Məhkəmə qərarları › İş №2(051)-1561/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1561/2021

16.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1561/2021 16.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh direktorunun onunişdən azad olunmağı barədə 30 dekabr 2020-ci il tarixli, 149/K nömrəli əmrinin ləğv edilməsini və onun Cavabdehnə operator vəzifəsinə müddətsiz işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, O, İddiaçı 14 may 1985-ci ildə Ağdam rayonun Güllücə kəndində anadan olmuşdur. 1996-cı ildə Mingəçevir şəhər 20 nömrəli orta məktəbdə birinci sinifə getmiş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. Bundan sonra 2007-ci ildə Mingəçevir Radz hazırlığı və ixtisasartırma məktəbinə daxil olmuş və 18 iyun 2009-cu ildə “tibb bacısının işi” ixtisası üzrə tam kursu bitirmişdir. Eyni zamanda da 16 oktyabr 2005-ci ildə “Borçalı” X2 Mərkəzinə daxil olmuş və “kompyuter operatoru” ixtisası üzrə kursu 16 yanvar 2006-cı ildə bitirmişdir. Bundan sonra, yəni 02 may 2011-ci ildə X7 tibb işçisi vəzifəsinə işə qəbul olunmuşdur. 01 aprel 2015-ci ildə isə Cavabdehnə tibb işçisi vəzifəsinə işə qəbul olunmuşdur. 13 iyul 2021-ci il tarixdə işdə olarkən Turizm Kollecinin direktor vəzifəsini icra edən, tədris işləri üzrə direktor müavini Kamal Əhmədov onu yanına çağıraraq onunla bağlanmış əmək müqaviləsinə 30 dekabr 2020-ci il tarixdən Əmək Müqaviləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildiyini bildirdi. O ilk olaraq buna inanmamış, lakin K.Əhmədov ona müəyyən sənədlər göstərərək onun işdən çıxdığını bildirmişdir. Bundan sonra o, müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsini tələb etmişdir. Lakin həmin vaxt müxtəlif bəhanələr gətirilərək, əmrin surəti ona verilməkdən imtina edilmişdir. Aradan uzun müddət keçəndən sonra, yəni 13 iyul 2021-ci ildə o əmrdən çıxarışı almışdır. O qeyd olunan əmri əsassız və qanunsuz hesab edir. Belə ki, o, 2021-ci ilin iyul ayına kimi işə gedib-gəlmişdir. Eyni zamanda da onun işdən azad olunmağı barədə əmək müqaviləsi bildirişi ona təqdim olunmamışdır. Buradan da belə nəticəyə gəlmək olar ki, Cavabdeh direktoru onu əsassız olaraq və heç bir qanuna sığmayan formada azad işdən azad etmişdir. Bundan başqa o, 2011-ci ildən 2021-ci ilin iyul ayının 13-nə kimi daim işə gedib gəlmişdir. Əgər o, işdən azad olunmuşdursa, kollecin direktoru bu barədə niyə ona bir söz deməmişdir. Demək olara ki, burada hansısa məqsəd olmuşdur. X1 Kollecinin direktorunun onun işdən azad olunmağı barədə qəbul etdiyi 30 dekabr 2020-ci il tarixli, 149/K əmri tam qanunsuzdur. Ona məhkəmədən Cavabdeh direktorunun onunişdən azad olunmağı barədə 30 dekabr 2020-ci il tarixli, 149/K nömrəli əmrinin ləğv edilməsini və onun Cavabdehnə operator vəzifəsinə müddətsiz işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyildir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından müqaviləyə xitam verilmişdir. İddia ərizəsində 13 iyul 2021-ci il tarixinədək işə gəlməsini qeyd etmişdir. Lakin işə həmin tarixədək yalnız 2 gün gəlib-getmişdir. İddiaçıya əmək müqaviləsinə xitam verildikdən sonra başqa işlə təmin olunacağı bildirilmişdir. Sonradan iddiaçının səhhətində problemlər olmuşdur. Ona görə də başqa işlə təmin oluna bilməmişdir. Məkhəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halların nəzərə alınmasını xahiş edir. İşə əlavə olunmuş AB-İİ seriyalı, 053937№-li Diplomdun surətindən görünür ki, X10 2007-ci ildə Mingəçevir Radz hazırlığı və ixtisasartırma məktəbinə daxil olmuş və 18 iyun 2009-cu ildə Tibb bacısı işi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 18 iyun 2009-cu il tarixli qərarı ilə ona Tibb bacısı ixtisası verilmişdir. İşə əlavə olunmuş Cavabdeh üzrə 30.12.2020-ci il tarixli İddiaçı əmək müqaviləsinə xitam verilərək işdən azad edilməsi barədə 149/K nömrəli Əmrdən çıxarışdan görünür ki, Cavabdeh sabiq əməkdaşı İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin bitməsi) əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 10 iyul 2013-cü il təvəllüdlü X11 və X9 adlı uşaqların anaları İddiaçıdır. İşə əlavə əmək kitabçasının surətindən görünür ki, Nəsirova (Cavadova) Aysel Yamən qızı Cavabdeh 91-K №-li 02.05.2011-ci il tarixli əmriylə Kollecə tibb işçisi vəzifəsinə işə qəbul edilmişdir. 45-K №-li 01.04.2015-ci il tarixli əmrlə Kollecə operator vəzifəsinə qəbul edilmişdir. X6 direktorunun 30.12.2020-ci il tarixli, 149 №-li Əmri ilə Cavabdehndə müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. İşə əlavə olunmuş Əmək müqaviləsindən görünür ki, işçi X10 işəgötürən Cavabdeh direktoru X12 tərəfindən 02.05.2011-ci ildə kollecdə tibb işçisi vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin 2-ci hissəsindən görünür ki, əmk müqaviləsinin müddətsiz bağlanıb bağlanması barədə olan hissə 2.1-ci hissəsi bundan əlavə 2.2 və 2.3-cü hissələri də boş saxlanmış, işçinin işə 02.02.2011-ci il tarixdən başladığı 2.4-cü hissədə qeyd edilmişdir. İşə əlavə olunmuş Cavabdeh 91-k №-li 02.05.2011-ci il tarixli Əmrindən görünür ki, X4 02.05.2011-ci il tarixdən kollecə Tibb işçisi vəsifəsinə qəbul edilməsi, operator vəzifəsinin də ona həvalə edilməsi və əmək haqqı ştat cədvəlinə əsasən verilməsi əmr edilmişdir. İşə əlavə olunmuş 01.04.2015-ci il tarixli Əmək müqaviləsindən görünür ki, işçi X10 işəgötürən Cavabdeh direktoru X12 tərəfindən Cavabdehndə Operator vəzifəsinə 1 (bir) illik əmək müqaviləsi əsasında qəbul edilmişdir. Əmək müqaviləsi 01.04.2015-ci ildən qüvvəyə minir və müəllim vəzifələrini 01.04.2015-ci ildən yerinə yetirir. Müqaviləyə xitam verilmə vaxtı 31.12.2015-ci il (müddətli əmək müqaviləsi bağlananda) göstərilmişdir. İşə əlavə olunmuş Cavabdeh 45-K №-li 01.04.2015-ci il tarixli “Tibb işçisi vəzifəsindən azad edilərək operator işinə keçirilməsi haqqında” Əmrindən görünür ki, 01.04.2015-ci il tarixdən tutduğu vəzifədən azad edilərək kollecə büdcədənkənar operator vəzifəsinə qəbul edilmişdir. Əmək haqqı ayda 125 (bir yüz iyirmi beş) manat büdcədənkənar vəsaitlərin gəlir xərc smetasında ştatdan kənar işçilərin əmək haqqı ( maddə 211200-dən) fondundan ödənilmişdir. İşə əlavə olunmuş 151-K №-li 30.12.2015-ci il tarixli “əmək müqavilələrinə xitam verilməsi haqqında” Əmrdən görünür ki, İddiaçı ştatdankənar işçilərin əmək müqavilələrinin müddəti başa çatdığından 31.12.2015-ci il tarixdən əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşə əlavə olunmuş Cavabdeh üzrə 02/K nömrəli İddiaçı işə qəbul edilməsi barədə 05.01.2016-cı il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı 05.01.2016-cı il tarixdən kollecə operator vəzifəsinə qəbul edilmişdir. Əmək haqqı ayda 136 (bir yüz otuz altı) manat olmaqla ştatdankənar vəsaitlərin gəlir xərc smetasından (maddə 211200) ödənilməsi əmr edilmişdir. İşə əlavə olunmuş 05.01.2016-cı il tarixli Əmək müqaviləsindən görünür ki, işçi X10 işəgötürən Cavabdeh direktoru X12 tərəfindən Cavabdehndə Operator vəzifəsinə 1 (bir) illik əmək müqaviləsi əsasında qəbul edilmişdir. Əmək müqaviləsi 05.01.2016-cı ildən qüvvəyə minir və müəllim vəzifələrini 05.01.2016-cı ildən yerinə yetirir. Müqaviləyə xitam verilmə vaxtı 31.12.2016-cı il (müddətli əmək müqaviləsi bağlananda) göstərilmişdir. İşə əlavə olunmuş 151-K №-li 29.12.2016-cı il tarixli “əmək müqavilələrinə xitam verilmələri haqqında” Əmrdən görünür ki, İddiaçı ştatdankənar işçilərin əmək müqavilələrinin müddəti başa çatdığından 31.12.2016-cı il tarixdən əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşə əlavə olunmuş 10.01.2017-ci il tarixli Əmək müqaviləsindən görünür ki, işçi X10 işəgötürən Cavabdeh direktoru X12 tərəfindən Cavabdehndə Operator vəzifəsinə 1 (bir) illik əmək müqaviləsi əsasında qəbul edilmişdir. Əmək müqaviləsi 10.01.2017-ci ildən qüvvəyə minir və müəllim vəzifələrini 10.01.2017-ci ildən yerinə yetirir. Müqaviləyə xitam verilmə vaxtı 10.01.2018-ci il (müddətli əmək müqaviləsi bağlananda) göstərilmişdir. İşə əlavə olunmuş 153-K №-li 29.12.2017-ci il tarixli “əmək müqavilələrinə xitam verilmələri haqqında” Əmrdən görünür ki, İddiaçı ştatdankənar işçilərin əmək müqavilələrinin müddəti başa çatdığından 31.12. 2017-ci il tarixdən əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşə əlavə olunmuş 04.01.2018-ci il tarixli Əmək müqaviləsinə əlavədən görünür ki, işçi İddiaçı işəgötürən X12 tərəfindən 1. Operator vəzifəsinə qəbul edilmiş, işçiyə ayda 150 manat əmək haqqı ödənilməsi razılaşdırılmışdır. 2.kadrlar şöbəsində sənədləşmə işinin aparılması 3. Kollecin işlərində fəal iştirak etmək 4. Tərəflərin razılığı ilə 1 (bir) illik bağlanmışdır. Əmək müqaviləsinin müdəti 04.01.2018-31.12.2018-ci ilə kimi hesablanmışdır. İşə əlavə olunmuş Cavabdeh üzrə 06/K nömrəli İddiaçı işə qəbul edilməsi barədə 04.01.2018-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı 04.01.2018-ci il tarixdən kollecə operator vəzifəsinə qəbul edilmişdir. Əmək haqqı ayda 150 (bir yüz əlli) manat olmaqla ştatdankənar vəsaitlərin gəlir xərc smetasından (maddə 211200) ödənilməsi əmr edilmişdir. İşə əlavə olunmuş 193-K №-li 28.12.2018-ci il tarixli “əmək müqavilələrinə xitam verilmələri haqqında” Əmrdən görünür ki, İddiaçı ştatdankənar işçilərin əmək müqavilələrinin müddəti başa çatdığından 31.12. 2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşə əlavə olunmuş Cavabdeh üzrə 01/K nömrəli İddiaçı işə qəbul edilməsi barədə 03.01.2019-cu il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı 03.01.2019-cu il tarixdən kollecə operator vəzifəsinə qəbul edilmişdir. Əmək haqqı ayda 150 (bir yüz əlli) manat olmaqla ştatdankənar vəsaitlərin gəlir xərc smetasından (maddə 211200) ödənilməsi əmr edilmişdir. İşə əlavə olunmuş 195-K №-li 30.12.2019-cu il tarixli “əmək müqavilələrinə xitam verilmələri haqqında” Əmrdən görünür ki, İddiaçı ştatdankənar işçilərin əmək müqavilələrinin müddəti başa çatdığından 31.12.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşə əlavə olunmuş 07.01.2020-ci il tarixli Əmək müqaviləsindən görünür ki, işçi X10 işəgötürən Cavabdeh direktoru X12 tərəfindən Cavabdehndə Operator vəzifəsinə 1 (bir) illik əmək müqaviləsi əsasında qəbul edilmişdir. İşə əlavə olunmuş Cavabdeh üzrə 05/K nömrəli İddiaçı işə qəbul edilməsi barədə 07.01.2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı 07.01.2020-ci il tarixdən kollecə operator vəzifəsinə qəbul edilmişdir. Əmək haqqı ayda 250 (iki yüz əlli) manat olmaqla ştatdankənar vəsaitlərin gəlir xərc smetasından (maddə 211200) ödənilməsi əmr edilmişdir. İşə əlavə olunmuş 149-K №-li 30.12.2020-ci il tarixli “əmək müqavilələrinə xitam verilmələri barədə” Əmrdən görünür ki, İddiaçı ştatdankənar işçilərin əmək müqavilələrinin müddəti başa çatdığından Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq 30.12.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, Cavadova X5 Turizm Kollecində 02.05.2011-ci il tarixdə tibb işçisi vəzifəsinə işə qəbul edilmişdir. 01.04.2015-ci il tarixdə Kollecə operator vəzifəsinə qəbul edilmişdir. 30.12.2020-ci il tarixdə Cavabdehndəki operator vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən azad olunmuşdur. Məhkəmə işin hallarını əmək qanunvericiliyinin müddəaları əsasında təhlil edib aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi əsaslıdır . Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 3-cü hissəsinə əsasən Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məhkəmə işə əlavə olunmuş sənədləri təhlil edərək belə hesab edir ki, iddiaçının əmək müaviləsi müddətli deyil, müddətsiz hesab edilməlidir. Belə ki, əmək kitabçasının və əmək müqaviləsinin surətlərindən görünür ki, iddiaçı Cavabdehndə opretor vəzifəsinə 01.04.2015-ci ildə qəbul olunmuş və həmin orqanda operator vəzifəsinə hər il yenidən müddətli əmək müqavilələri bağlanılaraq 30.12.2020-ci il tarixində əmək müqaviləsinə xitam verilənədək davam etmişdir. İşin faktiki halından da göründüyü kimi iddiaçı iş yerini daimi olaraq qəbul etmişdir. Eyni zamanda bu onun həmin vəzifədə iş stajı 5 ildən artıq olmuş həmin müddət ərzində eyni əsaslar üzrə əmək müqavilələri hər il təkrar-təkrar bağlanmışdır. Bu da ona dəlalət etməyə imkan verir ki, iddiaçı müddətli əmək müqavilələri əsasında cavabdeh orqanda 5 ildən artıq çalışmışdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin mənasından da görünür ki, Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Ona görə də məhkəmə heab edir ki, Cavabdeh İddiaçı əmək müqaviləsinə müddətli əmək müqaviləsi kimi yanaşaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verməsi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Qanunun müəyyən etdiyi bu şərt işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən X3 02 iyun 1982-ci il tarixdə qəbul etdiyi “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı Tövsiyyəsində də nəzərdə tutulmuşdur və əmək hüquqlarının müdafiəsi sahəsində təməl hüquqi təminatlardan biridir. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Həmin maddədə deyilir ki, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsüm işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması, və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Qeyd olunan qanun normasının tələbi ondan ibarətdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilməklə bağlanmasına yol verilmir. Bu qaydadan istisna halı kimi yalnız həmin Məcəllənin 47-ci maddəsində sadalanan hallar müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-ci hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı işdən çıxarılmasının heç bir əsası yoxdur. Onun işdən çıxarılması barədə Cavabdeh tərəfindən verilmiş əmr yuxarıda qeyd olunan əsaslara görə qanunsuz qəbul olunmuşdur. İddiaçı İddiaçı işdən azad olunmasının hər hansı əsası olması əmri verən Cavabdeh tərəfindən sübut olunmadı. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cavabdeh “əmək müaviləsinə xitam verilməsinə dair” əmri çıxararkən Əmək Məcəlləsinin müvafiq maddələrində göstərilmiş prosedur qaydalarını ciddi şəkildə pozmuşdur. Belə ki, əmr verilməzdən əvvəl əmək müqaviləsinə xitam verilməsi məsələsinə dair Həmkarlar İttifaqının iclası keçirilməli həmin iclasın sonunda müvafiq protokol tərtib olunmalı və Həmkarlar İttifaqının sədri əmək müaviləsinə xitam verilməsinə razı olub-olmadığını cavab məktubu ilə həmin müəssisənin rəhbərinə bildirməli idi. Bundan əlavə İddiaçı himayəsində 2 azyaşlı uşağının olmasına baxmayaraq işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərə aid olub-olmamağı araşdırılmamışdır. İş materiallarından da görünür ki, həmin qaydaların heç birinə əməl edilməmiş, işçinin həmin orqandakı 9 illik əmək stajı nəzərə alınmamışdır. Ona görə də məhkəmə iddianı tam əsaslı hesab edir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər:

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 30 dekabr 2020-ci il tarixli 149/K nömrəli əmri ləğv edilməli və Cavadova X5 Turizm Kollecinə operator vəzifəsinə müddətsiz işinə bərpa edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh direktorunun 30 dekabr 2020-ci il tarixli 149/K nömrəli əmri ləğv edilsin. Cavadova X5 Turizm Kollecinə operator vəzifəsinə müddətsiz işinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar