Məhkəmə qərarları › İş №2(051)-1594/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1594/2020

27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1594/2020 27.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı cavabdehin oğlu X5 ilə xx xxxx 2007-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından xx xxxxxx 2010-cu il təvəllüdlü Eşqin, xx xxxxx 2012-ci il təvəllüdlü Rəşadət və xx xxxx 2017-ci il təvəllüdlü Nilufər adlı üç uşaqları olmuşdur. Nikahlarının ilk dövrlərində tərəflərin ailə münsaibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra tərəflər arasında ailə münsaibətləri pozulmuşdur. İddiaçı 2007-ci ildən ünvan 1 ünvanda yaşayır və həmin evdə də qeydiyyatdadır və cavabdeh iddiaçıya evdən istifadə etməsinə razılıq vermişdir. Lakin iddiaçı tərəflər arasında yaranmış ailə münasibətlər nəticəsində həmin mənzildən lazımi qaydada istifadə edə bilmir və uşaqları ilə birlikdə yaşadığı mənzildən çıxmışdır. Ona görə də iddianın təmin olunmasını, iddiaçının xx xxxxxx 2010-cu il təvəllüdlü Eşqin, xx xxxxx 2012-ci il təvəllüdlü Rəşadət və xx xxxx 2017-ci il təvəllüdlü Nilufər adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 №-li evin 18 №-li mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı onun oğlu Rəvan Əliyevlə xx xxxx 2007-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından xx xxxxxx 2010-cu il təvəllüdlü Eşqin, xx xxxxx 2012-ci il təvəllüdlü Rəşadət və xx xxxx 2017-ci il təvəllüdlü Nilufər adlı üç uşaqları olmuşdur. Oğlu İddiaçı ilə ailə qurduqdan sonra onun mülkiyyətində olan Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 №-li evin 18 №-li mənzilinə köçmüş, öz ailəsi ilə birlikdə həmin mənzildə yaşamışlar. O, müəllim işləyir. Həmin mənzili də zəhmətlə toplayıb yığdığı pulla almışdır ki, uşaqları rahat yaşasınlar. Oğlu, gəlini rahat yaşaması üçün o, öz ailəsi ilə birlikdə yarımçıq tikiliyə köçmüş, hazırda orada da yaşayırlar. Lakin son vaxtlar gəlini, hazırkı iş üzrə iddiaçı ilə oğlu arasında söz-söhbət yaranmış, iddiaçı uşaqları da götürüb mənzildən çıxaraq atası evinə getmişdir. O, oğlunun ailəsinin dağılmasına, gəlinin və nəvələrinin mənzildən çıxmasına razı deyil. Həmçinin oğlu da ailəsinin dağılmasına razı deyil. İddiaçını heç kim mənzildən çıxarmamışdır. Mənzildən çıxıb ata evinə getdikdən sonra iddiaçı nikahın pozulması tələbinə dair məhkəməyə ərizə vermiş, iş hazırda məhkəmənin icraatındadır. Ona görə ki, oğlu nikahın pozulmasına razı olmadığına görə barışmaq üçün 3 ay vaxt verilmişdir. O, istəyərdi ki, mənzildə oğlu öz ailəsi ilə birlikdə yaşasın. Mənzil şəhərin mərkəzindən bir az kənarda yerləşir. İddiaçı ilə onun oğlu arasında yaranmış soz-söhbətə də səbəb iddiaçının mənzilin satılıb şəhərin mərkəzində mənzil almaq tələbi olmuşdur. O, mülkiyyətçi olaraq buna da razıdır, təki oğlunun ailəsi dağılmasın. Qanunlara, məhkəmə qərarlarına hörmətlə yanaşır. Ancaq mülkiyyətçi kimi mənzildə kimə istifadə hüququ verilməsi, mənzilin kimə verilməsi barədə qərarı özü vermək istəyir. Məhkəmə qərarı ilə iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınmasına, köçürülməsinə razı deyil. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 №li evin, 18 №li mənzili xx xxxxxx 2006-cı ildə tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X1 arasında xx xxxx 2007-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində 124 № ilə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrnin surətlərindən görünür ki, X5 ilə İddiaçı birgə nikahlarından xx xxxxxx 2010-cu il təvəllüdlü Eşqin, xx xxxxx 2012-ci il təvəllüdlü Rəşadət və xx xxxx 2017-ci il təvəllüdlü Nilufər adlı uşaqları olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiqi zaman müəyyən edildi ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 №-li evin 18 №li mənzili Cavabdeh mülkiyyətindədir. İddiaçı 2007-ci ilin mart ayında mülkiyyətçinin oğlu-X5 ilə rəsmi nikah qeyd etdirməklə həmin mənzilə köçmüş, sonra cavabdehin oğlu ilə aralarında yaranmış söz-söhbətə görə birgə nikahdan doğulmuş azyaşlı uşaqları da götürüb mənzildən çıxmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqularının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsində onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideyinlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq maddələri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyətcisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılmasnı tələb etmək hüququ varsa və mülkiyyətci ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətcisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılması tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətcisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 13-cü və 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materialları ilə müəyyən edildi ki, mübahisəli mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh İddiaçı qayınatasıdır. Gəlinin isə qayınatasından özünü saxlamaq vəzifəsini tələb etmək hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 №li evin 18 №li mənzilinə hər hansı bir hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı xx xxxxxx 2010-cu il təvəllüdlü Eşqin, xx xxxxx 2012-ci il təvəllüdlü Rəşadət və xx xxxx 2017ci il təvəllüdlü Nilufər adlı uaqlarla birlikdə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 №li evin, 18 №li mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı xx xxxxxx 2010-cu il təvəllüdlü Eşqin, xx xxxxx 2012-ci il təvəllüdlü Rəşadət və xx xxxx 2017-ci il təvəllüdlü Nilufər adlı uaqlarla birlikdəMingəçevir şəhəri A.Məmmədov küçəsi 4 №-li evin 18 №-li mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar