Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1558/2022 29.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi (vəkil) Vəkil1 Cavabdehlər: X15, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızına və Cavabdeh3 qarşı qanun üzrə birinci növbə vərəsələrin payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X11 miras qalmış, Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzilin, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi üzərində onun, qalan ½ hissəsi üzərində isə onun, uşaqları X12, X20, X13 və cavabdehlər Cavabdeh1, Məmmədova (Abdullayeva) Xanbaba qızı və Cavabdeh3 miras paylarının müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X11 miras qalmış Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanda yerləşən 0.04 ha torpaq sahəsindən və “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobildən onun və uşaqlarının paylarının tam müəyyən olunması, miras əmlakların yalnız onun və uşaqları tərəfindən qəbul edilməsi və həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun və uşaqlarının adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 2004-cü ildə faktiki nikah münasibətlərinə girməklə X29 ilə ailə qurmuşdur. Nikahlarını 08 dekabr 2006-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 iyun 2005-ci ildə Nurlana, 20 iyun 2012-ci ildə Hüseyn və 11 may 2015-ci ildə Aqşin adlı uşaqları doğulmuşdur. Birgə nikahdan doğulan Oruc adlı oğlu isə 2011-ci ildə 2 yaşında vəfat etmişdir. Bir müddət Rusiya Federasiyasında, bir müddət də Mingəçevir şəhərində qohum evində yaşamışlar. Mərhum əri İİ qrup müharibə əlili olmuşdur. Sonradan ərinə dövlət tərəfindən mənzil bağışlanmışdır və həmin mənzildə yaşamağa başlamışlar. Mingəçevir Bələdiyyəsi xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsini X21 hədiyyə vermişdir. 2018-ci ildə dövlət tərəfindən ərinə “Nazlifan” markalı minik avtomobili pulsuz olaraq verilmişdir. Həmçinin nikahdan əvvəl ərinin atası tərəfindən ərinə 0,10 ha həyətyanı torpaq sahəsi bağışlanmışdır. Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzili və Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi, “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil mərhum əri Xanbaba Abdullayevin mülkiyyətində olmuşdur. 0,1 ha həyətyanı torpaq sahəsi isə əvvəlcə ərinin mülkiyyətində olmuş, lakin ölümündən əvvəl 2021-ci ilin sentyabr ayında həmin torpaq sahəsini ona bağışlamışdır. X14 16 oktyabr 2021-ci ildə vəfat etmişdir. Qeyd olunan mənzil, torpaq sahəsi və avtomobil mərhum ərindən miras qalmışdır. Bundan sonra o və uşaqları miras qalmış mənzil, torpaq sahəsi və avtomobili faktiki olaraq qəbul etmişlər. O, ərindən miras qalmış mənzilə, torpaq sahəsinə və avtomobilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin mərhum ərinin birinci nikahdan olan uşaqları mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yaratdığına görə Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və ona məhkəməyə müraciət etməli olduğunu tövsiyə etmişdir. O da məhkəməyə müraciət etməli olmuşdur. Mərhum əri birinci ailəsindən ayrılan zaman uşaqlarına hər cür şərait yaratmış, onları mənzillə təmin etmişdir. Bundan başqa mərhum əri Xanbaba Abdullayevin birinci ailəsindən olan uşaqları nə miras qoyanın sağlığında, nə də miras açıldıqdan sonra heç vaxt onlara məxsus mənzildə yaşamamış, torpaq sahəsindən və avtomobildən istifadə etməmişlər. Bununla da cavabdehlər miras əmlakı faktiki olaraq qəbul etməmişlər. Həmçinin cavabdehlər X22, X30 və Cavabdeh3 X4 miras qalmış əmlakı qanunla müəyyən olunmuş müddət ərzində notariusa ərizə verməklə də qəbul etməmişlər və bu barədə notariat kontoruna ərizəni qanunla müəyyən olunmuş müddət ərzində təqdim etməmişlər. Belə ki, cavabdehlər notariat ofisinə ərizələrini 28 mart 2022-ci il tarixdə vermişlər. X37 16 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər isə qanunla nəzərdə tutulmuş 3 aylıq müddəti ötürməklə 28 mart 2022-ci il tarixdə, yəni 5 ay 12 gündən sonra ərizələrini notariat ofisinə təqdim etmişlər. Belə olan halda iddiaçılar mirasın qəbulu müddətini ötürmüşlər. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Belə olan halda cavabdehlər miras əmlakları nə qanuni, nə də ki faktiki qəbul etməmişlər. Bununla da cavabdehlər mirasdan pay almaq hüquqlarını itirmişlər. Odur ki, 16 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X11 miras qalmış Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzilinin, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobildən onun və uşaqlarının paylarının tam müəyyən olunması, miras əmlakların yalnız onun və uşaqları tərəfindən qəbul edilməsi və həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun və uşaqlarının adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, əsasən təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh X30 iddianı qismən qəbul etdi və göstərdi ki, mərhum atası X29 onun anasından ayrıldıqdan sonra iddiaçı ilə evlənmişdir. Onların birgə nikahlarında qeyd edildiyi kimi üç nəfər uşaqları doğulmuşdur. Lakin atasının sağlığında iddiaçı onu və digər cavabdehlərin atası ilə görüşməsinə və münasibət saxlamasına imkan verməmişdir. Ona görə də o, bir dəfə də olsun atasının yaşadığı mübahisəli evə getməmişdir. Həmişə də iddiaçı onu evə buraxmayacağı ilə təhdid etmişdir. Çünki atası ağır xəstə olanda o, atasının yanına getmək istəmiş, lakin iddiaçı icazə verməmişdir. Ondan sonra atası xx.xx.2021-ci il tarixdə vəfat edəndə də o, Bakı şəhərindən gəlmiş, lakin iddiaçı atasının dəfn mərasiminə buraxmayacağı ilə bağlı digər qohumları vasitəsilə onu xəbərdar etmişdir. Ona görə də o, dava-dalaş çıxmasın deyə, yas mərasiminə getməmişdir. Bununla da o, atsının qəbirni ziyarət etməklə kifayətlənmişdir. İddiaçı atasının dəfnində yalnız qardaşı Azərin iştirak etməsinə icazə vermişdir. Atasının ölümündən 40 gün keçmiş bibisi oğlu Əziz ona zəng vurmuş və mənzilin iddiaçının adına keçməsi üçün gəlib ərizə verməsini demişdir. Sonra iddiaçı qardaşı Azərdən xəbər göndərmişdir ki, 0,04 ha torpaq sahəsini onlara verir, mənzil isə onun olsun. Atasının dəfninə, yas mərasimlərinə gəlməyə iddiaçı imkan verməmişdir. Ona görə də o, edilən təkliflə razılaşmamışdır. 2022-ci ilin mart ayında digər cavabdehlərlə birgə mirasın qəbulu barədə ərizə vermişdir. Ondan başqa iddiaçı atasının ağır xəstəliyindən istifadə edərək, ölümündən 1-2 ay əvvəl onu notariusa aparaq 0.10 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsinin özünə bağışlanmasına nail olmuşdur. Halbuki, həmin vaxt atası ağır xəstə olmuşdur. Ona görə də o, həmin torpaq sahəsinin də miras toplusuna daxil edilməsini istəyir. Odur ki, məhkəmədən ona çatası miras payının verilməsini xahiş edir. Məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Vəkil2 iddianı qismən qəbul etdi, əsasən cavabdeh X30 ilə eyniməzmunlu izahat verdi və məhkəmədən təmsil etdiyi şəxslərə çatası miras payının verilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 ilə İddiaçı nikahları xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində bağlanmış və 315 nömrə ilə qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X29 ilə İddiaçı birgə münasibətindən xx.xx.2005-ci il tarixdə X7, xx.xx.2012-ci il tarixdə X20, xx.xx.2015-ci il tarixdə X25 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X29 xx.xx.2005-ci il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2021-ci ilin iyul ayının 22-də 71 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 xx.xx.1991-ci il tarixdə X29 ilə X9 birgə nikahından doğulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, X34 və Cavabdeh2 nikahı haqqında 19 noyabr 2008-ci il tarixdə 459 nömrəli aktın qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1994-cü il tarixdə X29 ilə X9 birgə nikahından doğulmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.1997-ci il tarixdə X29 ilə X9 birgə nikahından doğulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 006825 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, 3-cü qrup Qarabağ Müharibəsi əlili X16 3 nəfərdən ibarət ailə üzvü ilə birlikdə 2 otaqdan ibarət 42,5 kv. m. yaşayış sahəsi olan C.Əliyev küçəsində 21 nömrəli evin 33 nömrəli mənzilində yaşamağa hüququ var. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********96-05101-093008 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən ümumi sahəsi 74.35 kvadrat metr olan mənzil üzərində X16 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir Bələdiyyəsi xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha torpaq sahəsini X21 hədiyyə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********04 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi üzərində X16 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarına uyğun olaraq Qarabağ müharibəsi əlili X24 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 2018-ci il 12 aprel tarixli **********9 nömrəli əmrlə “Nazlifan” markalı, mühərrik nömrəsi LF479Q3- B*180100044*, şassi nömrəsi LLV1C2A13J0380693 olan minik avtomobili pulsuz olaraq verilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobil X16 mülkiyyətindədir. İş materiallarında olan Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 4Ə-1943 reyestr nömrəli bağışlama müqaviləsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində X16 tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində X16 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini X2 Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı bəxşiş etmiş və onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X2 şəhəri, Sahil küçəsi 4-cü döngə, 18A ünvanında yerləşən 0,10 ha torpaq sahəsini İddiaçı hədiyyə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 xx.xx.2021–ci il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 qalmış miras əmlakın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək, İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı qeyd edilərək, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q- 262/15 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X16 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 240 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “ünvan 3 ünvanı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 Oruc Hacıbaba oğlu ilə Cavabdeh2 Oruc qızının birgə nikahından doğulmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamlərin təsdiq edilmiş surətindən görünür ki, X26 xx.xx.2009-cu il tarixdə, X41 xx.xx.1976-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q- 262/15 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X16 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci il tarixədək aparılmış yoxlama zamanı arvadı İddiaçı, qızları Cavabdeh1, X12, oğulları X20, X25, X31 (ölüb) barədə məlumatlar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X31 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X14nun ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X7 atası X16 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X20 atası X16 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X25 atası X16 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir. İş materiallarına əlavə edilmiş Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X11 qalmış miras əmlaka dair Mingəçevir şəhər “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2022-ci il tarixdə V-107/2021 saylı vərəsəlik işi açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 atası X16 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X30 atası X16 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 atası X16 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə X8 xx.xx.2006-cı il tarixdə nikah bağlamaqla evlənmiş, onların birgə münasibətindən X31, xx.xx.2005-ci il tarixdə X7, xx.xx.2012-ci il tarixdə X20, xx.xx.2015-ci il tarixdə X25 adlı uşaqları doğulmuşdur. X31 xx.xx.2011-ci il tarixdə ölmüşdür. X16 birinci arvadı olmuş X17 ilə birgə nikahından isə xx.xx.1991-ci il tarixdə Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, xx.xx.1994-cü il tarixdə Cavabdeh3, xx.xx.1997-ci il tarixdə Cavabdeh1 doğulmuşdur. X29 xx.xx.2021–ci il tarixdə ölmüşdür. X4 Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzil, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobil miras qalmışdır. X16 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı və 6 nəfər uşağı: Cahan Məmmədova, Cavabdeh1, Cavabdeh3, Nurlana Allahverdiyeva, Hüseyn Abdullayev, Aqşin Abdullayev daxil olmuşdur. Mərhumun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan İddiaçı, X7, X20, X25 xx.xx.2022-ci il tarixdə, Cavabdeh1, X30, Cavabdeh3 isə xx.xx.2022-ci il tarixdə X4 miras qalmış əmlakı qəbul etmək barədə notariat ofisinə ərizə vermişlər. İddiaçı cavabdehlerin miras əmlakı faktiki qəbul etmədiklərini və mirasın qəbulu üçün müəyyən edilmiş 3 aylıq müddəti ötürdüklərini qeyd edərək, miras əmlakların yalnız onun və uşaqları tərəfindən qəbul edilməsini xahiş etmişdir. Bununla da vərəsələr arasında miras əmlakla bağlı mübahisə yaranmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində X16 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini X2 Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı bəxşiş etmiş və onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdehlər isə bağışlanmış əmlakın da miras toplusuna daxil edilməsini və onlara çatmalı olan məcburi payın həmin əmlak hesabına tamamlanmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış münasibət mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan və miras qoyan, X8 xx.xx.2021–ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X4 Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzil, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobil miras qalmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, X8 tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsini cavabdehlər mübahisələndirərək, həmin əmlak hesabına onlara çatmalı olan məcburi payın tamamlanmasını tələb etmişlər. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, mərhumun anası X41 xx.xx.1976-cı il tarixdə, atası X26 xx.xx.2009-cu il tarixdə, mərhumun oğlu X31 isə xx.xx.2011-ci il tarixdə 2 yaşında öldüyündən, yəni Xanbaba Abdullayevin öldüyü məqamda sağ olmadıqlarına görə X6 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı, qızları Cavabdeh1, X30, X7, oğulları Cavabdeh3, X20, X25 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə iddiaçının miras qoyanın birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan Cavabdeh1, X15, Cavabdeh3 miras əmlakı faktiki qəbul etmədikləri və xx.xx.2022-ci il tarixdə miras əmlakı qəbul etmələrinə dair ərizə ilə notariat ofisinə müraciət etməklə mirasın qəbulu müddətini ötürdükləri ilə bağlı istinad etdiyi halları və cavabdehlərin mərhum tərəfindən iddiaçıya bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi hesabına onlara çatmalı olan məcburi payın tamamlanması barədə tələblərini nəzərə alaraq, həmin halları işin mübahisə edilən faktiki halları hesab edir. Məhkəmə mübahisənin qanunamüvafiq şəkildə həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Miras qoyan X16 birinci növbəli qanun üzrə vərəsəsi olan İddiaçı və digər birinci növbəli vərəsələr olan X7, X20, X25 həm miras qoyanın sağlığında, həm də onun ölümündən sonra miras əmlaka daxil olan mənzildə yaşamışlar, həmçinin miras əmlaka sahiblik və onu idarə etməklə miras əmlakın faktiki qəbul edilməsinə yönələn hərəkətləri həyata keçirmişlər. Yəni iddiaçı qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, mübahisəli əmlaklardan təyinatına uyğun olaraq istifadə etməklə miras əmlakı faktiki qəbul etmişdir. İddiaçı və uşaqları, o cümlədən miras əmlakı rəsmi qaydada qəbul etmək üçün xx.xx.2022-ci il tarixdə notariat kontoruna ərizə də vermişlər. Digər birinci növbəli qanun üzrə vərəsələr olan cavabdehlər isə miras açıldıqdan sonra iddiaçı ilə aralarında narazılıq yarandığı üçün faktiki şəkildə miras əmlakın qəbul edilməsi ilə bağlı hərəkətlər yerinə yetirə bilməmişlər. Tərəflər arasında miras əmlakın qəbuluna dair razılıq əldə edilmədiyi üçün cavabdehlər Cavabdeh1 və X30 28 mart 2022-ci il, Cavabdeh3 29 mart 2022-ci il tarixdə, yəni miras açıldığı vaxtdan 5 ay sonra notariat kontoruna ərizə verməklə mirası qəbul etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 2014-cü il 18 iyul tarixli və A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli qərarlarında, eləcə də “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında ehtiva olunmuş hüquqi mövqeyə görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri– müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumu 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Göründüyü kimi qanunverici mirasın qəbulunun formal və qeyri-formal üsullarını fərqləndirmiş, o cümlədən mirasın qəbul edilməsi üçün miras açıldığı vaxtdan sonra 6 aylıq müddət müəyyən etmişdir. Həmin müddət mirasın qəbulunun formal üsulu üçün nəzərdə tutulmuş müddətdir. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı və onun uşaqları olan digər birinci növbəli vərəsələr miras əmlakı həm formal, həm də qeyri-formal yolla qəbul etmişlər. Belə ki, onlar X4 miras qalmış Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzildən təyinatına uyğun olaraq istifadə etməklə sahibliyi həyata keçirmiş, həmçinin miras mülkün qorunub saxlanmasını və abadlaşdırılmasını təmin etməklə mirası faktiki idarə etmişlər. Həmçinin iddiaçı uşaqları ilə birlikdə miras açıldıqdan 4 ay sonra notariat ofisinə mirasın qəbuluna dair ərizə ilə müraciət etmişlər. Digər tərəfdən cavabdehlər isə iddiaçı ilə mübahisəli münasibətdə olduqlarına görə miras əmlakı faktiki yolla qəbul etmək imkanlarına malik olmadıqları üçün miras açıldıqdan 5 ay sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə verməklə mirasın qəbul edilməsinin formal üsulunu həyata keçirmişlər. Bununla da onlar mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün qanunda nəzərdə tutulmuş 6 aylıq müddəti ötürməmişlər. Eləcə də işin müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdehlər arasında ilk növbədə qarşılıqlı razılıq əsasında mirasın bölüşdürülməsi ilə bağlı müzakirələr olmuşdur. Sonradan razılıq əldə edilmədiyinə görə hər iki tərəf notarusa müraciət etmişdir. Bu da o nəticəyə gələməyə əsas verir ki, cavabdehlər də mirasın qəbul etməsi istiqamətində real davranış nümayiş etdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələblərinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, cavabdehlərin mərhum tərəfindən iddiaçıya bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi hesabına onlara çatmalı olan məcburi payın tamamlanması barədə tələbləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1200-cü maddəsi məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Konstitusiya Məhkəməsi Plenumu 8 yanvar 2021-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. X8 tərəfindən ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi xx.xx.2021-ci il tarixdə arvadı İddiaçı bağışlanmışdır. Həmin torpaq sahəsinin bağışlanmasından 1 ildən artıq müddət keçmişdir. X7, X20, X1 Şəbnəm Xanbaba qızı, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, Cavabdeh3 X16 qanun üzrə birinci növbəli vərəsələri olduqlarına görə məcburi pay hüququna malik olan şəxslər sırasına daxildirlər. Həmin əmlak mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Ona görə də cavabdehlərin miras qoyan tərəfindən bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır. Bağışlanmış əmlak hesabına məcburi payın tamamlanması tələbinin təmin edilməsi üçün zəruri şərtlər məcmu halında mövcud olduğundan, məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına X5, X10, X13 Cavabdeh1 qızının, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 məcburi payları tamamlanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair bağlanmış bağışlanma müqaviləsi də məcburi payın tamamlanması hissəsində qismən etibarsız hesab edilməli, həmin müqavilə əsasında daşınmaz əmlakın reyestrində qeydə alınmış reystr qeydi də qismən ləğv edilməli və X8na məxsus həmin torpaq sahəsinin məcburi payın tamamlanması hissəsi də miras toplusuna daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, X4 miras qalmış, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobilə münasibətdə İddiaçı, X7, X20, X25, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, Cavabdeh3 X6 qanun üzrə birinci növbəli vərəsələri tanınmalı, X4 miras qalmış, ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə münasibətdə X7, X20, X25, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, Cavabdeh3 X6 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri tanınmalı, X4 miras qalmış, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E- 330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobildən İddiaçı, X5, X10, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3, hər birinin payları 1/7 hissədə müəyyən edilməli, X8 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi məcburi payın tamamlanması hissəsinə münasibətdə qismən etibarsız hesab edilməli və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydi birinci növbəli vərəsələrin məcburi miras paylarına aid 6/14 hissədə qismən ləğv edilməli, ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X4 miras qalmış ½ hissəsindən İddiaçı bağışlanma müqaviləsi də daxil olmaqla miras payı 8/14 hissədə, X5, X10, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 hər birinin miras payları 1/14 hissədə müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, vərəsəlik hüququ haqqında şəhadətnamə notariat orqanları tərəfindən verildiyinə görə iddiaçı həmin tələblə bağlı notariat orqanına mürciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1, X23, Cavabdeh3 qarşı iddiası qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. X4 miras qalmış, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobilə münasibətdə İddiaçı, X7, X20, X1 Şəbnəm Xanbaba qızı, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, Cavabdeh3 X6 birinci növbəli qanun üzrə vərəsələri tanınsın. X4 miras qalmış, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobildən İddiaçı, X5, X10, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3, hər birinin payları 1/7 hissədə müəyyən edilsin. X6 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X5, X10, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 X8 tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi payları tamamlansın. X8 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilsin və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydi birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilsin. ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X4 miras qalmış ½ hissəsindən İddiaçı məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, X5, X10, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 hər birinin miras payları 1/14 hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1558/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1558/2022
29.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver