Məhkəmə qərarları › İş №2(051)-1344/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1344/2021

24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1344/2021 24.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu Ərizəçi Mehdi qızının milli mənsubiyyətin müəyyən edilməsi tələbinə dair müraciətinə baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi Mehdi qızı məhkəməyə müraciət edərək özünün və qızının milli mənsubiyyətinin müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Müraciət və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, müraciət xüsusi icraat qaydasında baxılmalı işlər üzrə ərizənin formasına və məzmununa uyğun tərtib edilməsə də, mahiyyət etibarı ilə xüsusi icraat qaydasında baxılmalı işlər üzrə ərizəyə məxsus xüsusiyyətləri özündə ehtiva edir. Belə ki, müraciətin və ona əlavə edilmiş sənədlərin məzmunundan aydın olur ki, Ərizəçi Mehdi qızı hüquqi əhəmiyyətli fakt kimi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini arzulayır. Ərizəçi Mehdi qızı buna görə 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin, müraciət formasını adlandırmamış və onu imzalamamışdır. Həmçinin, müraciətə əlavə edilən sənədlərin siyahısı göstərilməmiş, əlavə edilmiş doğum haqqında şəhadətnamənin surəti isə notarial qaydada təsdiq edilməmişdir. Bundan başqa Ərizəçi Mehdi qızı müraciətində məktubu qaynanasının şəxsiyyət vəsiqəsi ilə göndərdiyini bildirsə də, sənədlər arasında hər hansı şəxsiyyət vəsiqəsi olmamış, qeyd edilən hal məhkəmənin kargüzarlıq xidməti əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktla təsdiq edilmişdir. Müraciətə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, 16 may 2018-ci il tarixli məktubundan görünür ki, Ərizəçi Mehdi qızına doğulduğu andan Azərbaycan Respublikası ərazisini tərk etmədiyinin məhkəmə qaydasında tanındığına dair təsdiqedici sənəd təqdim edildikdən sonra onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırma aparıla biləcəyi bildirilmişdir. Ərizəçi Mehdi qızı isə məhkəməyə müraciətində Azərbaycan Respublikasını tərk etməməsi faktının müəyyən edilməsi barədə deyil, özünün və qızının milli mənsubiyyətinin müəyyənləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 1.3-cü bəndində göstərilir ki, bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndində isə qeyd olunur ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305 və 307-ci maddələrində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin siyahısında şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və ya Azərbaycan Respublikası ərazisini tərk etməməsi faktının müəyyən edilməsi göstərilməmişdir. Həmin Məcəllənin 306.1-ci maddəsində göstərilir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsində qeyd olunur ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.3-cü maddədə isə göstərilir ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci maddəsinə əsasən şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydanın 4.1.1-ci maddəsinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Həmin Qaydanın 4.3-cü bəndində göstərilmişdir ki, bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bununla bağlı məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikasını tərk edibetməməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün hüquqi əhəmiyyət kəsb etsə də, bu hal birbaşa məhkəmə qaydasında müəyyən edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli, 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin 9.6-cı bəndinə əsasən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dövlət sərhədindən buraxılış məntəqələrindən şəxslərin buraxılışının həyata keçirilməsinin təmin edilməsi, 9.10-cu bəndinə əsasən isə Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərin yoxlanılmasını, həmin sənədlərdə müvafiq qeydlərin edilməsini, qanun pozuntusu aşkar edildiyi hallarda qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi Dövlət Sərhəd Xidmətinin vəzifələri olaraq müəyyən edilmişdir. Qeyd edilən bəndlərin məzmunundan aydın olur ki, şəxsin Azərbaycan Respublikasını tərk edib-etməməsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi Mehdi qızı tərəfindən məhkəməyə onun Azərbaycan Respublikasını tərk edib-etməməsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən edilə bilmədiyinə dair sənəd təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Ərizəçi Mehdi qızı Azərbaycan Respublikasını tərk etməməsi haqqında müvafiq sənədi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən aldıqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən onun Azərbaycan Respublikasını tərk edib-etməməsi müəyyən edilə bilmədiyi halda, Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasını tərk etməməsi faktının müəyyən edilməsi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə xüsusi icraat qaydasında müraciət edilə bilər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş müvafiq inzibati aktdan isə inzibati qaydada yuxarı orqana və müvafiq ərazi üzrə inzibat məhkəməyə şikayət verilə bilər. Məhkəmə Ərizəçi Mehdi qızının uşağının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qeyd edir ki, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının vətəndaşı olan atasının və ya Ərizəçi Mehdi qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edildikdən sonra onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciəti əsasında uşağa Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi verilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 305-311-ci maddələrində nəzərdə tutulmuş qaydada Ərizəçi Mehdi qızının Azərbaycan Respublikasını tərk etməməsi faktının müəyyən edilməsi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət еdiləcəyi təqdirdə məhkəmədə iş başlanıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Ərizəçi Mehdi qızının onun və uşağının milli mənsubiyyətinin müəyyən edilməsi tələbinə dair müraciətinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçi Mehdi qızına şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirildiyi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar