Məhkəmə qərarları › İş №2(051)-149/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-149/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-149/2021 23.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək Cavabdeh 4000 manat kompensasiya verməklə onun Mingəçevir şəhər Naxçıvan küçəsi 48/1 №-li evin 20 №-li mənzilindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh iddiaçının oğlu X1 ilə xx xxxx 2005-ci il tarixdə ailə qurmuşdur. Bir müddət sonra nikahları pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2009-cu il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehin, iddiaçının mülkiyyətində olan Mingəçevir şəhər Naxçıvan küçəsi 48/1 №-li evin 20 mənzilinə istifadə hüququ tanınmış və xx xxxxxxx 2009-cu il tarixdə həmin evə köçürülməsi təmin edilmişdir. Lakin cavabdeh səhərsi günü evi tərk edib valideyinlərinin yaşadığı Mingəçevir şəhəri Tərəvəzçilik sovxozu Bahar küçəsi 25 №-li evdə yaşamışdır. Daha sonra cavabdeh xx xxxxxx 2013-cü il tarixdə təkrarən iddiaçıya məxsus mənzilə məhkəmə icraçıları tərəfindən köçürülmüş, lakin cavabdeh yenə də evi tərk edib atası evinə getmişdir. İki dəfə mənzilə köçürülməsinə baxmayaraq cavabdehin həmin məzildə yaşamaq niyyətində olmamışdır. Cavabdeh artıq 11 ildir ki, valideynlərinin yanında yaşayır və mənzildən istifadə etmir. Cavabdehin mənzilə qeydiyyatı da formal xarakter daşıyır. Hesab edir ki, cavabdeh mənzilə dair istifadə hüququnu itiribdir. İddianın təmin olunmasını, Cavabdeh 4000 manat kompensasiya verməklə onun Mingəçevir şəhər Naxçıvan küçəsi 48/1 №-li evin 20 №-li mənzildən istifadə hüququna xitam verilməsini barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2009-cu il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin olunmuş, Mingəçevir şəhəri Naxçıvan küçəsi 48/1 №-li evin 20 №-li mənzilinə istifadə hüququ tanınmış və uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmşdir. Qətnamə qanuni qüvvəsinə mindikdən sonra icra məmuru onu həmin mənzilə köçürmək istəmiş, lakin iddiaçı ona həmin mənzilə köçüb yaşamağa imkan verməmişdir. Hazırda da icra sənədi icra məmurunun icraatındadır. İddiaçı hazırda həmin mənzildə yaşamır. Qapı bağlı olduğuna görə icra sənədini icra etmək mümkün olmur. İddiaçının təqsirli hərəkətləri nəticəsində istifadə hüququ olan mənzilə köçüb yaşaya bilmir. İddiaçının təklif etdiyi 4000 manat kompensasiya ilə də uşaqla birlikdə başqa mənzilə köçüb yaşamaq mümkün deyil. İddianın təmin olunamamsını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 48/1, mənzil 20 tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmşdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Mingəçevir şəhəri Naxçıvan küçəsi 48/1 №-li evin 20 №-li mənzilinə istifadə hüququ tanınması və uşağı X2 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mübahisə predmeti olan Mingəçevir şəhər Naxçıvan küçəsi 48/1 №-li evin 20 №-li mənzilin mülkiyyətçisidir. Həmin evə mülkiyyət hüququ xx xxxx 2020-c ildə DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən Çıxarışda tam mülkiyyət hüququ əsasında rəsmiləşdirilməklə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh 2005-ci ilin iyun ayında iddiaçının oğlu T.Cəfərovla rəsmi nikah qeyd etdirməklə həmin evə köçmüşdür. Məhkəmənin qərarı ilə cavabdehin mübahisəli evə istifadə hüququ müəyyən edilmişdir. Birlikdə yaşamaqları qeyri-mümkün olduğuna görə iddiaçı 4000( dörd min) manat kompensasiya verilməklə cavabdehin mübhsəli mənzilə istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılşma olmadıqda bu hüquqa mülkiyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstutusiyasının Plenumu “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstutusiyasına və qanunlarına uyğunluğnun yoxlanılmasına dair “ xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “eyni mənzildə ailə üzvləri(və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda onlardan birində (yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ) digərlərində isə yalnız yaşayış sahəsindən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahsələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqularının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətiçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqularının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qərarın məzmunundan göründüyü kimi istifadə hüququna malik olan şəxsə təklif ediləın kompensasiya elə bir məbləğdə olmalıdır ki, o, bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif olunan kompensasiya cavabdehin müəyyən müddət daxilində davamlı olaraq əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq üçün yetərli deyil. Təklif olunan kompensasiya ilə cavabdehin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi onun yaşayış sahəsindən istifadə hüquqularının pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstutusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan 4000(dörd min) manat məbləğində kompensasiya ilə cavabdehin uşağı ilə birlikdə müəyyən müddət daxilində davamlı olaraq əvvəlki mənzilə xas olan şəraitdə yaşayış sahəsi əldə etmək imkanı olmaması onun yaşadığı mənzildən qanunsuz məhrum edilməsinə səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət e tdi : İddiaçı Cavabdeh qarşı 4000 (dörd min) manat kompensasiya ödənilməklə Mingəçevir şəhər Naxçıvan küçəsi 48/1 №-li evin, 20 №-li mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar