Məhkəmə qərarları › İş №2(051)-1365/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1365/2020

07.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1365/2020 07.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və X4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı cavabdehlər X2 və X4 qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən olunması edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia tələbi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı iddia ərizəsində cavabdeh Lalə Qədirovanın qardaşının qızı olduğunu qeyd etmiş və cavabdehin anası Məşuqə Yolçuyevanın məhkəmə qətnaməsi ilə sözügedən mənzildən istifadə hüququna xitam verilməsi qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində Məşuqə Yolçuyevanın həmin mənzilə istifadə hüququna xitam verilən zaman cavabdeh olan qızının azyaşlı olduğunu göstərmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, sözügedən qətnamə hazırki iş üzrə cavabdehə də şamil edilməlidir. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göründüyü kimi məhkəmədə baxılmalı olan mübahisə (cavabdehin mənzildən istifadə hüququ) artıq mövcud deyildir. Ona görə ki, cavabdehin anasının sözügedən mənzilə istifadə hüququna xitam verildiyindən həmin vaxt azyaşlı olan qızı cavabdehin də yaşayış yeri yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə görə valideynin yaşayış yeri sayılır. İş materiallarından müəyyən olunur ki, əslində iddiaçının irəli sürdüyü tələbdə məqsədi sözügedən mənzildən orada yaşamayan cavabdehin pasport qeydiyyatından çıxarılmasıdır. İddiaçı sözügedən qətnaməyə əsaslanaraq həmin tələblə bağlı aidiyyatı inzibati orqana (Polis Şöbəsinə) müraciət etməlidir. Əgər iddiaçının cavabdehin onun mənzilindən pasport qeydiyyatından çıxarılması tələbindən inzibati orqan imtina edərsə, belə olan halda iddiaçı inzibati orqanın hərəkətlərindən və ya hərəkətsizliyindən həmin inzibati orqanın yuxarı inzibati orqanına və yaxud məhkəmə qaydasında aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə şikayət verə bilər. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalı və iddiaçıya cavabdehin onun mənzilindən pasport qeydiyyatından çıxarılması tələbi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etməli olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra mətində MPM) 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcllənin 153.3-cü maddəsinə əsasən, işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olması qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdehlər X2 və X4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya cavabdehlər X2 və X3 onun mənzilindən pasport qeydiyyatından çıxarılması tələbi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etməli olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar