Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1316/2022 12.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzilin hərracda satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən və onun və Cavabdeh paylı mükiyyətində olan mənzilin paylara uyğun naturada bölüməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəylə məhkəməyə müraciət edərək, mənzilin paylara uyğun naturada bölüməsi tələbini dəyişdirərək, ünvan 1 ünvanında yerləşən mənzilin hərracda satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh ilə 2002-ci ilin 26 oktyabrında faktiki olaraq ailə münasibətlərinə girmişdir. Nikahlarını isə 2010-cu ildə rəsmiləşdirmişlər. Münasibətləri pozulduğundan aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2021-ci ilin oktyabrında pozulmuşdur. Birgə nikah dövründə, yəni 2020-ci ilin noyabr ayında alqı-satqı yolu ilə 1 otaqlı mənzil almışlar. Boşandıqdan sonra Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən mənzildə hər ikisinin payı ½ hissədə müəyyən edilmişdir. Qeyd edilən mənzilin ½ hissəsi onun, ½ hissəsi isə cavabdehin paylı mülkiyyətindədir. Buna baxmayaraq, o, hazırda öz payından istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Belə ki, hal-hazırda mənzil bütövlükdə cavabdehin istifadəsindədir. Paylı mülkiyyətdə olan mənzildən birlikdə istifadə olunması və ½ hissədə payının naturada ayrılaraq ona verilməsi mümkün deyildir. Cavabdeh onun payının əvəzinə kompensasiya verməkdən də imtina edir. Mənzilin birlikdə istifadə edilməsi ilə bağlı onlar arasında razılıq yoxdur. Hesab edir ki, hazırkı vəziyyətdə onun paylı mülkiyyətçi kimi hüquqları yalnız mənzilin hərracda satılıb, əldə edilmiş vəsaitin paylara mütənasib şəkildə bölünməsi yolu ilə bərpa oluna bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə 2002-ci ilin 26 oktyabrında faktiki olaraq ailə münasibətlərinə girmişdir. Nikahlarını isə 2010-cu ildə rəsmiləşdirmişlər. Hazırda aralarında olan nikah pozulsa da, o iddiaçı ilə barışmaq istəyir. Həmçinin iddiaçının mübahisəli mənzildən istifadə etməsinə heç bir maeə yaratmır və onun həmin mənzildə gəlib yaşamasına etiraz etmir. Hesab edir ki, mübahisəli mənzilin hərracda satılması onun mənafeyinə uyğun deyildir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında isə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********03- 05101-093016 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 27.30 kvadrat metr olan ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı ilə Cavabdeh ½ hissədə paylı mülkiyyət hüququ müvafiq olaraq xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə, xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-1280/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Yevlax rayonu Salahlı kənd İƏDsi üzrə nümayəndəliyində qeydə alınmış xx.xx.2010-cu il tarixli nikah pozulmuşdur. İş olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2022–ci il tarixli 10/1499 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin otaqlarının təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər (mülkiyyətçilər) arasında ½ hissə olmaqla, 2 yerə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birini sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı ( mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, inşaat norma və qaydalarının 2.08.01.89-nun 2.2 və 2.4-cü bəndlərinin və məhkəmə tikinti terxniki ekspertizasının həlli metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iclasında iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, mübahisəli mənzilin 1/2 hissəsi üzərində İddiaçı,1/2 hissəsi üzərində isə Cavabdeh ümumi paylı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmış, iddiaçının 1/2 hissədə payının naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Cavabdeh iddiaçıya payının əvəzinə müvafiq pul kompensasiyasının verilməsindən imtina etmişdir. Hazırda iddiaçı paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsaitin paylara mütənasib qaydada bölünməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılmasını, satışdan əldə edilmiş pulun bölünüb payının ödənilməsini məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4–cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6–cı maddəsinə əsasən bu Məcəllənin 220.3–220.5–ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq–aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan mənzilin açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan mənzildən iddiaçının payının naturada ayrılması mümkün olmamış, həmçinin cavabdeh iddiaçıya payının əvəzinə pul kompensasiyası verməkdən imtina etmişdir. Hazırda iddiaçı paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsini tələb edir. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli mənzil açıq hərracdan satılmalı və əldə edilmiş pul paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli mənzilin açıq hərracdan satılması paylı mülkiyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6–cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3–220.4–cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, **********03-05101-093016 reyestr nömrəli çıxarış əsasında ümumi paylı mülkiyətdə olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 27.30 kvadrat metr olan mənzil açıq hərracdan satılmalı və satışdan əldə edilmiş vəsaitin 1/2 hissəsi bölünüb iddiaçıya verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının xahişi ilə təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********03-05101-093016 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında 1/2 hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 27.30 kvadrat metr olan mənzil açıq hərracdan satılsın və satış pulunun 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi isə paylı mülkiyyətin digər mülkiyyətçisi olan Cavabdeh verilsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1316/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1316/2022
12.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver