UBTR-i vəzifəsindən azad edilmiş və liseydə ixtisası üzrə müəllim saxlanmışdır. Lisey üzrə 14 iyun 2017-ci il tarixli 58 №-li əmrlə Azərbaycan Respublikası ƏM-in 68 “d” bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmadan) və “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, yerdəyişməsi Qaydalarına zidd olaraq, (MİQ-dən keçmədiyinə görə) liseyin ingilis dili müəllimi vəzifəsindən azad edilmişdir. Lisey üzrə 18 sentyabr 2017-ci il tarixli 103 №-li əmrlə Mingəçevir Şəhər Məhkəməsinin 21.08.2017-ci il tarixli 2(051)-3819/2017 nömrəli Qətnaməsinə əsasən 14 iyun 2017-ci il tarixdən öz işinə bərpa edilmiş və liseydə ixtisası üzrə müəllim saxlanmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və X5 Liseyin ingilis dili müəllimlərinin dərs yükü haqında sənəddən görünür ki, X9, X6 və X10 adlı müəlimlər 34 saat dərs yükü, X7 adlı müəllim 32 saat dərs yükü, X4 adlı müəllim 27 saat dərs yükü, X11 və X12 adlı müəllimlər 26 saat dərs yükü, İbrahimova Ziyəddin qızı adlı müəllim 15 saat dərs yükü və İddiaçı isə 6 saat dərs yükü ilə təmin olunmuşlar. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(051)-3819/2017 nömrəli Qətnaməsindən görünür ki, İddiaçı Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və X5 Liseyin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 14.06.2017-ci il tarixli 58 saylı əmr etibarsız hesab edilməklə ləğv edilmiş, İddiaçı işə bərpa edilməsi, İddiaçı 14.06.2017-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları (bundan sonra mətndə Qaydalar) Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir (Qaydaların 1.2-ci bəndi). «Qaydalar» Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı sərəncamına və həmin «Qaydalar»ın 1.1-ci bəndində sadalanan digər səlahiyyətli orqanların normativ aktlarına uyğun olaraq hazırlanmışdır. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamına, 23 avqust 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Həmin «Qaydalar»ın 5.2-ci bəndinə əsasən işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. İşin faktiki hallarından göründüyü kimi iddiaçı işə götürülərkən işəgötürən «Qaydalar»ın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar 16.09.2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlamış, sonradan 14.06.2017ci il tarixli 58 №li əmri ilə əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(051)-3819/2017 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə Təbiət-Riyaziyyat və X5 Liseyin ingilis dili müəllimi vəzifəsinə bərpa olunmuşdur. Göründüyü kimi, «Qaydalar»ın 4.1-ci bəndinə görə işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Belə olan vəziyyətdə cavabdeh iddiaçıya müsabiqədən kənar işə qəbul olunduğu üçün diaqnostik qiymətləndirməyə buraxmamaqda haqlı deyildir. Çünki, sözügedən «Qaydalar»ın 5.2-ci bəndi buna imkan vermir. Belə ki, orada göstərilmişdir ki, işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Məhkəmə cavabdehin «Ümumi Təhsil Müəssislərində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması» Qaydalarının 5.5-ci bəndinə istinad etməsi ilə də razılaşmamışdır. Belə ki, həmin bənddə diaqnostik qiymətləndirmədə iştirak edərək hər-hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün (6 saat) müəyyənləşdirilməsindən söhbət gedir ki, bunun da iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə ki, o, ümumiyyətlə yuxarıda göstərilən səbəbdən diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Həmin “Qaydalar”ın 7.2-ci bəndinə əsasən yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək heyət haqqında məlumatın www.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirmənin məqsədinin heyətə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar. Həmin “Qaydalar”ın 7.3-cü maddəsinə əsasən yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda heyətin diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Məhkəmə, həmçinin bunu da qeyd edir ki, Təhsil Nazirliyinin 04.08.2017-ci il tarixli, 236/1 №li əmri ilə təsdiq edilmiş «Qaydalar» AR Təhsil Nazirinin 04.10.2019cu il tarixli F-595 saylı Əmri ilə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 2019-cu il tarixli 397 № li əmri ilə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü-18 saat müəyyən edilmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara maddi və prossesual hüquq normalarının tələbi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı Əhmədova X2 şəhəri Təbiət- Riyaziyyat və X5 Liseydə ingilis dili müəllimi kimi 18 (on səkkiz) saatdan az olmayan dərs yükü ilə təmin edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Əhmədova X2 şəhəri Təbiət-Riyaziyyat və X5 Liseydə ingilis dili müəllimi kimi 1 stavka 18 (on səkkiz) saatdan az olmayan dərs yükü ilə təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar