Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1416/2020 16.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ HakimHüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 mənzil 44 ünvanında yerləşən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iddiaçı bildirdi ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 70 saylı evin 44 saylı mənzili Hüquqların Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə onun adına qeydə alınmışdır. Lakin bu yaxınlarda ona cavabdehlərin onun mənzilində istifadə hüquqları olmadan qeydiyyatda olmaları məlum olmuşdur. Bununla bağı aidiyyəti orqanlara müraciət etsə də, ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O cavabdehlərin başqa qaydada mənzilindən qeydiyyatdan çıxarılmasına nail ola bilmədiyindən, onların sözügedən mənzildə istifadə hüquqlarının olmamasını müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin mənzilə qeydiyyatı formal xarakter daşıyır və onların sözügedən mənzildə qeydiyyatda qalmaları onun qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Ona görə də, cavabdehlərin sözügedən mənzildən istifadə hüququnun olmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Cavabdehlərə göndərilmiş zərf Mingəçevir MXŞ tərəfindən «köçüb» qeydi ilə geri qaytarılmışdır. Məhkəmə aşağıdakilara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, cavabdehlərin istifadə hüququnun olmamasının tələb olunduğu mənzil çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər onun (iddiaçının) ailə üzvləri deyil. İddiaçının deməsinə görə cavabdehlər faktiki olaraq sözügedən mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materiallarına MM-nin 228.1 və 228.5-ci maddələrin tələblərindən irəli gələn, yəni iddiaçı ilə cavabdehlər arasında sonuncuların yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə iddiaçının ailə üzvü olmayan cavabdehlərin sözügedən mənzilə köçürülməsinə mülkiyyətçi olan iddiaçının razılığı barədə hər hansı bir sübutlar əlavə olunmamışdır. Göründüyü kimi məhkəmədə baxılmalı olan mübahisə (cavabdehlərin mənzildən istifadə hüququ) mövcud deyildir. İddiaçı məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunur ki, əslində onun irəli sürdüyü tələbdə məqsədi sözügedən mənzildən orada yaşamayan cavabdehlərin pasport qeydiyyatından çıxarılmasıdır. İddiaçı məhkəmə iclasında sözügedən tələblə bağlı aidiyyəti orqanlara müraciət etdiyini və orada ona məhkəməyə müraciət etmək tövsiyyə olunduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sözügedən tələbindən, yəni cavabdehlərin onun mənzilindən pasport qeydiyyatından çıxarılmasından inzibati orqanın imtina etməsindən həmin inzibati orqanın yuxarı inzibati orqanına və yaxud məhkəmə qaydasında Şəki İnzibati Məhkəməsinə şikayət verə bilərdi. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.8,263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. X1 məhkəməsinə müraciət etmək hüququ hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1416/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1416/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver