Məhkəmə qərarları › İş №2(051)-1313/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1313/2021

22.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1313/2021 22.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X3 Cavabdeh: "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “Əmrin etibarsız hesan edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əhmədova Aidə əyyad qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 1. "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 30 avqust 2019 tarixli, 201 k saylı əmrinin etibarsız sayılması, 2. "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 02 iyul 2021-ci il tarixli 67K saylı əmrinin etibarsız sayılması, onun işə bərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, O, 30 sentyabr 1992-ci ildən Kanalizasiya İdarəsinin PETS-nə elektrik avadanlıqlarıüzrə usta vəzifəsinə təyin olunmuşdur. 01 mart 1994-cü ildən aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Sonradan Mingəçevir şəhər İcra Hakimiyyətinin 24 mart 1996-cı il tarixli Sərəncamına əsasən Kanalizasiya İdarəsinin ləğv edilməsi ilə əlaqədar 01 aprel 1996-cı il tarixdən İKT-nın İstehsalat Biriliyinin kanalizasiya sahəsi üzrə böyük mexanik, daha sonra baş mexanik vəzifəsinə təyin olunmuşdur. 01 dekabr 1999-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin 164 saylı 24.10.1999-cu il tarixli əmrinə əsasən “Su-Kanalizasiya” İdarəsinə keçirilmişdir. 01 dekabr 1999-cu ildə “Su-kanal müəssisəsinə köçürmə yolu ilə baş mexanik vəzifəsinə təyin olunmuşdur. 03 mart 2000-ci ildən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MKTK-nın 193 saylı 23.12.1999-cu il tarixli əmrinə əsasən “kanalizasiya” idarəsinə keçirilmiş və həmin tarixli əmrlə köçürülmə yolu ilə baş mexanik vəzifəsinə, 04 yanvar 2002-ci ildə isə Kanalizasiya idarəsinin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. Həmin tarixdə Su-kanalizasiya Təsərrüfatı İdarəsinin çilingər sahəsinə sahə rəisi və başqa vəzifələrdə çalışmışdır. 01 yanvar 2014-cü ildən isə Mingəçevir Su-kanal İdarəsi "xxxx" ASC birbaşa tabeliyinə verildiyindən həmin tarixdən Su-kanalizasiya şəbəkələrinin və quğularının istismarı sahəsinin rəisi müavini vəzifəsinə təyin edilmişdir. 01 moyabr 2016-cı il tarixdə "xxxx" ASC-nin əmrinə əsasən Mingəçevir Su-Kanal İdarəsinin Cəmiyyətinin strukturundan çıxarılaraq Birləşmiş Sukanal MMC-nin tərkibinə daxil edildiyindən 01 yanvar 2017-ci ildən əmək müqaviləsində edilmiş dəyişikliyə əsasən Su və kanalizasiya şəbəkələrinin istisamarı və qəza-bərpa sahəsinin rəisi müavini vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasına daxil edilmiş 30 avqust 2019-cu il tarixli, 201K saylı əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə onunla əmək müqaviləsi ləğv edilmişdir. Halbu ki, onun belə bir əmrdən xəbəri olmamışdır. Əmrin məzmunundan isə əmək kitabçasını aldıqdan sonra xəbərdar olmuşdur. 2019-cu ilin yay aylarında idarələrinə Maarif Məmmədov rəis təin edilmişdir. O təyin edildikdən təxminən 1 ay sonra işçilərə bildirmişlər ki, idarədə struktur dəyişikliyi olur, bununla əlaqədar hər kəs işdən azad olunub, yeni idarə ilə əmək müqaviləsi bağlayacaqlar. 02 sentyabr 2019-cu ildə idarə rəhbərliyi ilə onun arasında, o cümlədən digər işçilərlə əmək müqaviləsi bağlandı. Hətta onlara bildirmişlər ki, əvvəlki idarə ləğv olunduğundan son haqq-hesabda veriləcəkdir və həmin son haqq-hesabı da o, 2019-cu ilin sentyabr ayında almışdır. 03 dekabr 2019-cu ildə isə işəgötürən onun vəzifəsinin usta vəzifəsinə keçirilməyi barədə ondan ərizə almış. Bildirmişlər ki, rəis müavini ştatı ixtisara düşür, razılıq verməsə işsiz qalacaq. O da razılaşmışdır. 24 may 2021-ci il tarixdə Mingəçevir Sukanal İdarəsindən ona məktub ünvanlanmışdır. Məktubun məzmunu bu şəkildə olmuşdur: Nəzərinə çatdırır ki, onunla "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsi arasında bağlanmış əmək müqaviləsinin müddəti 02 iyun 2021-ci il tarixdə bitir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən onunla bağlanmış əməmk müqaviləsinə 02 iyun 2021-ci il tarixdə xitam veriləcəkdir”. Məktubu aldığı günün sabahı gün isə İdarədən 02 iyun 2021-ci il tarixli 67-K saylı əmri dəftərxana vasitəsilə almışdır. Həmin gün iş yerindən əmək kitabçasını götürərkən ona məlum olmuşdur ki, müdriyyət onun xəbəri olmadan 30 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsinin ləğv edilməsi barəsində qeyd aparmışdır. Həmin əmrin surətini o almamışdır. O, başqa bir işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Onunla 02 sentyabr 2019-cu tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmamışdır. O həmin idarədə daimi işlədiyindən heç bir halda onunla bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə razılıq verməzmiş və verməmişdir də, Əmək kitabçasında da onun bağlanmış əmək müqaviləsinə əsasən su və kanalizasiya sistemlərinin istismarı sahəsinin rəisi müavini vəzifəsinə təyin edilməyi qeyd olunmuş, həmin əmrdə onun müvəqqəti işləməyi barədə hər hansı bənd yoxdur. Hesab edir ki, idarədə olan struktur dəyişikliyi ilə əlaqədar vəzifələrinin adının dəyişdirilməsi ilə əlaqədar işəgötürənin onu müvəqqəti işəqəbul etməsi qanunsuzdur. Digər tərəfdən müdriyyətin başqa işəgötürənlə əmək müqaviləsi bağlanması əsası ilə onunla bağlanmış müqavilənin ləğv edilməsi barədə qəbul etdiyi əmr qanunsuzdur. Ona görə də məhkəmədən 1. "xxxx" ASC "xxxx" MMCnin “Mingəçevir Sukanal” İdarəsinin 30 avqust 2019 tarixli, 201 k saylı əmrinin etibarsız sayılması, 2. "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 02 iyul 2021-ci il tarixli 67K saylı əmrinin etibarsız sayılması, onun işə bərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin direktoru X2 iddianı qəbul etdi və məhkəmə iclasında izahatında göstərmişdir ki, İddia ərizəsini qanunsuz və əssasız hesab edir. Belə ki, Nazirlər Kabinetinin 12 oktyabr 2016-cı il tarixli, 410 saylı, 29 iyul 2019-cu il tarixli 328 saylı Qərarları "xxxx" ASC-nin 01.11.2016-cı il tarixli, 467 saylı əmri ilə "xxxx" ASC-nin tabe idarələrində struktur dəyişikliyi olmuşdur. Qərarın icrası ilə əlaqədar digər Sukanal İdarələrinin işçiləri o cümlədən Mingəçevir Sukanal İdarəsinin işçilərinin əmək müqaviləsinə xitam verilmiş və yeni əmək müqaviləsi bağlanmaqla yenidən işə qəbul olunmuşdurlar. İddiaçılə 01.06.2011 -ci ildə 133 saylı əmək müqaviləsi bağlanmışdır.29.08.2019-cu il tarixində İddiaçı ərizə yazaraq əmək müqaviləsinin 30 avqust 2019-cu il ləğv olunmasını xahiş etmişdir. Ərizə həmin gün qeydiyyata alınmışvə bu barədə Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019-cu il tarixli, 201-k saylı əmrinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” 31.08.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır.İddiaçı 30.08.2019-cu il tarixində 02.09.2019-cu il tarixində su və kanalizasiya sistemlərinin istismarı sahəsinin rəis müavini vəzifəsinə təyin olunması barədə ərizə yazmışdır. Ərizə həmin gün qeydiyyata alınmışvə bu barədə Mingəçevir Sukanal İdarəsinin 02 sentyabr 2019-cu il tarixli, 325-k saylı əmrinə əsasən əmək müqaviləsi bağlanmışdır. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” 04.09.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. Həmin əsaslara görə İddiaçılə 529 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinin 2.3-cü hissəsində 3 aylıq müddətə bağlanması qeyd olunmuşdur. Əmək müqaviləsinin sonuncu səhifəsində “Əmək müqaviləsinin bir nüsxəsi mənə təqdim olundu” hissəsinə imza etməklə əmək müqaviləsinin bir nüxsəsini almağını təsdiq etmişdir. İşçi 03.12.2019-cu il tarixində su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 9-cu dərəcə ilə 03.12.2019-cu il tarixindən usta vəzifəsinə təyin olunmasına dair ərizə yazmışdır. Ərizə həmin gün qeydiyyata alınmışvə bu barədə Mingəçevir Sukanal İdarəsinin 03 dekabr 2019-cu il tarixli, 443-k saylı əmrinə əsasən işçi işə qəbul olunmuşdur. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” 03.12.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. Həmin əsaslara görə İddiaçılə 529 nömrəli müddətli əmək müqaviləsinə 529/D-1 -li və 529/D-2-İİ dəyişiklikər edilmişdir. 03.12.2019-cu il tarixli, 529/D-1 -li əmək müqaviləsinə edilmiş dəyişiklikdə usta vəzifəsinə keçməsi qeyd olunmuş və İddiaçı Əmək müqaviləsinin sonuncu səhifəsində “Əmək müqaviləsinin bir nüsxəsi mənə təqdim olundu’’ hissəsinə imza etməklə əmək müqaviləsinə dəyişikliyin bir nüxsəsini almağını təsdiq etmişdir. 02.12.2019-cu il tarixli, 529/D-2-İİ dəyişikdə isə əmək müqaviləsinin 3 ay müddətinə bağlanması qeyd olunmuş və İddiaçı Əmək müqaviləsinin sonuncu səhifəsində “Əmək müqaviləsinin bir nüsxəsi mənə təqdim olundu” hissəsinə imza etməklə əmək müqaviləsinə dəyişikliyin bir nüxsəsini almağını təsdiq etmişdir.İşçi ilə işəgötürən arasında əmək müqaviləsi 2 nüsxədən az olmayaraq tərtib olunmaqla yazılı formada bağlanılır, tərəflərin imzası (işəgötürən hüquqi şəxs olduqda - möhürü ilə də) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır Dəyişiklikdən işçinin əmək müqaviləsinin 3 aylıq müddəti 2021 -ci il mart ayının 2-nə kimi olmuş lakin, hər iki tərəfin razılığına əsasən növbəti 3 ay üçün uzadilmişdir. Tərəflərdən biri yəni Mingəçevir Sukanal İdarəsi 24 may 2021-ci il tarixində İddiaçı “əmək müqaviləsinin müddətinin bitməsi” ilə əlaqədar əmək müqaviləsinə 02.06.2021-ci il tarixindən xitam verilməsi barədə xəbərdarlıq məktubu təqdim etmişdir. İşçi məktubu almaqdan imtina etmiş, bu barədə akt tərtib olunmuşdur. Xəbərdarlıq məktubu işçinin ünvanına poçt vasitəsilə göndərilmişdir. Mingəçevir Sukanal İdarəsinin 02.06.2021-ci il tarixli, 67-k saylı əmri ilə əmək müqaviləsinə xitam verilmiş və həmin gün əmr əmək kitabçası ilə birlikdə İddiaçı təqdim olunmuşdur. Rəsmi sənədlərlə də sübut olunur ki, əmək qanunvericiliyin tələblərinə əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etsədə, qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bildirişdən görsənir ki, işçinin əmək müqaviləsi müddətli bağlanıb. Əmək müqaviləsinin bitmə tarixi qeyd olunduğunda da aydın olur ki, işçi 3 aylıq əmək müqaviləsi bağlamışdır. Müddətli əmək müqaviləsində tərəflər müqavilə bağlayarkən əmək münsibətlərinin müddətli xarakter daşıdığını əvvəlcədən bildiyindən əlavə olaraq hər hansı xəbərdarlığın edilməsi nəzərdə tutulmur. Müqavilə müddəti bitdikdən sonra bir həftəlik müddət ərzində də əmək müqaviləsinə (73 maddə) bəndinə əsasən xitam verilə bilər. Əmək qanunvericiliyini nəzərə alaraq hesab edirik ki, İddiaçı öz razılığı ilə işəgötürənlə müddətli əmək müqaviləsi bağlamış, əmək müqaviləsinin surətini alması barədə əmək müqaviləsində qeydiyyat aparmışdır. Yəni onun əmək müqaviləsinin müddətli bağlanmasından məlumatı olmuşdur və müddətli əmək müqaviləsi bağlamağa iddiaçını heç kim məcbur etməmişdir. Müddətli əmək müqaviləsi bağladıqdan sonra əmək münasibətlərini davam etdirdiyindən buna işçinin heç bir narazılığı olmamışdır. İşçinin hər hansı hüququnun pozulduğu hazırda iddia edilə bilməz. Hazırkı əmrdən isə narazı olan işçiyə bildirilir ki, müddətli əmək müqaviləsində müddətin qurtarması ilə bağlı verilmiş əmr əmək qanunvericiliyinə əməl olunmaqla icra edilmişdir. Belə ki, qanunla nəzərdə tutulmuş müddətdə işçiyə xəbərdarlıq olunmuş və bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun iddiaçıya çatdırılmışdır. İşçinin iradəsi əleyhinə işəgötürən tərəfindən heç bir qanunsuz addım atılmamışdır. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçı, iddia ərizəsini məhkəməyə 2021 -ci ilin iyul ayında təqdim etmişdir. Əmək müqaviləsinin surətini isə 02 sentyabr 2019-cu il tarixində almaqla müqavilədə qeydiyyat aparmışdır. Bundan əlavə, 02.12.2019-cu ildə əmək müqaviləsinə dəyişikliyiə imza etməklə qəbul etmişdir. Həmin vaxtdan isə nəinki ay hətta il keçmişdir. İddiaçı 3 aylıq müqavilə bağlanmasını hüququnun pozulduğunu hesab edirsə müqavilə 02 sentyabr 2019-cu ildə bağlanmış və işçi əmək münasibətlərini heç bir narazılığı olmadan davam etdirmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” İddiaçının ərizədə göstərdiyi hallar həqiqətə uyğun deyildir və onların heç bir hüquqi əsası yoxdur. Ona görə də məhkəmədən İddiaçı Zakir oğlunun “işə bərpa tələbi”nə dair iddia tələbi üzrə icraata iddia müddətini tətbiq edəsiniz və iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş əmək kitabçasının sürətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 30.11.1992-ci il tarixli 97/k nömrəli əmrlə “Kanalizasiya” idarəsində həmin tarixdən ETSnə elektrik avadanlıqları üzrə usta təyin olunmuşdur. 01.03.1994-cü il tarixli 17/um nömrəli əmrlə aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. 15.06.1994-cü il tarixli 56/um nömrəli əmrlə baş mexanik vəzifəsinə keçirilmişdir. 01.04.1996-cı il tarixli 6/k Mİngəçevir şəhər icra hakimiyyəti 24.03.1996-cı il tarixli 277 saylı sərəncamına əsasən kanalizasiya idarəsinin ləğv edilməsi ilə əlaqədar MKT istehsalah birliyinin kanalizasiya sahəsi üzrə böyük mexanik keçirilmişdir. 29.11.1999-cu il tarixli 71/k əmrlə Azərbaycan Repsublikası Nazirlər kabinetinin yanında Mənzil- Kommunal təsərrüfatı komitəsinin 164 saylı 29.10.1994-cü il tarixli əmrinə əsasən “Su- Kanalizasiya İdarəsinə” köçürülmüşdür. 01.12.1999-cu il tarixli 100/k nömrəli əmrlə Sukanalizasiya müəssisəsinə köçürmə yolu ilə baş mexanik vəzifəsinə tin olunmuşdur. 03.01.2000-ci il tarixli 02/k nömrəli əmrlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında MKTK-ın 193 saylı 23.12.1999-cu il tarixli əmrinə əsasən “Kanalizasiya” İdarəsinə keçirilmişdir. İşə əlavə olunmuş əmək kitabçasının sürətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 03.01.2000-ci il tarixli 02-k nömrəli əmrlə Kanalizasiya Təsərrüfatı İdarəsinə ıöçürmə yolu ilə baş mexanik vəzifəsinə təyin edilmişdir. 04.01.2000-ci il tarixli 04-k nömrəli əmrlə Kanalizasiya Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 04.01.2002-ci il tarixli 01-k nömrəli əmrlə Kanalizasiya idarəsinin ləğvi ilə əlaqədar olaraq ƏM-in 10-cu maddəsinə əsasən işdən azad olunmuşdur. 04.01.2002-ci il tarixli 01-k nömrəli əmrlə Suknalizasiya təsərrüfatı idarəsinin çilingər sahəsinə sahə rəisi vəzifəsinə təyin edilmişdir. 08.01.2005-ci il tarixli 01/k-a əmrlə Kanalizasiya qurğularının İstismarı və təmiri sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 01.06.2011-ci il tarixli 26-k nömrəli əmrlə Tullantı sularının təmizləyici qurğularının istismarı və qəza-bərpa sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 04.01.2013-cü il tarixli 01-k nömrəli əmrlə "xxxx" ASC-in 25.12.2012-ci il tarixli 361 nömrəli əmrinə əsasən Mingəçevir Sukanal idarəsi "xxxx" ASC-in birbaşa tabeliyinə verilmişdir. Bununla əalqədar "xxxx" ASC-in Mingəçevir Sukanal İdarəsi işçilərinin siyahı tərkibinə daxil edilir. 02/k nömrəli əmrlə Su, kanalizasiya şəbəkələrinin və quğularının istismarı sahəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 04.02.2015-ci il tarixli 06/k nömrəli əmrlə Su və kanalizasiya şəbəkələrinin istisamarı sahəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 01.11.2016-cı il tarixli 35 nömrəli əmrlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2016-cı il tarixli 410 nömrəli Qərarına və "xxxx" ASC-in 01 noyabr 2016-cı il tarixli 467 nömrəli əmrinə əsasən "xxxx" ASC-in Mingəçevir Sukanal İdarəsi Cəmiyyətinin strukturu çıxarılaraq "xxxx" MMC-in tərkibində daxil edilmişdir. 06.01.2017-ci il tarixli 04-k nömrəli əmrlə Əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı və qəza-bərpa sahəsinin rəis müavini vəzifəsini təyin edilmişdir. 30.08.2019-cu il tarixli 201-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmişdir. 02.09.2019-cu il tarixli 325-k nömrəli əmrlə Bağlanmış əmək müqaviləsinə əsasən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin rəis müavini vəzifəsinə tərin edilmişdir. 03.12.2019-cu il tarixli 443-k nömrəli əmrlə Bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 9-cu dərəcə ilə Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. 02.06.2021-ci il tarixli 67-k nömrəli əmrlə Bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qaytarması ilə əlaqədar olaraq xitam verilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019cu il tarixli 201/k №-li əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İddiaçı- Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəis müavini ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Republikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə 30.08.2019-cu tarixdən ləğv edilməsi və 04.01.2010-cu il tarixdən 30.08.2019-cu il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 290 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsinin 529 №-li əmək müqaviləsindən görünür ki, orta ixtisas- X8 texnikumu-texnik inşaatçı İddiaçı "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə sahə rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndindən görünür ki, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi əsasında onların qarşılıqlı razlığı ilə 02 sentyabr 2019-cu il tarixindən 02 dekabr 2019-cu il tarixinədək 3 (üç) ay müddətinə bağlanmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsinin 03.12.2019-cu il tarixli 529/D-2-li saylı 02.09.2019-cu il tarixdə bağlanmış 529 №-li əmək müqaviləsinə dəyişiklikdən görünür ki, işəgötürən-işçilərlə ƏM-ni bağlamaq, xitam vermək yaxud onun şərtlərini dəyişmək səlahiyyəti verilmiş "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin rəisi X4 və işçi "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin sitisamrı sahəsinin rəis müavini İddiaçı ilə 02.09.2019-cu il tarixində bağlanmış 529 №-li ƏM-nə aşağıdaki dəyişiklər olunması üçün razılığa gəlirlər. ƏM-nin 1.2-ci bəndində işçi "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə sahə rəisinin müavini vəzifəsinə işə qəbul edilir cümləsi işçi "xxxx" ASC "xxxx" MMCnin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 9-cu dərəcə ilə usta vəzifəsinə işə qəbul edilir cümləsi ilə əvəz edilmişdir. ƏM-nin 4.1-ci bəndində “İşçiyə hər ay 765.00 manat məbləğində əmək haqqı ödənilir” cümləsi “İşçiyə hər ay 560.00 manat məbləğində əmək haqqı ödənilir” cümləsi ilə əvəz edilmişdir. ƏM-nin 4.2-ci bəndində “Əmək haqqı 765.00 manat məbləğində vəzifə (taarif) maaşından” cümləsi “Əmək haqqı 560.00 manat məbləğində vəzifə (taarif) maaşından” cümləsi ilə əvəz edilmişdir. Dəyişiklər 03.12.2019cu il tarixindən qüvvəyə minir və bu əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İşə əlavə olunmuş 24 may 2021-ci il tarixli Aktdan görünür ki, "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası İddiaçı ilə “Mingəçevir Sukanal” İdarəsi arasında bağlanmış əməkmüqaviləsinin müddəti 02.06.2021-ci il tarixində bitir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən işçi İddiaçı ilə bağılanmış əmək müqaviləsi 02.06.2021-ci il tarixdən ləğv ediləcəkdir. Bununla bağlı qanunvericiliyin tələbinə uyğun 24 may 2021-ci il tarixli, 01-01/2-01/3-13-238 nömrə ilə qeydiyyata alınmış xəbərdarlıq təqdim edilmişdir. Və 24 may 2021-ci il tarixli , 01-01/2-01/3-13-238 nömrə ilə qeydiyyata alınmış xəbərdarlıqla onunla bağlanmış əmək müqaviləsinə 02.06.2021-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. İşə əlavə olunmuş Əmək Müqaviləsindən görünür ki, orta-ixtisas texniki-inşaatçı, X8 Texnikumu təhsilli İddiaçı Tullantı sularının, təmizləyici qurğularının istismarı və qəza-bərpa sahəsinə sahə rəisi vəzifəsinə təyin edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsinin 02 iyun 2021-ci il tarixli 67-k nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, X6 – Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq 02.06.2021-ci il tarixdən xitam verilməsi və 02.09.2020-ci il tarixdən – 02.06.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyət görə 23 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, İddiaçı 30 sentyabr 1992-ci ildən Kanalizasiya İdarəsinin PETS-nə elektrik avadanlıqlarıüzrə usta vəzifəsinə təyin olunmuşdur. 01 mart 1994-cü ildən aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Sonradan Mingəçevir şəhər İcra Hakimiyyətinin 24 mart 1996-cı il tarixli Sərəncamına əsasən Kanalizasiya İdarəsinin ləğv edilməsi ilə əlaqədar 01 aprel 1996-cı il tarixdən İKT-nın İstehsalat Biriliyinin kanalizasiya sahəsi üzrə böyük mexanik, daha sonra baş mexanik vəzifəsinə təyin olunmuşdur. 01 dekabr 1999-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin 164 saylı 24.10.1999-cu il tarixli əmrinə əsasən “Su-Kanalizasiya” İdarəsinə keçirilmişdir. 01 dekabr 1999-cu ildə “Sukanal müəssisəsinə köçürmə yolu ilə baş mexanik vəzifəsinə təyin olunmuşdur. 03 mart 2000-ci ildən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MKTK-nın 193 saylı 23.12.1999-cu il tarixli əmrinə əsasən “kanalizasiya” idarəsinə keçirilmiş və həmin tarixli əmrlə köçürülmə yolu ilə baş mexanik vəzifəsinə, 04 yanvar 2002-ci ildə isə Kanalizasiya idarəsinin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. Həmin tarixdə Su-kanalizasiya Təsərrüfatı İdarəsinin çilingər sahəsinə sahə rəisi və başqa vəzifələrdə çalışmışdır. 01 yanvar 2014-cü ildən isə Mingəçevir Su-kanal İdarəsi "xxxx" ASC birbaşa tabeliyinə verildiyindən həmin tarixdən Su-kanalizasiya şəbəkələrinin və quğularının istismarı sahəsinin rəisi müavini vəzifəsinə təyin edilmişdir. 01 moyabr 2016-cı il tarixdə "xxxx" ASC-nin əmrinə əsasən Mingəçevir Su-Kanal İdarəsinin Cəmiyyətinin strukturundan çıxarılaraq Birləşmiş Sukanal MMC-nin tərkibinə daxil edildiyindən 01 yanvar 2017-ci ildən əmək müqaviləsində edilmiş dəyişikliyə əsasən Su və kanalizasiya şəbəkələrinin istisamarı və qəza-bərpa sahəsinin rəisi müavini vəzifəsinə təyin edilmişdir. 2019cu ilin yay aylarında idarələrinə Maarif Məmmədov rəis təin edilmişdir. O təyin edildikdən təxminən 1 ay sonra işçilərə bildirmişlər ki, idarədə struktur dəyişikliyi olur, bununla əlaqədar hər kəs işdən azad olunub, yeni idarə ilə əmək müqaviləsi bağlayacaqlar. 02 sentyabr 2019-cu ildə idarə rəhbərliyi ilə onun arasında, o cümlədən digər işçilərlə əmək müqaviləsi bağlandı. Hətta onlara bildirmişlər ki, əvvəlki idarə ləğv olunduğundan son haqq-hesabda veriləcəkdir və həmin son haqq-hesabı da o, 2019-cu ilin sentyabr ayında almışdır. 03 dekabr 2019-cu ildə isə işəgötürən onun vəzifəsinin usta vəzifəsinə keçirilməyi barədə ondan ərizə almış və 9-cu dərəcə ilə usta vəzifəsinə təyin edilmişdir. Lakin bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qaytarması ilə əlaqədar olaraq xitam verilmişdir. Məhkəmə işin hallarını əmək qanunvericiliyinin müddəaları əsasında təhlil edib aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 3-cü hissəsinə əsasən Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İş materiallarından da göründüyü kimi İddiaçı hazırki vaxta kimi işlədiyi vəzifədə və cavabdeh olan müəssisədə uzun illərdir ki işləyir. Onun əvvəllər və hazırda tutduğu vəzifə daimi xarakter daşımışdır. İddiaçının planlı şəkildə daimi işdən azad olunaraq 3 aylıq müddətli müqavilə əsasında işə qəbul olunması İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Qanunun müəyyən etdiyi bu şərt işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən X5 02 iyun 1982-ci il tarixdə qəbul etdiyi “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı Tövsiyyəsində də nəzərdə tutulmuşdur və əmək hüquqlarının müdafiəsi sahəsində təməl hüquqi təminatlardan biridir. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Həmin maddədə deyilir ki, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsüm işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması, və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Qeyd olunan qanun normasının tələbi ondan ibarətdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilməklə bağlanmasına yol verilmir. Bu qaydadan istisna halı kimi yalnız həmin Məcəllənin 47-ci maddəsində sadalanan hallar müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-ci hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı işdən çıxarılmasının heç bir əsası yoxdur. Onun işdən çıxarılması barədə Mingəçevir Sukanal İdarəsinin tərəfindən verilmiş əmr yuxarıda qeyd olunan əsaslara görə qanunsuz qəbul olunmuşdur. İddiaçı işdən azad olunmasının hər hansı əsası olması əmri verən Mingəçevir Sukanal İdarəsinin tərəfindən sübut olunmadı. Bundan əlavə iş materiallarında olan tərəflər arasında bağlanmış 529 saylı əmək müqaviləsindən də görünür ki, müqavilənin nəticə hissəsində imza İddiaçı tərəfindən icra olunsa da qanuna və kargüzarlıq haqqında təlimata əsasən müqavilənin digər səhifələri imzalanmamışdır. Halbu ki, bir neçə səhifədən ibarət olan müqavilənin hər səhifəsi müqavilə bağlayanlar tərəfindən imzalanmalı və ya qanuna müvafiq olaraq tikilməli olduğu halda yalnız sonuncu vərəq imzalanmışdır. 529 saylı müqavilədə sözügedən müqavilənin müddətli olması qeyd olunmuş vərəq iddiaçı tərəfindən imzalanmamışdır. Bu hal isə öz növbəsində müqavilənin əsassız və işçinin hüquqlarının pozulması və aldatma nəticəsində bağlanmasını ehtimal etməyə zəmin yaradır. Bunun əksini təsdiq edən mötəbər sübutlar isə işə götürən təşkilatın yəni cavabdehin nümayəndəsi tərəfindən sübut oluna bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsi “əmək müaviləsinə xitam verilməsinə dair” əmri çıxarakən Əmək Məcəlləsinin müvafiq maddələrində göstərilmiş prosedur qaydalarını ciddi şəkildə pozmuşdur. Belə ki, əmr verilməzdən əvvəl əmək müqaviləsinə xitam verilməsi məsələsinə dair Həmkarlar İttifaqının iclası keçirilməli həmin iclasın sonunda müvafiq protokol tərtib olunmalı və Həmkarlar İttifaqının sədri əmək müaviləsinə xitam verilməsinə razı olub-olmadığını cavab məktubu ilə həmin müəssisənin rəhbərinə bildirməli idi. Bundan əlavə İddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərə aid olub-olmamağı araşdırılmamışdır. İş materiallarından da görünür ki, həmin qaydaların heç birinə əməl edilməmiş, işçinin 28 illik əmək stajı nəzərə alınmamışdır. Ona görə də məhkəmə iddianı tam əsaslı hesab edir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər:

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi də təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Məhkəmə tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 02.09.2019-cu il tarixdə İddiaçı ilə cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 30 avqust 2019-cu il tarixli, 201 k saylı əmri etibarsız sayılmalı, "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 02 iyun 2021-ci il tarixli 67K saylı əmri etibarsız sayılmalı, İddiaçı 9-cu dərəcə ilə Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası işinə bərpa edilməli və İddiaçı 02 iyun 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115, 121-ci maddələrinin və qanunvericiliyin tələbinə görə həmin xərclər məhkəmə işə baxılması ilə əlaqədar olmalıdır. Məhkəmədən kənar, yəni iddia ərizəsinin yazılması və ya iddia ərizəsi ilə bağlı ərizə ərizə məhkəməyə daxil olmazdan əvvəl xərclər həmin məsrəflərə aid edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

02.09.2019-cu il tarixdə İddiaçı ilə cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 30 avqust 2019-cu il tarixli, 201 k saylı əmri etibarsız sayılsın. "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 02 iyun 2021-ci il tarixli 67K saylı əmri etibarsız sayılsın. İddiaçı 9-cu dərəcə ilə Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası işinə bərpa edilsin və İddiaçı 02 iyun 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar