Məhkəmə qərarları › İş №2(051)-1601/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1601/2025

16.10.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1601/2025 16.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs: Maraqlı şəxs rəisi X5 iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1931-ci il tarixdə doğulmuş X8 ölmüş elan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 21 iyul 1956-cı il tarixdə X15 ilə rəsmi nikahlarını qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan üç nəfər övladları doğulmuşdur. Əri xx.xx.1931-ci il tarixdə doğulmuşdur. Əri təxminən 40 il bundan əvvəl öz istəyi ilə Rusiya Federasiyasına getmiş, orada yaşamağa başlamış və bütün ailə üzvləri ilə əlaqəni kəsmişdir. Həmin vaxtdan da əri evdən çıxmış və bir daha qayıtmamışdır. Ərinin xəbərsiz itkin düşməsini görüb Mingəçevir şəhər polis şöbəsinə bu barədə məlumat vermiş, lakin Mingəçevir şəhər polis şöbəsi tərəfindən aparılmış təhqiqat nəticəsində müəyyən olunmuşdur ki, müraciət əsasında cinayət hadisəsi olmadığından toplanmış material üzrə 30 iyun 2025- ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bunun nəticəsində ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ərinin sağ olması barədə heç bir məlumat yoxdur. Əri ilə birgə nikah zamanı əldə etdiyi əmlakın idarə olunması və əmlaklar üzərində sərəncam verilməsi üçün ərinin tapılması və ya ölmüş elan edilməsi lazımdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, xx.xx.1931 -ci il tarixdə doğulmuş X8 ölmüş elan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X10 məhkəmə iclası zamanı izahatında göstərdi ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, lakin X8 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2025- ci il tarixli qərarından görünür ki, Ərizəçi nümayəndəsi Nümayəndə müraciəti əsasında aparılmış təhqiqat nəticəsində cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnun olması, habelə, babası xx.xx.1931-ci il təvəllüdlü X9 ölmüş və s. elan olunması ilə bağlı məsələlər ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının Nümayəndə izah edilməsi qərara alınmışdır. İşdə olan evlənmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X15 (xx.xx.1931 -ci il tarixdə doğulmuş) arasında 21 iyul 1956-cı il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 1 saylı MİS-in nəzarətçisi Sevil İbrahimova, qonşuları X13 və X3 iştirakı ilə bu akt tərtib edilmişdir ondan ötəri ki, Ərizəçi həyat yoldaşı X15 (xx.xx.1931 -ci il tarixdə doğulmuş) uzun müddətdir ki, aktda göstərilən (M.Maqomayev 6 ) binada yaşamayıb. İşdə olan Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə anası X2r. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 anası Ərizəçi, atası X11r. İş materiallarında olan nikahın bağlanması haqqında qeydin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X6 arasında rəsmi nikah bağlanmışdır. Evlənəndən sonra qadına Məmmədova soyadı verilmişdir. İşdə olan Mingəçevir ŞPŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1931 -ci il təvəllüdlü X8 barəsində Mingəçevir ŞPŞdə itkin düşmə faktı ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, sorğuya cavab olaraq Maraqlı şəxs xx.xx.1931 -ci il təvəllüdlü X15 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2025-ci ilədək yoxlama aparılmış və barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1931 -ci il təvəllüdlü X8 Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.1931-ci il təvəllüdlü X8 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X15 xx.xx.1931-ci il tarixdə doğulmuş, 21 iyul 1956-cı il tarixdə Ərizəçi ilə rəsmi nikah bağlamaqla evlənmiş, təxminən 40 il bundan əvvəl öz istəyi ilə Rusiya Federasiyasına getmiş, orada yaşamağa başlamış və bütün ailə üzvləri ilə əlaqəni kəsmişdir. Həmin vaxtdan sonra bir daha qayıtmamışdır. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə babasının yerini müəyyən etmək məqsədilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmiş, lakin babasının harada olması barədə məlumat əldə edə bilməmişdir. X8 Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat müəyyən edilməmiş, həmçinin onun sağ olması barədə heç bir məlumat yoxdur. Ona görə də ərizəçi ərinin ölmüş elan olunması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin əmlak hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM–in 312–ci madəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçi ərinin ölmüş elan edilməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 313-cü maddəsində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. İş materialları ilə müəyyən olunur ki, ərinin ölmüş elan edilməsi faktının müəyyən edilməsi ərizəçiyə müəyyən sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM–in 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə iş üzrə toplanmış materiallar əsasında müəyyən edilmiş hallara əsasən hesab edir ki, ərizəçinin əri X1 yaşadığı yer olan Mingəçevir şəhərində onun harada olması barədə 40 il ərzində heç bir məlumat olmadığından, ərizəçinin ərinin sağ olması ehtimalı yoxdur. Ona görə də ərizəçinin əri X15 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası MM–in 41.1–ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3–cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM–in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1931 -ci il tarixdə doğulmuş X15 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X8 ölüm günü sayılsın. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X8 ölmünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar