Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1289/2025 29.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi (Maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı mənzilinin ərizəçinin yəni, Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə ərizəçinin adına verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxışı zamanı ərizəçi “ərizənin dəqiqləşməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı mənzilinin ərizəçinin yəni, Ərizəçi tərəfindən bütöv şəkildə qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 17 iyun 2010-cu il tarixdə X7 ilə nikahlarını rəsmi qaydada qeyd etməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından uşaqları doğulmamışdır. Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı mənzili mərhum əri X4 mülkiyyətində olmuşdur. Bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X10 28 mart 2024-cu il tarixdə vəfat etmişdir. Belə ki, onun ərinin yeganə varisi ərizəçidir. Bu hal Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışla da öz təsdiqini tapmışdır. Bundan sonra o Notariat Kontoruna müraciət etmiş və mərhum ərindən miras qalmış əmlakı ərizəçi özü qəbul etmək istəmişdir. Ancaq Notariat Kontorundan ona mirasın qəbul edilməsi faktının müəyyən olunmasından ötrü məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Hazırda qeyd olunan mənzildən ərizəçi özü istifadə edir. Ərindən miras qalmış əmlakı başqa yolla əldə edə bilmir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəməyə xahiş edir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı ərizəni müdafiə edərək göstərmişdir ki, ərizəçi X7 ilə xx.xx.2010-cu il tarixdə evlənmişlər. Birgə nikahdan uşaqları doğulmamışdır. Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı mənzilinin mərhum ərinin mülkiyyətində olmuşdur. Bu barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Ərizəçinin əri 28 mart 2024-cü il tarixdə vəfat etmişdir və onun yeganə varisi ərizəçidir. Bu hal Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışla öz təsdiqini tapmışdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı maraqlı şəxs Mingəçevir regional “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onların iştirakı olmadan baxılmasını, qanununamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan “ölüm haqqında şəhadətnamənin” notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ilkin lokalizasiyası naməlum bədxassəli yenitörəmə səbəbindən vəfat etmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə Ərizəçi nikahları xx.xx.2010-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 17 nömrə ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********72-05101-093041 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı mənzili üzərində X4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X7 barədə xx.xx.2024-cü il tarixədək aparılmış yaxın qohumlar barədə məlumatlar aşağıdakı kimidir: arvadı Ərizəçi İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 496 №li məktubdan görünür ki, miras əmlaka dair bütöv şəkildə ərizəçinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı mənzil üzərində X4 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs təsdiq olunmuş çıxarışdan görünür ki, Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı mənzil üzərində təsdiq edilmiş X4 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 tərəfindən X5 bağışlamışdır. İş materiallarına əlavə xx.xx.2025-ci il tarixli, 7№li aktdan görünür ki, Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən, 14 saylı evin, 46 saylı mənzil X5 məxsus olduğu aşkar edilmişdir, xx.xx.2024-cü il tarixdə vəfat etmiş, lakin mərhum rəhmətə gedənə kimi arvadı Ərizəçi ilə birgə yaşamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçi ilə mərhum X7 xx.xx.2010-cu il tarixdə nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından uşaqları doğulmamışdır. X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhum X3 Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı mənzil miras qalmışdır. X2 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı Ərizəçi daxil olmuşdur. Mərhumun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan Ərizəçi xx.xx.2025-ci il tarixdə mərhum X3 miras qalmış əmlakı qəbul etmək barədə Notariat Ofisinə ərizə vermişdir. Belə ki, onun mərhum X4 vərəsəsi Ərizəçi olmuşdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı mənzil üzərində X4 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin mənzili X5 Mingəçevir regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində təsdiq edilmiş xx.xx.2014cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X8 tərəfindən bağışlanmışdır. Ərizəçi isə həmin əmlakın miras əmlak kimi yalnız onun tərəfindən qəbul edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, mərhum X7 xx.xx.2024–cü il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, mərhum X3 Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı mənzil miras qalmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, mərhum X2 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsəsi dairəsinə arvadı Ərizəçi daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə mərhum X3 miras qalmış əmlak hal-hazırda qanun üzrə birinci vərəsəsi olan arvadı Ərizəçi tərəfindən miras əmlakı faktiki qəbul etmiş və başqa qanun üzrə vərəsə (Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışına əsasən) aşkar edilməmişdir. Məhkəmə mübahisənin qanunamüvafiq şəkildə həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Miras qoyan X4 birinci növbəli qanun üzrə vərəsəsi olan Ərizəçi həm miras qoyanın sağlığında, həm də onun ölümündən sonra miras əmlaka daxil olan mənzildə yaşamışdır, həmçinin miras əmlaka sahiblik və onu idarə etməklə miras əmlakın faktiki qəbul edilməsinə yönələn hərəkətləri həyata keçirmişdir. Yəni ərizəçi qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, mübahisəli əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə miras əmlakı faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 2014-cü il 18 iyul tarixli və A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli qərarlarında, eləcə də “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında ehtiva olunmuş hüquqi mövqeyə görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri– müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, ərizəçi birinci növbəli vərəsə miras əmlakı formal yolla qəbul etmişlər. Belə ki, onlar mərhum X3 miras qalmış Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı yerləşən mənzildən təyinatına uyğun olaraq istifadə etməklə sahibliyi həyata keçirmiş, Ərizəçi həmin miras mülkün qorunub saxlanmasını və abadlaşdırılmasını təmin etməklə mirası faktiki idarə etmişdir. Belə ki, sonradan Notariusa müraciət etmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı yerləşən mənzil mərhum X4 tam mülkiyyətində olmuş, mərhum X6 məxsus mənzil miras toplusuna daxil edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X1 üzrə birinci növbəli vərəsəsi kimi tanınmalı, mərhum X3 miras qalmış, Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı yerləşən mənzilin Ərizəçi tərəfindən bütöv şəkildə miras əmlak kimi qəbul edilməsi faktımüəyyən edilməlidir. Odur ki, Ərizəçi “mirasın qəbul edilməsi” faktının müəyyən edilməsi tələbinə dair ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mərhum X7dan miras qalmış, Mingəçevir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən 14 saylı evin 46 saylı yerləşən mənzilin bütöv şəkildə Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1289/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1289/2025
29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver