Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1418/2020 23.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdeh Mingəçevir şəhəri 9 №li uşaq bağçasının müdiri X1 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhəri 9 №li uşaq bağçasının müdiriyyətinə qarşı işə bərpa və işəgötürənin təqsiri üzündən haqqı ödənilməyən aylar üzrə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir şəhəri 9 №li uşaq bağçasının müdiriyyətinə qarşı işə bərpa və işəgötürənin təqsiri üzündən haqqı ödənilməyən aylar üzrə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı 1978-ci ilin yanvar ayından Mingəçevir şəhəri 9 №li uşaq bağçasında tərbiyəçi işləyirdi. İddiaçını xx.xx.2020-ci ildə 65 yaşı tamam olması səbəbi ilə bağça müdiri xx.xx.2020-ci il tarixli əmrlə işdən azad etmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Belə ki, bütün dünyanı koronovirus pandemiyası bürüdüyünə görə təhsil müəssisələrində, uşaq bağçalarında işlər dayandırıldığı, əmək haqqı tam ödənilməklə bütün işçilər geyri-müəyyən vaxta məzuniyyətə buraxıldığı halda bağça müdiri iddiaçını işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin 79-cu maddəsinin 8-ci abzasında qeyd olunub ki, məzuniyyətdə, ezamiyyətdə və digər hallarda işçi işdə olmadıqda onunla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Lakin bağça müdiri Əmək Məcəlləsinin 79-cu maddəsini 8-ci abzasının tələblərini pozaraq iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə işdən azad etmişdir. Qeyd edilənlərə əsasən işəgötürənin həmin əmrini qanunsuz hesab edərək, cavabdehin 17 №li xx.xx.2020-ci il tarixli əmrin ləğv olunması, iddiaçının işə bərpa edilməsi, müqavilə müddətinin bağça fəaliyyətə başladığı və iddiaçının ilk işə çıxdığı günə qədər uzadılması, işəgötürənin təqsiri üzündən ödənilməyən ayların əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir şəhəri 9 №li uşaq bağçasının müdiri X3 iddianı qəbul etməyərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı bağçada tərbiyəçi işləyirdi. xx.xx.2020-ci ildə iddiaçının 65 yaşı tamam olmuşdur və həmin vaxtdan da pensiya alırdı. İddiaçı pensiya yaşına çatdığına görə 17 №li xx.xx.2020-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Bu barədə iddiaçıya telefonla məlumat verilməklə əmrin surətini və əmək kitabçasının götürməsi xahiş edilmiş, əks halda poçtla göndəriləcəyi bildirilmişdir. İddiaçı əmrin surətinin göndərilməsinə zərurət olmadığını, özü bağçaya gələrək əmək kitabçasını və əmrin sürətini götürəcəyini bildirdi. İddiaçı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etdikdən sonra əmək kitabçasını və əmrin sürətini almışdır. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə edilmiş Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə 9 №li uşaq bağçasında işə qəbul edilmişdir. 17 №li xx.xx.2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə edilmiş 17 №li xx.xx.2020-ci il tarixli əmrdə göstərilir ki, tərbiyəçi İddiaçı çalışmanın yaş həddinə çatdığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin “e” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilsin. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı 1978-ci ilin yanvar ayından Mingəçevir şəhər 9 №li uşaq bağçasında tərbiyəçi işlədiyini, işəgötürənin 17 №li xx.xx.2020-ci il tarixli əmri ilə qanunsuz işdən azad olunmasını bildrirərək, həmin əmrin ləğv olunmasını, ödənilməyən aylara görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək müqaviləsinə yanlış bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. İşəgötürən tərəfindən əmək müqaviləsinə verilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması əmək müqaviləsinə işəgötürən tərəfindən ləğv edilməsi əsaslarından biridir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Mingəçevir şəhər 9 №li uşaq bağçası dövlət müəssisəsidir, həmin bağçada tərbiyəçi işləmiş iddiaçı ilə də pensiya yaşına çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə əmrin qanunsuz olmasını koronovirus xəstəliyinin yayılması vaxtda pandemiya dövründə qanunsuz olaraq işdən azad olunması, qanuni əsas kimi isə Əmək Məcəlləsinin 79-cu maddəsinin 8-ci abzası ilə əsaslandırmışdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin 8-ci abzasına görə məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bir Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin məhkəmə iclasında iddiaçının onunla bağlanmış əmək müqaviləsi ləğv edildiyi vaxtda məzumiyyətdə, ezamiyyətdə və ya kollektiv danışıqlarda iştirak etməsi müəyyən edilmədi. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdeh Mingəçevir şəhəri 9 №li uşaq bağçasının müdiriyyətinə qarşı 17№li xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması, müqavilə müddətinin bağça fəaliyyətə başladığı və onun ilk işə çıxdığı günə qədər uzadılması, işəgötürmənin təqsiri üzündən ödənilməyən ayların əmək haqqının ödənilməsi barədə iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1418/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1418/2020
23.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver