Məhkəmə qərarları › İş №2(051)-1628/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1628/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1628/2023 02.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mingəçevir 1 saylı MKİS-in rəisi, etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı 15 avqust 2013-cü il tarixli 359 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müvəqqəti istifadələrinə verilmiş Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 8 saylı binada yerləşən 17 nömrəli 3 otaqlı mənzilə dair 15 avqust 2013cü il tarixli 359 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və ailə üzvlərinin həmin mənzildən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 №-li qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsinin verilməsi Qaydası” ilə müəyyən edilmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 15 avqust 2013-cü il tarixli “359" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli yaşayış kompleksində bina 8-də yerləşən 17 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər 1 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Müqavilədə adı keçən X3 25 sentyabr 2018-ci ildə vəfat etmişdir ki, bu barədə ölüm kağızının surəti əlavə edilir. Sahə rəisi tərəfindən Cavabdeh1 17 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və ailə üzvlərinin həmin mənzildən çıxarılmaları barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli yaşayış kompleksində bina 8-də yerləşən 17 nömrəli 3 otaqlı mənzildən çıxarılması və kirayə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək əlavə olaraq qeyd etdi ki, həmin evlərdə yaşayış olmadığı təqdirdə digər ehtiyacı olan şəxslərə, yəni şəhid ailələrinə və ya qazilərə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı izahatında iddianı qəbul etmədi və bildirdi ki, həmin mənzildə yaşayır və bütün əşyaları həmin evdədir. Yoldaşı ürəyindən əməliyyat olunduğundan və yuxarı mərtəbəyə çıxıb-düşməkdə çətinlik çəkdiyindən, müvəqqəti olaraq qızının evində yaşayır. Lakin mütəmadi olaraq həmin evə gedir və nəzarət edir. Odur ki qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, obyektiv və hər tərəfli araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 15 avqust 2013-cü il tarixli 359 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin görünür ki, Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 8 saylı binada yerləşən 17 nömrəli 3 otaqlı mənzilin verilməsinə dair Cavabdeh1 ilə kirayə nmüqaviləsi bağlanmış və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan 15 sentyabr 2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli aktlarda göstərilir ki, 504 mənzilli qəsəbədə bina 8 mənzil 17 ünvana baxış keçirilərkən məlum olmuşdur ki, həmin mənzildə uzun müddətdir ki yaşayış olmadığı göstərilsə də və cavabdehə ünvanlanmış xəbərdalıq məktublarının surətləri əlavə olunsa da, həmin məktubların cavabdehə göndərilməsini, mənzildə yaşayış olmadığına görə geri qaytarılmasını təsdiq edən sənədlər təqdim edilməmişdir. İşdə olan “Gasrep” tərəfindən verilmiş Cavabdeh1 məxsus smart sayğaclı abonentin sərfiyyat göstəricisindən görünür ki, Cavabdeh1 2018-ci ilin may ayından sonra mənzildə qazdan istifadə olunmayıb. İşə əlavə olunmuş 15 sentyabr 2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 mənzildə öz yaşayışını təmin etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğv olunacağı və sözügedən mənzilin onlardan alınacağı ilə bağlı məlumat verilmişdir. İşdə olan “Azərsu” abonent kartından görünür ki, Cavabdeh1 istifadəsində və sahibliyində olan mənzilə 2023-cü ilin avqust ayınadək 27,80 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İş materialları ilə müəyyən edildi ki, cavabdehlər məcburi köçkündürlər. Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 8 saylı binada yerləşən 17 nömrəli 3 otaqlı mənzil kirayə müqaviləsinə əsasən cavabdehlərin istifadəsinə verilmişdir. İddiaçı öz iddiasını cavabdehlərin istifadələrinə verilmiş mənzildə yaşamamalarını sübut kimi evə baxış keçirilən zaman bir neçə dəfə evdə olmamaları, cavabdehlərin ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verməmələri, həmin mənzildə yaşamamaları barədə tərtib edilmiş müxtəlif tarixli aktlar ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin məhkəmə iclasında iştirak etməsi, habelə məhkəməyə verdiyi izahatında həyat yoldaşının ürəyindən əməliyyat olunduğunu və yuxarı mərtəbəyə çıxıb-düşməkdə çətinlik çəkdiyini və buna görə də müvəqqəti olaraq qızının evində yaşamaları üzrlü səbəb hesab olunmalıdır. Belə olduğu halda şəxsin üzrlü səbəbdən sözügedən mənzildə yaşamadığı müddət şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi və 15 avqust 2013-cü il tarixli 359 nömrəli kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 3-cü hissəsinin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydalarının 3.3-cü maddəsinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. 15 avqust 2013-cü il tarixli 359 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin vəzifələri bunlardır: kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə 10 iş günündən gec olmayaraq, kirayəyə verəni məlumatlandırmaq; Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Müqavilənin 5.1-ci maddəsinə tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edil bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Müqavilənin 5.4–cü maddəsinə əsasən bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: Müqavilənin 5.7.1-ci Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 15 avqust 2013-cü il tarixli 359 nömrəli şəhadətnaməsinin 6-cı bəndinə əsasən MK ailəsi ayrılmış yaşayış yerinə 1 aydan artıq müddətdə köçmədikdə və yaşayış yerini 6 aydan çox üzrlü səbəb olmadan tərk etdikdə həmin yaşayış yerinə yaşamaq hüququnu itirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh və onun ailə üzvləri, qeyd edilən xüsusi təyinatlı mənzildə qısa müddətdə yaşamamalarının səbəbi həyat yoldaşının ürəyindən əməliyyat olması səbəbindən yuxarı mərtəbəyə çıxıb-düşməkdə çətinlik çəkməsi olmuşdur. Bu hal Cavabdeh1 izahatı ilə öz təsdiqini tapmışdır. Cavabdehin üzrlü səbəbdən müvəqqəti olaraq həmin evdə yaşaya bilməməsi, buna baxmayaraq sözügedən mənzili sahibsiz və istifadəsiz qoymaması kirayə mqaviləsinin ləğvi və cavabdehlərin həmin mənzildən çıxarılması hallarını istisna edir. Belə olan halda müəyyən olunur ki, həmin mənzildən çıxarılması üçün hər-hansı əsas yaranmamışdır. Bundan başqa, cavabdehlərin başqa daimi yaşayış yerinin olmasını təsdiq edən sübut da müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddiaçı Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı 15 avqust 2013-cü il tarixli 359 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılması tələbinə dair iddiasi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar