Məhkəmə qərarları › İş №2(051)-1659/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1659/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1659/2023 11.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, uşaqları 04 aprel 2001-ci il tarixdə doğulmuş X3 və 05 may 2009-cu il tarixdə doğulmuş X2 doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, X6 ilə 1995-ci ildə faktiki nikah bağlamaqla ailə qurmuş, birgə yaşayışdan dörd övladı- 24 fevral 1996-cı ildə Sərcan, 06 mart 1999-cu ildə Rahib, 04 aprel 2001-ci ildə Aytəkin və 05 may 2009-cu ildə Gültəkin adlı övladları olmuşdur. Uşaqlardan Aytəkin və Gültəkin Yevlax rayonu, K.Nəsibov küçəsi, 5 saylı evdə doğulmuş, lakin onların doğumunu vaxtında qeydiyyat orqanında qeyd etdirmədikləri üçün uşaqların doğumu haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda uşaqların doğum haqqında şəhadətnamələrinin olmaması problem yaratdığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Ərizəçi izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsiyində tərkib olunmuş 15 may 2023-cü il tarixli, 2820 və 2822 saylı Aktlardan görünür ki, X4 və X1 şəhəri, K.Nəsibov küçəsi, ev 5 ünvanında yaşayırlar. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 1566 saylı, 08 iyun 2023-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, ərizəçi L.Mutafayevaya xx.xx.2001-ci ildə və xx.xx.2009-cu ildə doğulmuş övladlarına tibbi sənəd təqdim edildikdən sonra şəhadətnamə verilə biləcəyi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi 04 aprel 2001-ci il tarixdə Aytəkin və 05 may 2009-cu il tarixdə Gültəkin adlı uşaqları Yevlax şəhərində, K.Nəsibov küçəsi, 5 saylı evdə doğulmuşdur. Lakin onların doğumunu vaxtında qeydiyyat orqanında qeyd etdirmədiyi üçün uşaqların doğumu haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, o, Yevlax şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin uşaqlarının doğumu barədə tibbi şəhadətnamə təqdim edə bilmədiyinə görə ona uşaqlarının doğumu barədə şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırda uşaqların doğum haqqında şəhadətnamələrinin olmaması problem yaratdığından, uşaqların doğulması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11–ci maddəsinə görə məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçi qeydiyyat orqanına uşaqlarının doğumu barədə tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün uşaqların doğumunun qeyd edilərək bu barədə şəhadətnamənin verilməsi mümkün olmadığından, uşaqların doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum faktının müəyyən edilməsi ərizəçiyə uşaqlarının doğumu haqqında şəhadətnamənin verilməsi üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi uşaqları X3 04 aprel 2001-ci il tarixdə, X2 05 may 2009-cu il tarixdə Yevlax rayonunda doğulması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Yevlax rayonunda 04 aprel 2001-ci il tarixdə Aytəkin və 05 may 2009-cu il tarixdə Gültəkin adlı qız uşaqları doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar