Məhkəmə qərarları › İş №2(051)-1442/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1442/2020

06.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1442/2020 06.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı, vəkili X4, tərcüməçi Məmmədova Könül Allahverdi qızı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 41 №-li evin 8 №-li mənzili Mingəçevir şəhər XDS İK-nin 393 №-li xx xxxxxx 1987-ci il tarixli qərarına əsasən 994 №-li orderlə onun və oğlanları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadəsinə verilmişdir. Ancaq hazırda mənzildə o, yaşayır. O, mənzili özəlləşdirmək istəyir. Lakin cavabdehlərin razılığı olmadığına görə mənzili özəlləşdirə bilmir. Halbuki cavabdehlər qeydiyyatda olsalar da 15 ildən çoxdur ki, həmin mənzildə yaşamırlar, onların mənzildə hər hansı bir əşyaları yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin ayrı yaşayış sahələri var, qeydiyyatda olduqları mənzildə yaşamırlar. O, cavabdehlərdən dəfələrlə onun istifadəsində olan mənzildən qeydiyyatdan çıxmalarını xahiş etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, cavabdehlərin qeydiyyatda olduqları, lakin uzun müddətdir yaşamadıqları, əlaqə saxlamadıqları Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 № li evin 8 № li mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili X4 da cavabdehlərin mübahisəli mənzildə uzun müddət yaşamamalarını, başqa yaşayış sahələrinə köçüb orada yaşamalarını nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzili dövlət fondu mənzili kimi onun, iddiaçı olan anası Raisa Pavlovnanın, qardaşları Tofiq və İlqarın istifadəsinə verilmişdir. Lakin o, 2001-ci ildən həmin mənzildə yaşamır və mənzildə hər hansı bir əşyası yoxdur. Ona Mingəçevir şəhərində Energetik küçəsində verilmiş torpaq sahəsində fərdi ev tikdirmişdir, iki otaq və bir zaldan ibarət olan həmin evdə o, arvadı və oğlu ilə birlikdə yaşayır. Ancaq yaşadıqları evə bu vaxta kimi mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən sənəd almamışdır. O, iddianı qəbul etmir, onların istifadələrinə verilmiş mübahisələndirilən mənzildə uzun müddət yaşamamasına baxmayaraq hesab edir ki, onun həmin mənzilə payı vardır. İddianın təmin olunmamasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmişlər, lakin sonra məhkəməyə gəlməmişlər. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirmişdir ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzili anası İddiaçı adına qeyd edilməklə mənzil anasının, onun və qardaşlarının istifadəsinə verilmişdir. O, uzun müddətdir həmin mənzildə yaşamır, ailə üzvləri ilə birlikdə başqa mənzildə yaşayır. Mənzildə anası yaşayır. Onun mübahisələndirilən mənzilə-Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə razıdır. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirmişdir ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzili anasının, onun və iş üzrə cavabdeh olan digər qardaşlarının istifadəsinə verilmişdir. O, həmin mənzildə qeydiyyatda olsa da uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Sözügedən mənzildə heç bir əşyası yoxdur. Mənzildə anası yaşayır. İddianın təmin olunmasına, onun Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzilindən istifadə hüququnun itirilmiş hesab olunmasına razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Mingəçevir şəhər XDS İK-nin 393 №-li xx xxxxxx 1987-ci il tarixli qərarı əsasında verilmiş 994 №-li orderdən görünür ki, Mingəçevir şəhəri Sos. Bolqariya küçəsi 41 №-li evin 8 №-li mənzili İddiaçı adına qeyd edilməklə, mənzil onun və oğlanları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadəsinə verilmişdir. İşə əlavə olunmuş “Asan Mingəçevir” tərəfindən verilmiş ******* №-li xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Hacıyev X2 şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzilində qeydiyyatdadırlar. İşdə olan 4 №-li MİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 03 №-li xx xxxxxx 2020-ci il tatixli aktda göstərilir ki, 994 №-li orderdə adları qeyd olunmuş X5, Cavabdeh2 və Hacıyev X2 şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzilində 2005-ci ildən yaşamırlar. İşə əlavə edilmiş MKT İstehsalat Birliyi tərəfindən verilmiş 560 №-li xx xxxxxxx 2020-ci il tarixli arayışda göstərilir ki, Cavabdeh3 həyat yoldaşı Əsədova Könül Oruc qızı və oğlu X7 ilə birlikdə Mingəçevir şəhəri Energetik küçəsində tikilmiş evdə qeydiyyatsız yaşayır. İşə əlavə olunmuş Mingəçevir şəhər MKT İstehsalat Birliyinin işçiləri tərəfidən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzilində qeydiyyatda olan Hacıyev X1 ona məxsus 07/37 invertar nömrəli 600 kvm torpaq sahəsində tikilmiş fərdi yaşayış evində həyat yoldaşı Əsədova Könül Oruc qızı və oğlu X7 ilə uzun illərdi faktiki olraq qeydiyyatsız yaşayırlar. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6 xx xxxxxxx 2020-ci il tarixli cavab məktubundan və arxiv sənədlərindən görünür ki, Cavabdeh3 adına Mingəçevir şəhər İcra Hakimiyyəti nəzdində Bağlar təsərrüfatının, fərdi və bağ evlərinin tikintisi, istismarı və inkişafı idarəsi tərəfindən 600 kv.metr torpaq sahəsinə xx xxxxxxx 2001-ci il tarixli 07/37 qeydiyyat nömrəli texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzili dövlət fondu mənzilidir. Mənzil iddiaçı Raisa Pavlovnanın adına qeyd edilməklə onun və cavabdehlərin istifadəsinə verilmişdir. Məhkəməyə təqdim edilmiş sübutlarla və cavabdehlərin etirafı ilə təsdiq olunur ki, cavabdehlər qeydiyyatda olsalar da uzun müddətdir həmin mənzildə yaşamırlar. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci və 6-cı hissələrinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edilmiş müddətdən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirilmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinn xx xxxx 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İş materialları ilə, eləcə də cavabdehlərin öz etirafları ilə müəyyən edildi ki, cavabdehlər uzun müddətdir ki, həmin mənzildən çıxmış, başqa yaşayış sahəsinə köçmüş və orada yaşayırlar. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh1 və İlqar Hcıyevin məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar iddianı etiraf edərək, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə razı olduqlarını bildirmişlər. Digər Cavabdeh3 isə iddianı qəbul etməməsini 2001-ci ildən sözügedən mənzildə yaşamasa da, həmin vaxtdan köçüb istifadəsinə verilmiş torpaq sahəsində tikdirdiyi fərdi evdə ailə üzvləri ilə birlikdə yaşasa da mübahisələndirilən mənzildə onun da payının olması ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzili dövlət fondu mənzilidir, mənzil tərəflərin istifadəsinə verilmişdir. Mənzil özəlləşdirilməmiş, tərəflərin, eləcə də Cavabdeh3 payı müəyyən edilməmişdir. Lakin cavabdeh 2001-ci ildən həmin mənzildə yaşamamaqla, başqa yaşayış sahəsinə köçməklə mənzildən istifadə hüququnu itrmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mingəçevir şəhəri N.Nərimanov küçəsi 41 №-li evin 8 №-li mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar