Məhkəmə qərarları › İş №2(051)-1488/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1488/2022

01.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1488/2022 01.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, eləcə də digər İddiaçı1 nümayəndəsi İddiaçı2, onların vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı, eləcə də digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzili mərhum qayınatası X9 1996-cı ildə alğı-satqı yolu ilə almışdır və xüsusi mülkiyyət hüququ ilə qayınatasına məxsus olmuşdur. X2 Yusif Akif oğlu ilə 12 iyun 2001-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Toyları olan gündən qayınatasına məxsus Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə köçmüş və cehiz əşyaları da həmin evə yığılmışdır. Birgə nikahlarından xx xxxx 2002-ci il tarixdə Asif adlı uşaqları anadan olmuşdur. Uzun müddət ailəsi ilə birlikdə həmin mənzildə yaşamışlar. Sonradan əri Yusif Məmmədov işləmək üçün Rusiya Federasiyasına getmiş, onlar isə həmin mənzildə yaşamışlar. Mənzilin mülkiyyətçisi olan qayınatası Akif Məmmədov 29 yanvar 2017-ci ildə vəfat etmişdir. Qayınatasının ölümündən sonra mənzilin bütün işlərini qayınanası ilə birgə idarə etmişlər. Cavabdeh mərhum Akif Məmmədovun oğlu, onun qaynıdır. Cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşamışdır və oranın vətəndaşıdır. Cavabdeh hətta atasının yas mərasimində iştirak etməmiş, mənzilin idarəçiliyində heç bir iştirakı olmamışdır. Atasının ölümündən xeyli müddət, yəni 2 il keçəndən sonra Mingəçevir şəhərinə gəlmişdir. Cavabdeh Mingəçevir şəhərinə gələndən sonra həmin mənzildə yaşamışdır. Son vaxtlar qayınanası ilə münasibətləri pisləşmişdir. Bu səbəbdən də məcburən 3 il bundan əvvəl oğlu Asif ilə başqa yerdə kirayə ev tutub müvəqqəti orada yaşayırlar. Lakin cehiz əşyalarının çox hissəsi mübahisəli mənzildədir. X1 11 may 2021-ci ildə vəfat etmişdir. Yaşamaq üçün həmin mənzilə qayıtmaq istəyirlər, mənzildə yalnız onun və ailə üzvlərinin qeydiyyatda olmasına, lakin cavabdehin həmin mənzildə qeydiyyatda olmamasına baxmayaraq Cavabdeh onları mənzilə buraxmır. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə oğlu, digər İddiaçı1 ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçıların vəkili Vəkil1 da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı2 onun qardaşı Yusif Məmmədovla 2001-ci ildə ailə quraraq onların yaşadıqları, atası Akif Məmmədovun mülkiyyətində olan Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə köçmüşdür. Atası 2017-ci ilin yanvar ayında vəfat etmişdir. Atasının ölümündən sonra iddiaçı ilə anasının arasındakı münasibətləri pisləşmiş, iddiaçı oğlu, digər İddiaçı1la 2018-ci ildə həmin mənzildən çıxmışdır. Anası 2021-ci ilin may ayında vəfat etmişdir. Anasının ölümündən sonra iddiaçılar yenidən qayıdıb həmin mənzildə yaşamaq istədilər. Lakin o, razılıq vermədi. Hesab edir ki, iddiaçıların tələbi əsassızdır. Belə ki, iddiaçının onun valideynləri ilə münasibətləri normal olmamışdır. Atasının razılığı, məlumatı olmadan iddiaçılar həmin mənzilə qeydiyyata alınmışlar. O və qardaşı Yusif uzun müddət Rusiya Federasiyasında yaşadıqlarına görə atasında qalmış mirası qəbul edərək öz adlarına sənədləşdirə bilməmişlər. O, vərəslik hüququ ilə mənzili sənədləşdirmək üçün notariat ofisinə müraciət edibdir. Qardaşı Yusif də mənzilin onun adına sənədləşməsinə etiraz etmir. İddiaçılarla onlar arasındakı münasibətlər normal olmadığına görə bir mənzildə yaşamaqları mümkün deyil. Həmçinin hesab edir ki, iddiaçıların həmin mənzilə heç bir hüququ yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da məhkəmə iclasında iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı2 arasında 12 iyun 2001-ci ildə Mingəçevir şəhər Nikah evində 98 № ilə nikah qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2002-ci il təvəllüdlü İddiaçı1 atası X10, anası İddiaçı2dır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, İddiaçı2, X10, Məmmədov X7 şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilində qeydiyyatdadırlar. İddiaçı2 23 noyabr 2012-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q-986/69 №-li arayışdan görünür ki, X4 11 may 2021-ci ildə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 21 oktyabr 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzili xx.xx.1996-cı il tarixli, 3M-2-49 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmişdir. Qeyd edilən alğı-satqı müqaviləsi 621/92B №-li qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənəd kimi reyestr kitabında qeyd edilmişdir. (Qeydiyyat vəsiqəsinin İİ nüsxəsi və alğı-satqı müqaviləsi arxivdə mövcud deyildir) İşə əlavə olunmuş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzili 30 iyul 1996-cı ildə X6 adına qeydə alınmışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli aktdan və 5 №-li MİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 407 №-li arayışdan görünür ki, Məmmədova X5 şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilində qeydiyyatdadır, həmin mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbində İddiaçı2 2001-ci ilin iyun ayında Yusif Məmmədovla rəsmi nikah qeyd etdirməklə sonuncunun atası Akif Məmmədovun mülkiyyətində olan Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə köçüb birlikdə yaşamaları, sonra onun və digər İddiaçı1 mülkiyyətçinin razılığı ilə həmin mənzilə qeydiyyata alınmaları, yaranmış mübahisə ilə əlaqədar 2018-ci ildə mənzildən çıxıb kirayə mənzildə yaşamaları, hazırda yenidən qayıdıb mübahisələndirilən mənzildə yaşamaq istəmələri, qeyd edilən mənzildə istifadə hüquqları olmasına baxmayaraq cavabdehin onlara həmin mənzilə köçüb yaşamaqlarına imkan vermədiyini bildirərək mənzilə istifadə hüquqlarının tanınması və köçürülmələri barədə qətnamə çıxarılması göstərilmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər arasında münasibətlər 2001-ci ildən yaranmışdır, ona görə də mübahisəli mənzilə iddia tələbi Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin tələblərinə uyğun həll olunmalıdır. Belə ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Lakin iş materialları ilə mübahisələndirilən mənzilə istifadə hüququ ilə əlaqədar iddiaçılarla mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olması, istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilmədi. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Mingəçevir şəhəri A.Qurbani küçəsi 10 №-li evin 3 №-li mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar