Məhkəmə qərarları › İş №2(051)-1503/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1503/2021

03.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1503/2021 03.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı Nizami qızının, etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvana az yaşlı uşaqları ilə birlikdə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürlməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, xx xxxxxxx 1990-cı ildə ünvan 2 ünvanda yaşayır. Cavabdeh1 onun keçmiş əridir. Cavabdeh2 isə onun keçmiş qaynanasıdır. O, Cavabdeh1 ilə ailəli olduğu dövrdə Rəsul və Ramal adlı iki nəfər uşaqları olmuşdur. Hazırda uşaqların hər ikisi onun himayəsində yaşayır. O, ailə qurarkən cavabdehlərə məxsus ünvan 3 ünvana gəlin köçmüş və uzun müddət orada yaşamışdır. Hazırda yaşamağa başqa yeri yoxdur. Maddi vəziyyətdiə ağırdır. Bunda görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvana az yaşlı uşaqları ilə birlikdə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürlməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 da iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun gəlini olub. Oğlu Vüqar və gəlini ailə qurduqdan sonra onun həyat yoldaşı X5 mülkiyyətində olan ünvan 1 ünvana köçmüş və orada yaşamışdır. Sonradan oğlu ilə İddiaçı arasında olan münasibətlər pozulduğu üçünayrılmışlar. Göstərilən mənzil order əsasında onun yoldaşı X5 xüsusi mülkiyyətindədir. İddiaçının göstərilən mənzilə heç bir qeydiyyatı və ya hüququ yoxdur. Ona məxsus mənzil onun və ailə üzvlərinin tələbatını minimum səviyyədə ödəyir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İşə əlavə olunmuş Mingəçevir ZDS İcrayə Komitəsi Mənzil Uçotu və bölgüsü şöbəsinin 1545 saylı, 24 sentyabr 1976-cı il tarixli orderin surətindən görünür ki, Mingəçevir şəhəri Təbriz (keçmiş S.Vurğun) küçəsi 13 saylı evin, 5 saylı mənzili mənzillə təmin olunmaq üçün X7 verilmişdir. Məhkəmə, təqdim olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən obyektiv, hərtərəfli və tam baxaraq, tərəflər arasında olan münasibətlərə tətbiq olunan hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi və mənzilə köçürmə ilə bağlı yaranan mülki mübahisədir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 6 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə, iş materiallarına müqayisəli şəkildə qiymət verərək hesab edir ki, hazır ki ilə Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmiş hallar eynilk təşkil etməkdədir. Belə ki, məhkəmə iclasında da müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlərə məxsus mənzilə gəlin kimi 2012-ci ildə köçmüşdür (bununla bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır). Tərəflər arasında mənzillə bağlı mübahisə yarandığı zaman mənzil orderlə Cavabdeh2 mərhum əri X7 məxsus olmuşdur. İddiaçı iddiasını mənzilin orderlə yəni dövlət fonduna məxsus olması ilə əsaslandırsa da bu əsas qanunvericiliyin tələbinə görə əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Məhkəmə bu baxımdan iddiaçı tərəfindən göstərilənləri əsassız sayaraq cavabdehlərə məxsus mənzilə dair orderi mülkiyyət hüquqlarına bərabər sayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi iddiaçının mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının tələbinin hüuqui əsası yoxdur. Belə ki, yuxarıda göstərilənlərə əsasən cavabdehlərə məxsus orderlə (məhkəmə icraatı dövründə xüsusi mülkiyyətə keçmiş və daşınmaz əmlakın dövlət reyestrndən çıxarış alınmışdır) olan mənzil mülkiyyət sənədinə bərabər tutulmuş və həmin mənzildə qeydiyyatda olmayan iddiaçının mənzilə hər hansı hüququ olması məhkəmə iclasında öz təstiqini tapmamışdır. Məhkəmə mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını daha üstün hüquq kimi tanıyaraq iddiaçının tələbinin heç bir hüquqi əsasının olmaması qənaətindədir. Məhkəmə iclasında iddiaçı Şəhanə Həsənovanın başqa yaşayış yerinin olması və valideynləri ilə birlikdə yaşaması öz təstiqini tapmışdır. İddiaçı mübahisəli evə istifadə hüququnun tanınmasını və uşağı ilə birlikdə həmin evə köçürülməsini tələb etsə də bununla bağlı öz sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, göstərilən hall hüquqdan sui istifadədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qə t e t d i: X4 cavabdehlər X8, Həsənov Zaur Samid oğlu və X10 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar