Məhkəmə qərarları › İş №2(051)-1492/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1492/2022

03.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1492/2022 03.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı : İddiaçı nümayəndəsi və (vəkil) Vəkil, Cavabdeh: Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı işə bərpa tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 21 saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə texniki təhlükəsizlik üzrə mühəndis işinə bərpa edilməsi və ona xx.xx.2022-ci tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs əmək fəaliyyətinə 1982-ci ildən X1 başlamışdır. Həmin vaxtdan işdən azad olunana kimi müxtəlif idarə və müəssisələrdə işləmişdir. Müxtəlif MİS-lərdə pasport qeydiyyatçısı və mühəndis kimi işləsə də, 2009-cu ildən Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 2010-cu ildə həmin İdarədə Texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmişdir. 2022-ci ilin aprel ayında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Onun əmək fəaliyyəti dövründə heç bir əmək funksiyaları pozuntusu törətməmişdir. Uzun müddət həmin vəzifədə işləməsinə baxmayaraq, bu il, yəni 2022-ci ilin aprel ayının 1-də guya, əmək funksiyalarının pozulmasına görə işdən azad olunmuşdur. İddiaçı uzun illər sözügedən müəssisədə çalışsa da, heç vaxt problem yaşanmamışdır. Lakin İdarəyə yeni müdir gəldikdən sonra onun şəkərli diabet xəstəsi olmağı səbəbindən gözünün zəifləməsini bəhanə gətirilərək dəfələrlə hədə-qorxuya məruz qalmışdır. Rəhbərlik xəstəliyinin ağır olması səbəbindən elə bilmişdir ki, təmsil etdiyi şəxs işdən çıxacaqdır. Lakin o, işə qayıtdığı və öz işini icra etdiyi üçün ona qarşı haqsız təbliğat işi başlamışdır. İddiaçı təhqir və hədələrə məruz qalmış və arteryal hipertanoya diaqnozu ilə təcili tibbi yardıma müraciət etmişdir. Təzyiqdən və həyəcandan diaqnozlarda da göstərildiyi kimi çox pis hallara düşmüş və dəfələrlə müalicə almışdır. Şəkərli diabet xəstələrinə bu cür həyacan qadağan olunduğu halda, təmsil etdiyi şəxs hər dəfə təzyiqlərə məruz qalmış, təhqir olunmuş və hədələnmişdir. O, öz xoşu ilə işdən çıxmayacağı halda, ona qarşı şərəf və ləyaqətin alçalması ilə bağlı iddia qaldırılması bildirilmişdir. İddiaçı bu işdən əl çəkməyəcəyini bildirdikdə həqiqətən onu mənəvi ziyan tələbi ilə məhkəməyə vermişlər. Guya o, kimisə söymüşdür. Əlbəttə bu reallıq deyil və həqiqəti əks etdirmir. Söyüş söymək onun təbiətinə uyğun bir hal olmamışdır. İddiaçının hansı əmək funksiyalarını pozmağı məlum deyil. Onun şəkərli diabet xəstəsi olmağı səbəbindən işdən çıxarılması qanunla da qadağandır. O heç bir əmək funksiyasını pozmamış və bunu sübut edən heç bir əsaslı sübut yoxdur. İddiaçı bununla bağlı mediasiyaya müraciət etmişdir. Lakin cavabdehlə razılq əldə edilməmişdir. Təmsil etdiyi şəxs heç bir zaman ƏM-nin 72-ci maddəsində göstərilən hallardan heç birini törətməmişdir. Əmək intizamını pozmamış, göstərilən bütün göstərişləri vaxtında və məsuliyyətlə yerinə yetirmişdir. 10 il ərzində heç bir problem olmadığı halda axır bir neçə ayda, yəni o, şəkərli diabet xəstəliyinə düçar olduqdan sonra bu cür halların baş verməsi ona qarşı olan haqsızlığın nəticəsidir. O, töhmət almamış, onun əmək funksiyalarının pozulması ilə bağlı problemi olmamışdır. Əgər töhmət verilmişdirsə, təmsil etdiyi şəxsin bundan xəbəri olmamışdır. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında təmsil etdiyi vəzifəli şəxsin adından göstərdi ki, iddiaçının qanunsuz işdən çıxarılması ilə bağlı X9 Xidmətinin Mərkəzi Aran regional ərazi şöbəsinə müraciəti əsasında vəzifəli şəxs X4 İXM-nin 102.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinərək 1000 manat cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qərardan verilmiş şikayət Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051 )-297\2022 saylı qərarı ilə təmin edilmiş və cavabdehin iddiaçıya son-haqq hesabı ödəmədiyi sübuta yetirilmədiyi əsası ilə inzibati qərar ləğv edilmişdir. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində xx.xx.2022-ci il tarixdə idarə rəisi Nizami İsmayılov, baş mühəndis Ramiz Hüseynov idarə işçilərinin iş yerində əmək intizamını yoxlanılması məqsədilə otaqda olan texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləmiş, İddiaçı və digərlərinə işlərinə dair irad tutmaqla öz işləri ilə məşğul olmasını bildirdikdə, İddiaçı idarə rəisi Nizami İsmayılovu, baş mühəndis Ramiz Hüseynovu, kadrlar üzrə mütəxəssis Hüsniyyə Həsənovanı kobud, nəlayiq ifadələrlə söyüb təhqir etməyə başlamış, onu sakitiəşdirməvə çalışan Ramiz Hüseynovun hərəkətlərinə məhəl qoymamış, idarə işçilərinə hörmətsizlik etməklə iş ahəngini uzun müddətə pozmuşdur. İddiaçı, bu qanunsuz hərəkətləri işçilər tərəfindən rəsmiləşdirilərək akt tərtib edilmişdir. İdarə rəisi Nizami İsmayılov xx.xx.2022-ci il tarixdə onun bu hərəkəti ilə bağlı məktubla Həmkarlar İttifaqı komitəsinə müraciət edərək müzakirə edilməsini və işdən azad edilməsinə razılıq veriməsini xahiş etmişdir. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Həmkarlar İttifaqı komitəsi xx.xx.2022-ci ıl tarixdə iclas protokoluna əsasən İddiaçı işdən azad edilməsinə razılıq vermişdir. X7 komitəsində mübahisənin hallarını aydınlaşdırılması məqsədi ilə İddiaçı şəxsən iştirak edərək heç kimi təhqir və söyüş söymədiyini, şərəf və ləyaqətini alçaltmadığını, deyilənlərin böhtan olduğunu bildirmişdir. Buna baxmayaraq ona təklif olunmuşdur ki, işçilərdən üzr istəyib və işinin davam etdirilməsinə imkan yaradılsın, lakin o, bunu etməkdən imtina etmişdir. Bununla da işəgötürən Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi İddiaçı işdən azad edilməsinə dair hərəkətləri əmək qanunvericiliyinin tələbləri çərçivəsində həyata keçirilmişdir. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 11 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, İdarənin texniki təhlükəsizlik üzrə mühəndisi İddiaçı xx.xx.20222-ci il tarixdə üzrsüz səbəbdən işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət verilmişdir. İddiaçıxx.xx.2022-ci il tarixdə həmin əmrlə şəxsən tanış olmuşdur. İşdə olan www.e-gov.az saytı vasitəsilə şəxsin sonuncu müayinə aktından götürülmüş məlumatdan görünür ki, İddiaçı ümumi xəstəliyi səbəbinə görə xx.xx.2022-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.2010-cu il tarixədək hazırki iş üzrə cavabdeh olan idarədə müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2010-cu il tarixdə həmin idarədə texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilənədək həmin vəzifədə çalışmışdır. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 21 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, İdarənin texniki təhlükəsizlik üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdə olan Əmək Müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 3.3-cü bəndində qeyd olunmuşdur ki, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin həmin idarənin Həmkarlar Təşkilatının sədrinə ünvanladığı 72A nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İdarənin texniki təhlükəsizlik üzrə mühəndisi İddiaçı xx.xx.2022-ci il tarixdə iş yerində ümumi davranış qaydalarına zidd hərəkətlərə yol verməsi səbəbinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin bir sıra əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, İdarənin texniki təhlükəsizlik üzrə mühəndisi İddiaçı xx.xx.2022-ci il tarixdə iş yerində yüksək səslə İdarənin rəisi X6 və baş mühəndis X5 şərəf və ləyaqəti alçaldan nalayiq ifadələrlə təhqir etmişdir. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Həmkarlar İttifaqının xx.xx.2022-ci il tarixli protokolunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə İdarənin texniki təhlükəsizlik üzrə mühəndisi İddiaçı idarən rəisi Nizami İsmayılovu və baş mühəndis Ramis Hüseynovu təhqiramiz sözlərlə təhqir edib, onların kollektiv arasında şərəf və ləyaqətlərini alçaltdığına görə MT və Aİ-nin HİK onun işdən azad olunmasına etiraz etmir. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Həmkarlar Təşkilatının həmin idarənin 72A nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna cavabdan görünür ki, İddiaçı iş vaxtı nalayiq sözlər işlədərək öz əmək funksiyasını kobud şəkildə pozduğuna görə MT və Aİ-nin Həmkarlar Təşkilatı onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmir. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin bir sıra əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə idarəyə gələrək idarənin mühasibatlıq otağında baş mühasib Akifə Bayramovanı və baş mühəndis Ramis Hüseynovu onun işdən çıxarılmasında təqsirləndirərək onları da nalayiq sözlərlə təhqir etmişdir. İşdə olan Tibbi arayışlardan görünür ki, İddiaçı ayrı-ayrı vaxtlarda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin Təcili və X8 şöbəsinə müraciət etmiş, ona əsasən “arterial hipertenziya”, bir dəfə isə ürəyin işemik xəstəliyi diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə tərəflərin nümayəndələrinin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2010-cu il tarixədək hazırki iş üzrə cavabdeh olan idarədə müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2010-cu il tarixdə həmin idarədə texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilənədək həmin vəzifədə çalışmışdır. Həmin vəzifədə işləyərkən, xx.xx.2022-ci il tarixdə üzrsüz səbəbdən iş gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən ona töhmət verilmişdir. O, xx.xx.2022-ci il tarixdə iş yerində yüksək səslə öz vəzifəsindən irəli gələn səlahiyyətləri həyata keçirən idarənin rəisi X4 və baş mühəndis X3 üzünə qarşı əmək kollektivinin qarşısında onları şərəf və ləyaqəti alçaldan nalayiq ifadələrlə təhqir etmişdir. Qeyd edilən hadisə ilə əlaqədar işəgötürən xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi üçün həmin idarənin Həmkarlar Təşkilatına müraciət etmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Həmkarlar Təşkilatının iclası keçirilmiş, yekunda Həmkarlar Təşkilatı işəgötürənə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etməməsinə dair məlumat vermişdir. xx.xx.2022ci il tarixdə işəgötürən tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz hesab etmiş, ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, İdarənin əməkdaşları İddiaçı işəgötürən və digər vəzifəli şəxslərə qarşı yüksək səslə istifadə etdiyi ifadələri nalayiq, şərəf və ləyaqəti alçaldan sözlər kimi qəbul etmiş, bu hal idarədə əmək intizamının, işin ümumi ahənginin pozulmasına səbəb olmuş, həmçinin işəgötürən və baş mühəndisin kollektivdə nüfuzuna ciddi təsir göstərmişdir. Belə ki, Həmkarlar Təşkilatının iclasında çıxış edən hadisənin şahidləri İddiaçı tərəfindən idarə rəisi və baş mühəndisə deyilən sözləri təhqiramiz ifadələr hesab etdiklərini, yəni idarə rəisi və baş mühəndisin işçi tərəfindən təhqir olunduğunu bildirmişlər. Keçirilmiş iclasın protokolundan da görünür ki, işçilər hadisənin üzərindən 10 gündən artıq müddət keçməsinə baxmayaraq, hələ də hadisənin təsiri altındadırlar. Bütün bunlar qeyd edilən hadisənin idarənin mənafəyinə, həmçinin işəgötürən və digər vəzifəli şəxsin nüfuzuna mənfi təsir etdiyini göstərir. Ona görə də əmək kollektivinin bir neçə nümayəndəsi özlərinin şərəf və ləyaqətlərinin müdafiə edilməsi tələbi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişlər. Hazırda bununla bağlı mülki iş məhkəmənin icraatındadır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Belə ki, həmin Məcəllənin 70–ci maddəsinin «ç» bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsinədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsində isə göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 71–ci maddəsinin 3–cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70–ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76–cı maddəsinə 1–ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsinin tələbinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair əmr verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş formal tələblərə tam riayət edilmişdir. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi üçün müəssisənin Həmkarlar Təşkilatına müraciət edilmiş, Həmkarlar Təşkilatı işəgötürənə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etməməsi ilə məlumat vermişdir. Bundan sonra hadisənin baş verməsindən 1 ay müddət keçməmiş işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə müqavilənin ləğv edilməsinin zəruriliyi əsaslandırılmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşəgötürən tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əsasa gəldikdə, Məhkəmə hesab edir ki, işəgötürən işçi ilə əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etməkdə haqlı olmuşdur. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasını nəzərdə tutan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsi göstərilmişdir. xx.xx.2010-cu il tarixdə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü bəndində qeyd olunmuşdur ki, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. Əmək Məcəlləsinin 10-cu maddəsində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək (a bəndi); əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək (b bəndi); iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq (e bəndi) və.s işçinin əmək müqaviləsi üzrə əsas vəzifələri olaraq müəyyən edilmişdir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunur ki, bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, “ə” bəndinə əsasən isə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə iş vaxtı ərzində əmək müqaviləsi üzrə “əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək” və “iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq” öhdəliklərini qəsdən yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmuş, eyni zamanda onun yol verdiyi pozuntu işəgötürənin və müəssisənin qanuni mənafeyinə ciddi ziyan vurulması ilə nəticələnmişdir. Ona görə də Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsində haqlı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsaslar mövcud olmuşdur. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının işdən azad edilməsinə dair cavabdeh Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin xx.xx.2022–ci il tarixli 14 nömrəli əmri qanuni və əsaslı olmaqla, ləğv edilməsi üçün səbəb yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlir ki, işəgötürən işçi ilə əmək münasibətlərinə qanunvericiliyin tələblərinə tam riayət etməklə, əsaslı şəkildə xitam vermişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin xx.xx.2022–ci il tarixli 14 nömrəli əmri qanuni və əsaslı olduğundan, iddiaçının həmin əmrin ləğv edilməsi, işinə bərpa edilməsi və işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsinə dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı işə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar