Məhkəmə qərarları › İş №2(051)-1551/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1551/2021

25.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1551/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Üçüncü şəxs – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mingəçevir regional ərazi şöbəsinin baş məsləhətçi baş əmək müfəttişi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi və kompensasiyanın ödənilməsi» barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, "xxxx" MMC-in onun adından sui-istifadə etməklə adından imzalanmış saxta əmək müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin üzərinə qoyulması, 6 ay müddətində əmək müqaviləsi bağlaya bilmədiyinə görə 3000 manat məbləğində kompensasiyanın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, İddiaçı 2021-ci il 5 fevral tarixində "xxxx" MMC ilə, aylıq net əmək haqqı 500 AZN olmaqla əmək müqaviləsini bağlayarkən müəyyən olmuşdur ki, elektron informasiya sistemində 2018-ci il tarixindən əsas iş yeri üzrə "xxxx" MMC-in işçisi kimi daxil edilmişdir. Qeyd edir ki, 5 fevral 2021-ci il tarixinə kimi "xxxx" cəmiyyətinin mövcudluğundan onun xəbəri olmamış, həmin cəmiyyət ilə onun arasında heç bir əmək müqaviləsi imzalanmamış, qeyd olunan MMC-də o heç vaxt işləməmiş və əmək haqqı almamışdır. Həmçinin həmin zaman ölkə xaricində olmuş və əmək müqaviləs ilə ümumiyyətlə işləməmişdir. Beləliklə, bu günə kimi o əmək müqaviləsi bağlayaraq işləyə bilmir, nəticədə onun əmək hüquqları kobud şəkildə pozulur. Yaranmış vəziyyətlə bağlı "xxxx" MMC-yə 2021-ci il 10 fevral tarixində ərizə ilə müraciət etmiş, dəfələrlə əlaqə yaratmağa çalışmışdır, lakin heç bir rəsmi cavab ala bilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə, Azərbaycan Respublikasının Baş Prokuroruna, Bakı şəhər Nəsimi rayon Prokuroruna, Mingəçevir şəhər Prokuroruna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə, X5 xidmət mərkəzinə (142) dəfələrlə müraciətlər ünvanlamış, şikayət etmişdir. Buna baxmayaraq süründürməçiliyə məruz qalmış və müraciətlərinə heç bir müsbət cavab ala bilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilən əmək hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə dəfələrlə müraciət edəndən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mingəçevir regional ərazi şöbəsinin 2021-ci il 2 mart tarixli məktubuna əsasən bildirilmişdir ki, onun müraciətiylə əlaqədar araşdırmanın aparılması məqsədi ilə Müfəttişlik tərəfindən 2021-ci il 15 fevral və 2021-ci il 24 fevral tarixlərində "xxxx" MMC-yə müraciətlər olunmuş, lakin müraciətlər cavablandırılmamış və tələb olunan sənədlər təqdim olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mingəçevir regional ərazi şöbəsinin eyni məzmunlu 2021-ci il 2 aprel və 2021-ci il 12 aprel tarixli məktublarında da bildirimişdir ki, müraciətlərinə baxılmış və cavablandırılmışdır. Qeyd olunan saxta əmək müqaviləsinin xitam edilməsi ilə əlaqədar müvafiq məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilir. Qeyd olunanlara əsasən yuxarıda qeyd etdiyi kimi hal-hazıradək o əmək müqaviləsi ilə işə başlaya bilmədiyindən, 3000 manat kompensasiyanın həmin MMC-dən tutulmasını və ona ödənilməsini xahiş edir. Ona görə də məhkəmədən "xxxx" MMC-in onun adından sui-istifadə etməklə adından imzalanmış saxta əmək müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin üzərinə qoyulması, 6 ay müddətində əmək müqaviləsi bağlaya bilmədiyinə görə 3000 manat məbləğində kompensasiyanın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Üçüncü şəxs X4 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddiaçının adı "xxxx" MMC-də işçi kimi qeydiyyatda olduğundan iddiaçı başqa yerdə işə girə bilmir. İddiaçı bildirir ki, o başqa yerə işə girə bilməmiş, bu halın günahkarı isə "xxxx" MMC-dir. Buna görə də cavabdeh MMC-dən kompensasiya tələb edir. 6 ay kimi bir müddətdə işləyə bilməmiş və maddi ziyan çəkmişdir. İddiaçı və cavabdeh tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.Bununla belə iddiaçı X1 məhkəməyə göndərdiyi ərizədən görünür ki, 25.08.2021-ci il tarixli məhkəmə prosesində iştirak edə bilmir. Ona görədə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasını iddiaçı və cavabdeh tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş 10 fevral 2021-ci il tarixli Cavabdeh MMC-nə X2 ünvanlanmış gönrdərilmiş ərizədən görünür ki, o, 2021-ci ilin fevral tarixində işə qəbul zamanı əmək müqaviləsini bağlamaq istəyərkən müəyyən olunmuşdur ki, X7 2018-ci il tarixdən əsas iş yeri üzrə Cavabdeh MMC-in əməkdaşı kimi onların tərəflərindən daxil edilmişdir. Lakin bu MMC-in mövcudluğundan onun xəbəri olmamış və həmin əmək müqaviləsi onun tərəfindən imzalanmamışdır. MMC-in onun iradəsinə zidd olaraq qanunsuz yolla onun adından sui-istifadə etməklə əmək müqaviləsinin bağlaması və elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə ona verilən əmək hüquqlarının kobud şəkildə pozmağı deməkdir. Bu məsələnin hərtərəfli araşdırılmasını, qısa zamanda adının həmin sistemdən silinməsini və ona bu qanunsuz əməlin hansı şəraitdə meydana gəlməsi haqqında məlumat verilməsini tələb edir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mingəçevir regional ərazi şöbəsinin İddiaçı 02 mart 2021-ci il tarixli **********1 saylı, 02 aprel 2021-ci il tarixli **********9 saylı və 12 aprel 2021-ci il tarixli **********1 saylı cavab məktublarından görünür ki, qanunvericiliklə nəzərdə tutulan icra müddətində işəgötürən tərəfindən müraciətləri cavablandırılmamış və tələb olunan sənədlər X9 Xidmətinin Mingəçevir resgional ərazi şöbəsinə təqdim olunmamışdır. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bidirişi” üzrə altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işəgötürənə və mübahisəli hallarda isə müvafiq məhkəmə orqanlarına müraciət etməsi tövisyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, əmək müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı yaranan əmək mübahisəsidir. Ona görə də Əmək Məcəlləsinin və Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası Konsitutisyanın 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Konsitutisyanın 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Repsublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Repsublikası Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324-cü maddəsinin tələbinə görə: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinin tələbinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə iş materiallarını, işin faktiki hallarını əhatəli şəkildə araşdırıb belə hesa edir ki, iddiaçı əmək müqaviləsinin etibarsız hesab edilməsi tələbində tam haqlıdır. Ona görə də Cavabdeh MMC-in İddiaçı adından imzalanmış əmək müqaviləsi etibarsız hesab edilməlidir. İddia tələbinin həmin əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin üzərinə qoyulması barədə hissəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı həmin hissəsinin məhkəmədənkənar həllini itirməmişdir. İddiaçı 6 ay müddətində əmək müqaviləsi bağlaya bilmədiyinə görə 3000 manat məbləğində kompensasiyanın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə tələbini əsassız hesab edir. Belə ki, iddiaçı həmin tələblə bağlı iddia ərizəsindəki formal mülahizələrlə kifayətlənmiş və həmin tələbi sübut edə biləcək hər hansı bir dəlil irə li sürə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh MMC-in İddiaçı adından imzalanmış əmək müqaviləsi etibarsız hesab edilməlidir. İddia tələbi həmin əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin üzərinə qoyulması barədə hissədə baxılmamış saxlanılmalıdır. Cavabdeh MMC-in İddiaçı adından imzalanmış əmək müqaviləsini etibarsız hesab edən məhkəmə qətnaməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən həmin əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması üçün əsasdır. İddiaçı 6 ay müddətində əmək müqaviləsi bağlaya bilmədiyinə görə 3000 manat məbləğində kompensasiyanın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə tələbi isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-in İddiaçı adından imzalanmış əmək müqaviləsi etibarsız hesab edilsin. İddia tələbi həmin əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin üzərinə qoyulması barədə hissədə baxılmamış saxlanılsın. Cavabdeh MMC-in İddiaçı adından imzalanmış əmək müqaviləsini etibarsız hesab edən məhkəmə qətnaməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən həmin əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması üçün əsasdır. İddiaçı 6 ay müddətində əmək müqaviləsi bağlaya bilmədiyinə görə 3000 manat məbləğində kompensasiyanın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə tələbi isə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar