Məhkəmə qərarları › İş №2(051)-1401/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1401/2022

30.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1401/2022 30.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun vəkili X1 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən uşaqları xx.xx.2010-cu il tarixdə doğulmuş X8, xx.xx.2012-ci il tarixdə doğulmuş X13, xx.xx.2018-ci il tarixdə doğulmuş X9 və xx.xx.2020-ci il tarixdə doğulmuş X11 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun tanınması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh1 ilə xx.xx.2009cu il tarixdə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X8, xx.xx.2012-ci il tarixdə X13, xx.xx.2018-ci il tarixdə X9 və xx.xx.2020-ci il tarixdə X11 adlı uşaqları doğulmuşdur. Oğlu Əli autizm xəstəsidir, uşaqlar onun himayəsindədir. O, evləndiyi, yəni xx.xx.2009-cu il tarixdə cavabdehlərin yaşadığı ünvan 2 ünvanına gəlin köçmüşdür. Cavabdeh2 onun qayınanasıdır. 2014-cü ildə Mingəçevir şəhərində torpaq sahəsi almışlar və həmin ildə həmin torpağın üzərində 3 otaqlı ev tikmişlər, hazırda həmin ev yaşayış üçün tam hazır vəziyyətdədir. 2015-ci ilin sentyabr ayında o və əri Cavabdeh1 uşaqları ilə birgə Almaniyaya yaşamağa getmişlər, orada xeyli qazanc pul əldə etdikdən sonra geri qayıtmışlar. 2019-cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra yenidən həmin evin vanında ikinci evin tikintisinə başlamışlar. Həmin ev bir mərtəbəli olmaqla, dörd otaqdan ibarətdir, 3 yataq, 1 qonaq otağından ibarətdir. Mübahisəli evin tikintisi onun və ərinin vəsaiti hesabına həyata keçirilmişdir. Həmin torpaq sahəsində birgə nikah dövründə əri diş həkimi işlədiyi üçün ona aid ev formasında kabinet tikmişlər, həmçinin həmin həyətdə digər yardımçı tikililər də vardır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında olan nikah pozulmuş, uşaqların onun yanında qalmaları müəyyən edilmişdir. Hazırda onun əşyaları mübahisəli mənzil olan ünvan 3 ünvanında yerləşir. Başqa yaşayış yeri yoxdur. Uşaqlara rütubətli mənzildə yaşamaq həkim tərəfindən qadağan edilmişdir. Məhz bu səbəbə görə də onun və azyaşlı uşaqlarının həmin mənzildə yaşayış sahəsindən istifadə hüququ tanınmalıdır. Hesab edir ki, uşaqları xx.xx.2010-cu il tarixdə doğulmuş X8, xx.xx.2012-ci il tarixdə doğulmuş X13, xx.xx.2018-ci il tarixdə doğulmuş X9 və xx.xx.2020-ci il tarixdə doğulmuş X11 ilə birlikdə onun ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqlarının tanınmalı və həmin evə köçürülməlidir. Odur ki, məhkəmədn iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun olaraq izahat verdi və təmsil etdiyi şəxslərin adından əlavə olaraq göstərdi ki, iddiaçı ilə Cavabdeh1 16 iyun 2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş, onların birgə nikahlarından 4 nəfər uşaqları doğulmuşdur. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün iddiaçı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-739/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalması müəyyən edilmiş, həmçinin həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 120 manat, cəmi 480 manat miqdarında alimentin hər ay tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda təmsil etdiyi şəxs nikahın pozulması haqqında şəhadətnamə alınmışdır. Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsi 11 ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 məxsus olmuşdur. Cavabdeh1 anası Cavabdeh2 atasının razılığı ilə mülkiyyətində olan torpaq sahəsini 2014-cü ildə Cavabdeh1 da daxil olmaqla, 3 oğluna bağışlamışdır. Cavabdeh1 adına bağışlama müqaviləsi olsa da, torpaq sahəsi hələ də Cavabdeh2 mülkiyyətindədir. İddiaçı ilə cavabdeh ailə qurduqdan sonra bir müddət ünvan 2 ünvanında yaşamışlar, həmin mənzil satıldıqdan sonra kirayə mənzildə yaşamışlar. 2015-2019-cu illərdə Almaniyada yaşamışlar. Aylin adlı uşaqları orada doğulmuşdur. ünvan 4şən torpaq sahəsində Cavabdeh1 anası Cavabdeh2 ilə cavabdehin atası fərdi yaşayış evi tikmişlər. Ev hazır olandan sonra valideynləri onların kirayədə yaşamaqlarını nəzərə alıb, həmin evdə yaşamağa icazə vermişlər. Boşandıqdan sonra bir neçə dəfə iddiaçı yalandan 102 xidmətinə zəng edib, Cavabdeh1 polis şöbəsinə şikayət etmişdir. Ona görə də Cavabdeh2 iddiaçı ilə digər cavabdehi ünvan 4şən torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarmışdır. Hazırda həmin torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Həmin fərdi yaşayış evi isə Cavabdeh2 ilə ərinin qazancları hesabına tikilmişdir. İddiaçının yaşayış yeri üzrə qeydiyyat ünvan 2 ünvanıdır. Cavabdehlər iddiaçının ünvan 4şən evə köçürülməsinə razı deyillər. İddiaçı ilə Cavabdeh2 arasında yazılı şəkildə bağlanan notarial qaydada təsdiqlənən razılaşma olmamağını nəzərə alıb, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahından xx.xx.2010-cu il tarixdə Aliyə, xx.xx.2012-ci il tarixdə Əli, xx.xx.2018-ci il tarixdə Aylin, xx.xx.2020-ci il tarixdə Arif adlı uşaqları doğulmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsi, 11 A saylı fərdi yaşayış evi (ümumi sahəsi 124.9 kv. m. olan torpaq sahəsi 0.0531 ha torpaq sahəsi) hazırda Cavabdeh2 mülkiyyətində olmaqla xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 adına Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsi, 11 A nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və ünvan 5 ünvanda yerləşən bölünmədən sonra yerdə qalan 0.05 ha (sahibkarlıq) torpaq sahəsi vardır. Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 124,9 kvadrat metr olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ölçüsü 0.0531 ha olan ünvan 6 ünvanında yerləşən torpaq sahəsi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin təsdiq edilmiş surətlərindən görünür ki, Paşayeva X6 şəhərində yerləşən 0.2031 ha olan torpaq sahəsindən X10, Cavabdeh1, X12 hərəsinə 0.05 ha hissə olmaqla torpaq sahəsi bağışlamışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-739/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması, aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında olan, 16 iyun 2009-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 203 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X3, X7, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalarının müəyyən olunması, Cavabdeh1 xx.xx.2010-cu il təvəllüdlü X3, X7, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 480 manat miqdarında alimentin hər ay tutulub İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından 4 nəfər uşaqları doğulmuşdur. İddiaçı evlənən vaxt ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçmüş, bir müddət həmin mənzildə yaşamış, yaşayış yeri üzrə həmin mənzilə qeydiyyata alınmışdır. Lakin sonradan həmin mənzil satılmış və onlar kirayə evdə yaşamağa başlamışlar. İddiaçı əri ilə birlikdə 2015-2019-cu illərdə Almaniya Federativ Respublikasında yaşamışdır. Azərbaycana qayıtdıqdan sonra iddiaçının qayınanası Cavabdeh2 məxsus ünvan 4şən torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçmüşlər. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 739/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsi 11 ünvanında yerləşən ona məxsus torpaq sahəsini özü və oğulları arasında 0.05 ha hissələrdə bölərək, üç oğluna torpaq sahəsi bağışlamışdır. Cavabdeh1 bağışlanmış torpaq sahəsi onun adına qeydiyyata alınmamışdır. Belə ki, qeyd edilən torpaq sahəsi ünvan 7 ünvanda yerləşən bölünmədən sonra yerdə qalan 0.05 ha torpaq sahəsi olmaqla, Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən yaranmış, həmin vaxt iddiaçı cavabdehlərin yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçmüş, lakin sonradan həmin mənzil tərəflərin razılığı ilə satılmışdır. Sonradan, yəni 2014-cü ildə Cavabdeh2 özünə məxsus torpaq sahəsində mübahisəli fərdi yaşayış evini inşa etdirmiş və iddiaçı öz ailəsi ilə birlikdə həmin evə köçmüşdür. İddiaçı 2015-ci ildə ailəsi ilə birlikdə yaşamaq üçün Almaniya Federativ Respublikasına köçmüş və 2019-cu ildə qayıtdıqdan sonra mübahisəli evdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda iddiaçı 2014-cü ildə Cavabdeh2 mülkiyyətində inşa edilmiş fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini tələb etdiyindən, onlar arasındakı mübahisə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2014-cü ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Ona görə də hazırkı mübahisə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2014-cü ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisə olduğundan, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün Cavabdeh2 ilə iddiaçı arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşmanın, həmçinin iddiaçının onun ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə iddiaçının Cavabdeh2 məxsus torpaq sahəsi üzərində tikilmiş evdən istifadə hüququnun tanınmasına qiymət verərkən, həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehlərin mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 evlənən vaxt iddiaçı cavabdeh ünvan 2 ünvanına gəlin köçmüş, yaşayış yeri üzrə həmin mənzilə qeydiyyata alınsa da, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır. Bununla belə həmin mənzil isə sonradan satılmışdır. Cavabdeh2 özünə məxsus torpaq sahəsinin müəyyən hissəsini oğlu Cavabdeh1 bağışlama yolu ilə versə də, hədiyyə edilmiş torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, bu səbəbdən həmin torpaq sahəsi hazırda da Cavabdeh2 mülkiyyətindədir. Belə ki, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, eləcə də Cavabdeh1 hədiyyə edilmiş, lakin adına rəsmiləşdirilməmiş, ünvan 7 ünvanda yerləşən bölünmədən sonra yerdə qalan 0.05 ha torpaq sahəsi üzərində də Cavabdeh2 mülkiyyət hüququ vardır. İddiaçının istifadə hüququ tanınmaqla köçmək istədiyi mübahisəli fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmişdir. İddiaçının göstərdiyi ünvan 8 ünvanında yerləşən mübahisəli ev üzərində cavabdehlərdən heç birinin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Bununla belə mübahisəli evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 məxsus olduğundan, onun həmin mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyətə qanuni gözlənti hüququ vardır. Belə ki, “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı”iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X18 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X18 Məhkəməsinin mövqeyinə uyğun gələn mövqedən yanaşmış və V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmə, həmçinin hesab edir ki, həmin mübahisəli fərdi yaşayış evi Cavabdeh2 və onun ərinin vəsaiti hesabına inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, onun həmin mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə Cavabdeh2 mülkiyyətə gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı cavabdehlərin yaşadığı, sonradan satılmış mənzilə köçən vaxt onun istifadə hüququ yaranmadığından, mülkiyyət hüququnun başqasına keçməsi, həmçinin yeni fərdi yaşayış evinin əldə edilməsi halında da yaranmamışdır. Bununla belə məhkəmə hazırkı vəziyyətdə iddiaçının mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olub olmamasını məsələsinin müəyyən edilməsini də mübahisənin qanuni həll edilməsi baxımından zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini, həmçinin ərin əmək qabiliyyətli arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh2 keçmiş gəlini, digər Cavabdeh1 isə keçmiş arvadıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinin oğlu, Cavabdeh1 arasında mövcud olmuş ailə münasibətləri faktiki pozulduğundan, həmçinin iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2009-cu il tarixdə gəlin köçdüyü mənzilin mülkiyyətçisi ilə notariat qaydasında yazılı razılaşma bağlamadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmçinin o, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh2 ailə üzvü olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun keçmiş ailə üzvü kimi mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququ da yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2– ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2–ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının özünün və azyaşlı uşaqlarının cavabdehlərin yaşadığı və Cavabdeh2 mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı uşaqları xx.xx.2010-cu il tarixdə doğulmuş X8, xx.xx.2012-ci il tarixdə doğulmuş X13, xx.xx.2018-ci il tarixdə doğulmuş X9 və xx.xx.2020-ci il tarixdə doğulmuş X11 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun tanınması və həmin evə köçürülmələri tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar