Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1319/2023 11.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 nümayəndəsi Nümayəndə və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə yazılı ərizə təqdim edərək, Cavabdeh1 ilə bərabər, Cavabdeh2 da iddiaya cavab verməli şəxs olduğundan, onun da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, Cavabdeh2 cavabdeh qismində cəlb etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 onun oğludur. Bir neçə il bundan əvvəl özünə məxsus evi satmış və həmin pulla oğlu Cavabdeh1 adına Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzil almışdır. Həmin vaxtdan sonra o, uzun müddət oğlu ilə sözügedən mənzildə yaşamışdır. Lakin oğlu Rusiya Federasiyasına getdikdən sonra qızının tək qalmaması üçün 2020-ci ildə qızının yanına köçmüş, ancaq vaxtaşırı mübahisəli evə də gedib gəlmişdir. Eyni zamanda bütün əşyaları mübahisəli evdə qalmışdır. Sonradan oğlu Cavabdeh1la gəlini Cavabdeh2 arasında ailə daxili mübahisə yarandığına görə Cavabdeh2 onun mübahisəli mənzildən istifadə etməsinə imkan verməmişdir. Belə ki, cavabdeh qismində cəlb edilmiş Vüsalə İsayılova mənzilin kilidlərini dəyişmiş, bəzi hallarda isə qapını qəsdən açmamışdır. Ona görə də o, məhkəyə müraciət etmişdir. Doğrudur, hazırda qızının evində yaşasa da, özünü narahat hiss edir. Ona görə ki, mübahisəli mənzil onun evinin pulu ilə alınmış, özü uzun müddət orada yaşamış, ən başlıcası isə şəxsi əşyalarının çox hissəsi hazırda da mübahisəli mənzildə qalmışdır. Belə olan halda onun mübahisəli mənzildən istifadə etməsinə cavabdeh qismin cəlb edilmiş Cavabdeh2 maneə yaratmasını ədalətli hesab etmir. Bu səbəbdən də oğluna məxsus evdə yaşamaq istəyir. Hazırda onun Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzildən başqa yaşayış yeri yoxdur. Hesab edir ki, onun mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ vardır. Çünki mənzilin tam mülkiyyətçisi olan Cavabdeh1 da onun mübahisəli mənzildə yaşamasını istəyir. Lakin cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 ona imkan vermir. Hesab edir ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 hərəkətləri qanunsuzdur. Bir daha vurğulayır ki, mübahisəli mənzil onun mülkiyyətində olan evin satılması zamanı əldə edilmiş vəsait hesabına alınmışdır. Həmin vaxt onlar arasında mübahisə olmamışdır. Odur ki, məhkəmədən onun cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzilinin tərkib hissəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etdi, həmçinin o barədə məhkəməyə ərizə təqdim edərək göstərdi ki, iddiaçının Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzilindən istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülməsinə etiraz etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 iddia ərizəsinə qarşı etirazında, həmçinin məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Cavabdeh1la birgə nikah dövründə, yəni 08 iyun 2017-ci il tarixdə Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilini satın almışlar. Sonradan Cavabdeh1la münasibətləri pozulduğuna görə aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 140/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikah dövründə əldə edildiyindən, onun mübahisəli mənzil üzərində 1\2 hissədə payı vardır. İddiaçı həmin mənzildə yaşamamışdır. Belə ki, Cavabdeh1 Rusiya Federasiyasına getdikdən sonra da o, üç bacısı, qohumları ilə birlikdə həmin mənzildə yaşamışdır. Hazırda da İddiaçı daimi olaraq başqa yaşayış yeri var və Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilində yaşamır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********52-093011 nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 58.70 kvadrat metr olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə qədər ünvan 1 ünvanında nə qeydiyyatda olmuş, nə də yaşamışdır. xx.xx.2023-cü il tarixdən qeydiyyatda olmasına baxmayaraq, bu ünvanda yaşamır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh1 İddiaçı oğludur. Cavabdeh1 cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından uşaqları doğulmamışdır. Onlar əvvəlcə bir ailə kimi yaşamış, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mübahisəli mənzili üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxt onlar birlikdə yaşamış, lakin Cavabdeh1 Rusiya Federasiyasına getdikdən sonra, yəni 2020-ci ildə iddiaçı qızının qızının evinə köçmüşdür. İddiaçı hazırda qızı ilə birlikdə yaşayır. Lakin iddiaçı mübahisəli mənzilə köçmək istəyir. Cavabdeh1 iddiaçının istifadə hüququnun tanınmasına və köçüb yaşamasına razıdır. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 isə iddiaçının evə köçməsinə etiraz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, mübahisəli mənzilə münasibətdə xx.xx.2017-ci il tarixdə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə etmək hüququ ilə bağlı mübahisə olduğundan, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquqlarını tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə iddiaçının cavabdehə məxsus mübahisəli mənzildən istifadə etmək hüququnun tanınmasına qiymət verərkən, hesab edir ki, ilk növbədə iddiaçının cavabdehə qarşı hazırkı iddianı irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub–olmaması ilə bağlı məsələ araşdırılmalı, həmçinin mübahisənin düzgün həll edilməsi baxımından mübahisəli mənzilin hansı hüquqi statusda olması müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli mənzil üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehlərin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi müəyyən olunmalıdır. İşdə olan sənədlərə əsasən, mübahisəli mənzil Cavabdeh1 tam mülkiyyətindədir. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 isə hazırkı vaxta qədər mübahisəli mənzil üzərində əşya hüququ qeydə alınmamışdır. Mübahisəi mənzilin mülkiyyətçisi olan Cavabdeh1 iddiaçının istifadə hüququnun tanınmasına və mənzilə köçürülməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmuşdur. Belə ki, iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ailə üzü olduğundan və tərəflər arasında başqa razılaşma olmadığına görə iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmək hüquqları vardır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh1 İddiaçı doğma oğludur. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır, həmçinin Cavabdeh1 nümayəndəsi Nümayəndə iddiaçının həmin mənzilə köçürülməsinə və istifadə hüququnun tanınmasına razılıq vermişdir. Bu da cavabdehin iddianı etiraf etməsi kimi qəbul edilməlidir. Məhkəmə Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı etiraf etməsini nəzərə alaraq, iddia tələbini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı etiraf etməsi, Cavabdeh1 mülkiyyətçi kimi öz əmlakından istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək hüququndan irəli gəldiyindən, qanunidir və digər şəxslərin hüquqlarını pozmur. Ona görə də məhkəmə Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı etiraf etməsini qəbul edir və iddianın təmin edilməsi zamanı nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2–ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5–ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1–ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3–cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bununla yanaşı məhkəmə, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 iddiaçının mübahisəli mənzilə köçürülməsinə etiraz etməsini əsaslı hesab etmir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin hazırkı vaxta qədər cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 mübahisəli mənzil üzərində hər hansı əşya hüququ qeydə alınmamışdır. Lakin Cavabdeh2 mülkiyyətçinin keçmiş ailə üzvü kimi hazırda mübahisəli mənzildən istifadə etsə də, onun mülkiyyətçinin ailə üzvü olan iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun həyata keçirməsinə maneə törətməsi, qanuni və əsaslı sayıla bilməz. Ona görə də cavabdeh Vüsal İsmayılovun iddianı etiraf etməsi, onun hüquqlarını pozmur. Belə olan halda mülkiyyətçinin razılığı ilə iddiaçın mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınmasına və mənzilə köçürülməsinə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 etirazı əsaslı sayıla bilməz. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etmək hüququ tanınmalı və həmin mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququ tanınsın və həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1319/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1319/2023
11.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver