Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1584/2022 18.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: “Tacir” kooperativin nümayəndəsi (vəkil) Vəkil Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı Tacir kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Tacir” kooperativi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 tərəfindən “Tacir” koorperativinə məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin, Cavabdeh2 tərəfindən “Tacir” koorperativinə məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehlərin vəsaitləri hesabına sökülməsi, tikinti materiallarının torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətə gətirilməsi və cavabdehlərin torpaq sahələrindən çıxarılmaları haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli 311 saylı qərarı ilə yaradılması və nizamnaməsi təsdiq olunmuş təmsil etdiyi “Tacir” kooperativinə 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarla şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən 10,0 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14 noyabr 1991-ci il tarixli, 606 saylı qərarı ilə “Tacir” kooperativinə Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldılmış və həmin ərazi (1.0 ha) “İlkin” kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadə üçün verilmişdir. Qalan torpaq sahəsi isə kooperativin idarəçiliyində olmuşdur. DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 30 yanvar 2018-ci il tarixli məktubu əsasında təmsil etdiyi hüquqi şəxsə məlum olmuşdur ki, kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 700 kv.m hissəsi Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 saylı qərarı əsasında Mingəçevir şəhər sakini Cavabdeh2 satılmış və DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 29 noyabr 2017-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11640229 №-li çıxarış verilmişdir. Kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 600 kv.m hissəsi isə Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 saylı qərarı əsasında Mingəçevir şəhər sakini Cavabdeh1 satılmış və DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 14 iyun 2017-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarış verilmişdir. Havarlı Bələdiyyəsinin həmin qərarları qanunsuz olduğuna, yəni “Tacir” kooperativinin qanuni istifadəsində olan torpaq sahələrinin Havarlı Bələdiyyəsinə heç bir aidiyyəti olmadığına və Mingəçevir şəhərinin inzibati ərazisinə aid olduğuna görə “Tacir” kooperativi tərəfindən cavabdeh Yevlax rayonu Havarlı Bələdiyyəsinə, üçüncü şəxslər DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh1 qarşı Şəki İnzibati Məhkəməsində “torpaq sahələrinin satılmasına dair Havarlı Bələdiyyəsinin qərarlarının etibarsız hesab edilməsi” barədə iddia qaldırılmış və Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2-l(116)-16/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək Cavabdeh1 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və Cavabdeh2 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarları etibarsız hesab edilmişdir. Qərardan verilən apelyasiya şikayətləri təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı qanuni qüvvəyə minərək cavabdehlərin adlarına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar və hüquqların dövlət qeydiyyatı DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ləğv edilmişdir. Eyni zamanda Şəki İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2-l(116)-58/2020 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması tərəflərə və üçüncü şəxslərə qadağan edilmişdir. Lakin cavabdehlərə tikinti aparmalarının dayandırmaları barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 “Tacir” kooperativinə məxsus torpaq sahəsində başa çatmış yaşayış evi, Cavabdeh2 isə pəncərəbaşı hissəyə qədər yarımçıq ev tikmiş və hər ikisi tikililəri sökməkdən imtina etmişlər. Odur ki, məhkəmədən, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 368 nömrəli qərarına əsasən Havarlı Bələdiyyəsinin mülkiyyətində 600 kv.m olan torpaq sahəsi ona satılmış və həmin alqı-satqı müqaviləsinə əsasən DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən onun adına 14 iyun 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. Həmçinin, ona torpaq sahəsi satılmamışdan əvvəl alqı-satqı ilə nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı DTXK-nın rəyi alınmışdır. Həmin torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və bundan sonra A sariyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. "Tacir” kooperativi tərəfindən Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il 368 nömrəli və 379 nömrəli qərarlarının ləğvi ilə bağlı iddia etdiyi torpaq sahələri Yevlax rayonu Havarlı kəndində yerləşən Tərəvəzçilik-Südçülük sovxozuna məxsus olmuşdur. Bununla bağlı Torpaqdan istifadə hüququna dair Dövlət Aktı mövcuddur. Tərəvəzçilik-Südçülük sovxozu Dövlət aktı ilə təhkim edilmiş torpaq sahəsindən 1998-cı ilədək təsərrüfat kimi istifadə etmişdir. 1998-ci ildə Respublika ərazisində aparılan torpaq islahatı ilə əlaqədar dövlət aktındakı torpaqların mülkiyyət növləri dəqiqləşdirilmiş və Aqrar İslahat Komissiyasının qərarları ilə təsdiqləndikdən sonra torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin ərazidə sonradan Havarlı Bələdiyyəsi yaradılmış və bələdiyyə mülkiyyətində olan torpaq sahələri kimi bələdiyyəyə təhvil verilmişdir. Torpaq sahələri Mingəçevir şəhərinin inzibati ərazisinə daxil edilməsinə baxmayaraq, yenə də Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahələridir. Qeyd edilən mübahisəli ərazidən əvvəllər da fərdi yaşayış evinin tikintisi məqsədi ilə vətəndaşların mülkiyyətinə torpaq sahələri verilmiş və DT və XK tərəfindən torpaq sahələrinə dair plan və ölçülər verilmişdir. Torpaq mülkiyyətçiləri həmin ərazidə yaşayış evləri inşa etmiş və həmin əmlaklar müxtəlif vaxtlarda vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmışdır. O da həmin ərazidən həyətyanı torpaq sahəsi almış, lakin maddi vəziyyəti ilə əlaqədar işləmək üçün Rusiyaya Federasiyasına getdiyi üçün həmin hüquq dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla belə "Tacir” kooperativinə ayrılmış olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmədiyindən, Yevlax rayonu Havarlı Bələdiyyəsi tərəfindən Havarlı Bələdiyyəsinin istifadəsində olan ərazidən ayrı-ayrı vətəndaşların mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahələrinin Mingəçevir şəhərinin inzibati ərazisinə daxil olduğunun iddia edilməsi, həmçinin Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 368 nömrəli və 379 saylı qərarlarının və həmin qərarların hüququ nəticələrinin ləğv edilməsi barədə qaldırdığı iddia əsassız olsa da, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmişdir. Hazırda o, mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmiş və ailəsi ilə birlikdə orada yaşayır. Onun başqa torpaq sahəsi və yaşayış evi yoxdur. Belə olan halda yeganə yaşayış evinin sökülməsi, onun özünün və ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olacaqdır. Hesab edir ki, iddiaçı tərəf vaxtında məlumat vermədiyinə və susduğuna görə ona qarşı iddia qaldırmaq hüququnu itirmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarının çıxarışından görünür ki, şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə “Tacir” kooperativinə Azıelektroizolyasiya zadonunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən 10 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-16/2021 saylı qərarından görünür ki, Cavabdeh1 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və Cavabdeh2 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarları etibarsız hesab edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(107)-270/2021 saylı qərarından görünür ki, cavabdeh Yevlax rayonu, Havarlı Bələdiyyəsi, 3-cü şəxs DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 16/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-58/2020 saylı qərardadından görünür ki, işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması tərəflərə və üçüncü şəxslərə qadağan edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********58 saylı məhkəmə qərarının icrasına dair bildirişdən görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-16/2021 saylı qərarı icra olunaraq inzibati iş üzrə tərəflər olan Cavabdeh2 və Cavabdeh1 adına tərtib olunmuş hər iki daşınmaz əmlaklara dair hüquqların dövlət reyestrindən çıxarışlar ləğv edilərək bu barədə məlumatlar Milli Qeydiyyat Sistemində daxil edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********99 saylı sorğunun cavablandırılması barədə məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 adlarına verilmiş Yevlax rayonu Havarlı kəndində yerləşən 0.07 ha torpaq sahəsinə dair A216503 seriyalı, **********88 reyestr nömrəli çıxarış və 0.06 ha torpaq sahəsinə dair A170416 seriyalı, **********73 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarı ilə “Tacir” kooperativinə şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən 10 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14 noyabr 1991-ci il tarixli, 606 saylı qərarı ilə “Tacir” kooperativinə Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldılmış və həmin ərazi (1.0 ha) “İlkin” kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadə üçün verilmişdir. Qalan torpaq sahəsi isə kooperativin istifadəsində olmuşdur. “Tacir” kooperativinin istifadəsinə ayrılmış torpaq sahəsinin 700 kv.m hissəsi Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 saylı qərarı əsasında Cavabdeh2 satılmış və DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 29 noyabr 2017-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11640229 №-li çıxarış verilmişdir. Kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 600 kv.m hissəsi isə Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 saylı qərarı əsasında Cavabdeh1 satılmış və DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 14 iyun 2017-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarış verilmişdir. Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2-1(116)-16/2021 saylı qərarı ilə Cavabdeh1 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və Cavabdeh2 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarları etibarsız hesab edilmişdir. Şəki İnzibati Məhkəməsinin 12 fevral 2020ci il tarixli 2-1(116)-58/2020 saylı qərardadı ilə mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması cavabdehlərə qadağan edilmişdir. Lakin cavabdehlərə tikinti aparmalarını dayandırmaları barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 “Tacir” kooperativinə məxsus torpaq sahəsində başa çatmış yaşayış evi, Cavabdeh2 isə yarımçıq tikili inşa etmişlər. Hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən cavabdehlərin adlarına verilmiş hüquqmüəyyən edici sənədlər ləğv edilməsinə baxmayaraq, mübahisəli torpaq sahəsinin 600 kv.m və 700 kv.m hissələri cavabdehlərin sahibliyində və istifadələrindədir. İddiaçı dəfələrlə zəbt edilmiş torpaq sahəsindən könüllü olaraq çıxmaqlarını və oradakı tikililəri sökməklərini cavabdehlərə təklif etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli torpaq sahəsinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işdə olan sənədlərə əsasən mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, mübahisəli torpaq sahəsi Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə iddiaçı “Tacir” kooperativinin qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Ona görə də onun həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə işin müəyyən edilmiş həmin hallarına qiymət verərək hesab edir ki, iddiaçı “Tacir” kooperativinin mübahisəli torpaq sahəsi üzərində Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarına əsaslanan hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməli, bununla bağlı mübahisəyə mülkiyyət hüququna dair normalar əsasında qiymət verilməlidir. Çünki həmin qərarda torpaq sahəsi “Tacir” kooperativinin qanuni istifadəsinə verilmişdir. Belə ki, Azərbaycan RespublikasıPrezidentinin xx.xx.2015-ci il tarixli Fərmanıilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın 2.2-ci bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmin Qərarda daha sonra göstərilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Eləcə də, qeyd olunan Qərarda daha sonra göstərilir ki, dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı “Tacir” kooperativinin mübahisəli torpaq sahəsinə mövcud olan hüquq müəyyənedici sənədi, yəni Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarı mülkiyyət hüququna dair sənəd kimi qəbul edilməli və onun həmin sənədlə təsbit olunmuş hüquqları mülkiyyət hüququ kimi qəbul edilərək müdafiə edilməlidir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X2 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X2 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmə, həmçinin qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2-1(116)-16/2021 saylı qərarı qanuni qüvvəsini almış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən icra edilərək Cavabdeh2 və Cavabdeh1 adlarına verilmiş Yevlax rayonu Havarlı kəndində yerləşən 0.07 ha torpaq sahəsinə dair A216503 seriyalı, **********88 reyestr nömrəli çıxarış və 0.06 ha torpaq sahəsinə dair A170416 seriyalı, **********73 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Ona görə də həmin məhkəmə qətnaməsi hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli qərarına əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, həmin mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehlərə münasibətdə tətbiq olunan normada göstərilən şərtlər hazırkı iş üzrə məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmasına baxmayaraq, həmin torpaq sahəsinin 600 kv.m hissəsi Cavabdeh1, 700 kv.m hissəsi isə Cavabdeh2 istifadəsində və sahibliyindədir. Şəki İnzibati Məhkəməsinin qərarı ilə Cavabdeh1 600 kv.m., Cavabdeh2 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin qərarları etibarsız hesab edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən cavabdehlərin adlarına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışlar ləğv edilmişdir. Hazırda cavabdehlərin həmin torpaq sahələri üzərində heç bir əşya hüquqları qeydiyyata alınmamış və onların sahibliyi qanunsuzdur. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. “Torpaq islahatı haqqında” AR Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111–ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2–ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3–cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azıelektroizolyasiya zadonunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən Tacir kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 600 kv.m hissəsindən Cavabdeh1, 700 kv.m hissəsindən isə Cavabdeh2 çıxarılmalı, həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlərin vəsaiti hesabına sökülməli və tikinti materialları həmin torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə Azelektroizolyasiya zadonunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən iddiaçı“Tacir” kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 600 kv.m hissəsindən Cavabdeh1, 700 kv.m hissəsindən isə Cavabdeh2 çıxarılsın, həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlərin vəsaiti hesabına sökülsün və tikinti materialları həmin torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1584/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1584/2022
18.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver